Elçİn cəHƏNNƏm sakiNLƏRİ



Yüklə 241,82 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix19.10.2018
ölçüsü241,82 Kb.
#75147
1   2   3   4   5   6   7   8   9

ərinin terrorçu təşkilatına cəlb edirmiş... Sabah qəzetlərdə troykanın qərarı və icrası barədə 

məlumat olacaq... 

QADIN. Ay aman!.. Gör, yurdlarını necə viran elədilər!.. O cür savadlı adamı!.. Arvadı da elə 

mədəni, mehriban!.. Yadına gəlir... (Kövrəlir.) Yadına gəlir, bir dəfə bizə gəlmişdilər, ikisi də... 

(Barmağı ilə İosif Stalinin portretini göstərir.) Onun... yoldaş Stalinin sağlığına necə təsirli sağlıq 

dedi? O cür adam da "xalq düşməni" olar?.. İki uşaqlarını da yetimxanaya veriblər... 

KİŞİ. Böyüyü, oğlan idi də, yadındadı?  

QADIN. Əlbəttə!.. Ona da nəsə ediblər? 

KİŞİ. Yox... Onu Pioner Evində izhari-nifrət iclasına aparıblar, atasını, anasını "xalq düşməni" 

kimi lənətləyib... Deyib ki, mən atamla anama nifrət edirəm!.. Onlardan imtina edib... Deyib ki, 

mən böyüyəndə əsl sovet vətəndaşı olacağam... 

QADIN (mat qalır). Cəmi on iki yaşı var e-e-e... 

KİŞİ. Nə əzbərlədiblər, onu da deyib də... Deyirlər, indi onu bütün Azərbaycan rayonlarına 

izhari-nifrət iclaslarına aparırlar, çıxış edir...  

QADIN (ağlamsınır). Ay Allah, bu necə zəmanədi?.. Bu nə şeytan əməlləridi belə?.. Hə, nə 

şeytan əməlləridi?.. Bayaq Axund Seyid Rzanı da gəlib apardılar... Yeni il gecəsi!.. 

KİŞİ. Axund Seyid Rzanı?.. Bədbəxt oğlu bədbəxt!.. Yəqin kimsə şeytanlayıb də... Yoxsa, o, 

kimin yadına düşürdü? Axundluq etdiyi məscidi beş il bundan qabaq bağlayıblar, indi orda 

ayaqqabı təmir edirlər... 

QADIN (sidq-ürəkdən yana-yana). Qoca kişi... Bədbəxt özü indicə deyirdi ki, məndən nə xalq 

düşməni? Allah necə dözür bu müsibətə? 

KİŞİ. Sakit ol... Həmişə belə olmayacaq ki... Bu 37-dən salamat çıxaq, sonra yaxşı olar... Həmişə 

belə davam etməyəcək ki?.. (Divar saatına baxır.) Yeni ilə nə qədər qalıb? Düz... bir saat qırx 

dəqiqə... (Yavaşdan.) Bir saat qırx dəqiqədən sonra 37 qurtaracaq? Adam heç inana bilmir... 

QADIN. Sənin canında bu ayların, illərin yorğunluğu var... Mən bilirəm... 

 

Kişi onu daha da bərk qucaqlayıb, öpür. 



 

(Yavaşdan). Deyirsən bir saat qırx dəqiqədən sonra hər şey yaxşı olacaq?.. 

KİŞİ (yavaşdan). Bir saat qırx dəqiqədən sonra 37 qurtaracaq? Adam heç inana bilmir... (Daha 

da yavaşdan.) Gəl, gəl, otur, bu başabəla 37-ni yola salaq... Elə yola salaq ki, bir də heç vaxt 

qayıtmasın... 

QADIN. Yadıma gəlir... Biz uşaq olanda, Yeni il gecəsi çox istəyirdik ki, köhnə il təzədən 

qayıtsın... Bilirsən niyə? Təzədən köhnə ildəki kimi oynayaq, gülək...  

 

Kiçik pauza. 



 

Saat on ikidən düz beş dəqiqə keçən kimi, -- təzə ilin beşinci dəqiqəsində -- qapımız döyülürdü, 

babam bizə bir fayton qıpqırmızı qızılgül göndərirdi,-- qışın eləcə oğlan çağında e!-- içində də 

hərəmizin öz hədiyyəsi... 

 

KİŞİ. Bunları yaddan çıxar...  



QADIN. Bunları yaddan çıxarmaq mümkün deyil... 

KİŞİ. Eşidərlər, gedib xəbər verərlər ki, Nikolay vaxtını tərifləyirsən... 

QADIN. Mən özümçün onlardan qorxmuram!.. 

KİŞİ. Sən onları tanımırsan... 

QADIN. Mən gecə-gündüz səninçün qorxuram... Hər dəfə ürəyimi qorxu bürüyür ki, işdən 

qayıdacaq, yoxsa, yox?.. Gözüm elə saatla qapı arasında olur!.. Gecə bir tıqqıltı gələndə 

diksinirəm ki, səni aparmağa gəliblər... 

KİŞİ. Yox. Məni apara bilməzlər! Mənim alibim var!.. Gəl, gəl, oturaq... 

 

QADIN (əlindəki məhrəbanı kreslonun üstünə ataraq). Hə, gəl, oturaq!.. Hər şeyi yaddan 




çıxaraq!.. Uşaqlığımızı da yaddan çıxaraq!.. 

 

Mizin arxasında üzbəüz əyləşirlər. 



Şampanı saat 12-ni vuranda partladacağıq!.. 

 

KİŞİ. Onda bu gözəl qırmızı Hadrut çaxırından vuracağıq!.. 



QADIN. Sən bu sözləri elə dedin, elə bil ki, əvvəlki illərdi!.. Dostlar, qohumlar, yenə bir yerə 

yığışıb, Yeni ili qarşılayırıq... 

KİŞİ (qədəhlərə çaxır süzür). Gəl, bunu indidən Yeni ilin şərəfinə qaldıraq!.. Hər şey yaxşı 

olacaq!.. 

QADIN. Yox!.. 37 hələ qurtarmayıb ki!.. (Qədəhi götürür.) Mən bunu sənin sağlığına 

qaldırıram!.. Nə olsun ki, sən heç nə demirsən? Mən bilirəm ki, sən içində nə çəkirsən!.. Qapını 

döyəndə də yavaş döyürsən ki, mən qorxmayım... Bilim ki, sənsən... Sənin sağlığına, mənim 

əzizim!.. 

KİŞİ (mütəəssir). Bizim sağlığımıza!.. Sən bayaq dedin ki... dedin ki, onlardan qorxmursan... 

Mən də özüm üçün onlardan qorxmuram... Mən ona görə qorxuram ki... (Daha artıq bir 

mütəəssirliklə.) Sən... sən xalq düşməninin arvadı kimi tək qalarsan... Səni də çöllərə salarlar... 

 

Kiçik pauza. 



 

(Əli ilə gözlərini silir.) Bağışla... 

 

Qadın sövq-təbii qədəhi mizin üstünə qoyub, ona baxır. Kiçik pauza. 



 

QADIN (həyəcanla yerindən qalxıb, onu qucaqlayır). Mənim əzizim!.. Mənim sevimlim!.. Sən ki 

bu sözləri deyirsən... 

KİŞİ. Bağışla... 

QADIN. Yox... Yox... Sən ki bu sözləri deyirsən, bu dünyada mənə başqa heç nə lazım deyil!.. 

Heç nə!.. Təkcə bir şey məni yandırıb-yaxır ki, bu illər ərzində sənə bir övlad bağışlaya 

bilmədim... (Onun başını döşlərinə sıxır.) Sən bununla da barışdın, mənim əzizim!.. Mənim bir 

dənəm!.. Hayıf!.. Hayıf ki, sənə sənin özün kimi bir övlad verə bilmədim!.. 

KİŞİ. Mənə səndən başqa heç kim lazım deyil... (Ayağa qalxaraq İosif Stalinin divardan asılmış 

şəkilinə baxaraq, yavaşdan.) Onsuz da biz hamımız onun övladlarıyıq!.. Hamımız bir atanın 

övladlarıyıq!.. 

 

Pauza. 



 

QADIN. Biz çaxırı içmədik ha... (Öz qədəhini götürür.) Gəl, gəl qaldır!.. 

 

Kişi qədəhi götürür. Qapı bərkdən döyülür və onların ikisi də əllərində qədəh, yerlərində donub 



qalırlar. 

 

QADIN (pıçıltı ilə). Onlardı... Mən dedim ki, 37 hələ qurtarmayıb... Mənim ürəyimə danmışdı... 



KİŞİ. Qorxma... Mənim alibim var!.. 

 

Qapı bir də döyülür. 



 

(Əsəbi və bərkdən.) Kimdi? 

 

Pauza. 


 

Kimdi orda? 




Yüklə 241,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə