63
anlayışları tətbiq etməyə səy göstərməmişdi. «Bəlkə də, mate dolu bu fincan mənə mərkəzi
tapmağa kömək edə bilər, – Oliveyra düşündü (və Sibillanın Osiplə bərabər olması fikri getdikcə
daha da durulur, sərtliyini itirir, bu dəqiqələrdə güclənərək köpüklü krateri olan kiçik qaynar
vulkan kimi otağın soyuq –sobanı nə qədər qalasan da soyuq idi, saat doqquzdan qalamaq lazım
idi – havasında əriyən buxarıyla yaşıl fincanın qabağını kəsirdi). – Bu mərkəz isə, hərçənd mən
bunun nə olduğunu bilmirəm, görəsən, bu mərkəz bütövlüyü topoqrafik şəkildə ifadə edə
bilməz? Bax, mən plitə döşəməsi olan böyük otaqda gəzirəm və döşəmənin plitələrindən biri
perspektivin nizamlanması üçün üzərində durulması zəruri olan yeganə düzgün nöqtədir. Düzgün
nöqtə, – Oliveyra sözün söz xətrinə deyilmədiyinə bir daha əmin olmaq üçün özünü lağa qoyaraq
dedi. Anamorf təsvirdə düzgün baxış bucağı tapmaq kimi (bəla yalnız burasındadır ki, bu bucaq
çox iti olur və bu zaman mənasız yaxmanın və cizginin I Fransiskonun portretinə, yaxud
Senniqaliya döyüşünə çevrilməsi üçün kətanın üzəriylə, demək olar ki, burnunla sürünmək lazım
gəlir – bir sözlə, son dərəcə gözəl bir şey alınır)». Lakin bu bütövlük həyatı müəyyən edən
hərəkətlərin cəmidir, həyatın özü içilib qurtarmış mate kimi başa çatmayınca heç cür ortalığa
çıxmaq istəmir, başqa sözlə, yalnız başqa adamlar, bioqraflar onu tam bütövlüyü ilə görə bilirlər,
ancaq bunun Oliveyra üçün artıq zərrə qədər mənası yoxdur. Problem hətta qəhrəman,
müqəddəs, cinayətkar, boks üzrə çempion, məşhur adam və ya dini rəhbər olmadan öz
bütövlüyünü anlamaqdadır. Bütövlüyü onun bütün çoxcəhətliliyi ilə, eyni zamanda çökmüş,
soyumuş, içilib qurtarmış mate kimi deyil, coşub-qaynayan girdab kimi anlamaq lazımdır.
– Ona aspirinin dörddə birini verəcəyəm, – Sibilla dedi.
– Əgər onu udmağa məcbur edə bilsən, hesab et ki, Ambruaz Paredən üstünsən, –
Oliveyra dedi. – Gəl mate iç, təzə dəmləmişəm.
Söhbət bütövlükdən düşəndə ona elə gəldi ki, çox asanca ən murdar tələyə düşəcək.
Otuzuncu illərdə hələ tələbəykən Vyamont küçəsində o bildi ki, saysız-hesabsız adam tamamilə
sərbəst şəkildə özünü bütöv şəxsiyyət sayır, halbuki onların bütövlüyü ondan ibarət idi ki, bu
adamlar öz ana dillərinin çərçivəsindən və erkən skleroz nəticəsində zədələnmiş xarakterlərindən
kənara çıxa bilmirlər. Bu adamlar dərindən öyrənilməmiş böyük bir prinsip sistemi ortaya
qoyurdular ki, bunun da əsasında sözlərin ifadə olunması, güclü, itələyən, əksinə, cəlb edən hər
şeyin verbal ifadəsi dururdu. Həqiqətdə isə bütün bunların həyasızcasına sıxışdırılması və verbal
korrelyatlarla əvəz olunmasından söhbət gedirdi. Beləliklə, borc, mənəviyyat, mənəviyyatın
yoxluğu və mənəviyyatsızlıq, ədalət, mərhəmət, Avropa və Amerika, gecə və gündüz, ər-
arvadlar, nişanlılar və rəfiqələr, ordu və bank, bayraq və qızıl, mücərrəd sənət və Monte-Kaseros
döyüşü bir növ bizim dişlərimizə və saçlarımıza çevrilir, hansısa bəd bir xəbərə dönür, nə sərf,
nə də dərk olunur, çünki bu belədir, çünki bunlar bizi tamamlayan və möhkəmləndirən ayrılmaz
hissələrimizdir. Sözün insana tətbiq etdiyi zorakılıq fikri, öz yaradıcısından aldığı təkəbbürlü
64
intiqam Oliveyranın düşüncələrini acı ümidsizliklə doldurdu. O isə qəddar düşmənin yanına
qaçıb ondan kömək ummaq və onun vasitəsilə azad ola biləcəyi yerə getmək istəyirdi ki, bəlkə,
sonrasını tək getsin – necə və nə cür, aydın gecədə, yoxsa tutqun gündüzdə? – öz-özü və mövcud
olduğu gerçəkliklə son barışığa. Sözdən istifadə etmədən sözə gəlmək (bu necə də uzaq, necə də
inanılmazdır), ağlın gücündən istifadə etmədən bütövlüyün dərinliyinə enmək – mate içmək,
Rokamadurun çılpaq yanına baxmaq, Sibillanın Rokamaduru çığırda-çığırda pambıq tamponu
sıxaraq onun arxasına soxan barmaqlarına tamaşa etmək kimi ilk baxışda sadə görünən şeylərin
mahiyyətini açardı. Rokamadurun isə arxasına nəsə soxulmasından heç xoşu gəlmirdi.
(– 90)
20
– Mən elə belə də bilirdim ki, sən axır bir gün Osiplə yatacaqsan, – Oliveyra dedi.
Sibilla artıq o qədər də bərk qışqırmayan oğlunu bələyib əllərini pambıqla sildi.
– Sən allah, əllərini əməlli-başlı yu, – Oliveyra dedi. – Bu zir-zibili də at getsin.
– Bu dəqiqə, – Sibilla dedi. Oliveyra onun baxışlarını tutdu (buna çox vaxt çətinliklə
müəvəffəq olurdu). Sibilla isə bir qəzet götürüb çarpayının üzərinə sərdi, pambıq piltələri yığıb
qəzetə bükdü, sonra isə onu atmaq üçün otaqdan çıxdı. Qayıdanda onun qızarmış əlləri
parıldayırdı; Oliveyra mateni ona uzatdı. Sibilla alçaq kresloya çöküb səylə fincandan yapışdı. O
həmişə mateni korlayırdı, borucuğu boş yerə fırladır, hətta mateni onunla qarışdırırdı, elə bil,
sıyıq qarışdırırdı.
– Yaxşı, – Oliveyra tüstünü burnundan çıxararaq dedi. – Heç olmasa mənə xəbər
verəydiniz. İndi əşyaları başqa mənzilə daşımaqçün taksiyə altı yüz frank verməli olacağıq. İlin
bu vaxtında otaq tapmaq da elə asan deyil.
– Sənin getməyin vacib deyil, – Sibilla dedi. – Bunlar hamısı uydurmadır.
– Uydurmadır, – Oliveyra dedi. – Əcəb sözdür, lap ən yaxşı Argentina romanlarındakı
kimi. Qalır yalnız mənim misli görünməyən gülünc durumuma qunduz ürəkdən qəhqəhə
çəkmək, bir də şlyapa.
– Daha ağlamır, Sibilla beşiyə baxıb dedi. – Gəl yavaş danışaq, aspirindən sonra xeyli
yatmalıdır. Bir də ki, mən Qreqoroviusla qətiyyən yatmamışam.
– Yatmısan.
– Yatmamışam, Horasio. Yoxsa gizlətməzdim. Səni tanıyandan mənimçün yeganə kişi
olmusan. İstəsən, mənim sözlərimə gülə də bilərsən. Mən başqa cür danışa bilmirəm. Hisslərimi
ifadə edə bilmədiyimçün günahkar deyiləm.