Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə83/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   79   80   81   82   83   84   85   86   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

168 


Uinston ehtiyatla ayağının varikoz yarasına toxundu. Yenə gicişirdi. Dəfələrlə üzərində 

düşündüyü məsələ Inqilabdan əvvəlki həqiqi həyatla bağlı hər hansı məlumatın olmaması idi. 

Masanın gözündən missis Parsonsdan bir neçə günlüyə götürdüyü uşaqlar üçün tarix kitabını 

çıxarıb qabağına qoydu, onun bir hissəsini gündəliyinə köçürməyə başladı: 

Keçmiş vaxtda, şanlı İnqilabdan əvvəl London bizim indi gördüyümüz kimi gözəl şəhər deyildi. 

O dövrün Londonu tutqun, qaranlıq, çirkli bir yer idi. İnsanların çoxu yarıac-yarıtox yaşayırdı. 

Yüzlərlə, minlərlə kasıbın əynində paltarı, ayağında ayaqqabısı, hətta altında daldalanmağa damı 

yox idi. Səninlə yaşıd uşaqlar qəddar, amansız ustaların əlinin altında gündə on iki saat işləməli 

olurdular. Əgər bir qədər ləng işləsəydilər, onları qırmancla döyür, yeməyə isə cirə ilə kiflənmiş 

çörək və iylənmiş su verirdilər. Bütün bu dəhşətli yoxsulluq içərisində varlıların cah-cəlallı 

malikanələri ucalırdı. Qapılarında azı otuz xidmətçi saxlayırdılar. Həmin varlılara kapitalist 

deyirdilər. Onlar növbəti səhifədə şəklini görəcəyin qəddar sifətli, eybəcər və piy basmış adamlar 

idilər. Şəkildə gördüyün kimi əyinlərinə frak adlanan uzun, qara pencək geyir, başlarına isə soba 

borusunu xatırladan və silindr adlanan parıltılı, əcayib şlyapa qoyurdular. Bu yalnız 

kapitalistlərin geyim forması idi. Başqa heç kəsə belə geyinməyə icazə verilmirdi. Dünyada nə 

varsa hamısı kapitalistlərin əlində idi. Qalan adamlar onların köləsi sayılırdılar. Bütün evlər, 

torpaqlar, fabrik-zavodlar, pullar kapitalistlərin əlində idi. Kim onların sözündən çıxsa, beləsini 

ya həbsxanaya salır, ya acından ölmələri üçün işdən qovurdular. Sadə adam kapitalistə danışmalı 

olanda onun qarşısında alçalmalı, təzim etməli, papağını çıxarmalı və mütləq "Ser"- deyə 

müraciət etməli idi. Bütün kapitalistlərin başçısı Kral adlanırdı. Sonra isə... 

Uinston siyahını əzbər bilirdi. Ardınca batist donlu yepiskoplar, qollarına və boynuna samur 

xəzindən köbə salınmış mantiyalarda gəzən hakimlər, rüsvayçılıq dirəyi, ayağa vurulan ağır 

kündələr, çəmbərə bağlamaq, doqquz dilli qırmanc, Lord-Merin verdiyi dəbdəbəli ziyafətlər, 

Papanın ayaqqabısını öpmək ənənəsi gəlirdi. Hələ bunlardan başqa, yəqin ki, uşaq kitablarına 

salınmayan jus primae noctis (ilk gecə hüququ, zifaf gecəsi hüququ-tərc.) anlayışı da vardı. 

Əslində bu, qanun idi və həmin qanuna görə, hər bir kapitalist fabrikində işləyən istənilən qızla 

yata bilərmiş... 

Görəsən, yazılanlar nə dərəcədə doğru, nə dərəcədə yalandır? İndi orta səviyyəli insanın özünün 

inqilabdan əvvəlki həmvətənindən yaxşı yaşaması əslində həqiqətə uyğun olmalıdır. Bunun 

əksinə eşidilən yeganə iddia sənin içindəki lal, dilsiz etirazdır. İndiki həyatın dözülməzliyini, bir 

zamanlar isə yaşamın yəqin ki, bundan fərqləndiyini instinktiv şəkildə də olsa, dərk etməyindir. 

Uinston fikirləşdi ki, indi mövcudluğun başlıca özəlliyi qəddarlıqla üz-üzə qalmaq, yaxud daim 

təhlükə altında yaşamaq deyil. Başlıca özəllik bütünlükdə yaşamın miskinliyində, boşluğunda, 

hər şeyi və hər yeri bürümüş apatiya hissindədir. Diqqətlə fikir verəndə həyatın puçluğu, 

mənasızlığı təkcə gecə-gündüz teleekrandan eşidilən yalanlarda deyil, hətta Partiyanın can atdığı 

ideallarda da özünü göstərir. Partiya üzvlərinin özləri üçün də həyatın böyük hissəsi siyasətdən 

kənarda keçir. Partiya üzvü saatlarla başını qaldırmadan cansıxıcı dəftərxana işi görür, metro 

vaqonlarında yer tutmaq üçün əlbəyaxa olur, deşik corabını yamayır, kimdənsə bir saxarin həbi 

dilənir, yaxud siqaret kötüyünə qənaət edir. Partiyanın can atdığı nə isə nəhəng, dəhşətli və göz 

qamaşdıran bir idealdır. Bu idealın təcəssümü isə, şüşə və beton, heyrətamiz maşınlar və qorxunc 

silahlar dünyasıdır. O, mükəmməl birlik hissi ilə qələcəyə addımlayan, eyni cür fikirləşən, eyni 

şüarlar söyləyən, fasiləsiz işləyən, mübarizə aparan, zəfər çalan, təqib olunan üç yüz milyon biri-

birinə bənzər adamın-döyüşçülər və fanatiklər xalqının dünyasıdır. Həyat isə fərqlidir. Həyatda 

cındır geyimli, cırıq ayaqqabılı yarıac adamların o baş-bu başa şütüdükləri xaraba şəhərləri, daim 

bişmiş kələm və üfunətli ayaqyolu iyi verən köhnə-kürüş XIX əsr evlərini daha çox görməli 

olursan. Uinsonun gözləri önündə London – küçələrində milyonlarla zibil yeşiyinin iyləndiyi 

böyük və xarabazarlığı xatırladan şəhər canlandı. Ümidsiz halda yolu tutulmuş kanalizasiya 

borusunu qurdalayan missis Parsonsun – seyrək saçlı, üzü qırışlarla dolu qadının obrazı isə bu 

mənzərəni daha da tamamlayırdı.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

169 


Özünü saxlaya bilməyib topuğunu qaşıdı. Teleekran gecə-gündüz adamların qulağını statistika 

ilə doldurur. Sübut eləyir ki, əlli il bundan əvvəlki dövrlə müqayisədə indi ərzaq və geyim daha 

çoxdur, insanlar yaxşı mənzillərdə yaşayırlar, yaxşı dincəlirlər, ömürləri uzanıb, az işləyib çox 

maaş alırlar, boyları ucalıb, daha sağlam, güclü, xoşbəxt, ağıllı, savadlı olublar. Burada heç nəyi 

sübut, yaxud da əksinə, inkar etmək mümkün deyil. Məsələn, Partiya iddia edir ki, indi yaşlı 

prolların qırx faizi savadlıdır. Inqilaba qədər isə onların yalnız on beş faizi savad ala bilirdilər. 

Partiya iddia edir ki, indi hər yeni doğulan on min uşaqdan yüz altmış nəfəri ölür, Inqilabdan 

əvvəl isə bu göstərici üç yüz nəfər idi. Və buna bənzər başqa şeylər. Deyilənlər hamısı iki 

məchullu tənliyə bənzəyir. Çox ola bilsin ki, tarix kitablarında yazılanlar hamısı, hətta yüzdə yüz 

həqiqət kimi qəbul etdiyin məlumatlar da başdan-başa uydurmadır. Kim bilir, bəlkə heç ilk gecə 

hüququ deyilən qanun, kapitalist adlanan məxluq, silindr adlı o baş geyimi də heç yerli-dibli 

olmayıb?!  

Hər şey qatı dumana bürünüb. Keçmiş lazım bilinməyən hər şeydən təmizlənib, təmizlənən nə 

varsa, hamının yadından çıxıb, yalan həqiqətə çevrilib. Saxtakarlıqla bağlı əlinə yalnız bir dəfə 

(həm də saxtakarlıq aktı həyata keçiriləndən sonra! - bu da çox mühüm təfərrüat idi) dəqiq və 

aydın sənəd düşmüşdü. Həmin sənədi azı otuz saniyə barmaqları arasında saxlamışdı. Bu 

deyəsən... 1973-cü ildə, ya da təxminən ona yaxın vaxtda olmuşdu. O zaman Ketrinlə təzə 

ayrılmışdılar. Sənəd isə daha yeddi-səkkiz il əvvəlin hadisəsi ilə bağlı idi.  

Hər şey altmışıncı illərin ortalarında, Inqilabın həqiqi rəhbərlərinə qarşı kütləvi təmizləmə 

əməliyyatlarının aparıldığı dövrdə baş vermişdi. 1970-ci ildə Böyük Qardaşdan başqa bu 

liderlərin heç biri həyatda yox idi. Hamısı satqın və əksinqilabçı kimi ifşa olunmuşdu. Qoldsteyn 

qaçmışdı, harada gizləndiyini bilən yox idi. Bəziləri əlli-ayaqlı yox olmuşdular. Əksəriyyəti isə 

cinayətlərini boyunlarına aldıqları səsli-küylü məhkəmə proseslərindən sonra edam edilmişdi. 

Sonuncu xilas olanların sırasında üç nəfər-Cons, Aronson və Rezerford da var idi. Üçünü də 

deyəsən, 1965-ci ildə tutmuşdular. Həmişə belə hallarda olduğu kimi səssiz-soraqsız yoxa 

çıxmışdılar, bir il, bəlkə də daha çox, nə öldülərindən, nə də qaldılarından kimsə xəbər tuta 

bilməmişdi. Amma özlərini ifşa etmələri üçün gözlənilmədən üçü də yenidən peyda olmuşdular. 

Düşmənlə əlaqələrini (o zaman düşmən Avrasiya idi), ictimai fondları taladıqlarını, sadiq Partiya 

üzvlərini aradan götürdüklərini, hələ inqilabdan xeyli əvvəl Böyük Qardaşı liderlikdən 

uzaqlaşdırmaq üçün intriqa apardıqlarını, yüz minlərlə insanın həyatı bahasına başa gələn 

təxribat aktları törətdiklərini etiraf etmişdilər. Hər şeyi boyunlarına alandan sonra əfvə düşmüş, 

Partiya sıralarına bərpa olunmuş, adları gurultulu səslənən, əslində isə yaxşı maaşlı əhəmiyyətsiz 

vəzifələrə göndərilmişdilər. Üçü də Tayms-da peşimançılıq dolu uzun məqalələrlə çıxış 

etmişdilər, xəyanətlərinin səbəbini açıqlamış və islah olunacaqlarına söz vermişdilər.  

Azadlığa çıxandan bir müddət sonra Uinston onların üçünü də, həqiqətən, "Şabalıd kölgəsində" 

adlı kafedə görmüşdü. Gizlincə, gözünün ucu ilə bu adamları necə dəhşət içərisində müşahidə 

etdiyini indi də xatırlayırdı. Inqilabçılar yaşca ondan çox böyük idilər. Üçü də artıq əlçatmaz bir 

dünyanın canlı yadigarları, Partiyanın qəhrəmanlıqla dolu ilk dövrünün sonuncu diqqətəlayiq 

simaları idilər. Gizli mübarizə və vətəndaş müharibəsi illərinin haləsi hələ də bu adamların başı 

üzərində dolaşırdı. Dəqiq fakt və tarixlər həmin dövrdə kütləvi surətdə yoxa çıxmağa başlasa da, 

nədənsə Uinstona elə gəlirdi ki, Cons, Aronson və Rezerfordun adlarını Böyük Qardaşın adından 

daha əvvəl eşidib. Bu üçlüyün qanundan kənar, düşmən elan olunmaları, yoxa çıxmaları yaxın 

iki ilin hadisəsi idi. Bir dəfə Fikir Polisinin əlinə düşənlərin həmişəlik xilas yolu tapmaları 

mümkün olan şey deyildi. Cons, Aronson və Rezerford da meyid idilər. Sadəcə, təzədən qəbrə 

qaytarılmalarını gözləyirdilər. Yanlarındakı masalarda bir kimsə gözə dəymirdi. Belə adamlara 

yaxınlaşmağın özü ağılsızlıq olardı. Hərəsi qarşısına mixəkli cinlə dolu (bu da "Şabalıd 

kölgəsində" kafesinin firma içkisi sayılırdı) stəkan qoyub dinməz-söyləməz oturmuşdular. Üç 

nəfərin arasında Uinstona ən güclü təsir bağışlayan Rezerford oldu. Bir vaxtlar məşhur 

karukatura ustası kimi tanınırdı. Birbaşa hədəfə dəyən tikanlı karikaturaları Inqilabdan əvvəl və 

Inqilab illərində ictimai fikrin fəallaşmasında mühüm rol oynamışdı. Uzun fasilələrlə olsa da, 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə