Elçİn cəHƏNNƏm sakiNLƏRİ



Yüklə 241,82 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix19.10.2018
ölçüsü241,82 Kb.
#75147
1   2   3   4   5   6   7   8   9

 

Pauza. 


 

(Qapıya yaxınlaşır.) Kimdi? 

 

Pauza. 


 

QADIN. Açma!.. 

 

Qapı yenidən döyülür. 



 

KİŞİ (əsəbi). Niyə səsinizi çıxarmırsız? (Qapını açır.) Kimdi?  

 

Heç kim yoxdur. 



 

(Qapıdan eşiyə addımlayaraq.) Kimdi qapını döyən? (İçəri qayıdır.) Heç kim yoxdur... Yəqin 

uşaqlardı, Yeni il qabağı xuliqanlıq edirlər... 

QADIN (həyəcanla). Yox... 

Kişi qapını bağlayıb, geri qaymaq istəyəndə qapı yenə bərkdən döyülür. 

KİŞİ (qapıya tərəf çevrilərək, əsəbi). Kimdi orda? 

QADIN (isterika ilə). Kimdi? Kimdi? 

KİŞİ (qapını açaraq). Kimdi? (Eşiyə çıxır.) Bu nə oyundu belə? Kimdi? (Geri qayıdır.) Heç kim 

yoxdu... 

QONAQ. Necə heç kim yoxdu? (Kresloda rahat oturmuş halda onlara tərəf fırlanaraq təəccüblə.) 

Bəs mən nəyəm? 

 

İşıq sönür. 



 

ÜÇÜNCÜ ŞƏKİL 

 

Eyni məkan. Gecə. 



 

Q a d ı n, K i ş i, Q o n a q. 

 

QONAQ. Görmürsüz məni? Niyə qışqırırsız? 



 

Pauza. 


 

Səhərdən qışqırırdılar, indi də yerlərində donub qalıblar... 

 

KİŞİ (güclə özünə gələrək). Siz kimsiz? Siz bura necə gəldiz? (Qadına.) Sən bunu gördün? 



QADIN (dəhşət içində). Yox... 

KİŞİ. Kimdi bu, belə? 

QADIN (çiyinlərini çəkir). Bilmirəm... 

KİŞİ. Siz səhərdən burda gizlənmisiz? 

QONAQ. Mən gizlənmişəm? Niyə gizlənirəm? Kimdən gizlənəcəyəm mən?.. Nədən 

gizlənəcəyəm?.. Mənim gizli bir işim yoxdu... Heç vaxt da olmayıb!.. 

KİŞİ (Qadına). O... O, NKVD-dən gəlib... (Hiddətlə Qonağa.) Sən NKVD-dən gəlmisən? 

QONAQ. Nə? 

KİŞİ. Sən NKVD-dən gəlmisən!.. (Onun yaxasından yapışır.) 



QONAQ (yaxasını onun əlindən qurtarmaq istəyir). Burax məni!.. Burax!.. 

KİŞİ (onu silkələyir). NKVD-dən gəlmisən sən!.. NKVD-dən!.. Hə?! 

QONAQ. Burax!..  

KİŞİ. Gəlib, gizlənmisən burda!.. 

QONAQ. Burax məni!..  

KİŞİ (onu eləcə silkələyərək). Nə istəyirsən sən? Niyə gizlin gəlib, gizlənmisən burda? 

QONAQ (Qadına.) Kömək edin də! Görmürsüz, boğur məni!.. 

KİŞİ (onu daha da bərkdən silkələyir). Yox!.. Yox!.. NKVD casusu!..  

QONAQ (yaxasını Kişinin əlindən çəkib, ayağa qalxmağa çalışır). Burax məni!.. Demirəm, 

burax?!. (Yamsılayır.) "Hardan gəlmisən? Hardan gəlmisən?" Mən sizə hesabat verməliyəm ki, 

hardan gəlmişəm? Bəlkə mən ordan gəlmişəm? (Əli ilə tavanı göstərir.) 

KİŞİ (birdən-birə süst düşərək tavana baxır, sonra Qadına). Bu, nə deyir? 

QADIN (uçuna-uçuna). Mən qorxuram... 

QONAQ (kreslodan qalxaraq yaxasını düzəldə-düzəldə yamsılayır). "Bu, nə deyir?" "Mən 

qorxuram..." Sizə nə olub? Adam kimi danışa bilmirsiz? (Ətrafa baxa-baxa var-gəl edir.) Hə... 

Pis yaşamırsız... Sonra da narazılıq edirsiz... Başqaları on nəfər bir kommunal otaqda yaşayır, 

beş ayrı-ayrı ailənin bir tualeti olur, amma siz cəmi iki nəfər, bu cür də mənzil?.. (Mizin üstünü 

göstərərək.) Yeyib-içməyiniz də ki, əla!.. Daha nə istəyirsiz? (Kişiyə.) Qapını açıq qoymusuz, 

gedin, bağlayın.  

KİŞİ. Siz burdan rədd olun, sonra!.. 

QONAQ (Qadına). Bu da sizin ərinizin mərifəti! (Başını bulaya-bulaya qapıya yaxınlaşıb, 

bağlayır.) O qədər müftə yeyib-içmək istəyən var ki, bir də gördün, biri girdi içəri... Siz gərək 

sərhesab olasınız!.. 

KİŞİ (sərt). Siz burdan çıxıb gedəcəksiz, ya yox?! 

QONAQ. Pah!.. Qorxdum!.. (Qadına.) Siz belə adamla necə yaşayırsız?  

QADIN (diqqətlə ona baxaraq, vahimə içində). Yox!.. Siz insan deyilsiz!.. Sizin gözünüz insan 

gözü deyil! 

QONAQ. Nə olub mənim gözümə? (Cibindən balaca güzgü çıxarıb, baxır.) Mənim gözümün 

nəyi sizin gözünüzdən fərqlidi? Hə? Nəyi? 

QADIN (eyni vahimə içində). Siz... Siz nəsiz? Şeytansız, iblissiz, cinsiz, məlun mələksiz, 

əcinnəsiz, nəsiz? Nəsiz siz? 

QONAQ (gəlib Qadına baxır, sonra Kişinin qabağında dayanaraq, təəccüblə). Bəyəm bunlar 

hamısı eyni şey deyil? 

KİŞİ. Sən nə üçün bura gəlmisən? 

QONAQ. Heç qonaqdan da soruşarlar ki, niyə gəlmisən? 

KİŞİ. Kim səni qonaq çağırıb? 

QONAQ. Qonağı elə ancaq çağırarlar? Çağırılmamış qonaq olmur? Mən də çağırılmamış 

qonağam!.. (Narazı.) İmkan vermirsiz e, oturub, normal söhbət edim... 

QADIN. O, şeytandır!.. 

QONAQ (Qadına). Siz deyirsiz ki, mən şeytanam. İndi mən də boynuma almalıyam ki, hə, 

şeytanam? Buna görə də deməliyəm ki (Tavanı göstərir), doğrudan da oradan gəlmişəm? Ya da 

sübut eləməliyəm ki, yox, mən şeytan deyiləm? (Yamsılayır.) "Hardan gəlmisən?" "Hardan 

gəlmisən?" Mən heç kimə heç nə sübut etmək fikrində deyiləm!.. (Yenə yamsılayır.) "Hardan 

gəlmisən?" "Hardan gəlmisən?" (Tavanı göstərir) Mən ordan yox e, bax, burdan gəlmişəm! 

(Barmağı ilə Kişinin ürəyini göstərir.) Bax, burdan gəlmişəm! (Yaxınlaşıb barmağını Qadının 

ürəyinin başına toxundurur.) 

KİŞİ. Mənim arvadımın döşünə əl dəymə! (Onun üstünə cumur.) 

QONAQ (kənara çəkilərək, Qadına). Doğrudan da, siz bu adamla necə yaşayırsız?  

 

Kiçik pauza. 



 

Bu, dəlidi ki!.. 




 

KİŞİ. Dəli sənsən! 

QONAQ. Yaxşı, yaxşı sakit olun!.. (Deyinə-deyinə var-gəl edir.) Şeytan, İblis, Dyavol, Satana, 

Əcinnə, Velzevul, Mefistofel, Cin, nə bilim, nə?.. Özünüzdən bu qədər ad uydurmusuz... İllər, 

yüz illər, min illər bir-birini əvəz edir, siz elə öz uydurmalarınızın içindəsiz... Bir-birinizi 

Şeytanla qorxudursuz... Əgər doğrudan da Şeytan varsa, o nədir? Kimdir? Cəhənnəm 

hökmdarı!.. Bunu siz deyirsiz də! Siz deyirsiz ki, Şeytan cəhənnəm hökmdarıdır!.. Cəhənnəm 

hökmdarı nə edir? Günahkarlara əzab-əziyyət verir! Onları odda yandırır, qaynar tiyanlara salır, 

məlun mələklərə tuş gətirir!.. Özümdən uydurmuram ki, siz özünüz deyirsiz!.. (Ayaq saxlayır.) 

Hə?  


 

Pauza. 


 

Bir tərəfdən də deyirsiz ki, Şeytan ilan cildinə girir, Həvvanı şirnikləndirir ki, günah işləsin... 

Həvva bəyəm bəbə idi? (Yenə var-gəl edir.) Allah Adəmi yaratdı, onu tək qoymamaq üçün də 

Həvvanı yaratdı. Kim idi Həvva? Yetişmiş yekə qadın idi!.. İstəməsəydi, almanı yeməzdi də!.. 

Şeytan nə qədər şirnikləndirirdi, şirnikləndirsin!.. (Yamsılayır.) "Şeytan insanları yoldan 

çıxarır..." Hər kəlmə başı da “lənət Şeytana” deyirsiz!.. Bəs, bu necə olur? Şeytan həm özü 

şirnikləndirir ki, günah iş görsünlər, həm də günaha görə onları cəzalandırır? Mat qalmalı işdir!.. 

Bu əbləh Şeytan özü deyir günah işlə, özü də cəzalandırır? Nə olur o, kim olur? Mazoxist olur, 

sadist olur, nə olur, hə? Nə cəfəngiyyat quraşdırmısız özünüzdən? Hə? (Gəlib Qadının 

çənəsindən tutur.) Cavab ver də mənə, ey gözəl məxluq!.. 

KİŞİ (yerindən sıçrayıb, onu itələyir). Arvadıma əl vurma, NKVD casusu! Sən mənə heç nə edə 

bilməzsən!.. Səni bura nahaq göndəriblər!.. 

 

QONAQ (güclə müvazinətini saxlayır). Az qalmışdı yıxılım e... (Kişiyə.) Özünüzü adam kimi 



aparın, eşidirsiz?! Yekə kişisiz! O boyda komissarlıqda idarə müdirisiz! Kommunistsiz! 

(Yamsılayır.) "Səni bura kim göndərib?" Məni bura heç kim göndərməyib!.. Mən özüm 

gəlmişəm!.. 

QADIN (taqətsiz stulda əyləşir). Bilmirəm, siz şeytansız, nəsiz, amma... amma niyə bizi 

seçmisiz? Niyə bura gəlmisiz? 

QONAQ. Sizin də qonaqpərvərliyiniz belədi, hə? (İncik halda.) Özü də Yeni il gecəsi!.. (Başını 

bulayır.) 

QADIN. Nə üçün? Nə üçün bizi seçmisiz? 

KİŞİ. O, NKVD-dən gəlib!.. Düz demirəm, NKVD siçovulu? 

QONAQ (gəlib, onun qarşısında dayanır). NKVD siçovulu, hə? 

KİŞİ (bir az şaşırmış). Bəs mən nə deməliyəm? Gecənin yarısı qəfildən peyda olursuz... 

QONAQ. Ancaq NKVD-də şahidlik edəndə, Qəribzadənin üzünə duranda ki, kontrrevolyusion 

pantürkist təşkilatı yaradanlardan biridir, yoldaş Stalinə sui-qəsd hazırlayırdılar, onda NKVD 

işçiləri siçovul deyildi, Allahın bacısı oğlu idi, hə? 

 

Pauza. 


 

QADIN (sarsılmış). Necə yəni Qəribzadənin üzünə duranda? 

KİŞİ. Onun dediyi səfsəfəyə qulaq asma!.. O, yoldan ötənin biridi!.. Təxribatçıdı!.. Şantajistdi!  

 

Kişi yerindən qalxıb, Qonağa hücum etmək istəyir.  



 

QONAQ (əlini onun qarşısında qaldırır). Dur! 

Kişi, elə bil, bir anın içində hipnoz olubmuş kimi, dayanır. 

Mən təxribatçı da deyiləm, heç vaxt da olmamışam! Şantajist də deyiləm, heç vaxt da 

olmamışam! Yoldan ötən birisi də deyiləm!.. (Çox ciddi.) Bunu sırğa eləyib, ikiniz də 



Yüklə 241,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə