Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

bədəni ilə örtmüşdü. Güllələr onun bədənini dəlik-deşik etmişdi. Uşaqların üst-başı
atalarının qanına bulansa da, ikisi də salamat idi. Özündən asılı olmayaraq Əlifin
yumruğu düyünləndi. Özünü balalarının yolunda qurban verən bu cavana baxıb
“Qeyrətinə qurban olum!” dedi.


4
Əlif qəflətən dayandı. Yol təpəyə qalxırdı. Bu, onu həyəcanlandırdı. Pusqu üçün
əlverişli yer idi. Geri qayıtdı. Döyüş dostlarına tapşırıq verdi: – Mən təpəyə qalxacam.
İşarə verməyincə yerinizdən tərpənməyin.
Atəş açılsa, düşməni ləngitməyə, adamları uzaqlaşdırmağa çalışın.
O, qaranlığa qovuşdu. Hamı nəfəsini dərmədən, qorxu və həyəcan içində gözləyirdi.
Şaxta insanları qılınctək kəsir, hər dəqiqə bir il kimi keçirdi. Qəflətən təpənin lap
başında od püskürdü, avtomat tüfəngdən atəş açıldı. Əlif yanılmamışdı, ermənilər
təpədə pusqu qurmuşdu. Atılan güllələrdən biri Əlifin çiyninə, digəri qoluna dəymişdi.
Güllələr onu yerə sərsə də, özünə tez gəldi. “Onların diqqətini yayındırmaq, başını
qatmaq lazımdır” – fikrindən ilk keçən bu oldu. Uzanmış vəziyyətdə çətinliklə də olsa,
yerini dəyişir, təpənin başında cəmləşmiş düşmənə atəş açırdı. İtirdiyi qan onu get-
gedə taqətdən salırdı. Amma o, hər saniyəni qənimət bilir, düşmənin diqqətini özünə
cəlb edirdi. Əlindəki avtomat susdu. Daraqda güllə qalmamışdı. Gərginlik son həddə
çatmışdı.
Birdən-birə düşüncələrində bir aydınlıq yarandı, olub-keçənlər xəyalında canlandı.
Xocalı aeroportunun komendantı olarkən Ermənistandan gələn çağırılmamış qonaqları
elə gəldikləri təyyarə ilə dönə-dönə geri qaytarması, silah-sursatın gətirilməsinin
qarşısını alması... Dumanlanmış şüurunda suallar doğdu: “Səhvimiz nədə olub?
Vətənin xilası üçün daha nə etmək olar? Düşməni birdəfəlik necə susdurmalı?”.
Tapançasında bircə güllə qalmışdı. Amma çox qan itirdiyinə görə gücü tükənmişdi,
yeganə güllədən istifadə edə biləcəyinə ümidi yox idi. Birdən ermənilərin çox
yaxınlıqda olduğunu duydu, hətta yaxşı bildiyi erməni dilindəki danışığı da ayırd
etməyə başladı.
5
– Ara, deyəsən, bu türk hələ ölməyib...
– Yox, getmə. Birdən hiyləgərlik edər.
– Ara, qarın üstündə qanı görmürsənmi?! Çoxdan ölüb!
Əlif bu səsi tanıdı, danışan çəpgöz Akop idi. Eşitmişdi ki, Akop insanları işgəncə ilə
öldürməkdə ad-san çıxarıb...
Az sonra bu yekəpər erməni göründü. Əlindəki silahı irəli uzadaraq qarın üstündə
hərəkətsiz uzanmış Əlifə yaxınlaşdı, onun üzərinə əyildi, sevincini gizlədə bilməyib
bağırdı:
– Aha, Xocalı qartalı! Deyəsən, ölürsən? Ölsən yaxşıdı, canın qurtarar.
Əlif bütün gücünü toplayıb tapançanın tətiyini çəkdi. Akop dibindən kəsilmiş ağac kimi
yerə sərildi. Çaxnaşmaya düşən erməni yaraqlıları Əlifi gülləyə tutdular, ağır
yaralanmış Akopu götürüb təpənin arxasına çəkildilər.


Əlifin tapança tutan əli qarın üstünə düşdü, gözləri yumuldu. O bilmədi ki, son gülləsi
Xocalıdan Şelliyə pənah gətirən neçə həmyerlisini xilas etdi. Əlif onu da bilmədi ki,
ölümündən sonra ona Milli Qəhrəman adı verildi. Haqqında dastanlar qoşuldu. Yüzlərlə
ana təzə doğulan körpəsinə onun adını verdi...
__________________________


Müstəqil iş
Əsərin oxusu, məzmunu üzrə 
tapşırıqlar
1. Kiçik qruplar yaradın. Nəzərə alın ki, hər qrup hekayənin bir parçasının üzərində
işləyəcəkdir.
2. Aşağıdakı vəzifələri qrup daxilində bölüşüb icra edin:
1.  Biriniz hekayədən qrupunuz üçün ayrılmış parçanı digər qruplara mane
olmamaqla, ucadan oxuyun.
2.  Digəriniz oxunmuş parçadakı əsas fikirləri ümumiləşdirərək iki-üç cümlə ilə ifadə
edin.
3.  Başqa biriniz oxunmuş parçanın məzmununa aid suallar verin. Bu suallarda
aşağıdakıları əhatə etməyə çalışın:
– Parçadakı əsas fikirlər hansıdır? 
– Bu fikirlərin arxasında hansı mətləblər var?
4.  Qrupda dördüncü şagird olmaqla oxunmuş parçadakı daha çətin məsələlərə (söz
və ifadələrin mənası, yer, şəxsiyyət adları, bədii təsvir və ifadə vasitələri və s.
daxil olmaqla) aydınlıq gətirməyə çalışın.
3. İşin icrasına ayrılmış vaxt başa çatdıqdan sonra təqdimatlar əsasında fikir
mübadiləsi və müzakirə aparın.
Əsərin təhlili üzrə 
tapşırıqlar
1. Aşağıdakı suallara kiçik qruplarda cavab hazırlayın:
a) Əsər hansı mövzudadır? 
b)Yazıçı əsərdə diqqəti hansı problemə cəlb etmək istəmişdir? 
c) Əsərdəki başlıca fikir – ideya nədir? 
ç) Yazıçı bədii təsvir və ifadə vasitələri ilə nəyə nail olmuşdur?
QİYMƏTLƏNDİRMƏ MATERİALI
Mikayıl Rzaquluzadə
BABƏKİN ANDI
(hekayədən parça)
Ana-bala buxarı qabağında üz-üzə oturmuşdular. Ana həsrətli və mehriban baxışlarını
oğlunun üzündən ayırmırdı. Elə bil ki, ondan ayrılacağından, bu qaraşın üzə, bu çatma


qaşlara, bu ala gözlərə yenə həsrət qalacağından qorxurdu.
Necə də qorxmayaydı. İndi yeddi-səkkiz il idi ki, balasını doyunca görməmişdi. O,
sarbana nökərçiliyə veriləndə doqquz-on yaşında bir uşaq idi.


İndi on yeddi-on səkkiz yaşlı bir igid olmuşdu. Karvanla birgə şəhərləri, ölkələri qarış-
qarış gəzmiş, qışın şaxtasından, yayın qızmarından üzünün dərisi bərkiyib sərtləşmişdi.
Ana çoxdan bəri ürəyində bəslədiyi dadlı xəyal və arzularını oğluna bildirmək istəyirdi.
Onu razı salıb yanında saxlamağı, əzab-əziyyətlərlə dolu olan ömrünün son günlərini
oğlu ilə birgə keçirməyi arzu edirdi. Bu ümidlə oğluna dedi:
– Nə yaxşı oldu ki, gəldin, oğul... Gözüm yollarda qalmışdı. Deyirəm ki, daha heç yana
getmə. Ac-yalavac da olsa, bu kasıb daxmamızda birtəhər dolanarıq...
Babək anasının ürəyindən keçənləri duydu. Onu boş xəyallarla yormamaq üçün sözünü
yarımçıq qoyub dilləndi:
– Yox, anacan, mən burada qala bilmərəm. Elə bu “birtəhər, ac-yalavac dolanmağa”
qatlaşmaq bizim evimizi yıxıb. Daha bəsdir!..
O sanki anasına yox, minlərlə adama deyirmiş kimi, sözünə davam etdi:
– Daha bəsdir, ana... Mən İrandan, Ərəbistandan Hindistana qədər hər yeri qarış-qarış
gəzmişəm. Azərbaycan torpağı hər yerdən bərəkətli, Azərbaycan oğulları hamıdan
qeyrətlidir. Biz niyə “birtəhər, ac-yalavac dolanmağa” qatlaşaq? Yox, mən gedəcəyəm,
ana!..
Gənc Babək özü də istəmədən bu amansız sözləri ilə ananın yaralı qəlbini qanatmışdı.
Dərdli ana hıçqırıqlı bir səslə inlədi:
– Oğul, bəs mənə yazığın gəlmirmi? Məni qoyub hara gedirsən?
Babək anası ilə sərt danışdığını indi başa düşüb, yumşaq, lakin inamlı bir səslə dedi:
– Elə demə, anacan. Anasına kəm baxan oğulun gözlərinə qan damar! Mən səni
sevdiyim üçün belə düşünürəm, anacan! Mən karvanda yeddi-səkkiz il çarvadarlıq
etdim. Təbrizdə emalatxanalarda işlədim. Azdan-çoxdan qazancım var. Bir inək, beş-
on qoyun-keçi alıb, sən deyən kimi “birtəhər” dolana bilərik. Ancaq sabah xəlifənin
əmirləri, İranın naibləri onu da tutub əlimizdən alacaqlar. Bəs sonra?.. Sonra necə
olsun?! Yox, anacan, yaxşı oğul gərək təkcə özünü, öz komasını düşünməsin... Bizim
elimiz, yurdumuz var, anacan! Sənin də, mənim də böyük bir anamız var – Vətən!
Anacan, mən səni sevirəm, ancaq Vətənimi də sevirəm. Bil ki, ərəb işğalçıları ilə İran
hakimləri Vətəndən qovulmadıqca...
Elə bu zaman daxmanın qapısı şiddətlə döyüldü, bayırdan at kişnəmələri, it
hürüşmələri eşidildi.
_________________________


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə