Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

İnşa və esseni necə yazmalı?
Rəy və təsviri xarakterli inşa, esse yazı ilə əlaqədar aşağı siniflərdə müəyyən
bacarıqlara yiyələnmişsiniz. Yeddinci sinifdə yazı bacarığınızı daha da inkişaf etdirəcək,
mühakimə xarakterli inşa, esse üzrə tapşırıqlar yerinə yetirəcəksiniz. Mühakimə
xarakterli inşa və essedə mövzu, problemlə bağlı şəxsi düşüncələriniz və
mühakimələriniz önəmli yer tutmalıdır. Essenin quruluşunda sərbəstliyə, şəxsi
münasibətinizin ifadəsinə daha geniş yer verə bilərsiniz. İnşada irəli sürdüyünüz
hökmləri, fikirləri təsdiq edən inandırıcı faktlar, dəlillər, sübutlar göstərməyiniz
vacibdir. Buna nail olmaq üçün mövzu ilə əlaqədar müxtəlif mənbələrdən – digər
fənlər, müstəqil oxuduğunuz əsərlər, internet, eləcə də müşahidə və şəxsi
təcrübənizdən və s. bəhrələnməlisiniz.
Aşağıdakı tövsiyələri diqqətlə oxuyub onlara əməl etməklə, növündən (rəy, təsvir,
mühakimə) asılı olmayaraq, yazdığınız inşa və essedə uğur qazana bilərsiniz.
Bilirsiniz ki, inşa və essenin hazırlanması bir-biri ilə əlaqəli olan üç mərhələdə işin
aparılmasını tələb edir: yazıya hazırlıq, yazının yerinə yetirilməsi, yazının müzakirəsi və
qiymətləndirilməsi. Bunların hər biri üçün mühüm olan cəhətləri bir daha
xatırlamağınız faydalıdır:
1.  Yazıya hazırlıq
Unutmayın ki, yazıya hazırlıq işini mövzuya uyğun qurmaq lazımdır. Odur ki, ilk
növbədə, mövzu üzərində düşünmək lazımdır. Əgər mövzu öyrəndiyiniz əsərlə
bağlıdırsa, həmin əsərə yenidən müraciət etmək, onu təkrar oxumaq lazım gələcəkdir.
Bu zaman mövzunun tələbinə xüsusi diqqət yetirməlisiniz. Məsələn, mövzu hər hansı
əsərdəki obrazın təhlili ilə əlaqədardırsa, onun xarakterindəki mühüm cəhətləri
aydınlaşdırmalı, davranış və əməllərini, digər surətlərin, eləcə də, yazıçının bu
qəhrəmana münasibətini müəyyənləşdirməyə çalışmalısınız. Bu mərhələdə, həmçinin
yazıya necə başlayacağınızı, hansı cəhətlərə üstünlük verəcəyinizi, topladığınız
məlumatı nə cür əlaqələndirəcəyinizi özünüz üçün aydınlaşdırmalısınız.
Mövzu bədii əsərlə əlaqədar olmasa, yazıya hazırlıq işini fərqli quracaqsınız.
Məsələn, “Parkda gəzinti”, “Yurdumuza bahar gəlir”, “Ədəbiyyat muzeyində” kimi
mövzularda yazıya hazırlıq, ilk növbədə, müşahidələrinizdə diqqətli olmağınızı tələb
edir. Məsələn, “Parkda gəzinti” mövzusunda yazıya hazırlaşarkən parkda müşahidə
aparmağınız, onu ətraflı öyrənməyiniz vacibdir. Parkın kənardan görünüşünü, daxili
quruluşunu, oradakıları (ağaclar, oturacaqlar, uşaqların əylənməsi üçün vasitələr və s.)
diqqətlə nəzərdən keçirməyiniz yazınızın maraqlı, məzmunlu olmasına səbəb olacaqdır.


Müşahidə zamanı qeydlər etməyiniz faydalıdır. Bu qeydləri yazınızın ilkin variantı
saymaq olar. Əlbəttə, qeydlərinizdə – ilk variantda fikirlər bəsit, cümlələr əlaqəsiz ola
bilər. Lakin sonrakı mərhələdə – yazının yerinə yetirilməsində həmin qeydlər dəyərli
mənbə kimi yardımçınız olacaqdır. Məsələn, müşahidə zamanı yazdığınız cümlə
(“Fəvvarənin ətrafına ağ mərmər döşənmişdir”) yazıda “Fəvvarənin ətrafına qar kimi
ağ mərmər döşənmişdir” şəklinə düşə bilər.
Beləliklə, bədii təsvir vasitələrindən istifadə etməklə yazınızın daha maraqlı olmasını
təmin etmiş olacaqsınız.
2.  Yazının yerinə yetirilməsi
Yazıya başlamazdan əvvəl topladığınız məlumatları bir daha nəzərdən keçirin. Onların
arasındakı əlaqələri müəyyənləşdirin, ən vacib saydıqlarınızın üzərində dayanın.
Qeydlərinizə nəzər salmaqla yazıda hansı ardıcıllığa əməl edəcəyinizi
müəyyənləşdirməyə çalışın. Bunun üçün bir neçə bənddən ibarət sadə plan
hazırlamağınız faydalıdır.
Planı hazırlayarkən yazının giriş, əsas hissə və nəticədən ibarət olduğunu diqqət
mərkəzində saxlayın.
Girişdə mövzunun, yazıda əhatə olunan məsələnin əhəmiyyəti barədə təsəvvür
yaratmağa çalışın.
“Parkda gəzinti” yazı işinizin girişində ölkəmizdə aparılan abadlıq işlərini
xatırlatmağınız və buna münasibət bildirməyiniz məqsədəuyğundur.
Əsas hissə planın bir neçə bəndi əsasında yazılır. Qeydləriniz bu hissəni yazarkən
sizin üçün həm mənbə olacaq, həm də sizə istiqamət verəcəkdir. Cümlələrin qısa
olmasına çalışın. Sözləri işlədərkən diqqətli olun, onların yerinə düşüb-düşmədiyi, əvəz
edilməsinə ehtiyac olub-olmadığı üzərində düşünün. Sözlərin yersiz təkrarına yol
verməyin, cümlələrin bir-biri ilə əlaqələnməsinə, bir-birini tamamlamasına çalışın.
Məsələn, “Parkda ağaclar var”, “Parkda oturacaqlar var”, “Parkda fəvvarə var”, “Parkda
güllər əkilib” kimi cümlələr yazınızın keyfiyyətini aşağı salar, ona marağı azaldar.
Çalışın ki, ağacların hansı boyda-biçimdə olduğunu, oturacaqların necə qoyulduğunu,
fəvvarənin quruluşunu, güllərin necə əkildiyini, yerləşdiyi guşəni və s. ətraflı təsvir
edəsiniz. Bunun üçün müşahidə zamanı apardığınız qeydləri bir daha nəzərdən keçirin,
onu zənginləşdirin. Məsələn, qeydlərinizdəki “Ağaclar əkilmişdir” cümləsini “Ağaclar
cərgə ilə əkilmişdir,” yaxud “Hündür ağaclar cərgə ilə əkilmişdir” şəklində yazmağınız
daha yaxşıdır. Eləcə də “çəmənlik” sözü işlətmisinizsə, onun əvvəlinə “yamyaşıl”
sözünü əlavə etmək doğru olar. “Parkda çoxlu oturacaqlar var” əvəzinə, “Eyni rəngli
çoxlu oturacaqlar cərgə ilə qoyulmuşdur” yazmağınız oxucuda xoş təəssürat yaradar.
Əsas hissənin yazılması üçün müəyyənləşdirilmiş planın – bəndlərin hamısını əhatə
etməyə çalışmalısınız.


Lakin yazı zamanı həmin bəndlərdən ixtisar etməyə, yaxud yeni bəndlər əlavə etməyə
ehtiyac yarana bilər.
Yazının nəticə hissəsində yazdıqlarınızı ümumiləşdirməli, əsas fikri bir neçə cümlə ilə
qabarıq ifadə etməklə diqqəti ona cəlb etməlisiniz. Nəticədə mövzu ilə bağlı arzu və
təkliflərinizi də ifadə edə bilərsiniz. Məsələn, “Parkda gəzinti” mövzusundakı yazınızın
nəticə hissəsində parkın sizdə və digər insanlarda yaratdığı təəssüratı, ovqatı,
həmçinin onun daha da gözəlləşdirilməsi üçün əlavə nə etməyin lazım olması barədə
fikirlərinizi əks etdirə bilərsiniz.
3.  Yazının müzakirəsi və qiymətləndirilməsi
Yazını tamamladıqdan sonra onu bir neçə dəfə diqqətlə oxumağınız vacibdir. Gözünüzə
dəyən səhvləri (sözlərin yazılışında, durğu işarələrinin işlənməsində və s.) düzəltməklə
kifayətlənməyin. Təkcə cümlələrin yox, həm də təsvirlərin arasında əlaqənin necə
olduğuna, mövzudan uzaqlaşıb-uzaqlaşmadığınıza bir daha diqqət yetirin.
Yazınızı, ilk növbədə, özünüzün qiymətləndirməyiniz faydalıdır. Bunun üçün aşağıdakı
meyarları əsas götürə bilərsiniz.
Özünüqiymətləndirmə meyarları
Bəli Xeyr
Yazım mövzuya uyğundur
 
 
Yazının hissələri (giriş, əsas hissə, nəticə) arasında əlaqəni gözləmişəm  
 
Girişdə əsas fikir üçün zəmin yaratmış, əhəmiyyətini izah etmişəm
 
 
Əsas hissədə başlıca fikri inandırıcı faktlarla, müxtəlif mənbələrdən
nümunələr göstərməklə, müşahidə və təəssüratıma əsaslanmaqla əks
etdirmişəm
 
 
Sözləri diqqətlə seçmiş, cümlələrin qısa olmasına, fikrin tez başa
düşülməsinə çalışmışam.
 
 
Orfoqrafik qaydalara əməl etmişəm
 
 
Unutmayın!
 Müzakirə zamanı fərqli fikirlərə hörmətlə yanaşın. Deyilənlərə dərhal
münasibət bildirməyə çalışmayın, əvvəlcə ətraflı düşünün. Göstərilən nöqsanlara
yazınızın məzmunundan çıxış etməklə qiymət verin. Əgər deyilənlər yazınızın daha
keyfiyyətli, maraqlı olması üçün əhəmiyyətlidirsə, onları nəzərə alın.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə