Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə12/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

- Bilmirəm, məndən ötrü niyə bu qədər narahatsan. Gizləndiyimə görə öz-özümdən utandım. O 
alçağın payını vermək lazım idi. - Şeşələndim.  
- Mənim bu günə düşməyimin günahkarı Vüqardı. Vaxtı çatanda özü hər şeyi başa düşəcək. Nə 
isə, Rəcəb, mən gedirəm. - Çiyninə qara plaş atdı. 
Nigaran hisslər yenidən içimdə alovlandı. Bir göz qırpımında telefonu səbətdən götürdüm. 
Tapança necə olsun? Gecə yarı qayıdıb özünü öldürə bilərdi. Giriş qapısının kilidinə asılan topa 
açarlara gözüm sataşanda ürəyim uçundu. Bəlkə, evin açarının ikinci tayı da bu topanın 
içindəydi? Bəxtim onda gətirdi ki, Leyla tualetə girdi və sifondan axan suyun şırıltısı eşidilər-
eşidilməz açarları ehmalca saf-çürük etdim. Zənnimdə yanılmamışdım. Ehtiyat açarı çıxarıb 
ovcumun içində gizlədim. Evdən çıxanda duyuq düşəcəyindən quşqulansam da, belə vəziyyətdə 
onun barmağını kəssəydilər, xəbər tutmazdı. 
Havasat əvvəlki deyildi, külək səngiyib ağacların yaxasını rahat buraxmışdı, cırıq-cındır sellofan 
torbalar ortalıqda səfeh-səfeh veyllənmirdilər. İsmayıl dayının kibrit qutusu boyda daxmasını 
uzaqdan təpəgözə oxşatdım: tən ortadakı bacadan solğun işıq süzülürdü. İçəridə kölgə oynadısa, 
deməli, kişi namaz üstündən Allah dərgahına alqış göndərir. Səsini içinə çəkib yanımda kölgə 
kimi sürünən Leylanın sinədolusu nəfəs çəkməyi içindəki iman işartısının öləziməsindən yana 
nigarançılıq idi, bilirdim. Göydə dəs-dəyirmi ay, uzaqlarda adda-budda ulduzlar vardı. 
Közərirdilər. Leyla əlini üzünə aparıb salavat çəkəndə təəccübləndiyimi hiss etdi. 
- Nənəm Ay görəndə həmişə belə edərdi. - Pıçıldadı. 
Dinmədim. 
- Kaş uşaqlığımdakı kimi baxa biləydim Aya. Qayğısızdım, sevinirdim... Ürəyim arzuyla dolub 
daşırdı. 
Susdum. Aydan-ulduzdan duyğulanmağıma baxmayın, elə bil, içimə ilan soxulmuşdu, 
nigaranlıqdan üzülürdüm. Leylanın hara, kimin yanına, nəyə görə getdiyini öyrənə bilməməyim 
canımı ağrıdırdı. Pilləkənləri düşəndə iki dəfə xəbər aldım, ağzına su aldı. Cəhənnəmə desin!!!  
Barmaqlarının ucunu öpüb mənə əl elədi. “Toyota” binanın həyətindən uzaqlaşanda İsmayıl dayı 
hələ namazı bitirməmişdi: kölgəsi divar boyunca səcdə edirdi. Kişini narahat etmək nəyimə 
lazımdı?! Ayaqlarımı arxamca sürüyüb ağır-ağır evə sarı getdim. Pərişandım, küskündüm, 
yorğundum, ölgündüm..!!! Şənüzlü Əsmərimdən yana dəli kimi darıxdım. 
...Otağım, gözəl otağım... Tən ortada dayanıb, əllərim cibimdə, gözümü tavana zillədim. Leylanı 
düşündüm, Maestronun siması gözümdən, vəhşi bağırtısı qulaqlarımdan çəkilmirdi. Telefonun 
yaddaşındakı görüntüyə təkrar-təkrar baxdım. Mən indi burda yox, Leylanın evində olmalı, hər 
yanı ələk-vələk edib artırmanın qapısından asılan qıfılın açarın tapmalıydım. Bir dəqiqə, bir 
dəqiqə!!! (Dərindən nəfəs aldım) Bu saat ürəyim sudan çıxmış balıq kimi çırpınır, yaman 
həyəcanlıyam. Adam da qorxanda sancıdan bağırsaqları doğranarmış. Sizə zarafat gəlməsin, bu 
yaşımacan qonşu bağından alma oğurlamamışam. Leyla evdə olanda ürəklənib axtarış 
aparmağıma baxmayın, ora tək soxulmağa cürətim çatmır. İgidlik, mərdlik, dəyanət kimi 
gəlişigözəl sözlərə aludə olub ehtiyatı əldən vermək ağılsızlıq olardı. Bunun üçün aşağıdakı 
şərtlərə əməl etmək mütləqdi: 
1) Əynimdəki cins şalvarı qarasıyla dəyişmək. 
2) Qızartdaq köynək qəti yaramır, başqa geyinəcək lazımdı. Niyəsi-filanı  
yoxdur, gendən çağırır, vəssalam.  
3) Keçən qışdan hansısa cəhənnəmə düşən idman papağını tapıb başıma  
keçirsəm, əla olar.  
4) Evə girəndə işığı yandırmaq ağılsızlıqdı. Qonum-qonşu şübhələnə  
bilər. Yaxınlıqdakı xırdavat mağazasından fanar almaq;  
5) Tapançanı götürəndən sonra məxmər torbanın içinə nəsə qoymalıydım  
ki, işdi-şayət, amanatı əlüstü yoxlamaq istəsəydi, yerində olduğundan  
arxayın olsun. Daha doğrusu, nəsə yox, elə tapança lazım olacaqdı:  
oyuncaq. (Metal qarışığı olmalıydı)  
Leylaya bel bağlamaq olmazdı, bir də gördün xəbərsiz-ətərsiz gəldi, qapını bağlayıb tapançanı 
sıxdı gicgahına... Ona görə vaxtın saniyəbəsaniyə qədrini bilmək lazımdı. 1-ci, 2-ci, 3-cü 
bəndlərdəki şərtlərin hamısını yerinə yetirdim: ütüsüz şalvar, bozumtul köynək, idman papağı... 
Xırdavat mağazasından fanar almaq vaxtımı çox almadı. Satıcı oğlanın ləzzətlə “kent” 
sümürməyinə tamahım düşdü. Bir az çəkingən ədayla siqaretə işarə edəndə həvəslə qutunu, 


yandıranı mənə uzatdı. Bircə tapança qalırdı. Uşaq oyuncaqları satılan mağaza üçün bir az 
kənara - “İnşaatçılar” metrosuna sarı getməli oldum. İnsafən, çəlimsiz satıcı oğlan ərkanlı adam 
çıxdı. Qiyməti 3 manatdan yuxarı olmayan tapançaları əlbəəl vitrinə düzüb, uşağımın könlünü 
xoş etmək üçün canı-dildən mənə kömək edirdi (Yalanımı açıb-ağartmaq həvəsim yoxdur, 
bilirəm, korafəhim deyilsiniz). Metal qarışıqlı tapança alıb yubanmadan Leylanın evinə tələsdim. 
Açarı bərk-bərk ovcumun içində sıxıb pilləkənləri qalxdım. Bəxtimdən kimsəylə qarşılaşmadım, 
hərdən fanarı yandırıb qaranlıq pilləkənləri aydınladırdım. Bu da ev! 
Artırmanın qapısını yüngül həmləylə silkələdim, qıfıl yamanca möhkəmiydi. Evdəki əşyalarla 
mümkün qədər ehtiyatlı davranmalıydım. Fanarı yandırıb açarı tapmaq ümidilə xalçanın altını 
üstünə çevirdim. Əla! Bapbalaca açarı divarın taxta haşiyəsinin altında gizlətmişdi. Tülkü!!! 
Görünür, məndən gözü su içməmişdi. Balkonda it yiyəsini tanımırdı. Toz-torpaq, bir-birinin 
üstündə qalaqlanan lazımsız əşyalar, saralmış qəzet parçaları, disk qapaqlarının qırıntıları adamın 
üstünə yeriyirdi. Leylanın bayaq harda qurdalandığını nişanlamışdım. İşığı balkonun dörd 
tərəfinə tutdum, küncə söykənən dəmir barmaqlığın altındakı kirli döşəkağlarını, balışüzlərini 
ələk-vələk elədim. “Asel” elektrik sobası yerə düşüb səssizlikdə bomba kimi partladı. Qorxdum 
ki, balkon qonşusu duyuq düşüb, arvadını səsləyər; ər-arvad evə oğru girdiyini zənn etsəydilər, 
bu soxasoxda başıma təzə iş açardım.  
Əlim hər yerdən üzüldü. Uğursuzluq, xof... Fərsizliyim qəlbimi incitdi. Balkondakı əşyaları 
yerbəyer edib qıfılı yerinə keçirdim. Əlim-ətiyimdən uzun evə qayıdımmı? Evin axtarmadığım 
dəlmə-deşiyi qalmamışdı. Stolun üstündə “Sabrani” vardı. Darıxanda siqaret tüstülətməyi 
iştahım yaman çəkir. Siqareti ləzzətlə sümürdükcə beynim dumanlanır, elə döşəmənin üstündəcə 
daş kimi yuxuya getmək istəyirdim. Leyla gəlib məni yatan görsəydi, yəqin saçıma sığal çəkib 
üstümə adyal atardı ki, canım üşüməsin, səhəri şirin yuxuyla açım.  
Elə bil qeybdən səs gəldi ki, soğanı güldana yaxınlaş, ora-burasına diqqətlə bax, içinə boylan! Az 
qala göbəyimə çatan güldan aşağıya doğru ilbiz qını kimi burulub balacalaşsa da, ayağı əməllicə 
yekəydi. Adətən gipsdən olan ev əşyaları çoxqatlı, tökmə olduğundan, babat ağırlıqları olur. 
Fanarı yandırıb işığı güldanın içinə saldım; divarlarını toz tutmuşdu, lap aşağıda zir-zibilə dönən 
dekorativ gül yarpaqları görünürdü. Güldanı özümə sarı çəkib qaldıranda aşağısı nəyəsə ilişdi. 
Ahaaa!!! Fanarı ağzımda saxlayıb, güldanı ikiəlli sola diyirlətdim. Afərin mənə, halal olsun 
qazdan ayıq fəhmimə! Bu da həmin qara məxmər torba!!! İlahi, necə sevindim. Bu sevinclə 
bərabər ürəyimə qorxu, həyəcan doldu. Tapançanı əlimə alanda yerimdə donub qaldım: yerdə 
balaca dəlik vardı. Deməli, tapança burda açılmışdı? Bəs gilizi hara düşüb? Düzdür, bu o qədər 
də vacib məsələ deyildi. Barmaq boyda gilizi hara desən atmaq, gözdən itirmək olardı. 
Tapançanın ağırlığını əllərimdə hiss edəndə xəfif hürkü aldı canımı: qaranlıq, özgəsinin evi, 
Leylanın qayıtmaq ehtimalı... Tələsmək lazımdı. Stolun üstünə qoyduğum oyuncaq tapançanı 
məxmər torbaya büküb güldanı əvvəlki qaydada yerinə qoydum. Qapıdan otaqlara bir də 
boylandım: güman ki, Leyla evə qayıdanda heç nədən şübhələnməyəcəkdi. Kim nə bilir, bəlkə, 
kədərini dağıtmaq, qayğıları canından çıxarmaq üçün Şotland viskisiylə mədəsini doldurub 
gələcəkdi?  
Bəxtimdən, pilləkənlərdə, həyətdə bir ins-cinslə rastlaşmadım. Tapançanı sağ böyrümdə kəmərin 
altına keçirib, sərbəst, özündənrazı addımlarla otağıma gəldim.  
 
 
Kabus  
Elə xatirələr var, müqəddəsliyinə xələl  
gəlməsin deyə, onu danışmaq lazım deyil. 
J.Sand, “İndiana” romanından 
13 oktyabr, 2010. Çərşənbə axşamı 
Qapını açıb otağa girəndə xanım Hayekin kal göyəm rəngli gülümsər gözləri pişvazıma çıxıb 
kefimi duruldur. Evə gec gələndə, ya da ovqatımın oğlan çağına düşərsə, Selmaya bir göz vurub 
əhvallaşmaq lap ürəyimcə olur. Məsələn, belə: “Necəsən, gözümün işığı? Səni çox gözlətdim? 
Hə, bir az işlərim uzun çəkdi. Niyə ağlayırsan? Yaxşı, yaxşı sakit ol!”. Bəzən onun üstünə 
kükrəyirəm: “Eşitmədin, bəsdi! Gözünün suyunu axıdıb zəhləmi tökmə! Suussss!!! - Çığırıram - 
Zırıldama!!!” (Dəliliyim mübarək!)  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə