Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə11/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   7   8   9   10   11   12   13   14   ...   51

Məsələnin məxfi qalacağı vəd edilsə də, sözsüz ki, belə deyil. Adamlar danışırlar. Əks halda, otağa daxil 
olan kimi hamı susmazdı. Bu vaxta qədər səmimi münasibətdə olduğu həmkarı fincanını yerə qoyub 
otaqdan çıxmazdı. Bodler haqqında ilk mühazirəyə yalnız iki tələbə gəlməzdi.  
Dedi–qodu dəyirmanı gecə-gündüz işləyir. – o düşünür. – insanların təmiz adlarını üyüdür. Əxlaqlı 
adamlar qapalı qapılar ardında telefonla söhbətləşir, otaqların künclərində iclas qururlar. Sevinc dolu 
pıçıltılar. Schadenfreude   
Devid Universitetin dəhlizlərində başını dik tutub addımlamağa vərdiş edib.  
O vaxtilə boşanma işi ilə məşğul olmuş vəkili ilə danışır 
Gəlin, əvvəl aydınlaşdıraq – vəkil deyir. – İttihamlar nə dərəcədə doğrudur?  
Kifayət qədər. Qızla münasibətim olub.  
Ciddi münasibət?  
Ciddi, qeyri-ciddi. Nə fərqi var? Müəyyən yaşdan sonra eynilə ürək tutmaları kimi bütün eşq macəraları 
ciddi olur.  
Strategiya baxımından yaxşı olardı ki, sizi qadın vəkil müdafiə eləsin. Məsələni fərdi qaydada həll 
eləməyə çalışın. Öz üzərinə müəyyən öhdəliklər götürməlisiniz. Məsələn, qısa bir müddət üçün 
məzuniyyətə çıxa bilərsiniz. Əvəzində isə Universitet qızı və ya doğmalarını ittihamı geri götürmək üçün 
dilə tutmağa çalışmalıdır. Ən yaxşı yol budu. Hakimin göstərdiyi sarı karta qarşı etiraz etmək lazım deyil. 
Aralıq sakitləşənə qədər gözləyin.    
Nə öhdəlik?  
Qrup daxilində psixoterapiya, könüllü ictimai iş, psixoanalitikin yanında müalicə.  
Müalicə? Mənə müalicə lazımdı?  
Məni düz başa düşün. Sadəcə demək istəyirəm ki, sizə edilən təkliflərdən biri də müalicə ola bilər.  
Məni ədəbsiz arzulardan müalicə edəcəklər?  
Vəkil çiyinlərini çəkir.  
Universitetdə Zorlamaya qarşı mübarizə həftəsidir. Qadınların Zorlanması Əleyhinə Birlik (QZB) son 
qurbanlarla həmrəylik əlaməti kimi 24 saat yuxusuzluq elan edir. Qapıda Devidə “Qadınlar danışır” adlı 
bir kitabça uzadılır. Üz qabığının aşağı hissəsində sadə qələmlə yazılıb: Axırın çatıb Kazanova!  
Keçmiş arvadı Rozalinda ilə nahar edir. Səkkiz ildir ayrılıblar, zamanla yavaş- yavaş, çəkinə - çəkinə 
yenidən bir növ dosta çevriliblər. Müharibə veteranları. Rozalindanın hələ də yaxınlığında olması onu 
sevindirir. Bəlkə də Rozalinda da Devidlə eyni fikirdədir. Ən pis günündə, vanna otağında yıxılanda, stulu 
qana bulananda, arxalanacağı bir insan var.  


Onlar Devidin Şərqi Keypdə yaşayan qızı Lüsi haqqında danışırlar.  
Bəlkə bu yaxınlarda onu gördüm- Devid deyir.  
Getməyə hazırlaşırsan? Semestrin qızğın çağında?  
Semestr demək olar, bitib. Daha iki həftə qalıb, vəssalam.  
Bu qərarın başına gələnlərlə əlaqəsi varmı? Eşitmişəm, problemlərin var.  
Hardan eşitmisən?  
Adamlar danışırlar, Devid. Sənin son macərandan hamı ən incə təfərrüatına qədər xəbərdardır. Özü də 
heç kim çərənləyənlərin ağzını yummaq istəmir. Əlbəttə, səndən başqa. İcazənlə necə böyük axmaqlıq 
etdiyini deyə bilərəmmi?  
Yox.  
İcazə verməsən də, deyirəm: axmaq və iyrənc hərəkət eləmisən. Cinsi ehtiyacını necə təmin etdiyini 
bilmirəm. Heç bilmək də istəmirəm. Amma belə olmaz. Neçə yaşındasan? Əlli iki? Səncə, gənc bir qız bu 
yaşdakı kişi ilə yatağa girməkdən həzz ala bilər? Elə bilirsən, işinin qızğın vaxtında sənə baxmaqdan xoşu 
gəlirdi? Heç bu haqda fikirləşmisən?  
Devid susur.  
Məndən özünə qarşı mərhəmət gözləmə. Heç kimdən gözləmə. Nə təəssüb, nə mərhəmət. Bu yaşda yox, 
bu gün yox. Hamı səni qınayacaq. Niyə də qınamasınlar. Doğrudan da bu hərəkətlə necə cürət elədin?  
Tanış səs tonu. Devidin evliliklərin son illərində qarşılıqlı qızğın ittihamlar zamanı tez-tez eşitdiyi tanış 
intonasiya. Bunu, hətta Rozalinda özü də hiss edir. Bəlkə də o haqlıdır. Bəlkə də ehtiras tutmaları zamanı 
qocalara baxmaqdan müdafiə edilmək bütün cavanların hüquqdur. Axı fahişələr elə bunun üçün 
mövcuddur. Xoşagəlməyənlərin ekstazlarına dözmək üçün. 
Nə isə - Rozalinda deyir- Dedin ki, Lüsini görəcəksən.  
Fikirləşdim ki, təhqiqatdan sonra fermaya gedib bir müddət orda qala bilərəm.  
Təhqiqat? 
Gələn həftə Təhqiqat komissiyasının iclası olacaq.  
Belə tez? Bəs Lüsini yanına gedəndən sonra?  
Bilmirəm, Universitetdə qayıtmağa icazə verəcəklərmi. Heç qayıtmaq istəyib – istəmədiyimi də bilmirəm.  
Rozalinda başını silkələyir. – O qədər də gözəl sonluq deyil. Bəs neyləmək fikrindəsən? Təqaüd məsələn 
necə olacaq?  


Onlarla razılığa gəlməyə çalışacağam. Məni bir köpüksüz qoya bilməzlər ki! 
Bilməzlər? niyə bu qədər əminsən? Neçə yaşı var?  
İyirmi. Nə istədiyini başa düşəcək yaşdadır.  
Deyirlər, yuxu dərmanı içib, düzdür?  
Yuxu dərmanlarından xəbərim yoxdur. Uydurmadı. Kimdən eşitmisən?  
Rozalinda Devidin sualına əhəmiyyət vermir.  
Səni sevirdi? Ona xəyanət eləmisən?  
Yox. Heç vaxt.  
Bəs bu şikayətin səbəbi nədir  
Kim bilir. Mənə ürəyini açmayıb. Səhnə arxasında mənə məlum olmayan qovğalar olub. Qısqanc məşuqu, 
qəzəbli valideynləri var idi. Görünür, sonda təslim olmalı olub. Mənim üçün çox gözlənilməz oldu.  
Nə fikirləşirdin, Devid? Başqalarının uşaqlarına toxunmaq üçün həddən artıq qocasan. Ən pis ehtimalı 
gözünün önünə gətirməli idin. Rüsvayçılıqdı. Həqiqətən.  
Onu sevib-sevmədiyimi soruşmadın. Bunu da soruşmalı deyildinmi?  
Yaxşı. Adını bədnam edən o gənc qadını sevirsənmi?  
Onu qınama, onun günahı yoxdur.  
Onu günahlandırma. Kimin tərəfindəsən? Əlbəttə, onu qınayıram, günahkardır. Səni də, onu da 
qınayıram. Başdan –ayağa rüsvayçılıqdı. Rüsvayçılıq və əxlaqsızlıq. Bu sözləri dediyimə görə heç 
təəssüflənmirəm də. 
Köhnə vaxtlar olsaydı, Devid bu məqamda dözə bilməyib özündən çıxardı. Amma bu gecə yox. Neçə ildən 
sonra artıq bir-birlərinə dözməyi öyrəniblər.  
Ertəsi gün Rozalinda zəng vurur.  
Devid, “Arqus”u oxumusan  
Yox.  
Onda bərk dayan. Sənin haqqında yazıblar.  
Nə yazıblar?  
Özün oxu.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə