Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə9/61
tarix02.12.2017
ölçüsü3,41 Mb.
#13558
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

MÖ᾿TƏZİLƏ (1)

YARANMA TARİXİ




1. Mö᾿təzilə firqəsi necə yaranmışdır?

2. Mö᾿təzilə məzhəbinin ideoloji əsasları hansılardır?

Mö᾿təzilə məzhəbi Hicri tarixi ilə ikinci əsrin əvvəllərində Vasil ibni Ətanın (80-131 H.q.) vasitəsilə tə᾿sis olunmuşdur. Bu məzhəbin özündən əvvəlki əqidəvi məktəblərlə müqayisidə ən səciyyəvi xüsusiyyəti budur ki, onlar əqlə, əqli dəlillərə və əqli yolla nəticə almağa üstünlük verir, xəbər və rəvayətlərin məfhum və məzmunlarının qəbul olunmasını əqlin qəbul olunması ilə şərtləndirirlər.

Vasil ibni Əta, Həsən Bəsrinin şagirdi idi. Onun barəsində nəql edirlər ki, bir gün ustadlardan birinin hüzurunda bir şagird ayağa qalxdı və ustada xitab edərək dedi: Bizim dövrümüzdə bir dəstə yaranıb ki, böyük günahlara mürtəkib olanları kafir və İslam dinindən çıxmış hesab edirlər (onun məqsədi xəvaric idi). Başqa bir dəstə də belə şəxslərin qurtuluşuna ümid bəsləyir və inanırlar ki, həqiqi imanın kəbirə günahla ziddiyyəti yoxdur. Bu dəstə (onun məqsədi mürciə firqəsi idi) əməli, imanın bir hissəsi hesab etmir və inanırlar ki, ibadətin kafirə heç bir faydası olmadığı kimi, günahın da mö᾿minə heç bir ziyanı yoxdur. Sizin nəzəriniz nədir?

Həsən Bəsri azacıq fikirləşdi; cavab vermək istədikdə Vasil ibni Əta ayağa qalxıb dedi: Mənim əqidəmə görə, böyük günah edən bir şəxs nə mütləq şəkildə kafir və nə də mütləq şəkildə mö᾿mindir. O, imanla küfr arasında yerləşən bir məqamdadır. «Mənzilətun beynəl-mənziləteyn»də (iki mənzilin arasında olan bir mənzildə) qərar tutur.

Vasil bu sözü deyib məscidin bir küncünə çəkildi (onun ustadı da orada idi) və ustadın ətrafına yığışan bir dəstə şagird üçün öz əqidəsini bəyan etdi. Əvvəllər qəza-qədərə inanan, ilahi sifətləri inkar etməkdə Vasil ilə eyni fikirdə olan Əmr ibni Ubeyd də ona qoşuldu. Bu zaman Həsən Bəsri Vasilə nəzər salıb dedi: «Kənara çəkil və bizdən uzaqlaş.» Bundan sonra Vasil ibni Əta və onun ardıcılları mö᾿təzilə (yəni kənara çəkilənlər) adlandırıldı.

MÖ᾿TƏZİLƏ DÜŞÜNCƏSİNİN BÜNÖVRƏ VƏ ƏSASLARI


Həsən Bəsrinin dərsində baş verən hadisə mö᾿təzilə firqəsinin yaranmasına və genişlənməsinə səbəb oldu. Amma bu cərəyanın yaranması o demək deyildi ki, mö᾿təzilə təfəkkürünün əsası «mənzilətun beynəl-mənziləteyn»dir. Çünki mö᾿təziləçilərin ondan əvvəlki sair İslami firqələrin əqidələri ilə fərqlənən başqa e᾿tiqadları da var ili. Bu ixtilafların ən ümdəsi əqidəvi bəhslərdən və araşdırmalardan yaranırdı. İslam aləmində fəlsəfi, əqli bəhslərin yayılması nəticəsində mö᾿təzilə mütəfəkkirləri arasında yeni təfəkkür tərzi meydana gəlmişdir. Mö᾿təzilə firqəsi yaranmazdan əvvəl, rəsmi məzhəblərin e᾿tiqad və təfəkkürünün əsasını rəvayətlər və xəbərlər təşkil edirdi. Bu dövrdə təkcə Peyğəmbərdən (s) nəql olunan səhih hədislərə istinad edilmirdi; hədis sahəsində heç bir səriştəsi olmayan şəxslər vasitəsilə İslam cəmiyyətində minlərlə hədis yayılmışdı və onlar fikri-e᾿tiqadi, fiqhi fətvaların mənşəyi sayılırdı.

Buna əsasən, mö᾿təziləçilər inanırdılar ki, hər hansı bir xəbər və rəvayətin doğruluğu və ona əməl edilməsinin məqbul sayılması onun əqli yolla isbatının mümkünlüyündən asılıdır. Əks təqdirdə, onların heç bir əhəmiyyəti olmayacaqdır.

Mö᾿təziləçilər həmin üslubdan Qur᾿an təfsirində də istifadə etdilər. Belə ki, hər yerdə Qur᾿an ayələri əqli dəlillər vasitəsi ilə araşdırılıb isbat oluna bilirdisə, onların zahirinə əməl edirdilər, belə olmadıqda isə həmin ayələri tə᾿vil edirdilər.

MÖ᾿TƏZİLƏ FİRQƏSİNİN TANINMIŞ ŞƏXSİYYƏTLƏRİ


1. Vasil ibni Əta;

Qeyd olunduğu kimi, mö᾿təzilə firqəsinin banisi Vasil ibni Əta idi. O, Mədinədə doğulmuş, Bəsrə şəhərində böyüyüb boya-başa çatmışdır.

Deyilənlərə görə o, çox gözəl söz ustası idi. Onun sözləri hamının qəlbinə nüfuz edirdi. Vasil, Həsən Bəsridən əlavə, Əbu Haşim Əbdüllah ibni Məhəmməd ibni Hənəfiyyənin də şagirdi idi. (Məhəmməd Hənəfiyyə Əli ibni Əbi Talib (ə)-ın oğludur.)O, imamət məsələsində onunla müxalifətçilik edirdi.

Vasil ibni Əta aşağıdakı üç kitabı yazaraq öz e᾿tiqadını bəyan etmişdi: (Bu kitabları Həsən Bəsridən ayrıldıqdan sonra yazmışdır.)

1. «Əl-mənzilətun beynəl-mənziləteyn»;

2. «Əl-fütya»;

3. »Ət-tohid».

Şəhristani «Əl-miləl vən-nihəl» kitabında Vasil ibni Ətanın düşüncələrinin aşağıdakılardan ibarət olduğunu deyir:

1. Allah-taalanın sifətlərinin inkar edilməsi;

2. İnsanın yaxşı və ya pis işləri seçməkdə ixtiyar sahibi olması;

3. Böyük günahları görən şəxslər üçün «mənzilətun beynəl-mənziləteyn» e᾿tiqadına malik olmaq;

4. «Cəməl» və «Siffeyn» müharibələrində iştirak edən iki dəstədən, eləcə də üçüncü xəlifə ilə onun qatilləri arasında çarpışan iki düşmən tərəfdən qeyri-müəyyən olaraq birinin hökmən xətakar və fasiq olmasına e᾿tiqadlı olmaq.

2. Əmr ibni Əbid;

O, Vasil ibni Ətanın köməkçilərindən idi və 144-cü ildə vəfat etmişdir. Əslən iranlı idi və Həsən Bəsrinin dərslərində iştirak edirdi. O, öz dövründə mö᾿təziləçilərin başçısı və əmriyyə firqəsinin rəhbəri olmuşdur. Onun tərcümeyi-halında qeyd olunur ki, o, çox abid və zahid bir şəxs idi; həmişə vaxtını ibadət, zikr və dua etməklə keçirərdi.

Əmr ibni Əbid təfvizə və qədərin inkar olunmasına inanırdı. O, mö᾿təzilənin beş məşhur əqidəsini, yə᾿ni tövhid, ədl, və᾿d və vəid, əl-mənzilətun beynəl-mənziləteyn və əmr be mə᾿ruf və nəhy əz münkəri tə᾿sis və bəyan etmişdir.

3. Əbul Hüzeyl Əllaf;

O, mö᾿təzilə firqəsinin məşhur kəlam alimlərindən biridir ki, 226-cı Hicri ilində vəfat etmişdir. O, xitabə və münazirə fənlərində çox məharətli idi. Deyirlər o, münazirə yolu ilə üç min nəfəri müsəlman etmişdi. Əbul Hüzeyl ilahi sifətləri Allahın zatından ayrı deyil, Onun zatı ilə eyniyyət təşkil etdiyinə əqidə bəsləyirdi. Onun nəzərincə, Allah-taala zatla eyniyyət təşkil edən elm ilə alim, qüdrətlə qadir, diriliklə diridir və s. Onun digər bir nəzəri də ilahi iradə barəsindədir. O, belə deyir: İlahi iradə məhəlli olmayan bir iradədir. Əbul Hüzeylin ardıcıllarına hüzeyliyyə deyirlər.

4. Əbu İshaq İbrahim ibni Səyyar; (Nəzzam adı ilə məşhurdur).

O, mö᾿təzilə firqəsinin digər böyük şəxsiyyətlərindən, Əbul Hüzeyl Əllafın şagirdi və nəzzamiyyə firqəsinin başçısıdır ki, 231-ci Hicri ilində vəfat edib. Əbu İshaq yunan fəlsəfəsində mühüm araşdırmalar apararaq, ondan tə᾿sirlənmiş və bu fəlsəfənin İslami düşüncələrlə qarışmasında mühüm rol oynamışdır. Nəzzamın əqidəsinə görə, Allahın günah və şər iş görməyə heç bir qüdrəti yoxdur. Nəzzamın bu nəzəriyyədə sair mö᾿təzilə alimləri ilə ixtilafı var idi. Çünki, sairləri Allahın şər işlər görməyə qüdrətini inkar etmir, sadəcə olaraq, Allahın bu qüdrəti şər işdə işlətmədiyinə inanırdılar.

5. Bişr ibni Mö᾿təmir;

O, Əbu İshaq Nəzzamın məşhur tələbələrindən idi və Hicri tarixi ilə 210-cu ildə vəfat etmişdi. Bişr ibni Mö᾿təmir mö᾿təzilə məzhəbində «tovlid» nəzəriyyəsini irəli sürən ilk şəxs idi. Mö᾿təzilə firqəsi insanın ixtiyari işlərinə inandığından, insanın özünü ixtiyari işlərin xaliqi hesab edir və deyirdilər ki, bunların bə᾿zisi birbaşa insan tərəfindən icad olunur. Yə᾿ni insanın birbaşa istək və iradəsinə bağlıdır. Bə᾿zi işlər isə onun ixtiyari fe᾿llərinin zəruri və qaçılmaz nəticəsidir. Misal üçün, insanın daşı suya atması birbaşa fe᾿l və suyun üzərində dalğa yaranması isə həmin ixtiyari fe᾿lin zərurətidir. Çünki, həmin şəxs suyun üzərində dalğa yaranmasını iradə etməməsinə baxmayaraq, bu dalğalar zəruri olaraq icad olunur. O, ikinci qismdən olan fe᾿lləri «tovlid» adlandırmışdır.

6. Müəmmər ibni Əbbad Əsləmi;

O, Məhəmmədiyyə firqəsinin rəisi, həmçinin mö᾿təzilə firqəsinin böyük şəxsiyyətlərindən idi və 228-ci ildə vəfat etmişdir. Onun iki əqidədə sair mö᾿təzilə alimləri ilə nəzərəçarpacaq dərəcədə ixtilafı var idi:

1. İlahi sifətlər barəsində bəhs;

2. İlahi iradənin inkar edilməsi.

Onun əqidəsinə görə, ilahi sifətlərə e᾿tiqad və onların isbat olunması ilahi zatın çoxluğu mə᾿nasınadır. Buna görə də o, bütün sifətləri inkar edirdi. İradə barədə də inanırdı ki, insanın öz iradəsindən başqa heç bir işi yoxdur.

7. Səmamət ibni Əşrəs Numeyri;

O, səmamiyyə firqəsinin rəhbəri və mö᾿təzilə alimlərindən biridir və 213-cü ildə vəfat edib. İbni Əşrəsin əqidəsinə görə, Allahı tanımaq əqli nəzərdən vacibdir, hətta əgər peyğəmbərlər bizi bu işə də᾿vət etməsəydilər belə, əql onu bizə vacib edərdi. Çünki Allah xeyirdir və xeyirlə şər zəruri olaraq əql vasitəsilə bizə mə᾿lum olur.

Səmamət həm də inanırdı ki, aləm Allahın icad etməsi ilə yarandığından, Allah kimi əzəli və əbədidir. O, Bişr ibni Mö᾿təmərin tovlid nəzəriyyəsini qəbul etmir və deyirdi ki, əgər hər hansı bir əməlin insanın vəfatından sonra yaranmasını fərz etsək, onda ölü insanı bu əməlin faili hesab etməliyik. Digər tərəfdən də Allahı bu fe᾿llərin faili hesab etmək olmaz. Çünki, fe᾿llərdən bə᾿ziləri şərdir və şər Allaha aid edilməz.

8. Əmr ibni Bəhr; (Cahiz adı ilə məşhurdur).

O, Müəmmərin müasirlərindən və Nəzzamın şagirdlərindən idi; 255-ci Hicri ilində vəfat etmişdir. Əmr ibni Bəhr mö᾿təzilənin məşhur rəhbərlərindən idi və cahiziyyə firqəsinin rəisi sayılırdı. Cahiz də Nəzzam kimi yunan fəlsəfəsindən çox istifadə etmişdi. Belə ki, yunan fəlsəfsi onun təfəkkürünün formalaşmasında əsas rol ifa etmişdir.

Cahiz inanırdı ki, günahkarlar cəhənnəmdə əbədi qalmayacaq, təbii olaraq atəşə döndəriləcəklər. Həmçinin inanırdı ki, Allah heç kəsi Cəhənnəmə göndərməyəcək; öz təbiəti ilə günahkarları özünə tərəf çəkən məhz cəhənnəmdir.

9. Əbu Əli Cəbai.

O, məşhur mö᾿təzilə alimlərindəndir və 235-ci Hicri ilində vəfat etmişdir,. Əbu Əli, Əbul Həsən Əş᾿ərinin ustadı idi. Əş᾿əri uzun illər Əbu Əlinin hüzurunda elm öyrənmişdi. Amma onunla ustadı arasında baş verən mübahisə nəticəsində ustadı cavab verməkdən aciz qalmış və bu zaman Əş᾿əri ondan uzaqlaşaraq əşairə məzhəbini yaratmışdır.

Adları qeyd olunanlar mö᾿təzilə firqəsinin ən məşhur və tanınmış alimlərindəndir ki, onların hər biri mö᾿təzilə məzhəbində müstəqil bir firqə yaratmışdır. Bu məzhəblər ümumi şəkildə Bəsrə və Bağdad məktəbi kimi iki yerə bölünür. Bu iki məktəb ümumi prinsiplərdə və fikri üslublarda müştərəkdir, amma e᾿tiqadi məsələlərin bə᾿zilərində bir-biri ilə ixtilafları var. Belə ki, Bağdad məktəbi imamiyyə məktəbinə uyğundur, bə᾿zən də onunla tam müvafiqdir.

SUALLAR VƏ TAPŞIRIQLAR


1. Mö᾿təzilə sözünün leksik mə᾿nası nədir?

2. Vasil ibni Ətanın böyük günahlara mürtəkib olanlar haqqındakı nəzəri necədir?

3. Mö᾿təziləçilərin fikrini və ideoloji üslubunu bəyan edin.

4. Tovlid nəzəriyyəsini bəyan edin.


ONUNCU DƏRS




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə