Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə16/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

(6.74) “(Ey Elçim!) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!”
Ey Muhəmməd! İbrahim peyğəmbərin (ə) hekayətini xatırla, onu xoş sözlə yad et və tövhidə dəvətinə və insanları bütpərəstlik­dən çəkindirdiyinə görə onu təriflə! O, öz atası Azərə belə demişdi: “Doğrudanmı sən sənə fayda verməyi və ya zərər vurmağı bacarmayan və ətrafda baş verən hadisələr üzərində heç bir hakimiyyəti olmayan tanrıçalara ibadət edəcəksən? Mən hesab edirəm ki, sən və sənin qəbilədaşların – açıq-aşkar azğınlıq içindəsiniz, axı siz ibadətə layiq olmayan “tanrılara” ibadət edirsiniz və sizi xəlq edən, sizə ruzi verən və sizi idarə edən Allaha ibadətdən boyun qaçırırsınız”.
         

(6.75) “Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltə­nətini, oradakı qə­ribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun!”
Biz İbrahimə göylər və yer üzərində hakimiyyətin nə demək olduğunu göstərdik ki, onu tək Allaha ibadətə və insanları tövhidə dəvət etməyə ruhlandıraq. Biz ona təkzibolunmaz dəlilləri və inandırıcı sübutları görməyə imkan verdik ki, o, möhkəm iman sahibi olsun, çünki etiqad və biliklər, insanın tapmağı bacardığı dəlillərdən asılıdır.
               
(6.76) “Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəb­bimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm” - söylədi”.
Gecənin qaranlığı İbrahimi bürüyəndə o, göydə bir səma cismi gördü. Yəqin ki, bu, son dərəcə parlaq işıq saçan planet idi, çünki təkcə bir səma cisminin xatırlanması onun bütün qalan ulduzlardan fərqli və üstün olduğunu sübut edir. Bir sıra müfəssirlər hesab edirdilər ki, o, Venera imiş. Bu barədə ən yaxşı bilən Allahdır.

İbrahim ucadan dedi: “Budur mənim Rəbbim!” O, özünü elə göstərdi ki, sanki bütpərəstlərə inanmışdır və onun sözlərinin mənası beləydi: “Bu göy cismi mənim Rəbbim olacaq! Amma gəlin baxaq, görək, o, ibadət olunmağa layiqdirmi? Bizdə onun ilahlığı haqqında dəlillər varmı? Dərrakəli insana öz ürəyindən keçənləri ilahlaşdırıb, inandırıcı sübut və dəlillərə istinad etmədən onlara tanrı kimi ibadət etmək yaraşmaz”.

Həmin səma cismi yoxa çıxıb gözdən itdikdə, o dedi: “Mən, ibadət edənləri tərk edərək, diyirlənib gedən tanrıları sevmirəm. Əsil ilah Ona ibadət edənlərin daima qayğısını çəkməli və onların ən zəruri işlərini idarə etməlidir. Əgər tanrı insanları uzun müddətə tərk edirsə, məgər belə tanrı ibadətə layiqdirmi?! Məgər ona ibadət etmək böyük axmaqlıq və əcayib bir uydurma deyilmi?!”

                  
(6.77) “(Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) bat­dıq­da isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım” - söy­lədi”.
Başqa göy cisimlərindən fərqlənən və daha güclü işıq verən doğan ay səmada görünəndə, o, yenə də özünü elə apardı ki, guya bütpərəstlərlə razılaşmışdır. İbrahim (ə) ucadan səsləndi: “Budur mənim Rəbbim! Bu o birilərdən böyükdür”. Ay batanda isə o (ə) belə dedi: “Əgər Rəbbim məni düz yolla aparmasa, mən hökmən yolunu azmışların arasında olaram”. O (ə), Rəbbindən doğru təlimat almağa güclü ehtiyac hiss etdi və başa düşdü ki, əgər O, onu (ə) doğru yola yönəltməsə, bunu başqa heç kim etməyəcəkdir və əgər O, ona (ə) xeyirxah işlər görməkdə kömək etməzsə, onda heç kim ona (ə) belə bir yardım göstərə bilməz.
                              
(6.78) “(Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cisimlə­rindən) uzağam!”

(6.79) “Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönə­rək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”
Doğan günəşi gördükdə isə, İbrahim (ə) dedi: Budur mənim Rəbbim” O, ulduzlardan və Aydan da böyükdür”. Lakin tezliklə günəş də qürub edib batdı və o (ə), doğru yolu azğınlıqdan fərqləndirə bildi. O (ə) belə bəyan etdi: “Ey mənim xalqım! Mən sizin Allahın yerinə ibadət etdiklərinizdən uzağam, çünki sizin əməllərinizin yanlışlığını aydın və inandırıcı dəlillər sübuta yetirdi. Mən qərara aldım ki, təkcə Ona səmimi qəlbdən ibadət edim və bütün başqa tanrılardan üz döndərdim. Mən müşriklərdən deyiləm”. Beləliklə, İbrahim (ə) şirkdən əl çəkdiyini və tövhid dinini qəbul etdiyini bildirmiş və bu qərarını dəlillərlə əsaslandırmışdı.

Bu və əvvəlki ayələrin xatırlatdığımız şərhi ən səhih olanlardandır. Onlarda deyi­lirdi ki, İbrahim (ə) öz həmtayfaları ilə mübahisə edərək, göy cisimlərinə və başqa məxluqlara sitayiş etməyin yanlışlığını onlara göstərirdi. Hərçənd bəzi şərhçilər belə hesab edirdilər ki, o hekayətlərdə İbrahimin uşaqlıq çağının düşüncələri yad edilmişdir, lakin bu rəy səhih dəlillərlə təsdiq olunmur.
                                                
(6.80) “Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?”

(6.81) “Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?”
İbrahimin (ə) tayfadaşları onunla mübahisə etməyə başladıqda o (ə) dedi: “Doğrudanmı, Allah məni düz yola yönəltdikdən sonra siz mənimlə Onun barəsində höcətləşirsiniz? Haqqı başa düşməyən insanlarla mübahisə nə fayda verə bilər? Əgər Allah insanı doğru yola yönəltmişsə və o, ən yüksək dərəcədə iman sahibi olmuşsa, onda o, başqa insanları özünün iman gətirdiyinə dəvət etməlidir. Mən sizin Allahdan başqa sitayiş etdiklərinizdən qorxmuram, çünki sizin “tanrılarınız” mənə zərər vurmağa və məni xeyirdən məhrum etməyə qadir deyillər. Ancaq Rəbbimin istədiyi mənim başıma gələ bilər. O, Öz elmi ilə bütün varlığı əhatə edir. Məgər siz düşünmürsünüz və anlamırsınız ki, Allah – ibadətə layiq olan Vahid bir Rəbdir? Əgər siz haqlı olmanıza dair heç bir sübutunuz olmadan, nəfsinizə uyaraq, Allaha ibadət etmək əvəzinə, bütlərə ibadət etməkdən qorxmursu­nuzsa, mən sizin köməksiz və faydasız olan “tanrılarınızdan” niyə qorxmalıyam? Sizdən kimin özünü təhlükəsizlikdə hiss etməyə daha çox əsası var? Əgər həqiqəti bilirsinizsə, deyin!”
           

(6.82) “İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıq­da­dır­lar. Haqq yola yönəlmişlər də onlardır!”
Fövqəluca Allah möminlərə və kafirlərə dair hökm verir. O bildirir ki, təkcə iman gəti­rənlər və öz imanını zalımlığa çulğamayanlar doğru yolda və əmin-amanlıq içindədirlər. Belə insanlar qorxudan, cəzadan və bədbəxtliklərdən xilas olmuş və doğru yolla yönəldilirlər. Əgər onlar imanlarını qətiyyən zalımlığa uğratmırlarsa, nəinki şirkdən qaçır, hətta itaətsizlikdən də çıxmırlarsa, onda onlar istənilən bəlalardan qorunur və ən mükəmməl tərzdə yönəldilirlər. Əgər onlar şirkdən uzaq duraraq, günah işlədirlərsə, onların təhlükəsizliyi və doğru yola sadiqliyi kamil deyildir.

Bu kərim ayədən aydın olur ki, əgər insan iman gətirməyibsə və zalımlıq edirsə, onda o, haqq təlimdən məhrum edilmişdir və çox ciddi təhlükə qarşısındadır və belə insanların nəsibi azğınlıq və bədbəxtliklər olacaqdır.
              

(6.83) “Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədi­yimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir”.
Allah İbrahimə (ə) inandırıcı dəlillər bəxş etdi ki, onların vasitəsilə öz tayfadaş­larının baxışlarını sarsıtdı və onlara qalib gəldi. Allah İbrahimi (ə) dünya həyatında və Axirətdə ucaltdığı kimi, istədiyini dərəcələrlə yüksəldir. Bilik həmişə insanlara başqa qulları ötüb keçməyə kömək edir, xüsusilə, əgər onlar onu nəinki sadəcə əldə edir və həm də işlərində ona əsaslanır və onu ətrafdakılarına da öyrədirlər. Allah belə insanları təqlid üçün nümunə edir və adamlar da onların davranışını müşahidə edir, addım-addım onların ardınca gedir, məsləhətlərinə qulaq asır və onların biliyinə istinad edərək cahillik zülmətindən xilas olmağa cəhd edirlər. Fövqəluca Allah buyurur: “...“Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın...” (Mücadələ, 58/11). Allah Müdrik və Hərşeyibilən Rəbb olduğu üçün ancaq layiq olanlara bilik və müdriklik bəxş edir. O, onları kimə bəxş etməsini və kimin daha ləyaqətli olmasını ən yaxşı bilir.
                     
(6.84) “Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuş­durmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq”.
Özünün sevimli qulu İbrahim (ə) haqqında hekayətdən sonra, Allah onun (ə) bilikləri, möizələri və səbirli olmasından – ona bəxş etdiyi gözəl keyfiyyətlərindən xəbər verir. Allah onu (ə) saleh nəsillərlə şərəfləndirir və bütün bəşəriyyətin ən alicənab və ən şərəfli nümayəndəsini onun (ə) nəslindən edir. Bununla da Allah İbrahimə (ə), başqa insanların layiq görülmədiyi böyük iltifat göstərir.

Allah ona (ə) İshaq (ə) adlı oğul və Yəqub (ə) adlı nəvə əta edir ki, onu sonralar İsrail adlandırmışlar. İsrail, Allahın dünyalar üzərində yüksəltdiyi bütöv bir xalqın ulu babası olur. Allah onların hər ikisinə dini biliklər verərək, doğru yola yönəldir və onları xeyirxah əməllərə ruhlandırır. Daha əvvəllər O, Nuhu (ə) düz yola yönəltmişdi. Ona xüsusi təlimat verilmişdi ki, o, ancaq bəzi adamlara – ruhən möhkəm olan elçilərə qismət olmuşdu ki, onlardan biri də o özü idi. Bundan başqa, Allah onun (ə) bir çox nəsillərini də doğru yola yönəltmişdi.

Bir şərhə görə, bu ayədəki əvəzlik Nuha (ə) aiddir, çünki o, (ayədə) sonuncu xatırlanır. Bundan başqa, burada sadalanan peyğəmbərlər arasında Lut (ə) xatırlanır ki, o, Nuhun (ə) nəslindən idi və İbrahimin (ə) nəslindən deyil – onun qardaşının oğluydu.

Bir başqa şərhə görə isə bu ayədəki əvəzlik İbrahimə (ə) aiddir, çünki bu Quran parçasında məhz bu şərəfli peyğəmbərin ünvanına təriflər söylənmişdir. Hərçənd Lut (ə) onun (ə) birbaşa nəslindən olmasa da, o (Lut ə.), onun (İbrahim ə.) möizələri sayəsində iman gətirmişdi və bu, Allahın sevimlisi İbrahimə (ə) daha çox şərəf gətirir, nəinki Lutun (ə) İbrahimin (ə) birbaşa nəslindən olması.

Allah Davudu, onun oğlu Süleymanı, Əyyubu, Yusufu (Yəqubun oğlunu) və həmçinin Musanı və Harunu (İmranın oğullarını) (hamısına Allahın salamı olsun!) doğru yolla aparmış­dır. Allah İbrahimin (ə) nəsillərini mömin insanlar etmişdir, axı o (ə) Ona səmimi qəlbdən ibadət etmiş və məxluqlara fayda vermişdir. Allah bütün yaxşılıq edənləri bu minvalla mükafatlan­dırır və onlardan sonra onların haqqında, onların nəsilləri haq­qında gözəl xatirələr qoyur və bu mükafatlar onların möminliyinin və xeyirxahlıqlarının dərəcəsindən asılı olur.
       
(6.85) “Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çat­dırdıq). Onların hamısı əməlisalehlərdən idi”.
Doğru yolla aparılanlar arasında Zəkəriyyə (ə), onun oğlu Yəhya (ə), (Məryəm oğlu) İsa (ə) və İlyas (ə) da vardı. Onların hamısı mömin insanlardılar, çünki öz key­fiy­yətlərinə, əməllərinə və biliklərinə görə fərqlənirdilər. Bundan başqa, onlar mömin­lərin təqlid edilməyə layiq olan başçıları və rəhbərləri idilər.
        

(6.86) “Biz, həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da (hidayətə qovuş­dur­duq) və onları aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq”.
Allah İsmaili (ə) də doğru yolla aparmışdı. O (ə), İbrahim peyğəmbərin (ə) oğlu və yerdə yaşayan xalqların ən şərəflisi olan ərəblərin ulu babası idi və onun birbaşa nəslindən olan isə Adəmin bütün oğullarının ağası Muhəmməd Peyğəmbərdir (ona Allahın salavatı və salamı olsun!).

Eləcə də Yunus – Mattanın oğlu və Lut – Haranın oğlu və İbrahim peyğəmbərin (ə) qohumu36 doğru yolla getdilər. Onlar, Allahın başqa insanların üzərində ucaltdığı peyğəmbərlər və elçilər idilər.

Bilmək lazımdır ki, Fövqəluca Allahın aşağıdakı ayəsində xatırlanan dörd üstünlük dərə­cəsi vardır: “Allaha və Peyğəmbərə itaət edənlər (Axirətdə) Allahın nemətlər ver­diyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, pey­ğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə ola­caqlar. Onlar necə də gözəl yoldaşlardır!” (Nisa, 4/69).

Bu ayələrdə adları keçən qullar ən yüksək dərəcəyə mənsubdurlar. Bundan başqa, onlar Allahın elçiləri arasında ən ləyaqətliləridir, çünki Allahın Öz Kitabında xəbər verdiyi elçilər, Onun tarixçələrini danışmadığı elçilərdən üstündürlər və buna heç bir şübhə yoxdur.
                          
(6.87) “Biz onların atalarından, nəsillərindən və qardaş­larından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik”.

(6.88) “Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı”.
Allah yuxarıda xatırlanan peyğəmbərlərin bəzilərinin atalarını, övladlarını və qardaşlarını da doğru yola yönəltmişdir. O, onları seçərək düz yolla aparmışdır. Allah qullarına Öz ilahi təlimatını bəxş edir və bundan başqa doğru təlimat yoxdur. Qoy insanlar Ondan onlara belə bir təlimat əta etməsini diləsinlər, çünki əgər O, onları doğru yolla aparmasa, başqa heç kim bunu edə bilməz.

Əgər yuxarıda yad edilən peyğəmbərlər Allaha şərik qoşsaydılar, onların bütün əməlləri əbəs və faydasız olardı, çünki Ona şərik qoşulması istənilən əməli heçləşdirir və insanı Cəhənnəmdə əbədi iztirablara məhkum edir. Əgər Allaha şərik qoşmaq hətta seçilmiş qulların xeyirxah əməllərini də məhv edirsə, onda bütün qalan insanlar haqqında nə demək olar?
                                  
(6.89) “Onlar Bizim Kitab, hökm və peyğəmbərlik verdi­yimiz kimsə­lərdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik).

(6.90) “Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəlt­diyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun (İslam dinin təbliği) müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Quran) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir möizədir (öyüd-nəsihətdir)”.
Alicənab Elçiyə (ona Allahın salavatı və salamı olsun!) buyurulmuşdu ki, digər şərəfli peyğəmbərlərin yolu ilə getsin və o (ona Allahın salavatı və salamı olsun!), bu əmri yerinə yetirdi. O (ona Allahın salavatı və salamı olsun!), özündən əvvəl ən gözəl keyfiyyətlərə malik sələflərinin işini davam etdirdi. O (ona Allahın salavatı və salamı olsun!) özündə onların keyfiyyətlərini və yaxşı cəhətlərini cəmləşdirdi və bunun sayəsində bütün məxluqları ötüb keçdi. O (ona Allahın salavatı və salamı olsun!), elçilərin ağası və təqvalı qulların rəhbəri oldu. Ona Allahın salavatı və salamı olsun və Onun bütün qalan elçilərinə də! Belə mühakimələrə istinad edərək bəzi səhabələr təsdiq edirdilər ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Allahın elçiləri arasında ən yaxşısı idi.

Sonra Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edilmişdi ki, onun (ona Allahın salavatı və salamı olsun!) dəvətindən üz çevirənlərə desin: “Mən Vəhyi aranızda yaydığıma və onu nəzərinizə çatdır­dığıma görə sizi maddi öhdəliklərlə yükləmirəm və sizdən mükafat istəmirəm. Əgər mən belə etsəy­dim, mənim ardımca getməməyə haqqınız olardı. Lakin mən mükafatımı Allahdan istəyirəm. Sizə isə mən bir Xatırlatma veri­rəm ki, ondan sizə fayda verən və zərər vuran şeyləri öyrənəsiniz. Onun sayəsində siz düzgün əməllər edə və günahlardan çəkinə bilərsiniz. Siz öz Rəbbinizi Onun adları və sifətləri vasitəsilə dərk edə bilər, mömin əxlaqını və onu necə əldə etməyi və həmçinin yaramaz məziyyətlər və onlara aparan yollar haqqında öyrənər­siniz. Əgər mənim möizələrim məxluqlar üçün xatırlatmadırsa və Allahın Öz qullarına göstərdiyi böyük mərhə­mətdirsə, onda siz onları qəbul etməklə Ona həmd etməlisiniz.
                                            

(6.91) “Onlar (yəhudilər): “Allah heç bir bəşərə bir şey (Quran) nazil etmə­mişdir”, - deməklə Allahı layiqincə qiymət­lən­­dirmədilər. De: “Musanın insan­lara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz (Quran vasitəsilə) özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ey Elçim!) Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oy­naya qalsınlar. (Özlə­rinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər)”.
Bu, peyğəmbərə nazil olan vəhyləri inkar edən o yəhudilərin və müşriklərin qınanmasıdır ki, onlar Allahın insanlara heç nə nazil etmədiyini bəyan edirlər. Onlar bunu ona görə deyirlər ki, özləri Allahı layiqincə dəyərləndirmirlər. Onlar Onun əzəmətini və müdrikliyini qiymətləndirə bilmədilər və qərara gəldilər ki, O, qullarını özbaşına buraxacaq və onlara Öz hökm və qadağalarını göndərməyəcək. Onlar Allahın Öz qullarına göstərdiyi ən böyük mərhəməti – peyğəmbərə nazil etdiyi vəhyi təkzib etdilər, halbuki, onlar onsuz xoşbəxtlik, nemət və uğur əldə etmək imkanına malik deyillər. Allahın ünvanına bundan artıq həqarət ola bilərmi?!!

O, onların qəbul və etiqad etdikləri baxışlarına söykənən bəyanatlarının yanlışlığını ifşa etdi. Bundan ötrü Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurdu ki, belə desin: “Bəs öz nuru ilə cahillik zülmətini yaran, insanları azğınlıqdan doğru yola çıxardan və onlara həqiqi bilikləri və xeyirxah əməlləri izah edən Böyük Tövratı Musaya kim nazil etmişdi? Bu Kitab haqqında xəbər bütün dünyaya yayılmış və bütün qəlblərə və qulaqlara çatmışdır. Siz isə onu ayrı-ayrı vərəqlərdə yazmağa və ondan istədiyiniz kimi istifadə etməyə başladınız. Siz insanlara öz maraqlarınıza uyğun olanları göstərir, onun, maraqlarınıza uyğun gəlməyən böyük bir hissəsini isə onlardan gizlədirsiniz. Bu Böyük Kitab sayəsində siz çoxlu biliklər əldə etmisiniz ki, onları əvvəllər nə sizə, nə də ulu babalarınıza heç kim açıb bildirməmişdi”.

Belə gözəl keyfiyyətlərə malik olan Kitabı yəhudilərə kimin nazil etməsini soruşması haqqında verdiyi əmrdən sonra Fövqəluca Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, Kitabı Onun nazil etdiyini onlara bildirsin. Qoy onlar vəd olunan Gün gələnə qədər öz cəfəngiyatları ilə əylənsinlər və onlara fayda verməyən şeylərlə başlarını girləsinlər!
                      
(6.92) “Bu (Quran) da mübarək (xeyir-bərəkəti daim, fay­dası çox), özündən əvvəlkiləri təsdiq edən bir Kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qılar­lar)”.
Bu Quran – Mübarək Kitabdır, axı o özündə böyük mərhəmət və hüdudsuz xeyir daşıyır. O, özündən əvvəlki Kitab­larla ziddiyyət təşkil etmir və onların doğruluğunu təsdiq edir. Allah onu ona görə nazil etmişdir ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onunla şəhərlərin anası olan müqəddəs Məkkənin sakinlərini və habelə onun ətrafında yaşayan ərəblərə və digər məskənlərin əhalisinə öyüd-nəsihət versin.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) insanları Allahın cəzalandıracağından çəkindirir və hansı əməllərin buna yol açacağından xəbərdar edirdi. Axirət gününə iman gətirənlər bu Qurana da iman gətirdilər və öz namazlarına diqqətlə yanaşmağa başladılar. Ürəklərində olan qorxu onları möhkəmlətdi və bu, Rəbbə dərin ehtiramla can atmalarına, namazları vaxtında qılmalarına, onların şərtlərinə və məhdudiyyətlərinə, fərz və könüllü tələblərinə ciddi riayət etmələrinə səbəb oldu. Qoy Allah bizi də onlardan etsin!
                                                 

(6.93) “Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Quran) kimi bir kitab endirəcəyəm”, - deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstər­diyinizə görə alçaldıcı bir əzabla cəzalan­dırılacaqsınız!” – dediklərini görəydin!”
Ən böyük zalımlar və cinayətkarlar – Allaha iftira atan yalançılardır. Onlar Ona Onun heç vaxt buyurmadığı sözlər və hökmlər aid edirlər. Onlar – insanlar arasında ən zalım olanlardır, çünki onlar dinin əsas və fərdi müddəalarını37 təhrif edir, Allahın adın­dan yalan danışır və başqalarına böyük zərər vururlar.

Belələrinə, onlara vəhy nazil edildiyini iddia edən yalançı “peyğəmbərlər” aiddir. Onlar nəinki Allaha böhtan atmağa cəhd edir, hətta Onun hakimiyyətinə və qüdrətinə qəsd edirlər, çünki insanları özlərinin ardınca getməyə məcbur edir, rəqibləri ilə vuruşur və qan tökməyə və özgə əmlakını mənimsəməyə yol verirlər. Bu ayə yalançı Müseyliməyə, əl-Əsvəd əl-Ənsiyə, əl-Muxtara və başqa yalançı “peyğəmbərlərə” dairdir.

Ən böyük zalımlar – Allahın etdiklərini özlərinin də etməyə qadir olduqlarını bildirən kəslərdır. Onlar Onun şəriət hökmləri vermək haqqına qəsd edir və özlərinin hökm və müddəalarını uydururlar. Onlar həmçinin Müqəddəs Quranı təkzib etməyə və ona bənzər bir şey yazmağa qabil olduqlarını güman edən mürtədlərdir. Köməksiz və çoxsaylı qüsurları olan bir məxluqun Qüdrətli və Zəngin, mütləq kamilliyə və habelə qüsursuz adlar və sifətlərə malik Rəbbin haqlarına qəsd etməkdən də müdhiş zalımlıq ola bilərmi?!!

Allah zalımları qətiyyətlə qınadıqdan sonra, dünya həyatını tərk etdikləri anda və Qiyamət günü başlayarkən onları gözləyən cəzanı xatırladır. Onlar can verərkən mənfur ağrılara və dəhşətli müsibətə qərq olurlar. Həmin məqamda onlarla baş verənlər qorxunc bir səhnəyə çevrilir ki, bunu sözlərlə təsvir etmək mümkün deyil. Mələklər əllərini onlara tərəf uzadaraq (can verənlərə) ağır zərbələr endirir və əziyyət verirlər. Onların ruhu müqavimət göstərməyə cəhd edərək bədəni tərk etməkdən imtina etməyə çalışırlar və belə olduqda məmləklər onlara deyirlər: “Çıxın yanımıza! Bu gün siz sərt cəzaya məruz qalacaqsınız və o, sizin rüsvayçılığınız və alçaldılmanız olacaqdır. Allahın verəcəyi əvəz törətdiyiniz cinayətlərə uyğundur. Siz Allah haqqında yalan danışdığınıza və elçilərin sizə çatdırdıqları haqqı inkar etdiyinizə görə cəzalandırılacaqsınız. Siz özünüzü onun ayələrindən üstün tutur və Onun hökmlərini yerinə yetirməkdən təkəbbürlə imtina edirdiniz”.

Bu ayə bərzəx aləmində cəzanın və məmnunluğun gerçək olacağına dəlalət edir, çünki mələklər mürtədlərə can verdikləri və öldükdən o saat sonrakı anda veriləcək cəza haqqında xəbərdarlıq edirlər. Cəza və məmnuniyyət ölümdən o saat sonra başlayır və Qiyamət günü başlayana qədər davam edir. Bu ayədən həm də aydın olur ki, ruh38 formaya malikdir və hərəkət etməyə, danışmağa, bədəndə məskunlaşmağa, onu tərk etməyə qadirdir.
                            

Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə