______________Milli Kitabxana_____________
235
Azərbaycanın bir çox rayonlarında qədim menhirlər
müqəddəsləşdirilmiş və indi də pir kimi tanınmaqdadır.
Menhirlərin Azərbaycanda dəmir dövrünün sonunda (e. ə. I
minilliyin sonu, eramızın ilk əsrləri) yaradılmış insan heykəlləri
ilə müəyyən yaxınlığı vardır. Bunu aydınlaşdırmaq üçün bir daha
ulu babalarımızın yaratmış olduğu və Şamaxı rayonundan
(Xınıslı, Dağkolanı və digər kəndlərdən) tapılmış daş heykəlləri
nəzərdən keçirək. Belə heykəllər döyüşçülərin qəbri üstündə
qoyularmış. Menhirlərdə olduğu kimi, bu heykəllər də ölmüş
döyüşçünün özünü təmsil edirdi. Bu heykəllərin qoyulmasından
məqsəd elən adamın ruhunun gəlib həmin daş fiqurda qərar
tutması üçün şərait yaratmaq idi. Beləliklə, qədim dəfn ayininə
əsasən mərhumun özü də öz dəfn mərasimində iştirak edə bilirdi.
Göründüyü kimi, menhirlər ilə qədim türk heykəllərinin
ideoloji əsası eynidir. Hər ikisi animistik təsəvvürə, insan öləndən
sonra onun ruhunun əbədi yaşayacağı təsəvvürünə əsaslanır. Bu
baxımdan güman etmək olar ki, haqqında danışdığımız oğuz
heykəlləri daha qədim olan menhirlərin davamıdır. Menhirlər və
daş heykəllər xalqımızın
ən qədim memorial-xatirə
abidələrindəndir.
Azərbaycan ərazisində menhirlərə bənzər, lakin başqa kult
ilə, fallos kultu ilə əlaqədar olaraq yaradılmış daşlar da vardır.
Fallekolit daşlara Ağdam rayonunda təsadüf edilir. Onlar su
arxları, bərəkət və məhsuldarlıq əqidəsi ilə bağlı abidələrdir.
Balıq kultu Azərbaycanda ən qədim kultlardandır. O, su
təsərrüfatı və əkinçiliyin inkişafı ilə əlaqədar olaraq ortaya
çıxmışdır. Balıq bolluq, bərəkət və var-dövlət simvolu kimi
həmişə bahar və məhsuldarlıq bayramında süfrəmizin bəzəyi
olmuşdur.
Qədim menhirlər və fallekolit daşlar sonralar yaranmış, hər
dərdin əlacını «verən», hər arzunu yerinə «yetirən» pirlərin
ideoloji əsası və onların ilk ibtidai formaları olmuşdur. Belə
«müqəddəs» abidələrin şərəfinə qurban kəsmək ənənəsinin də
kökləri çox qədimdir.
Dolmenlər daşların şaquli vəziyyətdə yerə basdırılması
nəticəsində yaranmış, hər tərəfi bağlı düzbucaq qəbirlərdir.
______________Milli Kitabxana_____________
236
Onların üstü sal daşla örtülür. Dolmen termini tol (masa) və men
(daş) fransız sözlərinin birləşməsindən alınmışdır. Onların
qurulmasında 10 t ağırlığı olan nəhəng daşlardan istifadə
edilmişdir. Bu qəbirlər tək, ikimərtəbəli və dəhlizlə birləşən
qəbirlər sırası şəklində olur. Belə abidələr tunc və ilk dəmir
dövrünün maraqlı memarlıq tiplərindəndir. Dolmenlərdən ibtidai
icma quruluşunun məbədləri kimi də istifadə edilmişdir.
Dolmenlər icma ağsaqqallarının axirət evi kimi yaradılmışdır. Ona
görə də onların ön tərəfindəki daşda dairəvi və ya oval şəkilli çox
kiçik bir pəncərə nəzərə çarpır. Ölülərin ruhu guya bu pəncərədən
həm içəri girib çıxırmış, həm də buradan onlara yemək və içmək
verilirmiş. Güman edilir ki, qədim insanlar dolmenlərdən yaşayış
mənzili kimi də istifadə edirmişlər.
Belə abidələrə Avropa, İran, Hindistan, Koreya, Yaponiya,
Krım, Qafqazın Qara dəniz sahilində və Azərbaycanda rast
gəlmək olur. Fransız alimi Jak de Morqan Lənkəran rayonunun
Görükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenləri tapmış və ilk
dəfə onların elmi, tarixi və dini mahiyyəti haqqında məlumat
vermişdir.
Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyasına
və ruhun ölməzliyinə inanmaq ideyası ənənəvi olaraq zəmanəmizə
qədər gəlib çıxmışdır. Buna misal olaraq Şamaxıdakı «Dədə-
günəş» pirinə gəlmiş ziyarətçilərin gedərkən balaca daşlardan
evlər tikməsini göstərmək olar. Guya bu evlər xəstələrin öləndən
sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.
Bu pirin adı
təsadüfi olaraq «Dədə-günəş»
adlandırılmamışdır. Günəş kultu Azərbaycanın ən qədim
kultlarındandır. Bu kult tunc dövründə çox böyük tərəqqi
tapmışdı. Dədələr (atalar) kultu ortaya çıxandan sonra, dədələr də
günəş qüdrətli, onun kimi himayəkar hesab edilir və ona görə də
onların adı çox zaman günəş sözü ilə yanaşı çəkilirdi. Sonralar pir
şəklinə düşmüş qədim abidənin hər iki kultun adı ilə adlanması
göstərir ki, onlar çox yaxın və bir-birini əvəz edən ən qədim
kultlar olmuşdur.
Kromlexlər neolit və başlıca olaraq tunc dövründə
yaradılmış çevrə boyu, şaquli şəkildə əzəmətli daşlardan düzəlmiş
______________Milli Kitabxana_____________
237
abidələrdir. Kromlex fransızca krom (çevrə) və lex (daş)
sözlərinin birləşməsindən alınmışdır. Onlar bir çevrə və yaxud bir
neçə konsentrik çevrələr formasında olur. Belə abidələrin
hündürlüyü 6-7 metr, diametri isə 100 metrə qədərdir. Bəzən
kromlexlərin ortasında dolmen və yaxud menhir də olur.
Kromlexlərin yanında menhirlər sırasına da rast gəlmək olur.
Kromlexlərin sahəsi qazılarkən qəbirlər, daş baltalar, gil qablar, əl
dəyirmanı daşı və s. tapılır. Belə abidələr Asiya, Amerika, Avropa
və Zaqafqaziyada aşkar edilmişdir. Güman edilir ki, kromlexlər
dəfn mərasimlərinin icra edilməsi və yaxud dini ayinlərin
keçirilməsi üçün icma tərəfindən qurulmuş abidələrdir. Onların
günəş kultu ilə əlaqədar olması və günəş məbədi vəzifəsini
daşıması haqqında da nəzəriyyə mövcuddur. Kromlexlərin çevrə
formasında olması, görünür, onların günəş kultu ilə olan
yaxınlığından irəli gəlmişdir.
Kromlexlərə Azərbaycan ərazisində də təsadüf edilir.
Qobustanın «Böyükdaş» adlanan hissəsində qayalıqların ətəyində
nisbətən düzənlik sahədə diametri 21 m olan belə bir abidə
mövcuddur. Onun mərkəzində tək daş, ətrafında isə çevrə boyu
daşlar qoyulmuşdur. Hələlik bu abidənin daxilində və ətrafında
arxeoloji qazıntı işləri aparılmadığından onun haqqında ətraflı
danışmaq mümkün deyil, Belə kromlexlər Abşeronda, Şüvəlan
kəndinin kənarında, «Ağ daş» deyilən yerdə daha çox tikilmişdir.
Bir-birinə yaxın məsafədə qurulmuş bu kromlexlərin daşları üzə-
rində müxtəlif ayinlərlə əlaqədar olan cızma üsulu ilə çəkilmiş
heyvan və insan rəsmləri vardır.
Siklopik tikintilər Azərbaycanda daha geniş miqyasda
yayılmış meqalitik abidələrdir. Belə abidələr qədim Yunanıstanda
da çox olmuş və yunan əsa-tirləri ilə əlaqələndirilmişdir; guya bu
əzəmətli tikintilər siklop adlanan nəhəng və təkgöz (təpəgöz)
insanlar tərəfindən yaradılmışdır. Elə buna görə də həmin
tikintilər siklopik tikintilər adlanır. Siklopik tikintilər inşaat
məhlulu işlədilmədən çox böyük daşlardan əmələ gəlmişdir.
Daşların uzunluğu bəzən 2 metrə qədər olur.
Siklopik tikintilərə dünyanın hər yerində, o cümlədən
Zaqafqaziyada, Krımda, Tacikistan və Sibirdə rast gəlmək olar.
Dostları ilə paylaş: |