65
– Yaxşı, yaxşı, – Oliveyra darıxmağa başladı və təzə mateni ona uzatdı. – Yəqin, uşaq
sənə bu cür təsir edir. Artıq bir neçə gündür ki, sən ana deyilən bir şey olmusan.
– Axı Rokamadur xəstədir.
– Ola bilər, – Oliveyra dedi. – Ancaq nə etmək olar, şəxsən mən başqa dəyişikliklər
görürəm. Doğrusu, biz artıq bir-birimizi çəkə bilmirik.
– Sən məni çəkə bilmirsən, Rokamaduru da gözün götürmür.
– Doğru sözə nə deyəsən, uşaq mənim planlarıma daxil deyildi. Bir otaqda üç nəfər – bir
az çoxdur. Osiplə birlikdə dörd nəfər olacağımızı düşünmək isə, dəhşətdir.
– Osipin dəxli yoxdur.
– Bəlkə, yaxşı fikirləşəsən? – Oliveyra dedi.
– Heç bir dəxli yoxdur, – Sibilla təkrar etdi. – Niyə mənə əzab verirsən, ay səfeh? Mən
bilirəm ki, sən yorulmusan və daha məni sevmirsən. Heç vaxt da sevməmisən, sadəcə, bunun
sevgi olduğunu düşünmüsən. Get, Horasio, burada qalmağın elə də vacib deyil. Bu mənimçün
birinci dəfə deyil.
Sibilla beşiyə baxdı, Rokamadur yatırdı.
– Birinci dəfə deyil, – Oliveyra dəmi dəyişərək dedi. – Şəxsi məsələlərlə bağlı şok
açıqlamadır. Osip təsdiq edər. Adam səninlə tanış olmamış zəncinin əhvalatını eşidir.
– Mən bunu danışmalıydım, sən belə şeyləri başa düşməzsən.
– Başa düşə bilmərəm, ancaq ölə bilərəm.
– Mənə elə gəlir ki, bu, səni öldürsə belə, danışmalıyam. Belə olmalıdır, insan sevdiyi
adama öz həyatı haqqında danışmalıdır. Mən səni deyirəm, Osipi yox. Sən də mənə öz
rəfiqələrin barədə danışa bilərsən, danışmaya da bilərsən, ancaq mən hər şeyi danışmalıydım.
Bu, sevdiyin insanın başqasına vurulmazdan öncə çıxıb getməsi üçün yeganə üsuldur, onun
qapıdan çıxıb bizi rahat buraxması üçün yeganə üsul.
– Üsul bəraət qazana bilər, hələ baxsan, rəğbət də. Əvvəlcə zəncidən başla.
– Hə, – Sibilla düz onun gözlərinə baxaraq dedi. – Əvvəlcə zənci, sonra isə Ledesma.
– Əlbəttə ki, sonra Ledesma.
– Bir də karnaval vaxtı gecə tindəki üç nəfər.
– Başlanğıc üçün, – Oliveyra mateni uzadaraq dedi.
– Bir də otel sahibinin qardaşı müsyö Visent.
– Axırda.
– Bir də parkda ağlayan əsgər.
– Bu da varmış.
– Bir də ki, sən.
66
– Axırda mənim də siyahıya salınmağım qaranlıq fikirlərimi təsdiq edir. Amma siyahının
tam olması üçün gərək Qreqoroviusu da ora salaydın.
Sibilla borucuqla mateni qarışdırırdı. O, başını aşağı salladı və saçları tökülərək
Oliveyranın süni etinasızlıqla, lakin diqqətlə baxdığı üzünü gizlətdi.
Sonra sən aptekçiylə dostlaşmısan,
Ardınca iksini də fırlatmısan…
Oliveyra tanqo oxuyurdu. Sibilla yalnız çiyinlərini çəkir və ona baxmadan mateni
sormaqda davam edirdi. «Yazıq», – Oliveyra düşündü. Sonra qaba hərəkətlə qızın saçlarını
alnından geriyə atdı, elə bil, pərdə çəkirdi. Borucuq dişlərinə dəyib qıcırdadı.
– Elə bil, vurdun, – Sibilla titrəyən barmaqlarıyla dodaqlarına toxunaraq dedi. –
Mənimçün fərqi yoxdur, ancaq…
– Xoşbəxtlikdən bu belə deyil, – Oliveyra dedi. – Əgər indi sən mənə belə baxmasaydın,
səndən zəhləm gedərdi. Sən, sadəcə, möcüzəsən, öz Rokamadurun və başqa şeylərinlə.
– Bunu mənə niyə deyirsən?
– Mənə belə lazımdır.
– Sənə lazımdır. Sən həmişə özünə lazım olanları axtarırsan.
– Əzizim, – Oliveyra nəzakətlə dedi, – göz yaşları matenin dadını korlayır, bunu hamı
bilir.
– Mənim ağlamağım da yəqin sənə lazımdır.
– Hə, özümü günahkar saydığım dərəcədə.
– Çıx get, Horasio, belə daha yaxşıdır.
– Ola bilər. Diqqət et: indi getmək – demək olar ki, qəhrəmanlıqdır, çünki səni pulsuz-
parasız, xəstə uşaqla tək qoyub gedirəm.
– Hə, – Sibilla göz yaşları içində ümidsizcəsinə dedi. – Elədir, demək olar ki,
qəhrəmanlıqdır.
– Ancaq mən qətiyyən qəhrəman deyiləm, ona görə də hesab edirəm ki, hər şey
aydınlaşana qədər qalsam yaxşı olar, görək mənim bəlağətli danışmağı sevən qardaşım nə
deyəcək.
– Qalırsan, qal.
– Bəs sən nəyə görə bu qəhrəmanlıqdan imtina etdiyimi və bunun mənə nəyin bahasına
başa gəldiyini başa düşürsən?
– Əlbəttə.
– Onda de görüm niyə getmirəm.
– Ona görə getmirsən ki, yetərincə burjuysan və düşünürsən ki, getsən, Ronald, Bəps və
başqaları buna nə deyər.
67
– Tamamilə doğrudur. Yaxşı ki, başa düşürsən: bunun sənə qətiyyən dəxli yoxdur. Mən
birgə məsuliyyətə görə qalmıram, sənə acıdığımçün, yaxud Rokamadura əmzik verməkçün də
qalmıram. Ya da ki, guya, bizi bir-birimizə nəsə bağlayır.
– Bəzən elə gülməli olursan ki, – Sibilla dedi.
– Bəlkə də, – Oliveyra dedi. – Bob Houp mənimlə müqayisədə heç nədir.
– Deyəndə ki, bizi bir-birimizə heç nə bağlamır, dodaqlarını belə edirsən…
– Belə?
– Hə, əladır.
O, ikiəlli əsgini götürüb ağzını bağladı və onlar elə qəhqəhəylə güldülər ki, az qala
Rokamaduru oyadacaqdılar. Oliveyra əsgini dişlərində sıxaraq gözü yaşaranadək gülə-gülə
Sibillanı saxlasa da, qız birtəhər qabaq ayaqları arxakılardan qısa olan kreslodan sürüşüb düşdü –
istəməsən də düşəcəksən – və gülməkdən hıçqırdığından, nəhayət, əsgini ağzından salan
Oliveyranın ayaqlarına dolaşdı.
– Bir də göstər görüm, belə deyəndə dodaqlarımı necə edirəm, – Oliveyra yalvardı.
– Bax belə, – Sibilla dedi və onlar yenidən uğunub getdilər, Oliveyra əyilib qarnını tutdu,
bu zaman Sibillayla Oliveyra üz-üzə gəldilər, Oliveyra göz yaşlarından parıldayan gözləriylə ona
baxırdı. Beləcə öpüşdülər: qız başıyuxarı, o isə başı aşağı, saçları saçaq kimi sallanırdı,
öpüşərkən dişləri bir-birinin dodaqlarına toxunurdu, çünki dodaqlar bir-birini tanımırdı,
öpüşənlər
,
sanki
,
başqa ağızlar idi, əlləriylə bir-birini pırtlaşmış saçların və aşmış fincandan
tökülən otun içində axtara-axtara öpüşürdülər, masanın üstündəki maye isə Sibillanın yubkasına
tökülürdü.
– Danış görüm, Osip yataqda necədir, – Oliveyra dodaqlarını Sibillanın dodaqlarına
yapışdıraraq pıçıldadı. – Daha belə bacarmıram, qan başıma vurur.
– Çox yaxşıdır, – Sibilla onun dodağını azca dişləyərək dedi. – Səndən qat-qat yaxşıdır.
– Qulaq as, bu mate hər tərəfi batırıb. Gedim küçədə bir az gəzişim.
– İstəmirsən sənə Osipdən danışım? – Sibilla soruşdu. – Quqquluquda, quş dilində.
– Bu quqquluqu lap zəhləmi tökdü. Sənin xəyal gücün zəifdir, elə hey eyni sözləri
təkrarlayırsan. Bundan başqa, quqquluquda «o ki qaldı» demək mümkün deyil.
– Quqquluqunu mən özüm fikirləşib tapmışam, – Sibilla incik tərzdə dedi. – Sənsə bir
söz uydurur və özündənmüştəbehlik edirsən, ancaq bu əsl quqquluqu deyil.
– Gəl Osipə qayıdaq…
– Bəsdir səfehlik elədin, Horasio, sənə deyirəm ki, onunla yatmamışam. Yoxsa mən
müqəddəslərə and içməliyəm.
– Lazım deyil, deyəsən, axırda sənə elə-belə də inanmalı olacağam.
Dostları ilə paylaş: |