ƏFSƏr sadiqov


Beynəlxalq iqtisadi mübahisələrin beynəlxalq



Yüklə 1,88 Mb.
səhifə31/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

12.1.2. Beynəlxalq iqtisadi mübahisələrin beynəlxalq

hüquqi həllində xeyirxah xidmətlər və vasitəçilik mərhələsi
429. BMT Baş Məclisinin 1970-ci il Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Bəyannamədə qeyd edilir ki, mövcudluğu beynəlxalq sülhə və təhlükəsizliyə xələl gətirən beynəlxalq mübahisə və ya istənilən situasiya zamanı üzv-dövlətlər BMT Nizamnaməsində nəzərdə tutulan bütün dinc və vasitələrdən tam şəkildə istifadə etməlidirlər.

Müvafiq sistemdə növbəti mərhələni təşkil edən xeyirxah xidmətlərin beynəlxalq hüquqda müdafiəsi XIX əsrin sonları XX əsrin əvvəllərində qəbul edilən Haaqa Konvensiyalarına təsadüf etsə də, məsələyə daha ciddi münasibət XX əsrin 30-40-cı illəri üçün xaraqterikdir. Xeyirxah xidmətlərin prosedurunun beynəlxalq hüquqi tənzimlənməsi Xeyirxah xidmətlər haqqında 1936-cı il və Mübahisələrin dinc vasitələrlə tənzimlənməsi haqqında 1948-ci il tarixli Amerika Müqavilələrində öz əksini tapmışdı. Xeyirxah xidmətlərin təklif edilməsi dövlətlərdən xeyirxah xidmətlərin tətbiqini və ya ondan imtinanın obyektiv və subyektiv faktorlarını nəzərə almağı tələb edir. Xeyirxah xidmətlər, adətən tərəflərdən biri və ya hər ikisi yaranan mübahisə ilə bağlı danışıqlara başlamaq istəmədikdə, mübahisə edən tərəflərin birbaşa danışıqları nəticəsis qaldıqda, tərəflərin digər tənzimetmə vasitələrinə müraciət etməsi də nəticə vermədikdə tətbiq edilir. Xeyirxah xidmətlərin başlanması üçün əsas ya mübahisə tərəflərinin üçüncü dövlətlərə müraciəti (xahiş edən xeyirxah xidmətlər), ya da mübahisəyə birbaşa aidiyyatı olmayan üçüncü tərəfin öz fəaliyətini təşkil etməsi (təklif edilən xeyirxah xidmətlər) nəticəsində ola bilər. Xeyirxah xidmətləri həyata keçirən dövlətlər

- birbaşa danışıqların başlanmasından sonra mübahisə tərəfləri arasında əlaqələndirici funksiyanı;

- beynəlxalq mübahisənin tərəfləri arasında birbaşa əlaqənin qurulmasını təmin edirlər.

Xeyirxah xidmətlər zamanı üçüncü dövlətlərin fəaliyyəti beynəlxalq mübahisələrin tərəfləri arasında birbaşa əlaqə yaratmaq yolu ilə onları bir-birinin mövqeyi ilə tanış etməyə və yaxınlaşmaya yönəlir. Beynəlxalq mübahisələrin dinc vasitələrlə tənzimlənməsi haqqında Haqa konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, xeyirxah və vasitəçilik xidmətini göstərən dövlətlərin təklifləri hər bir halda məsləhət xaraqteri daşıyır.

430. Hüquqi təbiətinə görə xeyirxah xidmətlər institutu beynəlxalq iqtisadi mübahisələrin dinc həllinin beynəlxalq hüquqi vasitələrindən vasitəçilik institutu ilə sıx bağlıdır. Uzun müddət praktikada və doktirinada bu institutlar arasında sərhəd də qoyulmamışdır. Sonralar isə beynəlxalq hüququn bu sahəsi üzrə tədqiqat aparan alimlərdən İ.Blyinçli. A. Bulmerink, A. Rıvye, F.Martene xeyirxah xidmətlər və vasitəçiliyi müstəqil beynəlxalq hüquq institutları kimi fərqləndirilmiş, onlar arasındakı fərq kimi üçüncü dövlətlərin mübahisəsinin həllinə təsir imkanlarını qeyd etmişlər. Vasitəçilik xeyirxah xidmətlərdən yaranma səbəbinə, vasitəçi dövlətlərin hüquq və vəzifələrinə, mediasiyanın son məqsədlərinə görə fərqlənir. Xeyirxah xidmətlər və vasitəçilik bütün oxşar xüsusiyyətlərinə baxmayaraq, beynəlxalq iqtisadi mübahisələrin dinc həllinin müstəqil beynəlxalq hüquqi mexanizmləridir. Vasitəçilik xeyirxah xidmətlərdən fərqli olaraq nəinki vasitəçi olan dövlətlər üçün, həm də beynəlxalq iqtisadi mübahisələrin tərəfləri olan dövlətlər üçün müəyyən hüquqi nəticələr doğurur.

431. Beynəlxalq iqtisadi mübahisələrin dinc həllinin hüquqi mexanizmi kimi vasitəçilik institutu danışıqlar institutundan sonra beynəlxalq iqtisadi mübahisələrin dinc yolla tənzimlənməsinin daha öncə formalaşdırlan üsullarından biridir. Ilk olaraq Qədim Romada (jus feciale, recuperatorum), Yunanıstanda (prokeseniya) meydana gəlmişdir. Tərəflərin razılığı əsasında mübahisənin vasitəçi ilə həlli Homerin “İliada” əsərinə təsadüf edir. Vasitəçilik tədricən beynəlxalq ticarət münasibətlərinin genişlənməsilə beynəlxalq hüququn müstəqil institutuna transformasiya olunur.

Vasitəçilik institutunun proseduru Beynəlxalq toqquşmaların dinc vasitələrlə həlli haqqında 1907-ci il Haaqa Konvensiyasında, Mübahisələrin dinc vasitələrlə tənzimlənməsi haqqında 1948-ci il Amerika Müqaviləsində və s. sazişlərdə əks olunub. Mahiyyətinə görə vasitəçilik institutu dövlətlərarası beynəlxalq konfiliktlərin diplomatik tənzimetmə forması kimi geniş mənada danışıqların spesifik növlərindən biri sayılır. Beynəlxalq arbitraj və beynəlxalq məhkəmədən fərqli olaraq vasitəçilik və birbaşa danışıqların mexanizmi ciddi qaydalarla müəyyən edilmiş prosedurlara əsaslanmır. Yalnız danışıqların iştirakçılarının hüquq və maraqlarına qarşılıqlı hörmət edilməsi nəzərdə tutulur. Bu da müvafiq mexanizmlərin səmərəliliyini azaldır. Lakin arbitraj və məhkəmədən fərqli və üstünlüyü ondan ibarətdir ki, bu halda mübahisə tərəflərin razılıq əldə etməsi ehtimalı gələcəkdə onların qarşılıqlı əlaqələrinin dostluq-tərəfdaşlıq səviyyəsində davam etməsinə təminat verir. Beynəlxalq iqtisadi mübahisələrin nizamlanması üçün mübahisə edən tərəflər arasında danışıqların başlanması çox vaxt onların vasitəçi və ya xeyirxah xidmətlər funksiyasını yerinə yetirən dövlətlər dostluq münasibətlərinin sahəsində mümkün olur.

Əgər danışıqlarda beynəlxalq iqtisadi mübahisənin tərəfləri özləri beynəlxalq iqtisadi mübahisəni nizamlamağa səy göstərirlərsə, vasitəçilik prosesində isə bu məsələ ilə bağlı üçüncü dövlətlər və ya beynəlxalq təşkilatlar da onlara yardım edirlər. Başqa sözlə, əgər birbaşa danışıqlar zamanı beynəlxalq iqtisadi mübahisələrin iştirakçıları müvafiq hüquq və vəzifələr daşıyırlarsa, vasitəçilik zamanı həmin hüquq və vəzifələr üçüncü dövlətlər və beynəlxalq təşkilatlarında üzərinə düşür.

Qeyd etdiyimiz kimi, dövlətlərarası beynəlxalq iqtisadi mübahisələrin dinc həlli prosesində vasitəçilik və danışıqlar bir biri ilə sıx sürətdə bağlıdırlar. Bir qayda olaraq tərəflərin birbaşa danışıqları müvəffəqiyyətsizliyə uöradıqda və ya birbaşa danışıqlar aparmaq mümkün olmadıqda birgə razılıq əsasında üçüncü dövlətlərə və ya beynəlxalq təşkilatlara yardım üçün müraciət edilir. Əgər vasitəçilik beynəlxalq iqtisadi mübahisəyə aidiyyatı olmayan üçüncü dövlət tərəfindən təklif edilirsə, onda həmin dövlətin beynəlxalq iqtisadi mübahisənin tənzimlənməsində vasitəçi kimi çıxış etməsi üçün hər iki tərəfin razılığı lazımdır.

Danışıqlar prosesində vasitəçi fəal və mərkəzi subyekti kimi kifayət qədər geniş hüquqlara malik olur. Beynəlxalq mübahisələrin dinc yolla tənzimlənməsi haqqında Haaqa Konvensiyasının 4-cü maddəsinə uyğun olaraq, vasitəçinin vəzifəsi mübahisə edən dövlətlər arasında meydana çıxan qarşılıqlı iddiaların razılaşdırılmasına nail olmaqdır. Vasitəçi danışıqlar prosesində iştirak etmək, mübahisə tərəflərinin bəzən qəti görüntü yaradan və qəbul edilə bilməyən tələblərini yumuşaltmaq, tərəfləri barışdırmaq üçün sərbəst təkliflər vermək, əksər hallarda danışıqlar aparmaq funksiyasına malik olur. Müvafiq missiya eyni zamanda vasitəçinin üzərinə beynəlxalq hüquq normalarına şərtsiz əməl etmək, beynəlxalq iqtisadi mübahisənin tərəfləri arasında danışıqlar prosesinin uğurla nəticələnməsi üçün onlara bütün qanuni vasitələrdən istifadə edərək kömək etmək; hər hansı şantaj hərəkətlərinin edilməsinə yol verməmək, qayda-qanuna riayət etmək, beynəlxalq iqtisadi mübahisənin bir tərəfinin digər tərəfə zərər vurmasının qarşısını almaq, mübahisə edən tərəflərin suveren hüquqlarına, şərəf və ləyaqətinə hörmət etmək, daxili işlərinə qarışmamaq kimi bir sıra öhdəliklər qoyur.

Əgər vasitəçi beynəlxalq iqtisadi mübahisənin tərəflərindən hər hansı birinə xüsusi rəğbət bəsləyirsə, digər tərəfin həmin vasitəçinin xidmətlərindən imtina etmək hüququ var. Eyni zamanda beynəlxalq hüquq nöqteyi nəzərindən müvafiq subyekt vasitəçi olmaq hüququnu itirir. Təbii ki, etimad qarşılıqlı olmalıdır və tərəflər əgər həqiqətən mübahisənin həll olunmasını istəyirsə, vasitəçiyə öz funksiyasını həyata keçirmək üçün fəal kömək göstərilməlidir. Beynəlxalq iqtisadi mübahisənin tənzimlənməsi prosesində tərəflər vasitəçiliyə öz funksiyalarını həyata keçirmək üçün şərait yaratmaq, vasitəçinin şərəf və ləyaqətinə, suveren hüquqlarına zərbə vura biləcək hərəkətlərdən çəkinmək, qabaqcadan qəbul edilə bilməyən tələb və pritenziyalar irəli sürməmək kimi öhdəliklər daşıyırlar.

Dövlətlərarası praktika vasitəçiliyin kifayət qədər effektivliyini sübut etsə də, onun məcburi hüquqi qüvvə kəsb etməməsi beynəlxalq iqtisadi mübahisələrin nizamlanmasında daha ciddi mexanizmlərin meydana gəlməsinə səbəb olmuşdur.
12.1.3. Beynəlxalq təhqiqat və barışdırma proseduru
432. Beynəlxalq mübahisə prosesində tərəflər arasında mübahisəyə gətirib çıxaran müxtəlif şəraitin, faktiki halın qiymətləndirilməsində fikir ayrılığı yarandığı halda dövlətlər müvafiq faktların araşdırılması üçün beynəlxalq təhqiqat prosedurlarından istifadə edirlər. Beynəlxalq təhqiqat proseduru beynəlxalq iqtisadi mübahisələrin tərəfləri və üçüncü dövlətlərin nümayəndələri tərəfindən yaradılan beynəlxalq orqan ilə tənzimlənən üsullardan biridir. Bu institutun da beynəlxalq hüquqi əsası XIX əsrin sonu XX əsrin əvvəllərinə təsədüf edir. Beynəlxalq təhqiqat proseduru beynəlxalq mübahisələrin dinc yoll həlli haqqında 1899-cu il Haaqa Konvensiyasında öz əksini tapmışdı. Təhqiqat proseduru könüllülük prinsipi əsasında formaıaşdırılır. Beynəlxalq toqquşmaların dinc vasitələrlə həlli haqqında Konvensiyanın 9-cu maddəsində qeyd edilir ki, dövlətlərin mövcudluğuna xələl gətirmədən dövlətlərarası ixtilaflar zamanı Konvensiyanı imzalayan dövlətlər mübahisənin faktiki hallarının araşdırılmasında diplomatik vasitələrə nail olmazlarsa və şərait imkan verərsə, beynəlxalq təhqiqat komissiyasını təşkil edirlər.

Təhqiqatın əsas vəzifəsi beynəlxalq mübahisəyə səbəb olan faktiki halların vicdanla müəyyən edilməsi və araşdırılmasından ibarətdir.

Beynəlxalq təhqiqat prosedurunun təkminləşdirilməsi II Haaqa Konvensiyasına təsadüf edir. Konfrans tərəfindən qəbul edilmiş Beynəlxalq toqquşmaların dinc vasitələrlə həlli haqqında Konvensiyada təhqiqat komissiyaları haqqında bölmə kifayət qədər dəyişikliklərə uğramış və təkmilləşdirilmişdir. Beynəlxalq təhqiqat komissiyaları mübahisə edən tərəflər arasında xüsusi saziş əsasında təşkil edilir. Müvafiq saziş ilə təhqiqat obyekti olan faktlar, komissiyanın təşkil edilmə müddəti və qaydası, onun üzvlərinin səlahiyyət dairəsi müəyyən edilir (m.10). Beynəlxalq mübahisələrin subyekti olan dövlətlər təhqiqat komissiyasında onun maraqlarını müdafiə etmək üçün öz agentlərini, məsləhətçilərini və vəkillərini təyin edə bilərlər. Tərəflər faktiki halların araşdırılması və onlara düzgün qiymət verilməsi məqsədilə bütün vasitələri təhqiqat komissiyasına təqdim etməyi öhdələrinə götürürlər.

BMT Nizamnaməsi beynəlxalq mübahisələrin dinc həllinin beynəlxalq hüquqi vasitələri kimi təhqiqat prosedurunun da effektivliyinin artırılması üçün normativ baza rolunda çıxış edir. BMT Nizamnaməsinin 33-cü maddəsinin 1-ci bəndində dinc vasitələrin sistemində, 1963-cü il BMT Baş məclisinin faktların müəyyən edilməsi məsələləri haqqında Qətnaməsində, 1970-ci il “Prinsipləri” Bəyannaməsində, Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi haqqında 1970-ci il Bəyannaməsində, eləcə də bir sıra ikitərəfli və çoxtərəfli müqavilələrdə təhqiqat proseduru əks olunmuşdur.



433. Beynəlxalq iqtisadi mübahisələrin dinc yolla həllinin növbəti beynəlxalq hüquqi vasitəsi beynəlxalq barışıq prosedurudur. Beynəlxalq barışıq proseduru beynəlxalq mübahisənin tərəfi olan dövlətlərin paritet əsaslarla formalaşdırdığı, tərkibində üçüncü dövlətlərin də iştirak etdiyi və əsas məqsədi beynəlxalq hüququn prinsip və normaları əsasında, dövlətlərin qarşılıqlı maraqlarını nəzərə alaraq müqavlə layihəsini tətbiq etmək və tərəflərə təqdim etməkdən ibarət olan beynəlxalq iqtisadi mübahisələrin dinc yolla tənzimlənməsi institutudur.

Barışıq prosedurunun əsas fəaliyyət forması mübahisələrlə barışdırma komissiyalarında baxılmasıdır. Universal səviyyədə Millətlər Liqasının 1928-ci il Qətnaməsi ilə qəbul edilən Beynəlxalq mübahisələrin dinc yolla tənzimlənməsi haqqında ümumi Aktda əks olunmuşdur. Ümumi Aktda barışıq komissiyasının təyin edilmə müddəti və qaydası, komissiyaya mübahisənin təqdim edilmə qaydası, barış prosesinin əsas hüquqları, komissiyanın məqsədi və mübahisə edən tərəflərə müvafiq təkliflərin çatdırılması qaydası əks olunmuşdur.

Barış proseduru beynəlxalq iqtisadi mübahisələrin dinc yolla tənzimlənməsinin beynəlxalq hüquqi vasitələri sisteminin tərkib hissəsi kimi, BMT Nizamnaməsində və müxtəlif çoxtərəfli və ikitərəfli müqavilələrdə təsbit olunmuşdur. Beynəlxalq iqtisadi mübahisələrin dinc yolla tənzimlənməsinin beynəlxalq hüquqi vasitələrindən biri kimi baış proseduru bir sıra xüsusiyyətlərinə görə digər vasitələrdən fərqlənir. Barış proseduru tərəflər arasında birbaşa əlaqə vasitəsi olan xeyirxah xidmətlərdən onunla fərqlənir ki, barış prosesi tərəflərin əlaqə növlərindən biridir. Xeyirxah xidmətlər eyni zamanda tərəflər arasında barışdırma komissiyasının formalaşdırması üçün vasitə ola bilər. Barış proseduru araşdırma proseduru ilə bir çox ortaq xüsusiyyətlərə malikdir.

Barış prosedurunun beynəlxalq arbitrajdan fərqi ondan ibarətdir ki, son qərar beynəlxalq iqtisadi mübahisənin iştirakçıların özləri tərəfindən qəbul edilir. Barış proseduru beynəlxalq iqtisadi mübahisələrin həllində əhəmiyyəti baxımından beynəlxalq arbitraj və məhkəmə baxışına yaxınlaşsa da, özünün yumuşaq hüquqi təbiətinə görə ondan geri qalır. Qeyd edilən prosedur və mexanizmlər daha ardıcıl formada beynəlxalq təşkilatlar çərçivəsində təsbit edilməkdədir.


12.1.4. Beynəlxalq iqtisadi mübahisələrin beynəlxalq

təşkilatlar çərçivəsində həlli xüsusiyyətləri
434. Müasir beynəlxalq iqtisadi münasibətlər üçün xaraqterik xüsusiyyət ondan ibarətdir ki, meydana çıxan mübahisələrin həllinin daha ətraflı və səmərəli mexanizmləri təsis edilməkdədir.

Milli iqtisadi sistemlərin inteqrasiyası, beynəlxalq iqtisadi münasibətlərin dərinləşdiyi dövrdə beynəlxalq iqtisadi mübahisələrin beynəlxalq təşkilatlar çərçivəsində davamlı həlli müvafiq münasibətlərin proqnozlaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Əksər hallarda beynəlxalq təşkilatlar çərçivəsində üzv-dövlərlər arasında beynəlxalq iqtisadi mübahisələrin həlli üzrə sturuktur fəaliyyət göstərir ki, həmin sturuktur da bir tərəfdən, təşkilatın funksiyalarının icra edilməsinə şərait yaradırsa, digər tərəfdən, beynəlxalq iqtisadi təşkilatlar tərəfindən qəbul edilən aktların üzv-dövlətlər arasında nüfuzunu yüksəldir. Beynəlxalq təşkilatlar çərçivəsində mübahisələrin həlli funksiyasının həyata keçirilməsi müvafiq təşkilatların nüfuzunun artırılmasına və bütövlükdə, beynəlxalq iqtisadi münasibətlərin inkişafına xidmət edir.

Beynəlxalq iqtisadi mübahisələri tənzim edərkən iqtisadi səlahiyyətli beynəlxalq təşkilatlar mübahisələrin dinc həllinin bütün vasitələrindən –danışıqlar, xeyirxah xidmətlər, vasitəçilik, məsləhətləşmə, barış, məhkəmə prosedurlarından kompleks şəklidə istifadə edirlər.

Beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq iqtisadi mübahisələrin tənzim edilməsi daha ardıcıl həyata keçirilir və bu proses mübahisə tərəfi olan dövlətlərə daha ucuz başa gəlir. Digər vacib məsələlərdən biri də odur ki, dövlətlərarası iqtisadi mübahisələri tənzim edən beynəlxalq təşkilatlar həmin beynəlxalq iqtisadi mübahisənin aid olduğu sferada fəaliyyət göstərir ki, bu da onların ixtisaslaşması baxımından əhəmiyyətlidir. Beynəlxalq iqtisadi təşkilatların beynəlxalq iqtisadi mübahisələrin həllində rolunun artmasına təsir edən faktorlardan biri də belə təşkilatların beynəlxalq iqtisadi mübahisələrin tənzimlənməsi prosesində dövlətlərin iqtisadi bərabərliyinin spesifik beynəlxalq institutlar çərçivəsində təmin edilməsidir. Lakin belə pozitiv təminata yalnız beynəlxalq təşkilatlar çərçivəsində kifayət qədər müstəqil və avtotritetil beynəlxalq məhkəmə, arbitraj mexanizmi olduqda nail olmaq mümkündür. Başqa sözlə, mübahisələr beynəlxalq iqtisadi təşkilatların inzibati orqanların səlahiyyətləri çərçivəsində deyil, məhkəmə, arbitraj baxışının predmeti olduqda səmərəli həll edilə bilər.



435. Bu baxımdan, xüsusi səlahiyyətli beynəlxalq təşkilatların arbitraj proseduru, o cümlədən Beynəlxalq Valyuta Fondu (İMF), Dünya Bankı çərçivəsində beynəlxalq iqtisadi mübahisələrin tənzimlənməsinin müəyyən fərqli xüsusiyyətləri olsa da, hər ikisində arbitraj baxışının mövcudluğu qeyd edilməlidir. İMF, Dünya Bankı ilə üzv-dövlətlər arasında, məsələn, üzvlüyünü itirən dövlətlə Fond arasında beynəlxalq iqtisadi mübahisə yaranarkən mübahisə Beynəlxalq Valyuta Fondu haqqında Sazişin 29-cu, Beynəlxalq Maliyyə Korporasiyası haqqında Sazişin 8-ci, İnvestisiya təminatları üzrə çoxtərəfli Agentliyin təsis edilməsi haqqında Seul Konvensiyasının 8-ci maddələrilə nəzərdə tutulan prosedura uyğun həll edilir.

436. BMT-nin Sənaye İnkişafı üzrə Təşkilatının (UNİDO-nun) Nizamnaməsinə 3-cü Əlavəyə uyğun olaraq beynəlxalq iqtisadi mübahisələrin həlli prosedurunda danışıqlar yolu ilə beynəlxalq iqtisadi mübahisəni həll edə bilməyən tərəflərə öz mülahizələrinə əsasən mübahisəli məsələni həll etmək üçün

- Şuraya;

- beynəlxalq məhkəməyə;

- arbitraj məhkəməsinə; və

- barış komissiyasına müraciət etmək təklif edilir.

Buna baxmayaraq, UNİDO çərçivəsində beynəlxalq iqtisadi mübahisələrin tənzimlənməsində mənfi xüsusiyyətlər üstünlük təşkil edir. Belə ki, beynəlxalq iqtisadi mübahisələrə baxılmasının müəyyən müddətlə məhdudlaşdırılması, qaydanı pozmuş dövlətin beynəlxalq iqtisadi hüquq pozuntusunun mənfi nəticələrini aradan qaldırılmasından yayınmaq üçün prosesin gedişini ləngitmək, beynəlxalq arbitrajın təsisindən imtina edə bilməsi imkanı və s. qeyd edilə bilər.

Beynəlxalq iqtisadi təşkilatlardan bilavasitə mübahisələrin həlli mexanizmi kimi təsis edilən beynəlxalq qurumlar da fəaliyyət göstərir. Buna misal olaraq, MIGA və ICSID qeyd edilə bilər (236, 455).
12.1.5. BMT Beynəlxalq Məhkəməsi
437. İlk beynəlxalq məhkəmə təsisatı Millətlər Liqasının Assambleyası tərəfindən 1920 –ci ildə qəbul edilən Nizamnamə əsasında fəaliyyət göstərən Beynəlxalq Daimi Ədalət Məhkəməsi olmuşdur. Bu təsisat Millətlər Liqasının müstəqil orqanı kimi təşkilatın mövcud olduğu dövürdə fəaliyyət göstərmişdir. Məhkəmə 1946-cı ilə kimi fəaliyyət göstərmiş və BMT Beynəlxalq Məhkəməsinin təsis edilməsi ilə öz fəaliyyətini dayandırmışdır.

Hazırda beynəlxalq məhkəmə təhqiqatı bir qayda olaraq BMT Beynəlxalq Məhkəməsi tərəfindən həyata keçirilir. Məhkəmə BMT Nizamnaməsinin XIV Bölməsi, özünün Statutu və 1946-cı ildə işlənib hazırlanmış Reqlamenti əsasında fəaliyyət göstərir. Məhkəmə BMT-nin əsas orqanlarından sayılır. Eyni zamanda BMT-nin digər beynəlxalq məhkəmə qrumlarının təsis edilməsini istisna etmir.

Beynəlxalq təşkilatlar çərçivəsində BMT Beynəlxalq Məhkəməsi özünün fəaliyyəti və yurisdiksiyası ilə beynəlxalq iqtisadi mübahisələrin həllində xüsusi rola malikdir.

Beynəlxalq Məhkəmənin beynəlxalq mübahisələrin dinc həlli vasitələrindən biri kimi nəzərdə tutulması yenə də BMT Nizamnaməsinin 33-cü maddəsinin 1-ci bəndindən meydana gəlir. BMT-nin bütün üzvləri eyni zamanda Beynəlxalq Məhkəmənin Statutunun iştirakçılarıdır. Beynəlxalq Məhkəmənin fəaliyyət sferasına yalnız dövlətlərarası mübahisələr daxildir. Onun səlahiyyətləri isə Statutu ilə müəyyən olunur. Statut Beynəlxalq Məhkəmənin səlahiyyətlərinin sərhədlərini müəyyən edir. Məhkəmə dövlətlərlə şəxslər arasında, eləcədə fiziki şəxslər arasındakı mübahisələrinə baxmaq səlahiyyətinə malik deyil. Dövlətlərarası mübahisələrin həlli də spesifikliyə malikdir. Belə ki, müvafiq mübahisələr də yalnız hər iki tərəfin razılığı olduqdan sonra Məhkəmədə araşdırıla bilər. BMT Beynəlxalq Məhkəmənin səlahiyyətləri onun yurisdiksiyası tanıdığı halda yaranır.



438. BMT Beynəlxalq Məhkəmənin Statutuna uyğun olaraq Məhkəmənin məcburi yurisdiksiyasının tanınması dövlətlərin ya birtərəfli bəyanatı vasitəsilə, ya da ikitərəfli sazişlərin bağlanması yolu ilə ola bilər. Belə müqavilələrə sülh və əməkdaşlıq, təbii resusların birgə istismarı, dənizlərin milli sektorlara bölünməsi haqqında və s. müqavilələr daxildir. Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyası eyni zamanda bir sıra çoxtərəfli universal müqavilələrdə də əks olunmuşdur. Buna baxmayaraq, BMT Beynəlxalq Məhkəməsinin məcburi yurisdiksiyası bir sıra dövlətlər tərəfindən isə qeyd-şərtlə tanınmışdır. 2004-cü il məlumatına görə 65 dövlət onun yurisdiksiyasını tanıyıb.

BMT Beynəlxalq Məhkəməsinin Statutunun 36.2 maddəsinə görə Məhkəməsinin yurisdiksiyasına



  1. beynəlxalq müqavilələrin təfsiri;

  2. beynəlxalq hüququn istənilən məsələsi;

  3. beynəlxalq öhdəliyin pozulmasına gətirib çıxaran faktın mövcudluğunun;

  4. beynəlxalq öhdəliyin pozulmasına görə dəymiş zərərin xaraqterinin və həcminin

müəyyən edilməsi daxildir.

439. Qeyd etdiyimiz kimi, BMT Beynəlxalq Məhkəmə baxışı üçün xaraqterik xüsusiyyət onun qarşılıqlı razılıq əsasında fəaliyyət göstərməsidir. Hər hansı dövlətin başqa bir dövlətlə qarşılıqlı mübahisəsinin Beynəlxalq Məhkəmədə həlli üçün razılıq alması, şübhəsiz ki, onun yurisdiksiyasını kifayət dərəcədə məhdudlaşdırır. Müəyyən kateqoriya mübahisələr isə ədəbiyyatda da bəzən “sırf siyası” mübahisə kimi qiymətləndirilən və uzun müddət davam edən hərbi konfiliktlər şəraitində həlli tələb edilən mübahisələrdir. Bu yönümlü sonuncu mübahisələrdən biri 2005-ci ildə Konqo Demokratik Respublikası ilə Uqanda arasında baş vermişdir. Tərəflərin hərbi təcavüz, digər tərəfin təbii ehtiyatlarının qeyri-qanuni ifadəsi, kütləvi formada insan hüquqlarının pozulması ilə bağlı qarşılıqlı ittihamları Beynəlxalq Məhkəmə baxışına qəbul etmişdir.

Belə mübahisələrdə hüquqi tərkibin, məzmunun fərqləndirilməsinin mürəkkəbliyi, digər tərəfdən, məsələnin həllində BMT Təhlükəsizlik Şurasının xüsusi rolunun nəzərə alınması zərurəti Məhkəmənin müvafiq kateqoriya işləri icraatına qəbul etməsinə qarşı fikirlərin meydana çıxmasını istisna etməmişdir. Şübhəsiz ki, hərbi fəaliyyət, işğal, təcəvüz faktının müəyyən edilməsi, həmçinin Məhkəmənin qəbul etdiyi qərarın icrası ilə bağlı problemlər diqqətdən yayına bilməz. Xüsusən də, ABŞ-ın Nikaraqua ilə mübahisəsində Məhkəmənin yurisdiksiyası haqqında məsələ həll edilərkən müvafiq məzmunda etiraz ABŞ tərəfindən edilmişdi. ABŞ qeyd edilən arqumentlə yanaşı, həm də BMT Beynəlxalq Məhkəməsinin (hələ 1946-cı ildə qeyd-şərtlə də olsa tanıdığı) məcburi yurisdiksiyasından imtina etdiyi bəyan edir. Lakin Məhkəmə bu arqumentləri rədd edərək göstərmişdir ki, güclə hədələmək və onun tətbiqi Beynəlxalq Məhkəmənin həll edə bildiyi və beynəlxalq hüquqla tənzimlənən hüquq məsələsidir.

Başqa sözlə, bu problem ABŞ-ın Məhkəmənin yurisdiksiyasını tanıyıb-tanımamasından asılı olmayaraq Beynəlxalq Məhkəmə tərəfindən həll edilməsi mümkün olan hüquq məsələsidir.

440. BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsindəki səlahiyyətinə müdaxilə etmədən, Məhkəmə belə bir mövqedən çıxış edir ki, Təhlükəsizlik Şurasının xüsusi rolu belə məsələlərin həllində Məhkəmənin özünün funksiyalarını həyata keçirməsini istisna etmir. Məhkəmə bu məsələnin həllində müstəqil rol oynayaraq eyni zamanda bir çox hallarda Təhlükəsizlik Şurasının siyasi qərarlarını tanımayarsa, digər hallara həmin qərarlar üçün zəmin yaradır. Müvafiq yönümlü mübahisələr üzrə qəbul edilmiş qərarlar Təhlükəsizlik Şurası tərəfindən (xüsusən də, onun daimi üzvlərinin bu və ya digər konfilikdə maraqlı olması üzündən) bəyənilməsə də, müəyyən bir presedent yaratmışdır. BMT Nizamnaməsinin 94-cü maddəsinin 2-ci bəndinə görə Nikaraqua ABŞ tərəfindən Məhkəmənin qərarının icra edilməsi faktı ilə TŞ-yə müraciət etsə də, ABŞ-ın veto hüququndan istifadə etməsi nəticəsində TŞ qərar qəbul edə bilməmişdi.

İlk dəfə olaraq BMT tarixində Nizamnamənin 94-cü maddəsinə uyğun olaraq Beynəlxalq Məhkəmənin qərarının icra edilməsi faktı TŞ-də müzakirə obyektinə çevrilir. ABŞ tərəfi məsələni Məhkəmənin yurisdiksiyası ilə əlaqələndirməyə çalışsa da Nikaraqua tərəfi haqlı olaraq bildirir ki, Məhkəmənin yurisdiksiyası haqqında məsələ yalnız həmin qurumun səlahiyyətində olan problemdir. Məhkəmə özünün səlahiyyətini də təsbit edən belə bir qərar qəbul etmişdi ki, onun qərarı Statutun 59 və 60-cı maddələrinə uyğun olaraq tərəflər üçün məcburi və sonuncu olmaqla mübahisə edilə bilməz.

Təhlükəsizlik Şurasında ABŞ-ın veto hüququ ilə qarşılaşqan Nikaraqua hökuməti Məhkəmə qərarının icra edilməsi üzrə qətnamə layihəsini BMT Baş Məclisinin 41-ci sessiyasına təqdim edir. Baş Məclis üç səs (ABŞ, İsrail, Salvador) əleyhinə, 47 bitərəf və 94 səs lehinə olmaqla Qətnaməni qəbul edir.

ABŞ Məhkəmənin qərarının tanınmasından imtina etsə də sonradan (Nikaraqua limanlarının minalanmasını dayandırmaqla) Məhkəmənin qərarında təsbit edilmiş məsələlərin birini təmin etmiş olur. Məhkəmənin müvafiq yönümlü digər qərarı İran körfəzində 1987-1988-ci illərdə İran-İrak müharibəsi zamanı ABŞ tərəfindən İranın neft platformalarının məhv edilməsilə bağlı olmuşdur.



Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə