Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

Sürünü nəzərləri ilə izləyən şəhərli ovçu cavab vermədi. Ovçu Piri dikəlib oturaraq,
yanıqlı-yanıqlı deyindi:
– Vay, səni! Heyif, heyif!..
Sürü tamam gözdən itəndən sonra şəhərli ovçu dərindən nəfəs alaraq, üzünü ovçu
Piriyə döndərib soruşdu:



– Nə buyurdun?
– Nə buyuracağam? – deyə ovçu Piri yenə təəccüblə ona baxdı. Sonra yuxudan təzə
ayılan adamla danışırmış kimi, bərkdən əlavə etdi: – Bir sürü ceyranı əldən çıxartdın!
Şəhərli ovçu tüfəngini çiyninə salıb qabaqda, ovçu Piri isə ürəyində deyinə-deyinə onun
ardınca gedirdi.
Birdən şəhərli ovçu papağını gözünün üstünə çəkib, fitlə “Çobanı” çalmağa başladı.
Ovçu Piri “Çobanı” havasına qulaq asdıqca sanki əsəbləri yavaş-yavaş yumşalır, otuz-
qırx il qabaq həmin bu yerlərdə qoyun yaylıma çıxardığı aydınlıq gecələr yadına
düşürdü…
– Gözəl sürü idi! – deyə şəhərli fiti kəsərək, bayaqkı sözləri təkrar etdi.
2
Axşama yaxın bərk yağışa düşdükləri üçün şəhərli maşının yanına qayıda bilməyib
ovçu Pirinin təklifi ilə onlara getdi. Evə daxil olduqda ovçu Piri arvadı Gülgəzi səsləyib
dedi:
– Tez ol, çay-çörək hazırla. Qonaq da səhərdən acdır...
– Yaman yorulmuşam, ovçu qardaş, – deyə şəhərli ovçu tüfəngini divara söykəyib,
arvadın saldığı döşəkçənin üstündə əyləşdi.
– Mütəkkə-yastıq da qoy, – deyə ovçu Piri arvadını səslədi. Sonra özü də gəlib qonağın
yanında oturaraq dedi: – Ayağını soyun, rahatlan, bu saat bir yaxşı çay içərik,
yorğunluğumuz çıxar.
– Bir de görüm, acığın yatdı, ya yox? – deyə şəhərli ovçu gözəl, yorğun gözləri ilə
gülümsədi.
– Canın sağ olsun, əşi! – deyə ovçu Piri mərdanə cavab verdi.
3
Səhər ovçu Piri oyandığı zaman şəhərli çıxıb getmişdi.
– Nə qədər elədim çaya qalmadı, – deyə Gülgəz xəbər verdi. – Öz tüfəngini qoyub,
səninkini götürdü, dedi ki, kişi ilə dəyişmişik.
– Necə? – deyə ovçu Piri qulaqlarına inanmırmış kimi, tələsik qalxıb, şəhərlinin divara
söykənib qalmış qoşalüləsini əlinə götürdü...
Ovçu Piri əlində tutduğu qoşalüləyə xeyli baxdı. Sonra ağır-ağır dedi:
– Kişinin adını da soruşmadım.
4
Bu hadisədən xeyli keçmişdi. Sərin bir yay axşamı ovçu Piri öz zağlı qoşalüləsini onun
otuz ildən qalma köhnə tüfəngi ilə dəyişib xəbərsiz gedən o qəribə ovçunun əhvalatını


klubun qabağına toplaşmış kəndlilərə yenicə nağıl edib qurtarmışdı ki, radioda böyük
Azərbaycan şairi Səməd Vurğunun “Ceyran” şeirini oxudular. Xeyli müddət kimsə
dinmədi. Hərənin nəzəri bir nöqtəyə dikilmişdi.
– Bah! – deyə xəyala getmiş ovçu Piri birdən səsləndi. – Elə bil kişi hamısını öz gözü
ilə görüb yazıb...


Aşağıdakı sualın üzərində fikirləşin, gəldiyiniz qənaəti siniflə bölüşün.
Əsər təbiət, onun nadir canlılarının qorunması barədə sizdə hansı hiss və
düşüncələri yaratdı?
Sonra aşağıdakı mövzularla tanış olun, onlardan hansının daha maraqlı, həm
də fikir ayrılığına səbəb olduğunu aydınlaşdırın.
– Təbiətin, nadir quşların və heyvanların qorunmasına insanlarda onlara məhəbbət
və qayğı hissi yaratmaqla nail olmaq mümkündür.
– Təbiətin, nadir quşların və heyvanların qorunması üçün ölkədə sərt qanunların
olması kifayətdir.
– Bədii ədəbiyyatda, incəsənət əsərlərində (kinoda və s.) təbiətə, nadir quşlar və
heyvanlar aləminə qayğı və sevginin təsirli əks olunması onların qorunmasını təmin
edər.
Fəaliyyətinizi davam etdirin.
Seçilmiş mövzu ilə bağlı hər kəs öz mövqeyini müəyyənləşdirir. Sonra mənbələrə
müraciət etməklə, fakt və dəlillər toplamaqla öz mövqeyini dəqiqləşdirir və
möhkəmləndirir. Fikirləri üst-üstə düşən (eyni mövqedə olan) şagirdlər cütlük
şəklində birləşərək dəlillərini təhlil edir və maddələrlə yazırlar. Sonra hər bir cüt
başqa cütlüklə birlikdə dəlillərini bir-birinə əlavə edir, fikir mübadiləsi apararaq
qərar qəbul edirlər. Yalnız bundan sonra eyni, yaxud uyğun mövqedə olan cütlər
kiçik qruplarda birləşərək dəlillərini bir daha dəqiqləşdirirlər. Qrupların mövqeyi
(bu, təqdimatlar, qrup üzvlərinin çıxışı şəklində ola bilər) dinlənilir və bütün sinif
müzakirəyə qoşulur. Sonda ümumiləşdirmə aparılaraq hansı fikrin daha düzgün
olması barədə qərar qəbul edilir.
Müzakirələrdən sonra yenidən “Əsər təbiət, onun nadir canlılarının qorunması
barədə sizdə hansı düşüncə yaratdı?” sualının üzərinə qayıdın, problemə “Şəhərdən
gələn ovçu” əsərindəki münasibətlə açıqlıq gətirin.


QİYMƏTLƏNDİRMƏ MATERİALI
Hüseyn Arif
YAŞIL İŞIQ
Təbiət vurğunu, torpaq oğluyam, 
İlk dəfə əlimi ağaclar sıxıb. 
Dağlarda meşəyə düşən yanğının 
Tüstüsü evimdə başımdan çıxıb.
Düzdə seyr etdikcə məğrur çinarı 
Qartal balasıtək qanadlanmışam. 
Yaşını kimsədən öyrənməsəm də, 
Babam Koroğluya yaşıd sanmışam.
Hər dən bir sünbüldür, hər toxum bir tağ, 
Hər şitil bir nemət, bir yaraşıqdır. 
Baharda açılan hər yaşıl düymə 
Bir yaşıl şölədir, yaşıl işıqdır.
Bir ağac əksəydi hərə həyatda, 
Torpaq quraqlıqdan verməzdi xəbər, 
Çoxdan Abşeronun boz yaxasını 
İlmələr bəzərdi, yaşıl ilmələr.
Ağaclar əksəydik, nəhəng ağaclar, 
Doğma Abşeronun torpaqlarında; 
Susub çəkilərdi qınına xəzri, 
Kəsərdi hay-küyü gilavarın da.
Torpağın sinəsi cadarlamazdı, 
Torpaq müqəddəsdir, torpaq əzizdir. 
Axı “Ana torpaq!” demişik ona. 
Ananı qorumaq vəzifəmizdir.
Kəkliklər ötürkən daşda, qayada 
Xoşdur ötənləri gətirmək yada. 
Bir ipək çəməndə, bir göy talada 
Sakitcə dincəlib gələndən soruş.
Bir yaşıl ümmandır açıb qoynunu, 
Görünməz sahili, bilinməz sonu. 
Bir deyil, beş deyil onun vurğunu, 
Demirəm, meşəni tək məndən soruş.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə