Elçİn cəHƏNNƏm sakiNLƏRİ



Yüklə 241,82 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix19.10.2018
ölçüsü241,82 Kb.
#75147
1   2   3   4   5   6   7   8   9

qulağınızdan asın! Oldu? 

 

Pauza. 



 

Heç vaxt da yalan deməmişəm! Bunu da bilin! Bir də ki, mənim yalan danışmağıma nə ehtiyac 

var? Bəyəm sizin bütün işləriniz yalan üzərində qurulmayıb? 

 

Kiçik pauza. 



 

(Kişiyə.) Mənim üstümə atılmaq, qışqırmaq da lazım deyil... Siz NKVD-nin zirzəmisində 

Qəribzadənin üzünə durmamısız? Üzünə durmamısız ki, kontrrevolyusion pantürkist təşkilat 

yaradıblar? Hə? Təşkilatın yaradıcılarından biri Qəribzadədir? Üzünə durmamısız ki, yoldaş 

Stalinə sui-qəsd hazırlayırdılar? Azərbaycanı SSRİ-nin tərkibindən çıxarmaq istəyirdilər? Daha 

üstümə niyə atılırsız? Bəlkə səhv salmışam ünvanı? Bəlkə siz heç bilmirsiz ki, NKVD harda 

yerləşir? Hə? Deyin də!.. 

 

Pauza. 



 

QADIN. Sən... Sən onun üzünə durmusan?.. 

KİŞİ (özünü ələ almağa çalışaraq). Mən nə etməliydim? O, özü... Qəribzadə özü etiraf etmişdi 

ki, kontrrevolyusion təşkilat yaradıblar... 

QONAQ. Guya siz bilmirsiz ki, ondan ifadəni necə alıblar? Dırnaqlarının arasına iynə yeridə-

yeridə? Bilmirsiz? NKVD-nin işlərindən belə xəbərsizsiz? 

KİŞİ. Mən bilirəm!.. Nə olsun ki, mən bilirəm! NKVD ilə NKVD-lik etmək olar? 

QONAQ (Qadına). İndicə mənə NKVD siçovulu dedi e-e-e!.. (Kişiyə.) Siz nədən qorxurduz? 

Sizin ki, alibiniz var!.. Siz ki, sığorta eləmisiz özünüzü!.. 

KİŞİ (şaşırmış). Siz hardan bilirsiz? 

QADIN. Sən özün də deyirsən ki, alibin var... 

KİŞİ (Qadına). Sən heç nə başa düşmürsən... Dedim axı, bu bir burulğandır, bu dövrün içindən 

salamat çıxmaq lazımdı... Gərək özünü müdafiə edəsən!.. Bu dövrdə özünü müdafiə etməsən

özün özünü qorumasan, heç kim səni müdafiə etməyəcək!.. Kim qoruyacaq səni? Heç kim!.. 

Hərə öz canının hayındadır!..  

QADIN (hələ də özünə gələ bilmir). Sən Qəribzadənin üzünə durmusan? Yox, ola bilməz, ola 

bilməz ki, sən belə edəsən!.. Ola bilməz!.. 

 

Pauza. 



 

Niyə dinmirsən? 

 

KİŞİ (qışqırır). Nə etməliydim mən? Mən özümü qorumayım, tutub, məni də "xalq düşməni" 



kimi, ingilis agenti, Türkiyənin, nə bilim, Monqolustanın cəsusu kimi aparıb güllələsinlər? 

QONAQ. Monqolustan sosialist ölkəsidir! SSRİ-də Monqolustan cəsusları yoxdur! 

KİŞİ. Polşa olsun, Almaniya olsun! NKVD-nin zirzəmisində o bədbəxt Qəribzadə kimi üz-

gözümü qana bulaşdırsınlar, dişimi çıxarsınlar, bir-bir bığlarımı yolsunlar, boynuma qoysunlar 

ki, cəsusam! Terrorçuyam! Millətçiyəm! Pantürkistəm! Gedib, Moskvada yoldaş Stalini 

öldürmək istəmişəm! Hə? Mən də bunların hamısını təsdiq edim? Sonra da məni divara dirəyib

güllələsinlər, sən də küçələrə düşəsən? 

 

Pauza. 



 

QADIN. Deməli, mənə görə Qəribzadənin üzünə durmusan? 

KİŞİ. Bəli!.. Bəli!.. Bəli!.. Mən Qəribzadənin düşməni idim? Mən istəyirdim ki, onu mal kimi 



döyə-döyə o günə salsınlar? Mən istəyirdim ki, onu güllələsinlər? Mən nəyəm? Şeytanam? 

İblisəm? Nəyəm mən? Ancaq mən nə edə bilərdim? Qəribzadəni NKVD-nin cəngindən 

qoparmaq olardı? NKVD-nin zirzəmilərində minlərlə qəribzadələr var!.. Bütün SSRİ doludu 

dişləri sındırılmış, qabırğaları sındırılmış, onurğaları sındırılmış qəribzadələrlə!.. Mən nə edə 

bilərdim? NKVD udduğunu, təzədən qarnından diri çıxarmır!.. Bəyəm sən bunu bilmirsən? 

QONAQ. İndi də belə deyir!.. 

QADIN (get-gedə səsini qaldıraraq). Yox!.. Sən mənə görə Qəribzadənin üzünə durmamısan... 

Sən... sən bunu özünə görə etmisən... Sən onlardan ürkmüsən!.. Sən özün... özün işgəncələrdən, 

güllələnməkən qorxmusan... 

KİŞİ. Nədi? İstəyirsən ki, mənə də işgəncə versinlər? Məni də güllələsinlər? Sən bu... (Qonağı 

göstərir.) bu avantüristin... 

QONAQ. İndi də avantürist oldum... 

KİŞİ. ... bu avantüristin sözü ilə məni ittiham edirsən? Kim istəmir öz canını? Kim gedib 

boynunu cəlladın qabağında kötüyə uzadacaq ki, kəs mənim başımı? Kim? Mən sənin gözünün 

qabağında gecə-gündüz işləyirəm! Xalq naminə, vətən naminə, partiya naminə əlimdən gələni 

əsirgəmirəm! Mən yalançı kommunistlərdən deyiləm!.. Sən ki, bunu bilirsən!.. Mən partiyaya 

karyera üçün girməmişəm! Mən o şəkili (Barmağı ilə İosif Stalinin portretini göstərir) qorxub, 

ora asmamışam!.. Mən ürəyimin dediyi ilə onu ora asmışdım... Asmışam!.. Mən kommunizm 

ideallarına inanıram! Ancaq kimdi bu gün buna baxan? Bu gün bir dəyyusun danosu ilə məni 

Trotskinin silahdaşı, yaxud Türkiyə cəsusu kimi güllələməyə nə var ki?! Mən kimə sübut edə 

bilərəm ki, əslində, Trotskiyə nifrət edirəm? Kimə sübut edə bilərəm ki, mən Trotski ilə 

mübarizədə həmişə yoldaş Stalinin mövqeyini müdafiə etmişəm? Pantürkizmi heç zaman qəbul 

etməmişəm, qəbul da etməyəcəyəm -- bunu mən kimə sübut edə bilərəm?! Kimə?! Lap sübut 

etdim! Kimdi bu sübuta baxan? (İroniya ilə.) Niyə Qəribzadəyə qarşı şahidlik etmişəm? Bəs nə 

edəydim? Məni çağırıblar NKVD-yə, öz xoşumla getməmişəm ki!.. Getməyəydim, gəlib, məni 

qoyun kimi maşına basıb, aparaydılar!? Sənə nə var ki? Səhərdən axşamacan evdə oturursan, hər 

şey hazır, dünyadan da xəbərin yox!.. İnsani ideallarla yaşayırsan... İndi insani ideallara tüpürən 

də yoxdur!..  

QADIN. Sən də tüpürmürsən?! 

QONAQ. Bəsdirin, sakit olun!.. (Gileylənir.) Bunlar necə adamlardır, canım? Bay!.. (Kişiyə.) 

Siz yavaş-yavaş danışa bilmirsiz? 

QADIN (yavaşdan Kişiyə). Sənin ürəyin dolu imiş ki... Bütün bu illər ərzində belə olub, 

yoxsa...yoxsa, axır vaxtlar beləcə dolub? 

KİŞİ. Mənə bax... Bağışla... Mən özümdə deyiləm... (Qonağı göstərir.) Bu böhtançı... bu... (Söz 

tapa bilmir.) Bu... bu yaramaz məni tamam özümdən çıxarıb... Heç bilmirəm ki, nə deyirəm?!.. 

Bağışla məni... 

QONAQ (sidq-ürəkdən yanıb-yaxılır). Yaramaz? Mənə deyir e!.. Böhtançı? Mənəm böhtançı? 

(Kişinin qarşısına gələrək protest edir.) Xeyr! Mən böhtançı deyiləm! Heç vaxt olmamışam! Heç 

vaxt da olmayacağam!.. Mən heç vaxt insanlara böhtan atmamışam!..  

 

Kiçik pauza. 



 

Axı buna heç ehtiyac da olmayıb!.. Böhtana nə ehtiyac var?.. (Kişiyə.) Düz demirəm? 

KİŞİ (nifrət ilə). Sənin bütün varlığın böhtan və yalandan ibarətdir!.. Tfu sənə!.. (Qonağın üstünə 

tüpürür.) 

QONAQ (kreslodan götürdüyü məhrəba ilə üz-gözünü, yaxasını silə-silə). Daha sizə sözüm 

yoxdu!.. Çox tərbiyəsiz adamsız!.. (Qadına.) Bu, çox tərbiyəsizdir!.. (Yamsılayır.) "Sənin bütün 

varlığın böhtan və yalandan ibarətdir!.." Əvvəla, "sən" yox, "siz"!.. İkincisi, siz nə bilirsiz ki, 

mənim varlığım nədir? Hə? Üçüncüsü... Üçüncüsü, mən yalançıyam, hə? Baxaq, görək, mən 

necə yalançıyam! (Qadına.) Bayaq sizə nə dedi? 

QADIN (hələ də sarsıntı içindədir). Mənə? 

QONAQ. Bəli, sizə. 



Yüklə 241,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə