Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə47/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   43   44   45   46   47   48   49   50   ...   175
Katoliklik
Bu xristian məzhəbinin Şimali Azərbaycandakı tarixi XIV əsrin əvvəllərinə
təsadüf edir. Belə ki, 1320-ci ildə fransız rahib Jurden Katali de Severak Bakı 
və başqa şəhərlərə baş çəkir, ondan az sonra ölkəmizə fransiskan rahibi Odorik 
Pordenonski gəlir. Nəticədə Bakı, Şamaxı, Gəncə və Naxçıvanda katolik 
missiyalar, monastırlar, məktəblər təsis olunur. Təkcə Naxçıvan şəhərində 12 
katolik monastır açılır. Lakin 1346-53-cü illərdə baş verən taun epidemiyası, 
Əmir Teymurun işğalçı müharibələri Şərqdə, o cümlədən Şimali Azərbaycanda 
katolik missiyaların fəaliyyətinə son qoyur.
Azərbaycan Səfəvilər dövlətinin qurulması ilə katoliklik ölkəmizdə növbəti 
inkişaf mərhələsinə qədəm qoyur. Səfəvi imperiyası ilə Müqəddəs Taxt-Tac 
arasında qurulan yüksək diplomatik münasibətlər sayəsində katolik missiyalar 
regionda yenidən dirçəlir, ölkəmizdə müxtəlif katolik cəmiyyətlər (ordenlər) 
fəaliyyət göstərməyə başlayır. Katolik rahib ordenləri Səfəvilər dövlətində 
bu illərdə fəaliyyət göstərmişdir: avqustinlər (1573-1747), karmelitlər (1604-
1775), kapusinlər (1628-1765), yezuitlər (1653-1760), dominikanlar (1677-
1764). Bununla yanaşı, 1680-cı ildə regionda polyak yezuitlərinin missiyaları 
yaranır. Ən birinci belə missiya Gəncə şəhərində təsis olunur. Xüsusən I Şah 
Abbas (1587-1629) və Şah Sultan Hüseynin (1694-1722) hakimiyyət illərində 
katolik ruhaniləri sərbəst fəaliyyət göstərmək imkanı qazandılar.
Çar Rusiyası dövründə Şimali Azərbaycanda katolikliyə etiqad bəsləyən 
polyakların saylarının kəskin artması nəticəsində Roma Katolik Kilsəsinin 
ölkəmizdə növbəti inkişaf mərhələsi başlayır. Belə ki, XVIII əsrin əvvəllərində 
Şimali Azərbaycana Rusiya imperiyasının ordusunun tərkibində məcburi 
şəkildə hərbi xidmət göstərən polyak əsgərləri gəlir. Polşalı hərbçilərin gəlməsi 


99
DÜNYA DİNLƏRİ 
nəticəsində Zaqatala, Qusar və Bakıda polyak hərbi qarnizonları yaradılır. 
Həmin qarnizonların dislokasiya yerlərində katolik çasovnyalar (kiçik kilsələr) 
ucaldılır. Burada dini ayinləri kapellanlar (hərbi keşişlər) icra edirdi. 
XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumu da 
katoliklərin sayının artmasına səbəb oldu. Onlar arasında həkim, əczaçı, mühəndis, 
memar və digər peşələrin sahibləri vardı. Bakıya gələn katoliklər əsasən polyak 
idi. 1916-cı ildə şəhərdə katolik kilsəsinin üzvlərinin sayı 2550 nəfərə çatdı. 
1903-cü ildə katoliklər Bakıda Roma Katolik Xeyriyyə Cəmiyyəti və Açıq Ev - 
Polyak Katolik Cəmiyyətini təsis etdilər. Yenə həmin il şəhər qəbiristanlığında 
Müqəddəs Xaç kilsəsini ucaltdılar. 1904-cü ildə isə katolik prixodun birsinifli 
dördillik məktəbi açıldı. Lakin katolik icması üçün ən əlamətdar hadisə 1912-
ci ildə baş verdi. Həmin il Bakıda Məryəm Ananın şərəfinə möhtəşəm katolik 
məbədi açıldı. Qotik üslubda tikilən bu kilsədə eyni anda 1200 nəfər ibadət edə 
bilirdi. Sovet hakimiyyəti illərində həmin kilsə dağıdıldı (1931 və ya 1934-cü 
il), katolik icma isə məhv edildi. 
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra katolik icması 
yenidən fəaliyyətini bərpa edə bildi. 2 aprel 1999-cu ildə Bakı şəhəri Roma 
Katolik dini icması dövlət qeydiyyatına alındı. Həmçinin ümummilli lider Heydər 
Əliyevin göstərişi ilə Bakıda katolik kilsəsinin inşası üçün ərazi ayrıldı. Nəticədə 
2007-ci ildə ölkə paytaxtının ən gözəgəlimli yerində Məryəm Ananın şərəfinə 
katolik kilsə ucaldıldı. 2011-ci ildə isə “Azərbaycan Respublikasında Katolik 
kilsəsinin Apostol Prefekturası” dini qurumu dövlət qeydiyyatından keçdi. 
Respublikamızda katoliklik mənsublarının sayına görə pravoslav və 
protestantlıqdan sonra gəlir. Ölkəmizdə katolik icma kiçik olsa da, ictimai 
həyatda fəal iştirak edir, geniş xeyriyyə fəaliyyəti ilə məşğul olur. Azərbaycan 
Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının nəzdində Tereza 
Ana adına kimsəsizlər üçün sığınacaq evi, “Məryəm” tədris mərkəzi və digər 
xeyriyyə təsisatları fəaliyyət göstərir. 
Protestantlıq 
Azərbaycanda protestantlığın yayılmağa başlaması çar Rusiyası 
dövrünə təsadüf edir. Lüteranlıq və piyetizm
ölkəmizdə yayılan ilk protestant 
cərəyanlarıdır. Belə ki, 1819-cu ildə vürtemberqli separatçılar
ölkəmizdə 


MULTİKULTURALİZMƏ GİRİŞ
100
Yelenendorf (indiki Göygöl şəhəri) və Annenfeld (indiki Şəmkir) adlı ilk 
alman məskənlərinin əsasını qoydular. Sonrakı illərdə vürtemberqli separatçılar 
ölkəmizdə daha altı alman koloniyası yaratdılar. 
Bazel Yevangelik Missioner Cəmiyyəti də Qafqazda, eləcə də Şimali 
Azərbaycanda lüteranlığın yayılmasında rol oynayırdı. Həmin cəmiyyətin 
missionerləri XIX əsrin 20-ci illərində Şuşa şəhərində missioner məktəb 
və xristian ədəbiyyatını çap edən mətbəə açmaqla regionda lüteranlığın 
möhkəmlənməsinə təsir göstərdilər. Bununla yanaşı, çar Rusiyası dövründə 
Şimali Azərbaycanın müxtəlif bölgələrində baptistlərə
və Yeddinci Günün 
Adventistləri Kilsəsinə
məxsus protestant icmalar da təşəkkül tapmışdı. 
Sovet hakimiyyəti illərində təqib və təzyiqlərlə üzləşən protestantlar 
Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra azad və sərbəst 
şəkildə fəaliyyət göstərmək imkanı qazandılar. Hazırda ölkəmizdə protestantlıq 
müxtəlif cərəyanları ilə təmsil olunmuşdur. Qeyd edək ki, Azərbaycanda dövlət 
qeydiyyatından keçən protestant icmaları bunlardır: “Yeni Həyat” Xristian incil 
dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması, “Həyat sözü” 
Xristian dini icması, “Həyat Sözü - 2” Sumqayıt xristian dini icması, Bakı şəhəri 
Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icması, Bakı şəhəri Nərimanov 
rayonu “Yeddinci Günün Adventistləri” dini icması, “Gəncə şəhəri Yeddinci 
Günün Adventistləri” xristian dini icması, “Vineyard Azərbaycan” xristian dini 
icması, Bakı şəhəri “Alov” xristian dini icması. 
Ruhani Xristianlıq
 
Ruhani xristianlıq – XVII-XVIII əsrlərdə Rusiya imperiyasında kəndli 
mühitində yaranmış, Rus Pravoslav Kilsəsinin ruhani sinfi və dini ayinlərinə 
qarşı çıxmış, sosial bərabərliyə, xristian qardaşlığına və erkən xristianların 
yaşayış tərzinə qayıtmağa çağıran, Tanrıya “ruh və həqiqətdə” ibadət etməyə 
səsləyən rus təriqətlərinə verilən ümumi addır.
Molokanlığın
ardıcılları ölkəmizdə məskunlaşan ilk ruhani xristianlar 
olmuşlar. Onların bir qismi çar hökuməti tərəfindən məhkəmə qərarı ilə Qafqaza, 
o cümlədən Azərbaycana sürgün edilmişdir. Bir hissəsi isə Qafqazda İsa Məsihin 
ikinci gəlişini qarşılamaq üçün könüllü şəkildə məskunlaşmışdır. Azərbaycanda 
ilk molokanlar 1832-ci ildə Qarabağ qəzasının Vərəndə mahalında yerləşmişlər. 


101
DÜNYA DİNLƏRİ 
Daha sonra XIX əsrin 30-40-cı illərində ölkəmizin müxtəlif yerlərində molokan 
kəndləri yaranmışdır.
Qeyd edək ki, günümüzdə Azərbaycanda bu dörd molokan dini icması 
dövlət qeydiyyatına alınmışdır: Bakı şəhəri “Molokan ruhani-xristian” dini 
icması, Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icması, Qobustan 
rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icması, İsmayıllı rayonu 
İvanovka kəndi “Molokan ruhani-xristian” dini icması.
Ruhani xristianlığın digər qolu olan duxoborluğa
gəlincə, ilk növbədə 
qeyd edək ki, Azərbaycanda bu təriqətin ardıcılları 1844-cü ildə məskunlaşaraq 
Slavyanka kəndinin əsasını qoymuşlar. Qədəbəy rayonunda yerləşən bu kənd 
ölkəmizdə yeganə duxobor yaşayış məskənidir. 
Molokanlar dua edərkən. Azərbaycan Respublikasının İsmayıllı rayonunun 
İvanovka kəndi. Foto: Reza Deqati.


MULTİKULTURALİZMƏ GİRİŞ
102

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə