Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə19/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

(6.123) “Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar (günahlarını, bunun nəticəsində də Axirətdə əzablarını daha da artırmaq üçün) orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin (bunun) fərqinə varmazlar”.
Hər şəhərdə ən ağır günahlar törədən və bütün halal hədləri aşan ağsaqqallar və rəislər mövcuddur. Onlar xalqı aldadır və həm də söz və əməllərilə onu şeytanın yoluna və elçilərlə və onların tərəfdarları ilə döyüşə çağırırlar. Lakin onların fitnə-fəsadları və hiylələri ancaq özlərinə zərər vurur, çünki Allah onlara qarşı tələ hazırlayır. Qoy bilsinlər ki, O, fəndgirlərin Ən Məharətlisidir.

Allah təqlid edilməyə nümunə olan, cinayətkarlara qarşı mübarizə aparan, onların iddialarını rədd edən və Onun yolunda onlarla döyüşən şərəfli insanları düz yola yönəldir. Belə insanlar bu məqsədə yetişmək üçün istənilən imkanlardan istifadə edirlər və Allah da onlara kömək göstərir, baxışlarını islah edir və addımlarını möhkəmlədir. Onların düşmənləri ilə aralarında gedən mübarizəsi dəyişən uğurla davam edir, amma axırda qələbə və zəfər möminlərə məxsus olur, çünki yaxşı sonluq ancaq Allahdan qorxanların qismətidir.
                             
(6.124) “Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəm­bər­­lərinə verildiyinin (nübüvvətin, möcüzələrin) misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!”
İslahedilməz cinayətkarlar öz yalançı nəzəriyyələrini müda­fiə edir və elçilərin gətirdiyi haqqı öz paxıllıqları və zalımlıqları üzündən inkar etməyə cəhd göstərirlər. Onlar Allahın elçilərinə bəxş edilən peyğəmbərlik vəhyi onların özlərinə verilməyənə qədər iman gətirməkdən boyun qaçırırlar. Onlar Allahın Özünə qarşı etiraz edir, özləri özlərini azdırır, elçilərə nazil edilən haqqı təkəbbürlə rədd edir və Onun nemətinə müqavimət göstərirlər.

Allah onların yanlış etirazlarını rədd edir və xəbər verir ki, onlar xeyirxah təşəbbüslər üçün yaramırlar və Onun mömin qullarına, xüsusilə də, peyğəmbərlərinə və elçilərinə zəruri olan keyfiyyətlərə malik deyillər. Allah vəhyini kimə etibar edəcəyini, bu şərəfə kimin layiq olduğunu və kimin bu ağır yükü aparmağı bacaracağını daha yaxşı bilir. Allah onu, bütüm gözəl keyfiyyətlərə sahib və yaramaz əxlaqdan xali olan insanların arasından seçir və ilahi hikmətinin tələblərinə uyğun olaraq onlara əta edir. İnsan belə keyfiyyətlərə malik olmadıqda, onda Allah ona peyğəmbərlik haqqı vermir. Axı O, layiq olmayan şəxsə heç vaxt belə böyük bir şərəfli vəzifə42 nəsib etməz.

Bu ayə Fövqəluca Allahın kamil müdrikliyinin sübutudur. O, Rəhmlidir, Mərhəmətlidir, etdiyi yaxşılıqlar isə saysız-hesabsızdır, lakin O, Öz hikməti əsasında ancaq layiq olanlara mərhəmət göstərir. Cinayətkarlara gəldikdə isə onların nəsibi alçaldılma və nifrət olacaqdır. Allah onları, özlərini haqdan üstün tutduqlarına görə alçaldacaq və fitnə-fəsad törətdikləri üçün şid­dətli cəzaya məruz qoyacaq. Onların qəddar hiylələri öz əziyyət­lərinə səbəb olacaq və Fövqəluca Allah onlarla ədalətsizcəsinə davranmayacaq.

                            


(6.125) “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!”
Fövqəluca Allah bu ayədə qullarına nəyin xoşbəxtliyin və doğru təlimin əlamətləri olduğunu, nəyin isə bədbəxtliyin və yol azmanın əlamətləri olduğunu izah edir. İnsanın sinəsi İslam üçün genişləndikdə, onun qəlbi iman nuru ilə işıqlanır, etiqadının ziyalanması sayəsində canlanır, rahatlıq tapır və sakitləşir. Belə insan xeyirxahlığa məhəbbət hissi ilə yanaşır, saleh işləri həvəslə yerinə yetirir, onları etməkdən məmnunluq duyur və onları özünə əlavə yük saymır. Bütün bunlar ona dəlalət edir ki, Allah onu artıq doğru yola yönəltmiş, ona yardım göstərmiş və onu ən düzgün yolla aparır.

Allah insanı azdırmaq istəyərsə, onda onun sinəsi sıxılmış və daralmış olur. Onu başqasından fərqləndirən əlamət – qəlbinin imanı, bilikləri və etiqadı özündə yerləşdir­məyə qabil olmayacaq dərəcədə daralmasıdır. Onun ürəyi şübhələr və ehtiraslar burulğa­nına o qədər qapılır ki, yaxşılıq ona daxil ola bilmir. O, artıq xeyirxah addımlar atmağa yaramır. O, sıxılmış və narahatdır, sanki bu adama göyə qalxmaq tapşırılıb və o, bu tapşırığı yerinə yetirməkdə acizdir. Bunun səbəbi isə düzgün imanının olmamasıdır. Məhz imansızlıq insanları Allahın cəzasına düçar edir, çünki kafirlər mərhəmət və xeyirxahlıq qapılarını öz qarşılarında özləri bağlayırlar.

Bu meyar tamamilə qərəzsizdir və bu müddəa qətiyyən dəyişməzdir. Sədəqə verənlərin və təqvalı olanların, ən yaxşı sözü qəbul edənlərin ən asan yolunu Allah həmişə daha da asanlaşdırır. Allah xəsis olanın və Ona ehtiyacı olmadığını güman edən ada­mın, ən yaxşı sözü yalan sayan adamın ən ağır yola düçar olmasını isə asanlaşdırır.
         
(6.126) “Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi düşünüb anlayan bir camaat üçün artıq müfəssəl izah etmişik”.
Bu yol birbaşa Allaha doğru aparır və Onun şəfqətli yurdu ilə sonuclanır. O Öz şəriətini və hökmlərini izah edir, xeyirlə şər arasına sədd çəkir, lakin heç də hamı bu açıqlamaları başa düş­məyə nail ola bilmir. Bunu, təkcə bilik əldə edib ondan faydalana­raq zikr edən insanlar anlamağa nail olurlar. Allah onlar üçün çox qiymətli əvəz və gözəl mükafat hazırlamışdır və buna görə sonra belə deyilir:
           

(6.127) “Onları Rəbbinin yanında əmin-amanlıq Yurdu göz­­ləyir. Allah onların gördüyü işləri himayə edəndir (və ya gördükləri yaxşı işlərə görə Allah onların dostudur)”.
Cənnət Əmin-amanlıq Yurdu adlandırılmışdır, çünki orada nöqsanlardan, yanlışlıq­lardan, xətalardan, qəm, kədər və həyatı zəhərləyən şeylərdən əsər-əlamət belə yoxdur. Cənnətdə alınan zövq mükəmməl və pakdır. Onları sözlə təsvir etmək mümkün deyil və heç kim qəlb, ürək və bədən üçün oradakından daha gözəl səadət arzulaya bilməz. Möminlər orada ürəklərinin istədiyi və gözlərinin dikildiyi hər şeyi ala biləcəklər və orada əbədi qalacaqlar. Onlara, işlərini sahmana salan, barələrində qayğı çəkən və bütün işlərdə onlara üstünlük verən, Ona tabe olmaqda onlara kömək göstərən, Onun məhəb­bətinə layiq olmağa imkan yaradan Allah himayədarlıq edəcəkdir. Onlar öz Himayədarı­nın mərhəmə­tini qazanmaq ümidi ilə həyata keçirdikləri saleh əməlləri sayə­sində bu himayədarlığa layiq görülürlər. Onlar, öz Himayədarın­dan üz çevirənlərə və öz nəfslərinə tabe olanlara qətiyyən oxşamırlar, çünki Allah şeytana imkan vermişdir ki, onlara qələbə çalıb, dinlərini və dünya həyatını məhv etsin.
                                   
(6.128) “(Allah insanları və cinləri) toplayacağı gün (Qiyamət günü) belə buyuracaq: “Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız”. Onların (cinlərin) insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar bir sıra batil şeyləri insanlara gözəl göstərdikləri üçün insanlar onlardan faydalandıqlarını zənn edərlər. Cinlər, şeytanlar isə insanları özlərinə tabe edə bildikləri üçün onlardan öz qərəzli məqsədləri naminə istifadə edərlər) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” (Allah) buyuracaq: “Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan İslamı qəbul edib nicat tapan kimsələr) istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin Hikmət, Elm Sahibidir!”
Fövqəluca Allah, yolundan azmış və başqalarını da azdırmış bütün insanları və cinləri bir yerə toplayacağı Həmin gün insanları azdıran, şəri onlara gözəl qiyafədə göstərən və onları günah işlətməyə məcbur edən şeytanları qınayacaqdır. Onlara belə deyiləcək: “Ey cin yığnağı! Siz insanların çoxunu azdırıb yoldan çıxartdınız. Necə oldu ki, siz Mənim qadağalarımı pozmağa və Mənim elçilərimə kobudcasına itaətsizlik göstərməyə cəsarət etdiniz? Siz qullarımı Rəbbin yolundan çəkindirərək və onları Cəhənnəm yolu ilə apararaq Mənə qarşı döyüşməyə cürət etdiniz? Bu gün siz Mənim lənətimə layiq görüldünüz və qəzəbimə nail oldunuz və sizin hər biriniz kafirliyinin və ətradakılara vurduğunuz zərərin ağırlığından asılı olaraq cəzalandırılacaqsınız. Siz törətdiyiniz əməllərinizi doğrulda bilməyəcəksiniz və özünüzə sığınacaq tapa bilməyəcəksiniz. Heç kim sizə havadar çıxmayacaq və heç kim yalvarışlarınıza cavab verməyəcək”.

Bu dəhşətli gündə şeytanların nəsibinə necə dəhşətli cəza, böyük rüsvayçılıq və məşəqqətli əzab düşəcəyini anlamaq çətin deyil. Onların insanlardan olan əlaltılarına gəldikdə isə onlar özlərini doğrultmağa cəhd edəcəklər, lakin onlara bəraət verilmə­yə­­cəkdir. Onlar deyəcəklər: “Biz və cinlər bir-birimizdən istifadə edirdik. Cinlər bizim onlara tabe olmağımıza və ibadət etməyi­mizə, onları ucaltmağımıza və onlardan himayə edilməyimizi istəməyimizə razıydılar. Biz isə cinlərin sayəsində bəzi nöqsanlı arzuları­mızın həyata keçməsindən razı idik. Biz cinlərə ibadət edir, onlar da bizə ximət edir və bəzi maddi nemətləri əldə etməkdə bizə kömək göstərirdilər. Biz inkar edə bilməyə­cəyi­miz günahlar edirdik. İndi isə törətdiyimiz əməllərə görə cavab verməli olacağıq. Bizimlə istədiyin kimi rəftar et, Öz hökmünü ver. Biz öz xeyrimizə heç bir dəlilə malik deyilik və bəraət qazana da bilmərik və bizə təkcə Sənin qərarını və hökmünü gözləmək qalır”.

Bu sözlərdə mütilik və özünə rəhm hissi doğurmaq arzusu nəzərə çarpır. Lakin artıq olduqca gec olacaqdır və buna görə Allah ədalətli və qərəzsiz hökm qəbul edərək, onları Cəhənnəmdə əbədi cəzaya məhkum edəcəkdir. Bu hökm Onun ilahi müdrikliyinin və elminin nəticəsi olduğu üçün bu ayənin sonunda Allah Özünü Müdrik və Bilən adlan­dırır. Onun biliyi bütün varlığı əhatə edirsə, Onun ən ali müdrikliyi də hər şeyi öz­ün­də təcəssüm etdirir.
        

(6.129) “Beləliklə, qazandıqları günahlara görə zalımların bəzisini digərinə düçar edərik”43.
Biz pozğunluq törədən şeytanlara insanlardan olan əlaltıla­rını idarə etməyə və onları yoldan çıxarmağa imkan verir və həm də qazandıqları və can atdıqları şeyə görə onları dostluq bağları ilə bir-birinə bağlayırıq. Bu minvalla, Bizim qərarımıza uyğun olaraq, Biz bəzi zalımlara digər zalımları idarə etmək, onları cinayət törətməyə sövq etmək, onları buna dəvət etmək, yaxşı əməllər etməsinə mane olmaq, onlardan uzaqlaş­dırmaq imkanı veririk.

Bu – Allahın ən dəhşətli cəzalarından biridir. Bu, ağır nəticə­lərə səbəb olur və böyük təhlükədən ibarətdir. Lakin buna görə məsuliyyət zalımlara aiddir, çünki onlar özləri özlərinə zərər vurmuş və özlərinə qarşı cinayət törətmişlər. Fövqəluca Allah əbəs yerə buyurmayıb ki: “(Ey Peyğəmbər!) Sənin Rəbbin (haqsız yerə) bəndələrə zülm edən deyildir!” (Fussilət, 41/46).

Bütün bu deyilənlərdən aydın olur ki, əgər qullar çoxsaylı zalım əməllər etdikdə, şərəfsizlik yaydıqa və öz vəzifələrini yerinə yetirmədikdə, hökuməti idarə etməyə zalım insanlar gəlir və onlar öz xalqlarını dəhşətli cəzaya məruz qoyur, onları hüquqlarından müstəbidcəsinə məhrum edirlər və onları törətdikləri bədbəxtlik­lərdən dəfələrlə daha ağır müsibətlərə düçar edərək, Allah və Onun qulları qarşısında vəzifələrini yerinə yetir­məkdən boyun qaçırırlar. Həm də bu zaman onlar buna görə mükafat almırlar və hətta buna ümid də etmirlər. Əgər qullar möminliyə nail olur və haqq yola yönəlirlərsə, onda Allah onların hökmdarlarının əməllərini islah edir, zalım hökmdarın yerinə hakimiyyətə ədalətli və insaflı dövlət rəhbərləri gəlir.
                                      
(6.130) “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik!” (Peyğəmbərlər bizə pis işlərimiz barədə xəbərdarlıq etsələr də, biz onlara qarşı çıxıb günah işləməkdə davam etdik. Biz indi hər cəzaya layiqik). Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər.

(6.131) “Bu, (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz!
Allah haqdan üz döndərən və onu inkar edən bütün şeytanları və insanları qınayacaqdır. O, onların azğınlığını özlərinə izah edəcək və yolunu azmışlar günahlarını etiraf edəcəklər. O, onlara xatırladacaq ki, elçilər onlara Onun hökmləri və qadağaları, mömin əməllər və şər əməllər, faydalı vədlər və sərt təhdidlər olan və təfsilatı ilə açıqlanmış aydın ayələr gətirirdilər. Elçilər onları Qiyamət gününün yaxınlaşması barədə xəbərdar edir və bəyan edirdilər ki, Həmin gün xilas olmaq, uğur əldə etmək təkcə Allahın hökmlərinin yerinə yetirilməsi və haramlardan çəkinilməsi sayəsində mümkün ola biləcəkdir. Elçilər öyrədirdilər ki, bu hökmlərin yerinə yetirilməməsi bədbəxtlik və böyük ziyanla nəticələnəcəkdir.

İnsanlar və cinlər bunu etiraf edəcək və boyunlarına alacaqlar ki, bu dünya öz nemətləri, gözəllikləri və zövqü-səfası ilə onları o dərəcədə aldatmışdır ki, onlar ümidlərini ona bağlamış, ondan məmnun olmuş və Axirətə laqeydlik göstərmişlər. Onlar özlərinə qarşı şahidlik edəcək və kafir olduqlarını boyunlarına alacaqlar. Onlar ittihamı özlərindən kənarlaşdıra bilməyəcəklər və onda bütün məxluqlar, hətta kafirlər özləri Allahın ədalətliliyinə əmin olacaqlar. O, onları işgəncəli cəzaya məhkum edəcək və buyuracaq: “...Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!...” (Əraf, 7/38).

Onlar eyni günahları işlətmiş, yer üzündəki qismətlərindən eynilə zövq almış və yalan boşboğazlıqlar etmişdilər və buna görə də onlar əsil ziyana uğrayacaqlar. Məgər Səadət diyarına düşmək imkanından məhrum olmaqdan da boyük ziyan ola bilərmi?!! Cəhənnəmin bütün sakinlərinin ziyana düşəcəklərinə baxmayaraq, onların ziyanının ölçüsündə çox böyük fərqlər olacaq.
         

(6.132) “Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif mükafatlar və cəzalar) vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!”
Hər bir cinayətkar öz cinayətlərinə uyğun gələn pilləni tutacaq və buna görə az günah işlədənlər qatı cinayətkarlarla eynu səviyyədə olmayacaqlar, aldadılmış sadəlövh insanlara isə kafirlərin başçılarına verilən cəza, verilməyəcək. Cənnət bağlarına daxil olanların hamısının uğur əldə edəcəyinə baxmayaraq, belə fərqlər Cənnət sakinləri arasında da olacaqdır. Təkcə Allah bilir ki, onların mükafatları bir-birindən nə qədər fərqli olacaq, lakin onların hər biri öz Himayədarının hədiyyələrindən məmnun qalacaqdır.

Biz isə Fövqəluca Allaha dua edirik ki, bizi, Öz yaxın, seçilmiş və sevimli qulları üçün hazırladığı ən yüksək Firdövs cənnətinin sakinləri etsin. O, Öz məxluqlarının əməllərinə laqeyd yanaşmır və onlardan hər birini Ona dəqiqliklə məlum olan əməllərinə və niyyətlərinə uyğun olaraq hökmən mükafatlan­dıracaqdır.
                          
(6.133) “Rəbbin heç bir şeyə (heç bir bəndənin ibadətinə) möhtac deyildir, mərhəmət sahibidir. İstəsə, sizə başqa bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi kimi, sizi də məhv edib yerinizə dilədiyini gətirər”.

(6.134) “Sizə vəd edilən (qiyamət günü), şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!”
Allahın qullarına xeyirxah əməllər etməyi və onlara yaramaz hərəkətlərdən çəkin­məyi əmr etməsi onlara göstərdiyi mərhəmə­tinin təcəssümüdür. O, bunları insanların öz mənafeləri xatirinə etmişdir, çünki O, Özünəbəs və yaratdıqlarına Ehtiyacduymayan­dır. İtaətkarların mütiliyi Ona heç bir fayda vermədiyi kimi, itaətdən çıxanların itaətsizliyi də Ona heç bir zərər vurmur.

Ey insanlar! Əgər Allah istəsə, sizi məhv edər və sizi başqa xalqların nəslindən yaratdığı kimi, sizin yerinizə də istədiklərini xələfləri­niz edər. Sizdən əvvəlkilər kimi, sizə də bu dünyanı hökmən tərk edəcəyiniz və sələflərinizin onu sizə qoyub getdiyi kimi, sizin də onu varislərinizə verəcəyiniz məlumdursa, onda siz niyə bu dünyaya daimi məskəniniz kimi yanaşırsınız? Niyə siz Yeri özünüzün daimi yaşayış məskəni seçir və unudursunuz ki, o, həyatınızın son mərhələsi deyil, aralıq məntəqədir? Niyə unudur­sunuz ki, irəlidə istənilən nemətlərlə zəngin və hər cür qüsur və nöqsanlardan xali olan bir diyar vardır?

Həmin o diyar üçün ilk və sonrakı nəsillər səy göstərmiş və ilk möminlər və onların ardıcılları oraya getmişlər. Orada olduq­dan sonra insan əbədi həyat və daimi yaşayış əldə edir, ən çox arzu etdiyi məqsədinə çatır və ən müqəddəs istəyinin icra edilməsinə nail olur ki, bu istəyin yanında yerdə bütün digər arzu və xəyallar əhəmiyyətsizdir. Allaha and olsun ki, orada ürəyin istəyə, gözlərin görə biləcəyi və yarışanların bir-biri ilə adı ilə yarışdıqları hər şey bir yerdə toplanmışdır. Orada insanlara ləzzət və həzz verən, çoxlu sevinc gətirən, ruhu və bədəni oxşayan nemətlər hazırlan­mışdır. Orada insanlar qeybi Bilən Allahın yaxınlığında olacaqlar. Allaha and içirəm ki, ağıllı insanın səy göstərməsi ancaq belə səxavətli hədiyyələrlə bağlanmaq və onun yeganə arzusu Cənnətin ən yüksək pillələrinə çatmaq olmalıdır. Bundan azı ilə qane olanların qisməti necə də mənhusdur! Faydasız sövdəyə üstünlük verənlərin ciddi-cəhdləri necə də mənfurdur!!

Qoy haqdan laqeydliklə üz döndərənlərə o Aləm çox uzaqda təsəvvür edilməsin! Allahın vəd etdiyi mütləq gələcəkdir və o zaman onlar Ondan qurtula, Onun verəcəyi cəzadan yayına bilməyəcəklər! Onların taleyi – Onun əlindədir və onlar Onun hökm­lərindən asılıdırlar.
                  

(6.135) “(Ey Elçim! Qüreyş kafirlərinə) de: “Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Axirət Yurdunun aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!”
Ey Elçi! Sən möizələrinlə həmqəbilələrinə müraciət edərək onları qarşıda nələrin gözlədiyini onlara bildirmişsən. Sən onlara hansı vəzifələrin həvalə edildiyini də açıqlamışsan, lakin onlar sənə itaət etməkdən imtina ediblər, öz istədiklərinə üstünlük verərək, uydurulmuş “tanrılarına” ibadət etməkdən əl çəkməmişlər. Buna görə də onlara de: “Ey mənim həmqəbilələrim! Necə bilirsiniz, eləcə də edin, razı qaldığınız əməlləri törədin. Mən isə Allahın hökmlərini yerinə yetirəcək və Onun rizasını qazanmağa çalışaca­ğam. Siz çox tezliklə Son məskənin kimə qismət olacağını biləcəksiniz”.

Bu vəhy Allahın misilsiz ədalətinin dəlilidir. O, əməlləri edənlər arasında olan fərqi göstərmiş və onların əvəzini ədalətli dəyərləndirmə ilə əlaqələndirmişdir. O, bir eyhamın bəsliyinin mümkün olduğu halda, fikri birmənalı şəkildə bildirmir, çünki tamamilə aydındır ki, gözəl sonluq həm bu dünyada və həm də ölümdən sonra təkcə təqvalı qullarının aqibəti olacaqdır.

Son məskən təkcə onlara qismət ediləcəkdir, çünki elçilərin dəvətindən üz çevirən hər kəsi çirkin sonluq gözləyir. Hətta əgər zalım insana dünya nemətlərindən həzz almaq mümkün olsa da, o heç vaxt uğur qazana bilməyəcək, çünki o, onsuz da məhv olacaqdır. Allah ona möhlət verir və O, onu bir dəfə elə yaxala­yacaq ki, o artıq həmin vəziyyətdən canını daha qurtara bil­məyəcəkdir.

                               
(6.136) “(Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!” – dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!”
Fövqəluca Allah Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) inkar edən müşriklərin əməlləri haq­qında xəbər verir və bu əməllər onların axmaqlığını, yüngülmə­cazlığını və hədsiz nadanlığını təsdiq edir. Mərhəmətli və Fövqəluca Allah onlardan ancaq bir neçəsini sadalayır ki, müşrik­lərin azğınlığını nəzərə çapdırsın, insanları onlardan qorunmala­rına yönəltsin və izah etsin ki, belə axmaqların Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) gətirdiyi haqqa qarşı çıxmaları, heç vəchlə bu haqqın əhəmiyyətini azaltmır. Müşriklər, ümumiyyətlə, layiq deyillər ki, onların sözlərinə görə kimsə haqdan dönsün.

Müşriklər əkinlərinin və mal-qaralarının bir hissəsini Allah üçün, başqa bir hissəsini də öz “tanrıları” üçün təyin edərdilər. Halbuki Fövqəluca Allah qulları üçün mal-qara­nı Özü təkbaşına yaratmış və onları ruzi ilə təmin etmişdir. Bu davranışları ilə müşriklər bir dəfəliyə iki, hətta üç təhlükəli günah işlədirdilər. Birincisi, onlar belə hesab edirdilər ki, əkinin və mal-qaranın bir hissəsini Allahın payı kimi təyin etdikdə, Ona lütfkarlıq göstərirlər, çünki belə qurbanlar, onların rəyinə görə, vacib olmayan ianələrdir. İkincisi, onlar müşriklərə rusi verməyənləri, onların əkin və mal-qarasının yaradılmasında iştirak etməyənləri Allaha şərik qoşurdular. Üçüncüsü, onlar ədalətsizcəsinə rəftar edərək, Allah üçün təyin olunmuş paya xüsusi əhəmiyyət vermirdilər. Onlar bu payı hətta öz “tanrıları” arasında bölə də bilərdilər. Eyni zamanda müşriklər öz “tanrılarına” ayırdıqları payın qayğısına qalırdılar. Onlar onu ciddi-cəhdlə qoruyur və heç vaxt o payın bir hissəsini belə Allah üçün ayırmırdılar.

Müşriklər taxıl və meyvə məhsullarını yığarkən və ev heyvanlarından Rəbbin bəxş etdiyi bala artımı alarkən, onlar bu neməti iki yerə bölürdülər. Bir hissəni Allah üçün ayıraraq onlar güman edirdilər ki, O, bu qurbanları onlardan qəbul edir, – amma o da məlumdur ki, Allah təkcə səmimi qəlblə Onun üçün ayrılmış qurbanı qəbul edir və Ona şərik qoşanların əməllərini rədd edir. İkinci hissəni onlar öz bütləri və heykəlləri üçün təyin edərdilər.

Əgər Allah üçün ayırdıqlarının bir hissəsi öz “tanrıları” üçün təyin etdiklərinə qarışardısa, onlar onu Allahın payına qaytarmaz­dılar. Onlar buna əhəmiyyət verməyərək, deyərdilər: “Allahın bunlara ehtiyacı yoxdur!” Əgər, əksinə, “tanrılarına” həsr etdikləri hissədən bir qisim Allahın payına qarışardısa, onda müşriklər onu geriyə qaytarardılar və deyərdilər: “Bizim tanrılarımız kasıbdır və biz onların payını geri qaytarmalıyıq”.

Allaha həsr olunan qurbanlardan daha çox məxluqlara həsr olunmuş qurbanlara böyük səylə, səmimiyyətlə və qayğıkeşliklə yanaşan insanların yürütdüyü mühakiməsi gör nə dərəcədə yaramaz və ədalətsiz idi!!

Belə bir rəy var ki, bu kərim ayə Fövqəluca Allahın dediyi: “Mən bütün şəriklər arasında Mənə şərik qoşulmasına qətiyyən ehtiyac duymayanam və kim ki, Mənə bir şeyi şərik qoşarsa, Mən də onu o şərikiylə təklikdə qoyaram” kəlamının əks olunduğu səhih hədislə44 şərh edilmişdir.

Bu ayənin mənası ondadır ki, müşriklər bütlərinə ayırdıqları qurbanları vasitəsi ilə bütün ciddiyyətləri ilə onlara yaxınlaşmaq istəyirdilər və buna görə də onlar Allaha çatmırdı. Müşriklərin Allah üçün ayırdıqları qurbanlar da Ona çatmır, müşriklərin “tanrı­larına” qismət olurdu, çünki O, belə qurbanlara ehtiyac duymurdu və Ona şərik qoşan­la­rın əməllərini qəbul etmirdi.
                    
(6.137) “Beləcə, (onların şeytanlardan və cinlərdən ibarət olan) ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarma-qarışıqlıq salmaq məqsədilə övladlarını öldür­məyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ey Elçim!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!”
Müşriklər o dərəcədə düşüncəsiz və azğınlaşmış insanlar­dılar ki, onların şərikləri – kafir başçıları və şeytanlar – onları uşaqlarını öldürməyin məqsədəuyğunluğuna əmin etmişdilər. Onlar dilənçiliyə düşməkdən qorxaraq öz uşaqlarını və rüsvayçı­lıqdan ehtiyat edərək doğulmuş körpə qızlarını diri-diri basdırır­dılar. Müşriklər onları məhvə sürüklə­yən, dinlərini qarışıqlığa salan və onları ən yaramaz cinayətlər törətməyə yönəldən şeytan­lar tərəfindən aldadılırdılar.

Bu şəriklər, müşriklər üçün onların günahlarını, onlar o günahları ləyaqətli əməl sayana qədər, bəzəməkdə davam edirdi­lər. Əgər Allah istəsəydi onlara belə davranmağa mane olardı və valideynlərə uşaqlarını öldürməyə imkan verməzdi. Lakin Allah Özünün ilahi müdrikliyinə əsasən, onlara öz istədik­ləri kimi hərəkət etməyə imkan və möhlət verir ki, onlar daha da dərin azğınlığa düşsünlər və öz işlərinə xüsusi əhəmiyyət verməsinlər. Məhz buna görə Allah onları öz yalançı düşüncələri ilə tənha buraxmağı və buna görə kədərlənməməyi əmr edir. Həqiqətən, onlar Ona qətiyyən zərər vura bilmədilər.
                          
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə