ƏLİ ƏKBƏr artuş VƏ zaur (böyüklər üçün konfliktologiya dərsliyi)



Yüklə 1,44 Mb.
səhifə2/13
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5791
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13

3

Razılaşdıqları kimi, Şota düz saat 17.30-da Zaurun nömrəsinə zəng vurdu. Telefon çaldığı zaman, kitabın artıq

61-ci səhifəsini oxuyurdu. Şotanın şən səsi eşidildi:

- Gəlirsən aşağı?

- Beş dəqiqə gözlə, geyinib düşürəm. Ya da istəyirsən otağa qalx.

- Yox, lazım deyil. Mən küçəyə çıxıb səni gözləyəcəyəm.

Şotanın dəqiqliyinə təəccüblənən Zaur, onun otelin qabağından heç getmədiyini, bəlkə də saat altının yarısına

qədər yolun qarşısındakı kafelərin birində üç saat vaxtın keçməsini gözlədiyini düşündü. Ağlına gələn bu ehtimala

özü də güldü. Acmışdı, amma konfransdan sonra veriləcək şam yeməyinə qədər dözmək istəyirdi. Güzgüdə dümdüz

qarnına baxdı. Formda qalmaq, vücudunu piylənmədən qorumaq üçün aclığa dözməyə razı idi.

Şota yolun kənarında dayanıb siqaret çəkirdi. Başını yuxarı qaldırmışdı, bilmək olmurdu hara baxırdı. Mariott

otelinə piyada, söhbət edə-edə gəlib çıxdılar. Otelin nəhəng qapılarından yaraşıqlı holla daxil olduqlarında, altıya

on dəqiqə qalırdı.

Otelin sonuncu mərtəbəsində yerləşən konfrans zalında saat 18.00-a nəzərdə tutulan tədbir, Qafqazlılara xas

gecikmə ilə başladı. İştirakçılar zalın qabağında var-gəl edir, kimisi siqaret çəkir, kimisi də çay, ya da qəhvə içirdi.

Zaur Bakıdan gələn qızları gördü. Siam əkizləri kimi bir yerdə gəzir, əl-ələ tutub tualetə bir yerdə girib-çıxır, bir an

olsun bir-birlərindən ayrılmırdılar. İyirmi dörd yaşında, ortaboylu, sısqa, uzunburun və saçlarını 90-cı illərin

əvvəllərinin dəbinə uyğun olaraq kare kəsdirmiş, zəhər tuluğu bir qız uşağı olan Dilarə, bu tədbirdə “Möhtəşəm

Azərbaycan” qəzetini təmsil edirdi. Rəfiqəsi Sevda isə, “Müasir Müsavat” qəzetinin siması sayılırdı. İyirmi iki

yaşlı bu qızcığaz, cavan yaşına baxmayaraq, artıq baş redaktorun müavini vəzifəsinə yüksəlmişdi. Zaur quruca

salam verdi onlara. Quruca salam aldı.

Erməni jurnalistlər isə beş dəqiqəlik gecikmə ilə gəlib çıxdılar. “168 saat” qəzetinin əməkdaşı, tanınmış

publisist Luiza Vanyan içəri daxil olanda, Ernst Kopf əsəbi halda saatına baxırdı. Zaur yaxınlaşıb Luiza ilə

görüşdü. Onlar ötən il Tiflisdə, Helsinki Vətəndaş Assambleyasının bir tədbirində tanış olmuşdular. Qısa boyu,

qıvrım saçları, kül rəngi gözləri və fındıq boyda burnu olan Luiza, Ermənidən çox, depressiyaya düşmüş, menopoz

dövrünü keçirən Fransalı feministə oxşayırdı. Boğuq səsi ilə güldü, Zaura salam verdi. Hal-əhval tutdular. İki daşın

arasında Avropaya emiqrasiya etmək istədiyini, bu mənasız həyatdan bezdiyini bildirdi. Zaur isə bütün Qafqazın

cəhənnəm olduğunu, ona qalsa Bakıdan da ağlı olan hər kəsin başını götürüb qaçdığını deyərək, Luizaya tərəf bir

reverans elədi.

“Aykakan Jamanak” qəzetini tədbirdə təmsil edən Artuş Saroyan adlı jurnalist isə, üzünü pəncərəyə çevirib

siqaret çəkir, ətrafda baş verənlərlə qətiyyən maraqlanmırdı. Tənha və laqeyd görünürdü. Oğlan Zaura xeyli tanış

gəlsə də, onu harada gördüyünü yadına sala bilmədi. Luizadan soruşmaq istədi, amma o da artıq gürcü həmkarları

ilə söhbət edir, yəqin onlara emiqrasiya planlarından danışırdı. Ermənistanın Regional Əməkdaşlıq və Qloballaşma

Mərkəzinin sədri Stepan Melkonyan isə, azərbaycanlı qızlarla ünsiyyət qurmağa çalışırdı. Qızlar Stepanı

anlamırdılar. Sifətlərində yalnız bir sual oxunurdu: “Nə cürətlə bu həyasız erməni, alçaq işğalçı bizimlə söhbət

edir?” Stepan, nifrətlə ona baxan və bir-birlərinə qısılan qızlardan xoş söz eşidə bilməyəcəyini anlayıb başını

buladı və Ernst Kopfa yaxınlaşdı.

Gürcü, osetin və abxazları başına yığan Şota isə, qışqıra-qışqıra onlara nəsə sübut eləməyə çalışırdı. Bir

müddət onlar tərəfə baxan Zaur, əslində Gürcü-Abxaz və Gürcü-Osetin münaqişələrindən nə qədər uzaq olduğunu,

bu konfliktlərə ancaq formal maraq duyduğunu anladı. Osetin dəstəsindən Alan Sxobrebovu tanıyırdı, Tsxinvalidə

görüşmüşdülər. Alan müharibə əlili idi, indi isə sülhməramlı olmuşdu. Zauru görüb dəstədən ayrıldı və ona

yaxınlaşdı. Qucaqlaşdılar.

- Necəsən Zaur? İtib batmısan. Məktub yazmırsan.

- Vallah işlərdən başım ayılmır. Tsxinvalidə nə var, nə yox?

- Hər şey yolundadır. Sən hamıyla tanış oldun?

- Bəzilərini tanıyıram. Tanımadıqlarım da var. Sən bilmirsən Qarabağdan gələnlər kimlərdi?

- Əlbəttə bilirəm, - deyən Alan Zaura göz vurdu və üzünü arxaya çevirərək astaca dedi: - Bax, qapı tərəfdə iki

nəfər dayanıb. Kök bığlı kişini görürsən? Adı David Arutunyandır. Stepanakertlidir. Əvvəllər müharibədə iştirak

edib, indi də öz QHT-sini yaradıb, əsrilərə kömək edir. Bir dəfə də Yerevanda görüşmüşəm onunla. Yanında dayanan

cavan oğlan isə Qurgen Ağacanyan adlı fəlsəfə müəllimidir. Stepanakert universitetində dərs deyir.

Zaur başını bulayaraq:

- Nə olub axı sizə? – dedi. Əvvəl əlinizə silah alıb gözünüzü qırpmadan insanları öldürürsünüz, sonra da

müharibə aktuallığını itirib atəşkəs imzalanan kimi, sülhməramlılığa qurşanırsınız. Bu Cənubi Qafqazda deyəsən

dəb halını alıb.

Alan incik-incik baxdı Zaura. Razılaşmadı:

15

- Müharibənin mənasızlığını, rəzilliyini və qorxuncluğunu görmək üçün, mütləq o cəhənnəmdən keçməlisən.



Sənin ağzın deyəsən isti yerdədir. Bircə güllə səsi eşitsəydin, belə danışmazdın.

Zaur dediklərinə peşman olmuşdu. Alan pis adam deyildi və onun xətrinə dəymək istəməzdi.

- Xahiş edirəm incimə məndən. Sənin səmimiyyətindən şübhə etmirəm...

Alan onun sözünü kəsdi:

- Heç Davidin də səmimiyyətinə şübhə etmə.

- Sənə elə gəlir ki, mən Davidlə sənin aranda fərq qoyuram?

- Qoymursan?

- Xeyr qoymuram. Siz hamınız mənim üçün eynisiniz.

Alan şübhə ilə baxdı Zaura.

- Nə mənada?

- Hər mənada.

Zaur sözünü yeni bitirmişdi ki, Ernst Kopfun səsi eşidildi. Kobud alman ləhcəsi ilə, Ernst rus dilində qonaqlara

müraciət etdi.

- Saatlar 18.15-dir. Xahiş edirəm hər kəs konfrans zalında yerini tutsun. Onsuzda 15 dəqiqə gecikmişik.

Bir alman üçün 15 dəqiqəlik gecikmə faciə demək idi. Hətta o alman, uzun müddət Cənubi Qafqaz ölkələrində

sülənsə də, genetik yaddaşına naxələf çıxa bilməzdi.

İştirakçılar konfrans zalına keçərək, nəhəng dəyirmi masanın ətrafında yerlərinə oturdular. Hər iştirakçının

qabağına qoyulan ikiyə qatlanmış A4 formatlı kağızın üstündə iştirakçının adı, hansı KİV və ya QHT-ni təmsil

etdiyi yazılmışdı. Hamıya qələm, bloknot paylandı. Demək olar ki, bütün qonaqlar işgüzar, ciddi sifət almışdılar.

Halbuki, necə mənasız işlə məşğul olduqlarını özləri də bilirdilər. Cənubi Qafqaz nümayəndələrindən əlavə,

tədbirdə Qafqazlılara ekzotik meyvə gözü ilə baxan; onların cılız, mənasız münaqişələrini özlərinə əyləncə sayan

avropalılar - İngiltərə, Fransa və Almanya səfirliklərinin nümayəndələri də iştirak edirdilər.

Zaur diqqətlə Artuş Saroyana baxdı. Bayaqdan heç kimlə dialoq qurmayan, hər kəsdən kənar gəzən, ətrafda baş

verənlərə biganə qalan Artuş da, Zauru gözləri ilə yeyirdi. Elə bil yadına nəyisə salmağa, beyninin dərinliklərində

ilişib qalmış bir xatirəni canlandırmağa çalışırdı. Əziyyət çəkirdi. Amma Zaur xatırladı onu... Birdən xatırladı...

Xatırlamaz olaydı kaş...

Bir anda nəfəsinin kəsildiyini, mühakimə qabiliyyətini itirdiyini hiss etdi. Nabeqlavi suyundan bir qurtum içdi.

Həyəcanlı hərəkətləri ilə özünü ifşa etdiyini, hər kəsin ona baxdığını düşündü. Halbuki soyuqqanlılığını qoruyan

Artuşdan başqa, heç kim onun tərəfə baxmırdı. Artuşun üzündə, mürəkkəb bir tənliyin həllini axtaran insanın

ifadəsi; iri, ala gözlərində isə sululuq vardı. Bu gözləri necə unutmaq olardı axı? Bu gözlər illər boyu Zauru hər

yerdə, anbaan təqib etmişdi. İndi də bu gözlər burada, Tiflisdə ona dikilmişdi. Yox! Bu Artuş, həmin Artuş ola

bilməz! Bəs... Bəs soyadı... Saroyan... Gözlər də həmin gözlərdir axı...

Artuşun da beynindən buna oxşar fikirlər keçirdi. Düşmən ölkənin bu simpatik nümayəndəsi ona nəinki tanış,

hətta doğma gəlirdi. Geniş alnı, qara gözləri, Qafqazlılara xas olmayan balaca burnu, uzun kirpikləri. Artuşun

mərmərə dönmüş sifətində nə maraq vardı, nə də həyəcan – ancaq və ancaq sual... Sual, tərəddüd və şübhə...

Henrix Böll fondunun Cənubi Qafqaz üzrə direktoru Ernst Kopf bir-iki dəfə barmağı ilə qarşısındakı

mikrofona vuraraq, çıxışına başladı:

- Hörmətli dostlar, əziz qonaqlar. Əslində siz hamınız öz torpağınızda, öz vətəninizdəsiniz. Bura Cənubi

Qafqazdır və bütün münaqişələrə, tarixdə yaşanmış qanlı hadisələrə rəğmən, Qafqaz sizin ümumi eviniz olaraq

qalmaqda davam edir. Odur ki, qonaq siz yox, əslində mənəm.

Zaldan gurultulu alqışlar qopdu. İştirakçılar Ernstə razılıqlarını bildirdilər. Ernst gülə-gülə zaldakılara

təşəkkürünü bildirib, çıxışının davamını gətirdi:

- Bəli, biz avropalılarıq. Və bizim qurduğumuz Avropa ailəsinin, yəni Avropa Şurasının siz hamınız

üzvlərisiniz.

Qonaqlar bir daha alqışları ilə Ernstin sözünü kəsdilər. Sadəcə olaraq bu dəfə, separatçı rejimlərin

nümayəndələri alqışlara qoşulmadılar - onların Avropa Şurasına dəxli yox idi. Ernst alqışlardan ruhlanaraq,

qətiyyətlə bildirdi:

- Avropa Birliyi son illərdə, xüsusilə Azərbaycan, Ermənistan və Gürcüstanın AB-nin Yeni Qonşuluq

Siyasətinə qoşulmasından sonra Cənubi Qafqazda daha aktiv fəaliyyət göstərməyə başlayıb! Gələn 2007-ci ildə AB

Cənubi Qafqaz ölkələri ilə birlikdə Avropa Qonşuluq və Əməkdaşlıq Aləti adlanan proqramın maliyyə yardımından

yararlanmaq üçün layihələr hazırlamağa başlayacaq. Bundan əlavə, bu ildən başlayaraq AB-nin Cənubi Qafqaz

üzrə xüsusi nümayəndəsi, səfir Piter Semnebi də münaqişəylə bağlı məsələlərin həllində xüsusi fəallıq göstərir. AB

həmçinin son illərdə regiondakı münaqişə ocaqlarına dair daha çox siyasi bəyanatlar verməyə başlayıb. Ehtimal

olunur ki, AB bölgədəki münaqişələrlə bağlı müxtəlif layihələr üçün Avropa Qonşuluq və Əməkdaşlıq Alətinin

fondu tərəfindən maliyyə vəsaiti ayrılması üçün təşəbbüs göstərsin. Bu baxımdan, Cənubi Osetiya və Abxaziya

16

münaqişələrinin həllinə yardım məqsədilə Avropa Birliyinin güclü siyasi dəstək verməsi üçün Gürcüstan



müvəffəqiyyətli lobbiçilik fəaliyyəti nümayiş etdirmişdir.

Ernstın bu sözlərindən sonra, yanaşı oturan Alanla Şota öz aralarında pıçıldaşmağa başladılar. Ernst isə onlara

fikir verməyib, çıxışına davam etdi.

- Ümumiyyətlə, AB-nin Cənubi Qafqazdakı münaqişələrin həlli üçün imkanları get-gedə daha da artır. Amma

bu, heç də o demək deyil ki, AB siyasi bəyanatlar və layihələrin icrası yoluyla yardım göstərməkdənsə, hərbi

gücdən istifadə edəcək. Mən hesab edirəm ki, AB-nin Dağlıq Qarabağ münaqişəsinə ən yaxşı köməyi onun ATƏTin

Minsk Qrupuna üzvlüyü olardı. Düzdür mən bu məsələləri həll etmək səlahiyyətində deyiləm, sadəcə öz

arzularımı dilə gətirirəm.

Cənubi Qafqazda münaqişələrin həlli üçün bütün tərəflər danışıqlar masası arxasında oturmalı və çətin

kompromislərə hazır olmalıdırlar. Baxın biz bu gün, burada iki saata yaxın bir-birimizlə söhbət edəcək, bir-birimizi

yaxından tanıyacağıq. Sabahdan etibarən isə iki gün ərzində konfransımızı keçirəcəyik. Erməni, gürcü, abxaz,

osetin, azərbaycanlı – bu gün hamımız bir yerə toplaşmışıq, amma fikir verin, bu xalqlar arasında heç bir problem

yaşanmır, onlar bir-birlərinə qarşı necə də mehriban və alicənabdırlar. Deməli, şərait yaradılsa, onlar sülh içində

bir-birləri ilə yaşamağa da hazırdırlar. İki gün boyunca biz sivil insanlar kimi, öz problemlərimizi dilə gətirəcək,

ürəyimizdə nə varsa açıq müzakirə edəcəyik.

Münaqişə tərəfləri üçün inam yaratmaq və insanlar arasında qarşılıqlı əlaqəyə böyük ehtiyac var. Bütün Cənubi

Qafqazda qaçqın və məcburi köçkünlərin könüllü şəkildə müharibədən əvvəlki evlərinə qayıtması üçün imkanlar

yaradılmalıdır. Hər iki tərəf inanmalıdır ki, müharibə etməkdənsə, münaqişənin həll olunmasından daha çox

yararlanacaqlar, xüsusilə iqtisadi inkişaf və ticarət sahəsində. Əgər Cənubi Qafqaz regionu iqtisadi zona kimi

fəaliyyət göstərərsə, o zaman daha çox xarici investor bu regionda işləməyə maraq göstərəcək. Əsas da odur ki, üç

respublikanın və tanınmamış respublikaların hökumətləri öz vətəndaşlarına münaqişələri tez bir zamanda hərbi

yolla həll edəcəklərinə dair vədlər verməsinlər!

Azərbaycanlı xanım jurnalistlər istehza ilə gülərək, başlarını buladılar. Ernst onlara tərəf baxdı.

- Sizin deməyə sözünüz var deyəsən? Varsa buyurun.

“Möhtəşəm Azərbaycan” qəzetindən Dilarə Manaflı, bərbad rus dilində danışmağa başladı:

- Biz əlbəttə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Lakin bu da mümkün olmazsa, hərb yolu ilə

torpaqlarımızı azad etməyə qadirik. Yəni, lazım gələrsə vuruşmağa hazırıq. Ermənistan öz işğalçı ordusunu Dağlıq

Qarabağdan çəkməyincə, torpaqları azad etməyincə, heç bir iqtisadi əməkdaşlıqdan söhbət gedə bilməz.

David istehza ilə qızlar tərəfə baxıb, yarı ucadan:

- Çox lazım idi sizin iqtisadi əməkdaşlığınız bizə...

Ernst nəzarətin əldən çıxa biləcəyini başa düşüb müdaxilə etdi.

- Xahiş edirəm, yerlərdən replikalar atılmasın. Mən bu tədbirin moderatoru kimi, münaqişələrin həllində KİV

və QHT-lərin rolunun müzakirə edilməsini və çərçivədən kənara çıxılmamasını tələb edirəm. İndi isə, istərdim hər

biriniz öz münaqişənizin tarixindən, səbəb-nəticə əlaqələrindən danışasınız. Müharibənin ilk günündən bu günə

qədər yaşanan prosesləri, ötən zamanı müzakirə edək. Nələr itirib, nələr qazandığınızı bölüşün bizimlə. İstərdim,

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin nümayəndəsi Zaur Cəlilov birinci başlasın. - Ernst güldü və əlavə

etdi, - sadəcə olaraq ona görə ki, Dağlıq Qarabağ münaqişəsi nəinki bölgədə, hətta bütün SSRİ-də itkilərinə və

miqyasına görə etnik zəmində başlayan birinci münaqişə idi. Buyurun cənab Cəlilov.

Zaur bir qurtum su içib Ernst Kopfa təşəkkür etdi, qonaqları salamladı və sözlərinə başladı:

- Cənab Kopfun da qeyd etdiyi kimi, SSRİ dağıldıqdan dərhal sonra, müstəqillik qazanmış Ermənistan

Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətin əsas vasitələrindən birinə

çevirdi. Amma nəzərinizə çatdırmaq istərdim ki, Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin süqutundan sonra yox, ondan

üç il əvvəl başladı. O ki, qaldı Ermənistanın dövlət səviyyəsində terroru dəstəkləməsinə, buna dair çoxsaylı

faktlar, məhkəmə materialları var. Azərbaycanın dinc əhalisinə qarşı törədilən terror aktları Ermənistan hökuməti

tərəfindən maliyyələşdirilir, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilirdi.

Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi

birləşmələri Azərbaycanın sərhədlərini pozdu, Qarabağa daxil oldu və Dağlıq Qarabağın erməni separatçıları ilə

birləşərək Azərbaycan torpaqlarının işğalına başladı. SSRİ silahlı qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ

Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular.

Bayaqdan dodağında xəfif təbəssümlə Zaura qulaq asan Artuş, qəflətən onun sözünü kəsdi:

- Dağlıq Qarabağ erməniləri sadəcə olaraq müstəqil, azad olmaq istədilər. Bu onların haqqı idi, indi də

haqlarıdır. Bu gün hətta öz vətəndaşlarının, türklərin hüquqlarını tapdalayan Azərbaycandan bir erməni nə gözləyə

bilər? Siz erməniləri onsuz da məhv edəcəkdiniz. Siz Dağlıq Qarabağ ermənilərinə silah qaldırdınız. Deməli siz öz

vətəndaşlarınızı qırırdınız.

Ernst əsəbi halda onun sözünü kəsdi:

17

- Cənab Saroyan, mən replikaların qadağan olduğunu demişdim. Sizi intizama dəvət edirəm.



Zaur söz aldı:

- Cənab Kopf, mən etiraz etmirəm. Artuş danışa bilər. Mənim üçün də maraqlıdır.

Ernst istəmədən də olsa razılıq verdi:

- Amma iştirakçılardan xahiş edirəm, bunu ənənəyə çevirməsinlər. Buyurun cənab Saroyan.

Artuş gülümsəyib dedi:

- Təşəkkür edirəm. Hələlik bu qədər. Zaur davam etsin.

Zaur “sağ olun” deyərək, çıxışına qaldığı yerdən davam etdi:

- Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük

Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsi idi. Qərbi Ermənistan adını verdikləri

Türkiyənin şərqinə də iddialıdırlar. Bu, artıq patologiyadır. Tarix boyu ermənilər, "ənənələrinə" sadiq qalaraq,

həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə girişiblər. SSRİ-də 1985-ci ildə

ermənipərəst Qorbaçovun hakimiyyətə gəlməsi ilə, erməni separatçıları növbəti dəfə fəallaşdılar. Buna görə də, bu

münaqişə bizimlə Dağlıq Qarabağ arasında gedən münaqişə deyil. Çünki biz, belə bir subyekt tanımırıq. Bu

müharibə Azərbaycanla Ermənistan arasında aparılır.

Dilarə ilə Sevdanın gözlərində Zaura minnətdarlıq oxunurdu. Onlar, Akif Tağının adamından belə sərt çıxış

gözləmirdilər. Ernst əlini qaldıraraq dedi:

- Cənab Cəlilov, bu problemin, münaqişənin miqyasını görmək üçün, sizin sözlərinizə qulaq asmaq kifayət

edir. Hələ siz, sülhməramlı fəaliyyəti ilə tanınan bir təşkilatın nümayəndəsisiniz. Bu cür sərt sözləri istənilən adam

deyə bilərdi. Bəs sülhməramlının sıravi vətəndaşdan fərqi, maarifçilik missiyası olmalı deyilmi?

Zaldakı separatçılar xısın-xısın gülüşdülər. Şotanın və digər gürcülərin üzlərində Zaura dəstək ifadəsi

oxunurdu. Artuş isə soyuqqanlılığını və laqeydliyini itirmirdi.

- Cənab Kopf, sizi başa düşürəm, - dedi Zaur. Amma siz özünüz münaqişələrimizin tarixindən, səbəb-nəticə

əlaqəsindən danışmağımızı istədiniz. Mən də tarixə ekskurs edirəm. Ermənistanlı və Qarabağlı qonaqlar lazım

bilsələr, sözlərimə düzəliş edərlər. Razılaşdıq?

Ernst gözlərini yumub başını tavana qaldırdı:

- Yaxşı, buyurun.

- Sizin diqqətinizi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinə yönəltmək istərdim.

O gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı

alayının əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdilər.

Siz burada Avropa dəyərlərindən, qanunlardan danışırsınız. Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını,

onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu Birləşmiş Millətlər

Təşkilatı da təsdiq edib. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini

tərk etməsi haqqında 4 qətnamə qəbul edib. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmirlər bu günə kimi.

Amma biz, sülh potensiyalının hələ də tükənmədiyini, sülh uğrunda var gücümüzlə işləməli olduğumuzu qəbul

edirik. Bilirsinizmi, Azərbaycan Qafqazda xırda, etnik çərçivələrdən xeyli kənara çıxan, əslində vətəndaşlıq

anlamını önə sürən unikal milli birlik - azərbaycançılıq – anlayışını yaratmışdır. Azərbaycan heç bir vaxt öz vətəndaşlarının

üzərinə silahla getməz. Bizlər hesab edirik ki, Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsini sülh

yolu ilə həll etməlidir. Bizim buna imkanımız da var. Azərbaycan xalqı etnik millətçilərin yaratdığı xalq deyil.

Azərbaycan xalqı böyük azərbaycanlıların yaratdığı milli birlik əsasında formalaşmış xalqdır. Orada hər bir etnik

qrupa yer var – rusa, yəhudiyə, talışa, erməniyə, ləzgiyə...

David qəhqəhə ataraq onun sözünü kəsdi:

- Amma Qarabağ erməniləri, özlərini bu siyahıda görmək istəmir, Azərbaycan vətəndaşı olmaq istəmirlər.

Bunu birdəfəlik başa düşməlisiniz! Qarabağ əhalisinin öz müqəddəratlarını təyin etmə haqqı var...

- İstəmirlərsə, onda istədikləri dövlətə gedə bilərlər. Məsələn Ermənistana. Qarabağ isə Azərbaycanın tərkib

hissəsidir. Əlbəttə, hər bir xalqın öz müqəddəratını təyin etmə haqqı var, amma unutmayın ki, ermənilər bu haqdan

istifadə ediblər və Ermənistan Respublikası adlı dövlət yaradıblar. Deməli, Azərbaycan vətəndaşlığını bəyənməyən

istənilən erməni öz xalqının qurduğu ölkəyə köçə bilər.

Sonuncu cümlələrini dediyi zaman çatılmağa başlayan gürcü qaşlarını görən Zaur, onlara heç də sərf etməyən

fikir bildirdiyini anladı – bunu razılıq əlaməti anlamında astaca aşağı-yuxarı gedən abxaz və osetin başları da sübut

edirdi. Amma bu konfransların nə qədər mənasız olduğu barədə çoxdan gəldiyi qənaət, onu yürütdüyü bu fikrə

görə narahat olmamağa inandırdı.

Ernst suyundan bir qurtum içərək, dedi:

- Hesab edirəm, sizin ölkələrinizin futbol komandaları Azərbaycan və Ermənistanda oyunlar keçirsələr, bu,

xalqlarınızın yaxınlaşması üçün bir zəmin yaradar.

Artuş dodaq büzdü:

18

- Siz əsl Avropalı kimi düşünürsünüz. Sizi anlamaq çətin deyil. Amma nəzərə alın ki, bizim ölkələrdə idman



heç vaxt sülhün rəmzi kimi qəbul olunmayıb. Oluna da bilməz.

Zaur da söz aldı:

- Bizim bir milyondan çox qaçqın və köçkünümüz var. Qaçqınlardan kiminsə valideyni, qardaşı, ana-bacısı

ermənilər tərəfindən öldürülüb. Onların gözləri qarşısında belə kütləvi tədbir keçirərkən heç bir təminat verə

bilmərik ki, kimsə meydançaya girib, erməni futbolçularını vurmayacaq, döyüb-öldürməyəcək. Torpaqlarımızın 20

faizini işğal edən bir ölkənin bayrağını qaldırıb, himnini səsləndirə bilmərik. Bu, bizim qəti fikrimizdir.

Yığmalarımız arasında oyunun nə Bakıda, nə də İrəvanda keçirilməsinə razı deyilik. Azərbaycan UEFA-ya

mövqeyini bildirib. Oyunlar yalnız və yalnız neytral meydançada keçirilə bilər.

Artuş onun sözünü kəsdi. Təmkinlə danışdı:

- Siz QHT nümayəndəsisiniz cənab Cəlilov. Leksikonunuz siyasətçilərin, sıravi vətəndaşların leksikonundan

fərqlənməlidir. Tamamilə razıyam cənab Kopfla. Biz vətəndaş cəmiyyətindən danışırıq, sülhməramlılıqdan

danışırıq, sonra da qarşılıqlı ittihamlarla bir-birimizə hücum edirik. Bura cəngavərlik meydanı deyil. Həmkarım

Zaurun ittihamedici çıxışlarının arxasında nəyin dayandığını bilirəm – Bakıda başına gələ biləcək hadisələrdən

qorxur. Mən də onun problem yaşamasını istəməzdim. Ona görə də, hər kəsdən onu anlamasını rica edirəm.

“Möhtəşəm” Dilarə, Artuşa cavab ötürdü:

- Azərbaycan Ermənistan deyil ki, əks fikirdə olanları orada döyüb-öldürsünlər. Hər halda güllələnən sizin

parlamentiniz olub, bizim yox.

- Elmar Hüseynovu da biz, ermənilər öldürmüşük?

Bu an, “Asaval-Dasavali” qəzetinin müxbiri Nino Dumbadze, yerindən qışqırdı:

- Deyəsən bu gün ancaq Ermənistanla Azərbaycanın problemlərini dinləyəcəyik. Nəzərə alın ki, burada

müzakirə olunası başqa məsələlər də var.

Qurgen Ağacanyan Ninonun sözünü kəsərək, etirazını bildirdi:

- Zaur və Dilarə təcavüzdən, işğaldan danışırlar. Hansı işğal? Qarabağ xalqı Azərbaycanın tərkibində qalmaq

istəmirdi və ayrılmaq qərarına gəldi. Azərbaycan isə buna imkan vermək istəmədi. Onlar məcbur olub silaha

silahla cavab verdilər. Bundan daha təbii nə ola bilər? İndi burada birlikdə yaşamaq mədəniyyətindən danışılır. Biz

bu xalqla necə birlikdə yaşaya bilərik axı? Onların Qarabağ ermənilərinə münasibətinin necə olacağını başa

düşmək üçün, Qazax rayonunda, Naxçıvanda dağıdılan xaçkarlara, qədim kilsələrimizə baxmaq kifayət edər.

Azərbaycanda sistematik qaydada ermənilərə aid tarixi memarlıq abidələri dağıdılır. Erməni izini hər yerdən silib

atmaq istəyirlər və buna nail olurlar. Mən Qazaxdakı müqəddəs Sarkis kilsəsinin dağıdılmasından danışıram. Ora

sərhəddə yaxın bölgədə yerləşir. Nəzərə alsaq ki, vandallar texnikadan istifadə edərək bunu edirlər, onda belə çıxır

ki, bu dövlət əli ilə aparılan məqsədli vandalizmdir. Qazax rayonu icra hakimiyyəti guya bundan xəbərsiz olduğunu

deyir. Müqəddəs Sarkis kilsəsi çox böyük tarixi, memari əhəmiyyətə malikdir. Bu qədim Ermənistanın Tauş bölgəsinin

ən qədim abidələrindəndir. 1163-cü ildə inşa edilmişdir.

“Müasir Müsavatdan” Sevda, yerindən dik atıldı:

- Ağzınızın danışığını bilin! Tauş yox Tovuz! Bu şəhər qədim türk yurdudur və mən özüm də Tovuzdanam.

Ora heç vaxt ermənilərə aid olmayıb!

Bu məsələdən xəbərsiz olan Zauri isə, ağlına gələn ilk arqumenti səsləndirdi:

- Mən bu haqda heç nə bilmirəm. Amma o bölgədə kilsə olubsa da, bu çox güman Alban kilsəsidir.

Azərbaycan ərazisində erməni abidələri yoxdur.

Artuş gülərək:

- Altmışıncı illərdən başlayaraq, Müqəddəs Sarkis kilsəsini alban abidəsi kimi qələmə verməyə çalışırsınız, -

dedi. Məntiqlə danışaq; Ərəb Xilafətinin Qafqaza ayaq açdığı VII-VIII əsrlərdən sonra Albaniya adlı dövlətin,

alban adlanan xalqın mövcudiyyətinə son qoyulub. Kütləvi şəkildə islamı qəbul edən bir xalq beş əsr sonra birdənbirə

niyə kilsə inşa etmək fikrinə düşsün? Belə fikirlərlə bu torpaqlarda ermənilərin yaşaması faktını guya gizlədə

biləcəksiniz? Onda əgər o erməni yox alban kilsəsidirsə, azərbaycanlılar onu nə üçün sökürlər? Naxçıvanda,

Cuqada da xaçkarları məhv etdilər. Bunu təsdiq edən foto və video materiallar var. Azərbaycan hakimiyyəti isə

beynəlxalq ekspertlərin ora girməsinə icazə vermir.

Stepan düzəliş elədi:

- Azərbaycan hakimiyyəti yox, Azərbaycan nefti. Orda neft olmasaydı, ekspertlər istədikləri dərmə-deşiyə girə

bilərdilər.

Dilarə söhbətə qarışdı:

- Əvvəla, varvarlığa qalsa Şuşada və Qarabağın müxtəlif yerlərində, hətta indi Ermənistan dediyiniz qədim

Türk-Oğuz yurdu Qərbi Azərbaycanda bizə aid abidələri də siz məhv etmisiniz. Əgər kim birinci başladı, kim daha

çox məhv etdi mübahisəsinə girişsək, siz yəqin ki, bundan uduzarsınız.

Qurgen gülümsədi:

19

- Xanım, “biz”, “siz” deyəndə siz kimləri nəzərdə tutursunuz? Ermənistanda hansı Azərbaycan abidəsi ola



bilər? Axı, Azərbaycan adlanan dövlət 1918-ci ildə, azərbaycanlı adlanan xalq isə 20-ci əsrin 30-cu illərində

yaranıb...

Zaur isə problemə başqa aspektdən yanaşdı:

- O ki, qaldı Naxçıvana girə bilməyən beynəlxalq ekspertlərə, demək istərdim ki, biz heç özümüz də Naxçıvana

girə bilmirik. Siz Vasif Talıbovun kim olduğunu bilirsiniz?1 O istəsə bizim hamımızı, bax elə burdaca, Tiflisin

mərkəzində, otellə birlikdə yerlə yeksan edər.

Salonda böyük bir qəhqəhə qopdu. Gülən, dizlərinə vuraraq qəşş edən insanların fonunda, bir-birinə diqqətlə

baxan iki cüt göz, iki ciddi üz heç gülmür, olduqca əsrarəngiz, heyrətamiz görünürdü. Zaurla Artuşun üzlərində ən

xırda bir ifadə belə oxunmurdu. Nə fikirləşdikləri də bilinmirdi. Elə hey baxışırdılar... Sanki bir-birlərini daha

yaxından tanımağa çalışırdılar...

Zaurla Artuşun bir-birlərinə yaxınlaşmadığı, kəlmə kəsmədiyi 15 dəqiqəlik qəhvə fasiləsindən sonra, söz

osetinlərə və abxazlara verildi. Onlar da azadlıqdan, öz müqəddəratlarını təyin etmək hüquqlarının olduğundan

bolluca danışıb, Gürcüstanı topa tutdular. Aqresiv Şota onların sözlərini kəsmək istəsə də, bayaqkı qırğından sonra

ağıllanan Ernst ona imkan vermədi. Bir ara Qarabağlı ermənilər osetin və abxaz “qardaşlarına” dəstək vermək

istədilər. Ernst onlara da mane oldu. Əməlli başlı qızarmış, tərləmişdi. Allah bilir ürəyində, onu “bu meymunlarla

işləməyə məcbur edənlərə” lənətlər yağdırırdı.

Aləm qarışmış, məzhəb itmişdi. Bircə Artuşla Zaur qoruyurdular soyuqqanlılıqlarını. Onları heç nə

maraqlandırmırdı. Onlar heç nəyi və heç kəsi eşitmirdilər. Ofsunlanmışdılar, donub qalmışdılar sanki. Yaxşıdı

onlara fikir verən yox idi. Bircə... Şotadan başqa.

Şota azərbaycanlı dostunun erməni həmkarı ilə baxışmasını bayaqdan maraqla izləyirdi. Nələrin baş verdiyini

anlamırdı, amma bu sirr pərdəsini aralamağı çox istərdi.

Tədbir axşam saat 20.10-da bitdi. Ernst qonaqları Mariott otelinin restoranına dəvət edərək, özü tualetə qaçdı.

Restoranın kandarından içirə addım atan Zaur, vəhşi kimi acdığını yalnız indi hiss elədi. Səhər yediyi hamburgerin

üstündəydi və mədəsində qurdlar ulayırdı. Ev atmosferinin hakim olduğu restoran, Bakıdakı şadlıq saraylarının

çoxunda olan kiçik zallara oxşayırdı – xudmani və intim. Burada 4 masanı birləşdirib böyük bir İsveç masası

açmışdılar. Sağda və solda, pəncərələrin yanında isə dairəvi masaların üstünə müxtəlif spirtli və spirtsiz içkilər

düzülmüşdü.

Zaur çöplərə keçirilmiş ət, toyuq və pendir tikələrindən boşqabına bolluca dolduraraq, pəncərəyə yaxınlaşdı.

Burada da arağa portağal şirəsi qatıb, Azadlıq meydanına tamaşa edə-edə yeməyə başladı. Şota bu arada, tualetdən

qayıdan Ernstlə söhbət edirdi. Sonra David qoşuldu onlara. Dilarə və Sevda da nəhayət bir erməni ilə dil tapmışdılar.

Luiza ilə söhbət edir, hətta arada gülümsəyirdilər. Çıxışlar zamanı əvvəldən axıra qədər susan,

mübahisələrə qarışmayan Luiza, ola bilsin qızların simpatiyasını qazanmışdı. Alanla söhbət edən Artuş isə, arada

bir Zaura ötəri nəzər salırdı. Tez-tez göz-gözə gəlirdilər. Zaur yeməyini və içkisini bitirib, yenidən İsveç masasına

yaxınlaşdı. Bu dəfə qabını yarıyacan doldurdu və özünə portağal-araq qarışığından kokteyl düzəldib pəncərə

qırağındakı yerinə qayıtdı. Çöpə ilişdirilmiş ət qovurmasını tələsmədən çeynəyən yerdə, arxadan doğma dilində

“Salam” sözünü eşidib diksindi. Şimşək sürəti ilə dönüb arxaya baxdı.

Artuşun gözləri gülürdü. Dodaqları bir-birinə sıxılmışdı. İki əli ilə tutduğu pivə bokalını ovuşduraraq bir daha:

- Salam, - dedi

- Salam, - Zaur qərarsızlıqla dilləndi. Qədəhi pəncərənin kənarına qoydu, əlini Artuşa uzatdı. O da onun əlini

sıxdı. Ovucunun içi yumuşaq, ilıq idi. Artuş, üzünə etinasız ifadə qatıb rusca soruşdu:

- Bakıdansan?

Bu sualın mənasızlığını ikisi də başa düşürdü. Zaur gülümsəyib:

- Yox, Naxçıvandanam, - dedi.

Artuş ürəkdən güldü.

- Əla... Onda məni tanımadın deyəsən...

Zaur başını aşağı saldı. Əlbəttə tanımışdı. Kaş Artuş qədər cəsarətli, özündən əmin olaydı. Şübhəyə yer

qalmamışdı. Bu o idi. Həmin Artuş. Həmin insan. Markalar, albomlar, ilk siqaret, ilk...

Başını qaldırıb düz gözlərinin içinə baxdı. Uzun müddət susaraq baxışdılar. Bu baxışlar Artuşa verilən cavab

idi. Ernst və Daviddən uzaqlaşan Şota, əlində şərab qədəhi, onlara baxırdı. Nə danışdıqları haqda təsəvvürü yox idi.

Doğrusu, onlar heç danışmırdılar da. Ancaq baxışırdılar. Şota mat qalmışdı. İki əzəli düşmənin arasında nə səmimiyyət

ola bilərdi axı? Yoxsa bu heç səmimiyyət də deyildi? Daha artıq idi?..

Onlara dikilən bir cüt gözdən xəbərsiz, Zarula Artuş sükutu ilk kimin pozacağını düşünürdülər. Nəhayət Artuş

dilləndi.

1 Vasif Talıbov – kosmik quvvələrlə təmasda olan, ilhamını səmadan alan, fovqəlbəşər, metafizik varlıq. Naxзıvan Muxtar Respublikasına

başзılıq edir.

20

- Hər halda danışılası xeyli mövzu var.



- Var.

- Elə isə?

- Burada?

Artuş ətrafa göz gəzdirdi. Şota onun arxaya döndüyünü görüb, gözlərini qaçırtdı. Yenidən Zaura döndü:

- ATA otelində qalırsan?

- Aha.


- Elə mən də...

- Bilirəm.

- Yanına gəlsəm etiraz etməzsən ki?

- ...


- Əgər istəmirsənsə...

- Yox, yox... Əlbəttə gələ bilərsən... Nə vaxt?

- Mən indi çıxıram. Sən də yarım sat sonra otelə gəl. Olar?

- Olar... Biraz Şota ilə söhbət eləməliyəm... Sonra, bizim qızlarla da... Tez getməyimi onlara necə izah edim?

- Başım ağrıyır, yorğunam deyərsən. Problem olmaz məncə. Neçənci otaqdasan?

- 304.


- Görüşənədək.

- Yaxşı... Artuş.



Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə