“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
174
qopmuş insan əli olduğunu gördü. Köpüklənmiş qıpqırmızı qanın dəymədiyi yerlərdə əlin sanki
gipsdən düzəldilmiş kimi ağappaq və hamar olduğu diqqətini çəkdi.
Təpiklə vurub əli çirkli gölməçəyə atdı. Adamlara yaxınlaşmamaq üçün sağ tərəfdəki döngəyə
buruldu. Üç-dörd dəqiqə gedəndən sonra partlayış zonasından çıxdı. Ətrafdakı küçələr heç nə
olmayıbmış kimi öz solğun və miskin həyatını sürdürməkdə idi. Axşam saat səkkizə yaxınlaşırdı.
Prolların pivə dükanlarında (ona öz aralarında pab deyirdilər) iynə atsaydın yerə düşməzdi.
Aramsız açılıb-örtülən çirkli qapılardan hər tərəfə turşumuş pivə, sidik və çürük taxta
ovuntusunun iyi yayılırdı. Küçənin tinindəki evin yanında bir-birinə sıxılmış üç kişi dayanmışdı.
Ortadakı əlində açıq qəzet tutmuşdu, qalan iki nəfər isə onun çiyinləri üzərindən diqqətlə qəzetə
baxırdılar. Nisbətən yaxına gələndə də Uinston sifətlərinin ifadəsini seçə bilmədi. Amma
hərəkətlərindən hansısa məsələ ilə çox bərk maraqlandıqları sezilirdi. Yəqin mühüm bir xəbəri
oxuyurdular. Onlara lap yaxınlaşanda üçlük birdən ayrıldı. Iki nəfər əl-qollarını ölçə-ölçə qızğın
mübahisəyə başladılar. Belə getsə bir az sonra yumruqlar işə düşəcəkdi.
- Qulaq as, gör sənə nə deyirlər, başıboş! Yeddi rəqəmi ilə qurtaran nömrə axırıncı on dörd ayda
bir dəfə də udmayıb.
- Mən isə deyirəm udub!
- Mən isə deyirəm yox! Son iki ilin bütün nəticələrini evdə kağıza yazmışam. Hər şeyi saat
dəqiqliyi ilə qeydə alıram. Bir də sənə deyirəm ki, yeddi ilə qurtaran...
- Yox, elə məhz yeddi ilə qurtaran udub. Mən o nömrəni əzbər bilirəm. Son rəqəmləri dörd və
yeddi idi. Fevral ayında, fevralın ikinci yarısında...
- Yalansa sənin lap!.. Dedim axı, hamısını olduğu kimi yazıram. Yenə deyirəm, bir dəfə də olsun
sonu yeddi rəqəmi ilə...
- Day bəsdir, qurtarın! -deyə üçüncü adam mübahisəyə qatıldı.
Aydın idi-onlar Lotereya haqqında danışırdılar. Bir neçə addım aralanandan sonra Uinston
çevrilib arxaya baxdı. Yenə sifətləri qızarıb pörtmüş halda, qışqıra-qışqıra, əllərini ölçə-ölçə
mübahisə edirdilər. Lotereya özünün həftəlik nağılvari uduşları ilə prolların ciddi maraq
göstərdiyi ən mühüm ictimai hadisə idi. Təxminən bir neçə milyon adam üçün Lotereya uduşu
həyatın yeganə də olmasa, əsas məqsədlərindən biri sayıla bilərdi. Lotereya onların sevinci,
ümidi, dəliliyi, intellektual fəallıq mənbəyi idi. Maraq o qədər böyük idi ki, hətta oxuyub-
yazmağı güclə bacaran adamlar da Lotereya söhbəti ortaya gələndə mürəkkəb hesablama
məharəti və qeyri-adi yaddaş nümayiş etdirirdilər. Böyük bir dəstə uduş sistemlərinin, uğur
qazanmaq ehtimallarının, hətta gözmuncuğularının satışından yaxşı pul qazanırdı. Uinstonun
Rifah Nazirliyinin nəzarəti altında olan lotereya biznesi ilə heç bir əlaqəsi yox idi. Amma hər
tirajdan sonra elan edilən böyük uduşların, əslində, mövcud olmadığını bilirdi. ( Partiyada bunu
bilməyən yox idi). Yalnız kiçik məbləğlər ödənilirdi. Böyük məbləğləri isə xəyali şəxslər
udurdular. Okeaniyanın ayrı-ayrı hissələri arasında normal əlaqənin olmadığı şəraitdə bu
saxtakarlığı həyata keçirmək elə də çətin iş deyildi.
"Əgər tək ümid varsa, o da prollara olan ümiddir". Bu fikirdən bərk yapışmaq lazımdır. Əlbəttə,
onu sözlə ifadə edəndə güclü səslənir, ümid yeri saydığın adamlara yaxından baxanda isə, belə
fikrə düşməyin özü qəhrəmanlıq kimi görünür. Burulduğu küçə üzü aşağı enirdi. Buralar ona
dumanlı da olsa tanış gəlirdi. Əsas küçə haradasa yaxınlıqda olmalı idi. Qabaqdan danışıq səsi
gəlirdi. Dar küçənin qurtaracağında meydançaya enən pilləkənlər vardı. Bu meydançda çox vaxt
köhnə, öləzimiş tərəvəz satırdılar. Yalnız indi harada olduğunu xatırladı. Buradan böyük
prospektə çıxış vardı. Beş dəqiqəlik məsafədəki növbəti döngədə xırdavat dükanı yerləşirdi. İndi
gündəliyini yazdığı qeyd kitabçasını da oradan tapmışdı. Bir az aralıdakı dəftərxana ləvazimatı
satılan dükandan isə qələmlə mürəkkəb almışdı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
175
Pilləkənin başında bir anlıq ayaq saxladı. Küçənin üzbəüz səmtində ilk baxışdan şüşələri tutqun
görünən, əslində isə tozdan çirklənib-bozarmış balaca, çirkli pivəxana vardı. Beli bükülmüş,
amma hərəkətlərindən diribaşlıq yağan, ağ bığları xərçəng ayaqlarını xatırladan bir qoca cırıltılı
qapını açıb özünü pivəxanaya saldı. Dayanıb ətrafına baxan Uinston fikirləşdi ki, yaşı səksəni
haqlayan bu qoca Inqilab zamanı yəqin orta yaşlı bir adam olub. Həm bu qoca, həm də onun
həyatdakı tək-tük yaşıdları yoxa çıxmış kapitalizm dünyası ilə əlaqənin sonuncu bağlarıdır.
Partiyada həyata baxışları Inqilabdan əvvəl formalaşan belə adamlar çox az idilər. Əllinci və
altmışıncı illərin böyük təmizləmələri zamanı köhnə nəsil nümayəndələrinin çoxu məhv
edilmişdi. Tək-tük salamat qalanları isə elə qorxutmuşdular ki, ağıl və düşüncə qabiliyyətlərini
həmişəlik itirmişdilər. Odur ki, əsrin birinci yarısı haqqında az-çox həqiqəti danışmağa qabil
adamları (əgər belələri vardısa) yalnız prolların arasından tapmaq olardı. Uinston uşaqlar üçün
tarix kitabından gündəliyinə köçürdüyü sətirləri xatırladı. Ağlına dəli bir fikir gəldi. Bu dəqiqə
pivəxanaya girəcək, qoca ilə tanış olacaq, suallarına cavab istəyəcək. Ona deyəcək: "Zəhmət
olmazsa, danışın, uşaqlıq illərinizi necə keçirmisiniz? O zaman həyat necə idi? Yaşayış bizim
vaxtdakından yaxşı idi, yoxsa pis?"
Sonradan qorxub fikrindən daşınmamaq üçün tələsik addımlarla aşağı endi, dar küçənin qarşı
tərəfinə keçdi. Ağılsızlıq etdiyini bilirdi. Düzdür, prollarla danışmağa, yaxud onların
pivəxanalarına getməyə rəsmən qadağa qoyulmamışdı. Lakin belə qəribə hərəkətin diqqətdən
kənarda qalacağını düşünmək də sadəlövhlük olardı. Əgər patrullar gəlsəydilər, qəflətən halı
pisləşdiyindən bura girdiyini deyə bilərdi. Buna çətin inanacaqdılar. Qapını itələyib açan kimi
qaxsımış pendir və qıcqırmış pivə iyi burnuna vurdu. İçəri girəndə pivəxanadakıların səs-küyü
yarıbayarı azaldı. Uinston arxanı görməsə də hamının gözlərini onun göy rəngli partiya
kombinezonuna zillədiyini hiss edirdi. Əllərindəki kiçik oxlarla küncdəki hədəfi nişan alıb atan
oyunçular da azı yarım dəqiqəliyinə ara verdilər. Arxasınca gəldiyi qoca piştaxtanın qabağında
barmenlə-iri bədəni, əyri burnu və kök əlləri olan cavan oğlanla höcətləşirdi. Əllərində pivə
parçları dayanmış müştərilər bu mənzərəni seyr edirdilər.
- Səndən adam kimi xahiş edirlər, - qoca sinəsini qabağa verib xoruzlanırdı. -Sən isə deyirsən ki,
bu avara pivəxananda bir pintlik parç yoxdur.
- Başa düşmürəm, bu pint dediyin nə zəhrimardır, - deyə barmaqlarının ucu ilə piştaxtaya
dayaqlanan barmen soruşurdu.
- Eşitdiniz nə deyir? Hələ adını barmen qoyub, pintin nə olduğunu bilmir. Pint yarım kvartadır.
Dörd kvarta isə bir qallondur. Bəlkə burada sənə əlifba öyrətməliyəm?
- Ömrümdə eşitməmişəm, - barmen eynini pozmadan dilləndi. - Biz litrlə, yarım litrlə satırıq.
Pivə parçlarının hamısı da göz qabağındadır.
- Istədiyim sadəcə bir pint pivədir, -qoca sakitləşmək bilmirdi. - Bir pint pivə süzmək sənə belə
çətindir? Mənim vaxtımda sizin bu lənətə gəlmiş litrlər, yarım litrlər yox idi.
- Sənin vaxtında hamımız ağacda yaşayırdıq,-barmen müştərilərə baxıb mübahisəyə son qoyan
tərzdə dilləndi.
Möhkəm gülüşmə düşdü. Uinstonun gəlməsi ilə yaranan naqolaylıq öz-özünə aradan götürüldü.
Qocanın tükləri ağarmış sifəti indi də qızarıb pörtmüşdü. Əsəbiliklə geri dönəndə Uinstonla
toqquşdu. Uinston hörmətlə onun qoluna girdi.
- İcazə verin, sizi pivəyə qonaq eləyim, - dedi.
- Siz çox nəcib adamsınız, - deyə qoca yenə bayaqkı kimi sinəsini qabağa verdi. Deyəsən, heç
Uinstonun əynindəki göy rəngli kombinezonu da görməmişdi. Hikkəli əda ilə barmenə tərəf
çevrildi. - Bir pint pivə süz. Bir pint deyirəm, başa düşdün?