Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə18/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   14   15   16   17   18   19   20   21   ...   82

 
68 
Zəhmət  
Sonra əkinçi dilləndi: “Bizə zəhmətdən danış”. 
O belə söylədi:  
“Siz  torpaqla  və  torpağın  qəlbi  ilə  bərabər  olmaq  üçün 
işləyirsiniz. 
Zira,  bekar  olmaq  –  fəsillərə  yadlaşmaq,  sonsuzluğa 
doğru möhtəşəm və vüqarlı itaətkarlıqla  yeriyən  həyat axının-
dan ayrılıb itmək deməkdir. 
Siz  işləyəndə  saatların  pıçıltısını  ürəyində  musiqiyə 
çevirən neyə dönürsünüz. 
Ətrafdakılar  səs-səsə  verib  oxuduğu  zaman,  sizlərdən 
kim lal və səssiz-səmirsiz bir qamış olmağa razı olar? 
Sizə  həmişə  deyiblər  ki,  iş  –  cəhənnəm  əzabıdır,  fiziki 
əmək isə – fəlakətdir.  
Lakin mən sizə deyirəm ki, siz işləyəndə, torpağın ən ali 
istəyini həyata keçirmiş olursunuz. 
Bu, sizin əzəli öhdəçiliyinizdir. 
Zəhmətə  qatlaşmaqla  siz  həqiqətən  həyatı  sevmiş 
olursunuz. 
Zəhmət  dolayısı  ilə  sevmək  –  həyatın  ən  gizli  sirlərinə 
varmaq deməkdir. 
Lakin  siz  ağrıya  görə  doğuluşu  xəstəlik,  bədəni 
çalışdırmağı isə alnınıza yazılmış lənət sayırsınızsa, onda mən 
deyirəm ki, alın yazısını məhz alın təri ilə yumaq mümkündür. 
Sizə deyiblər ki, həyat – zülmətdir və öz yorğunluğunuz-
da digər yorğunların dediklərini əks-səda kimi təkrarlayırsınız. 
Mən isə deyirəm ki, həyat həqiqətən də zülmətdir, 
Əgər orda heç bir cəhd yoxdursa. 
Hər hansı cəhd biliksiz kordur. 


 
69 
Hər hansı bilik də zəhmətsiz mənasızdır. 
Əgər məhəbbət yoxdursa zəhmət də puçdur.  
Yalnız  məhəbbətlə  işləyəndə  siz  özünüzü  özünüzlə, 
digərləri ilə və Allahla bağlamış olursunuz. 
Bəs məhəbbətlə işləmək nə deməkdir? 
Bu,  ürəklə  əyirilən  saplarla  paltarı  elə  toxumaqdır  ki, 
sanki onu sevgiliniz geyinəcəkdir. 
Bu,  evi  elə  bir  hisslə  tikməkdir  ki,  sanki  onun  içində 
sevgiliniz yaşayacaqdır.  
Bu,  toxumları  elə  şəfqətlə  səpmək  və  məhsulu  elə 
sevinclə yığmaqdır ki, sanki sevgiliniz yeyəcək bu meyvələri. 
Bu, yaratdığınız hər bir əşyanı öz ruhunuzla doldurmaq, 
Bütün  müqəddəslərin  ətrafınızda  duraraq  sizi  müşahidə 
etdiyini bilmək deməkdir. 
Çox vaxt eşidirəm ki, yuxulu-yuxulu belə danışırsınız: 
“Mərmərlə  işləyən  öz  qəlbinin  formasını  daşda  tapan 
torpağı şumlayan sadə əkinçidən daha yüksəkdir. 
Göy  qurşağını  kətana  köçürə  bilən  bizim  ayaqlarımız 
üçün çarıq toxuyandan daha artıqdır.” 
Lakin  mən  sizə  deyirəm,  özü  də  yuxulu  yox,  günorta 
ayıqlığında.  
Külək kiçicik bir otla nəhəng palıddan daha az nəzakətlə 
danışmır. 
Həqiqətən o kəs böyükdür ki, küləyin səsini məhəbbətin-
dən şirinləşmiş nəğməyə çevirə bilir. 
Zəhmət – görünən məhəbbətdir. 
Əgər məhəbbətlə işləyə bilmirsinizsə və iş sizdə ikrah ya-
radırsa, yaxşı olar ki, işi dayandırasınız və məbədin qapılarının 
ağzında oturub sevinclə işləyənlərdən sədəqə istəyəsiniz. 


 
70 
Zira,  çörəyi  biganəliklə  bişirirsinizsə,  deməli,  dadsız 
çörək bişirirsiniz, insanın aclığını da doyurmaz. 
Üzümü  də  narazılıqla  sıxırsınızsa,  sizin  narazılığınız 
zəhər olub şərabınıza qarışacaq. 
Siz lap mələk kimi oxusanız belə, əgər oxumağınızda eşq 
yoxdursa,  yalnız  gündüzün  və  gecənin  səsini  batırmış  olursu-
nuz”. 
  
Sevinc və kədər 
Daha sonra bir qadın dilləndi: “Sevinc və Kədərdən danış 
bizə”. 
O, cavab verdi: 
“Sizin sevinciniz üzündən maskası düşmüş kədərinizdir. 
O  quyudan  ki,  sizin  gülüşünüz  yüksəlir,  onu  dəfələrlə 
doldurmusunuz göz yaşlarınızla. 
Və başqa cür də necə ola bilər axı? 
Kədər  içinizi  nə  qədər  dərin  qazıbsa,  varlığınız  bir  o 
qədər sevinc tuta bilər. 
İçinə şərab süzdüyünüz piyalə, həmin o piyalə deyilmi ki, 
dulusçu sobasında bişirilib əvvəlcə? 
Məgər ruhunuzu oxşayan bu ud, həmin o ağac deyilmi ki, 
əvvəlcə bıçaqlarla oyulub? 
Sevinəndə  ürəyinizin  dərinliyinə  boylanın  və  onda 
görərsiniz ki, sizə indi sevinc gətirən əvvəl sizi kədərləndirərdi. 
Kədərlənəndə yenə ürəyinizin dərinliyinə boylanın və gö-
rəcəksiniz ki, əslində indi yasını tutduğunuz əvvəl sizin heyrət 
mənbəyiniz idi. 
Bəziləriniz:  “Sevinc  kədərdən  artıqdır,”  digərləriniz  isə: 
“Yox, kədər daha böyükdür,”– deyəcək. 


 
71 
Lakin mən sizə deyirəm: onları ayırmaq olmaz. 
Onlar birlikdə gəlirlər. Əgər biri indi səninlə süfrə başın-
dadırsa, əmin ol ki, digəri çarpayında dincəlir. 
Həqiqətdə  siz  tərəzinin  oxu  kimisiniz  –  öz  kədəriniz  və 
sevinciniz arasında. 
Yalnız boş olanda sakitləşir, tarazlıqda olursunuz. 
Hər  dəfə  Xəzinədar  öz  qızıl-gümüşünü  sizdə  çəkmək 
istəyəndə, sizin sevinc və kədəriniz qalxır-düşür”. 
 
Evlər  
Bir bənna qabağa çıxaraq söylədi: “Evlərdən danış bizə”. 
O, belə cavab verdi: 
“Şəhər  divarları  arasında  ev  tikəndə  təsəvvür  edin  ki, 
vəhşi təbiətin ortasında bir alaçıq tikirsiniz. 
Daxilinizdəki  qərib  yolçu  alatoranlıqda  evini  axtaranda 
onu tapa bilsin. 
Eviniz sizin genişlənmiş bədəninizdir. 
O, günəş altında böyüyür və gecənin sakitliyində uyuyur. 
Əlbəttə, onun da öz yuxuları var. 
Elə  bilirsiniz,  eviniz  yuxu  görmür?  Yuxularında  şəhəri 
tərk edərək meşəliyə, yaxud təpənin başına səyahət etmir? 
Kaş  ki,  yığa  biləydim  evlərinizi  ovcuma.  Onda  mən  bir 
səpinçi kimi səpələyərdim onları meşələrə, düzlərə. 
Onda vadilər sizin küçələriniz, yaşıl cığırlar isə xiyaban-
larınız  olardı.  Siz  bir-birinizi  üzümlüklərin  arasında  axtarardı-
nız və gələndə paltarlarınızda torpağın qoxusunu gətirərdiniz. 
Amma bunun vaxtı hələ gəlib çatmamışdır. 
Əcdadlarınız qorxularından bir-birlərinə çox sıx yaxınlaş-
mışlar. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə