Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə22/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   18   19   20   21   22   23   24   25   ...   82

 
84 
Sizə uzatdığı piyalə dodaqlarınızı yandırsa da, o, Dulus-
çunun  müqəddəs  göz  yaşları  ilə  isladılmış  palçıqdan 
düzəldilmişdir». 
 
Özünüdərk 
Bir kişi dilləndi: “Özünüdərkdən danış bizə”. 
O belə cavab verdi: 
«Sizin  ürəkləriniz  öz  sükutunda  gündüz  və  gecələrin 
sirrini bilir. 
Lakin  qulaqlarınız  ürəklərinizin  bildiyini  eşitmək 
həsrətindədir. 
Həmişə  fikirlərinizdə  bildiyinizi  sözlərdə  də  tanımaq 
istərdiniz. 
Arzularınızın  çılpaq  bədəninə  barmaqlarınızla  toxunmaq 
istərdiniz. 
Bu, yaxşıdır. 
Ruhunuzun  gizli  bulağı  qaynamalı  və  şırıltı  ilə  dənizə 
doğru axmalıdır; onda sonsuz dərinliyinizin xəzinəsi gözləriniz 
önünə açılacaq. 
Naməlum  xəzinənizi  tərəzidə  çəkməyə  can  atmayın; 
biliyinizin dərinliyini xətkeşlə ölçməyə çalışmayın. 
Zira, Məniniz sərhədsiz və ölçüsüz bir dənizdir. 
Deməyin:  “Mən  Həqiqəti  tapmışam”,  yaxşı  olar 
deyəsiniz: “Mən bir həqiqət tapmışam”. 
Deməyin: “Mən ruhun yolunu tapmışam”. 
Yaxşı  olar  deyəsiniz:  “Mən  mənim  yolumla  gedən  ruha 
rast gəlmişəm”. 
Zira, ruh bütün yollardan istifadə edir. 


 
85 
Ruh  yalnız  bir  istiqamətdə  hərəkət  etmir  və  qamış  kimi 
bitmir. 
Sonsuz ləçəkli şanagüllə kimi açılır ruh». 
 
Müəllimlik 
Sonra bir müəllim söylədi: “Bizə Müəllimlikdən danış”. 
O dedi: 
«Heç kim sizə biliyinizin səhərində mürgülü şəkildə artıq 
mövcud olandan başqa bir şey aça bilməz. 
Məbədin kölgəsində, tələbələrinin müşayəti ilə gedən mü-
əllim öz müdrikliyi ilə deyil, inamı və eşqi ilə bölüşür əslində. 
Əgər o doğrudan da müdrikdirsə, onda o sizi öz müdrikli-
yinin  kandarından  keçirməyə  çalışmayacaq,  əksinə,  sizi  öz 
ağlınızın qapısına gətirəcəkdir. 
Astronom  kosmosu  necə  anladığından  danışacaq,  amma 
sizə öz anlamını verə bilməyəcək. 
Musiqiçi  sizə bütün  fəzanı  dolduracaq ritmi oxuya bilər, 
lakin  o  sizə  nə  bu  ritmi  tuta  biləcək  qulaq  və  nə  bu  ritmi 
təkrarlayacaq səs vermək iqtidarındadır. 
Rəqəmlər elminə vaqif olan da sizə yalnız çəki və ölçülər 
dünyasından danışa bilər, sizi ora sala bilməz. 
Zira, bir adamın idrakının qanadları başqasına borc verilə 
bilməz. 
Hər  biriniz  Allahın  biliyində  ayrıca  dayandığınız  kimi 
Allahı tanımaqda və yeri anlamaqda da hər biriniz öz ayrılığını 
pozmamalıdır». 
 
Dostluq 
Bir gənc xahiş elədi: “Dostluqdan danış bizə”. 


 
86 
Əl-Mustafa belə cavab verdi: 
«Sizin dostunuz – sizin gerçəkləşən ehtiyaclarınızdır. 
O – sizin məhəbbətlə əkdiyiniz və məhsulunu minnətdar-
lıqla yığdığınız tarlanızdır. 
O  –  sizin  süfrəniz  və  sizin  ocağınızdır.  Çünki  siz  onun 
yanına öz aclığınızla gəlir və onda sakitlik axtarırsınız.  
Dostunuz  fikrini  sizinlə  bölüşəndə,  özlüyünüzdə  “yox” 
deməyə çəkinməyin, “hə”ni isə içinizdə saxlamayın. 
O susanda belə ürəyinizdə onu dinləməkdə davam edin. 
Zira, dostluqda bütün fikirlər, bütün arzular, bütün ümid-
lər  səs-küyü  sevməyən  bir  sevinc  içində  sözsüz  doğulur  və 
paylaşılır. 
Dostunuzdan ayrı düşəndə kədərlənməyin; 
Zira,  onda  ən  çox  sevdiyiniz  onun  yoxluğunda  daha  ay-
dın  bilinir,  alpinistə  dağ  düzənlikdən  daha  yaxşı  göründüyü 
kimi. 
Qoyun,  dostluqda  ruhani  dərinləşmədən  savayı  heç  bir 
təmənnanız olmasın. 
Zira, öz sehrinin açılmasından savayı başqa bir şeydə də 
marağı olan məhəbbət – məhəbbət deyil, təhərsiz atılmış tordur 
ki, ona yalnız faydasız şeylər düşə bilər. 
Qoyun, sizdə ən yaxşı şey – dostunuz üçün olsun. 
Əgər o sizin dənizinizin çəkilməsini bilməlidirsə, qoyun, 
o həm də sizin qabarmanızı tanısın. 
Zira, nəyinizə lazımdır sizə o dost ki, onu yalnız vaxtınızı 
öldürmək üçün arayırsınız. 
Onu yalnız vaxtınızı yaşamaq üçün arayın! 
Zira,  dost  sizin  ehtiyaclarınızı  ödəmək  üçündür, 
daxilinizdəki boşluğu doldurmaq üçün yox. 


 
87 
Qoyun,  gülüş  və  paylaşılan  sevinclər  dostluğunuzu 
şirinləşdirsin. 
Zira,  xırdalıqların  şehində  ürək  öz  səhərini  açır  və 
təravətləndirir». 
 
Nitq  
Sonra alim dedi: “Nitqdən danış”. 
O belə cavab verdi:  
«Siz fikirlərinizlə düz gəlməyəndə danışmağa başlayırsı-
nız. 
Daha  ürəyinizin  tənhalığına  sığmayanda,  dodaqlarınıza 
köçür,  orada  yaşamaq  istəyirsiniz  və  bu  zaman  səs  də  yalnız 
əyləncə və oyun olur.  
Söhbətlərinizin çoxunda fikir yarıölü haldadır. 
Zira,  fikir  –  azad  bir  quşdur,  söz  qəfəsində  qanadlarını 
gərsə də, uça bilmir. 
Aranızda  elələri  var  ki,  tənhalığın  qorxusundan 
çoxdanışan birisini axtarır. 
Tənhalığın  sükutunda  gözləri  qarşısında  onların  çılpaq 
mahiyyətləri açılır; onlar isə qaçırlar bu məqamdan. 
Elələri də var ki, söhbətin gedişində özləri də bilmədən, 
anlamadıqları həqiqəti aşkarlamış olurlar. 
Lakin  elələri  də  var  ki,  həqiqəti  sözlərlə  ifadə  etməsələr 
də özlərində daşıyırlar. 
Belələrinin köksündə ritmik sükutla ruh yaşayır. 
Yolda,  yaxud  bazarda  dostunuzla  rastlaşanda,  qoyun, 
dodaqlarınızı tərpədən və dilinizi yönəldən ruhunuz olsun. 
Qoyun,  səsinizin  səsi  onun  qulağının  qulağı  ilə 
söhbətləşsin. 


 
88 
Zira, onun qəlbi şərabın dadını yadda saxlayan kimi sizin 
ürəyinizin həqiqətini qoruyub saxlayacaqdır.  
Şərabın  rəngi  belə  unudulanda,  qabını  da  tapmaq  artıq 
mümkün deyil». 
 
Zaman 
Astronom soruşdu: “Ustad, bəs zaman necə?” 
O, cavab verdi: 
«Siz zamanı - ölçüsüz olanı və ölçüyə gəlməyəni ölçmək 
istəyirsiniz. 
Siz  öz  davranışınızı  və  hətta  ruhunuzu  saatlara  və 
fəsillərə uyğunlaşdırmaq, tabe etdirmək istəyirsiniz. 
Zamandan çay düzəltmək və onun sahilində oturub onun 
axınına tamaşa etmək istəyirsiniz. 
Buna  baxmayaraq,  sizdəki  zamansız  olan  həyatın 
zamansızlığını dərk edir. 
Bilir ki, dünən – bu günün xatirəsi, sabah isə – bu günün 
arzusudur. 
Daxilinizdə  nəğmə  oxuyan  və  düşünən  hələ  də  ulduzları 
fəzaya səpələyən o ilk anda yaşamaqdadır. 
Aranızda  kim  hiss  eləmir  ki,  onun  sevgisinin  gücü 
sonsuzdur? 
Kim  eyni zamanda  hiss  eləmir ki,  sonsuz  olmağına  bax-
mayaraq, məhəbbət onun varlığının mərkəzində  cəmlənmişdir; 
aşiqanə fikir və əməllərin ardıcıllığı kimi uzanıb getmir. 
Məgər zaman məhəbbətlə bərabər deyilmi – bölünməz və 
ölçüyəgəlməz? 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə