ƏLİ ƏKBƏr artuş VƏ zaur (böyüklər üçün konfliktologiya dərsliyi)



Yüklə 1,44 Mb.
səhifə5/13
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5791
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13

4

Sinfin yarısı, əsasən qeyri azərbaycanlılar dərsə gəlməmişdi. Şagirdlərin, hətta müəllimlərin əksəriyyətinin

üzündə qorxunun, əndişənin kölgəsi vardı. Artuşun yeri boş qalmışdı. Bu parta arxasına onsuz oturmağa dözə

bilməyən Zaura dünya dar gəlir, sinif zindan görünürdü. Daldığı xəyallardan sırtıq-sırtıq gülən Kamran ayırdı onu.

Boksçu Billi qədər güclü olsaydı Kamranı əzişdirər, ağzı-burnunu qanadardı. Təəssüf ki, nə boksçuydu, nə də Billi.

Lap ona gücü çatsaydı belə, Kamran vətənpərvər idi, o isə kosmopolit. Heç şübhəsiz haqlı da, haqsız da olsa -

qınaq obyektinə özü çevriləcəkdi.

- Dostun Artuş, rədd olub getdi şəhərdən. Səhər sübhdən, satqın qonşuları yola salıblar onları.

Zaur başına qaynar su tökülmüşə döndü. Titrəyən səsi ilə dedi:

- Yalan deyirsən! Yalan!

- İnanmırsan 9 A-dan Seymurdan soruş.

Artuşun qonşusu Seymur, Vidadi 142 ünvanında yaşayırdı.

- Səhər dərsə gələndə Seymuru gördüm yolda. Danışdı mənə hər şeyi. Görürsən?! Sənə demişdim ermənidən

dost olmaz? Heç sənə zəng də eləmədi. Evlərində də indi qaçqın ailə yaşayır.

Sonra da Zaurun qulağına əyilərək əlavə elədi:

- Axırıncı erməni ölənə, ya da Bakıdan vızqırıb gedənə qədər mübarizəmiz davam edəcək. Gözə-göz, dişə-diş.

Masisdə, Sisianda öldürülən, Qarabağdan didərgin salınan azərbaycanlıları yaddan çıxarma Zaur!

- Bunun Artuşa nə dəxli var axı? – soruşdu nəmli gözləri ilə. Ağlamaq istəyirdi, amma Kamrana zəifliyini

göstərmək istəmirdi.

- Nə dəxli var? – Kamran çiyinlərini çəkib qamətini düzəltdi. – Ermənilər Qarabağda, Ermənistanda yaxşı pis

fərqi qoymadan, bütün azərbaycanlıları qanına qəltan edir. Biz nə vaxta qədər dözəcəyik? Biz nə vaxta qədər

erməniləri yaxşılara, pislərə ayıracağıq? – Bir az fikirləşib dedi, - görürəm çox məyus olmusan Zaur... Sən pis oğlan

deyilsən. Amma ermənidən adama dost olmaz. Bunu nə qədər tez başa düşsən, özün üçün o qədər yaxşı olar.

Zaur oturduğu yerdə daş kəsilmişdi. Kamranı eşitmirdi artıq. Bu şəhəri həmişəlik tərk edən sevgilisinin

yanındaydı düşüncələri.

Böyük tənəffüsə qədər birtəhər sinifdə oturdu. Müəllimlərin danışdıqlarını duymur, gözləri heç kimi görmürdü.

Zəng çalınan kimi çantasını qaparaq, bayıra cumdu. Bünyad Sərdarov küçəsi ilə üzü aşağı, Baksovet metrosu tərəfə

tələsdi. Şəhərlərində nələrin baş verdiyini anlamaqda çətinlik çəkən Bakı sakinlərinin bozarmış sifətlərinə baxdı

yolboyu. Göz yaşlarını içinə axıda-axıda, İçəri Şəhərin qapısına çatdı. Ayaq saxladı. Evə getmək fikrindən daşınıb

Qubernator bağına üz tutdu. Parkdakı çılpaq ağaclar yalqız görünürdülər. Ağaclar qədər tənha pişiklər parkda

vecsiz gəzişir, yanlarından sürətlə ötüb keçən şəhər sakinlərinin, hara və nə üçün tələsdiklərini başa düşmürdülər.

Bircə içinə ülgüc qədər iti kədər çökən Zaur pişiklər kimi heç bir yerə tələsmirdi.

Yavaş-yavaş sahilə, bulvara gəlib çıxdı. Burada da tənhalıq axtaran çılğın sevgililərdən savayı heç kəsi

görmədi. Soyuq skamyalardan birinə oturaraq, üfüqdə çətinliklə sezilən Nargin adasına baxdı. Göz yaşlarının

boşalmasına necə, nə vaxt icazə verdiyini özü də bilmədi. İlıq damlalar çənəsini qıdıqlamağa başlayanda əlləri ilə

gözlərini, yanaqlarını sildi. Artuşla birgə aldıqları, amma çəkməyə fürsət tapmadıqları Rodopi qutusunu

çantasından çıxartdı. Həyəcandan və soyuqdan titrəyən barmaqları ilə qutunun ağzını açaraq bir siqaret götürdü,

dodaqları arasına qoydu, kibrit çöpünü çaxıb siqaretin ucuna yaxınlaşdırdı. İlk qullab öskürtdü onu. Bir az fasilə

verdikdən sonra ikinci dəfə dumanı içinə çəkdi. Bu səfər ehtiyatlı davrandı. Siqareti çəkib bitirdikdən sonra, bu

zəhrimarın böyüklər tərəfindən nə üçün rəğbət gördüyünü düşündü. Cavab tapa bilmədi. O, sadəcə kədərli və əsəbi

olanda siqaret çəkməyin insanı yüngülləşdirdiyini eşitmişdi. Atası çəkmirdi, amma gündə iki qutu çəkən əmisi

siqaret çəkməsə əsəbdən ölə biləcəyini tez-tez təkrarlayırdı.

Doğrudan da azacıq özünə gəldiyini hiss etdi. Hələ hər şeyin bitmədiyini, müharibənin bir gün mütləq

qurtaracağını, Artuşun bəlkə də yenə Bakıya qayıdacağını düşündü.

“Niyə olmasın ki? Bu düşmənçilik əbədi ola bilməz axı. O qayıtmasa, mən gedərəm yanına. Böyüyəndə

gedərəm...”

Soyuğun sümüklərinə işlədiyini, donduğunu hiss etməyə başlayanda, ayağa qalxıb evin yolunu tutdu.

...

Əlbəttə, güman etdiyi kimi olmadı. Nə münaqişə bitmədi, nə də Artuş geri dönmədi. Lakin ümidlə



yaşamalıydı. Tək sığınacaq yeri idi ümid. Heç kim ona təsəlli verə, dərdinə şərik çıxa bilməzdi. Bu elə bir

məhəbbət idi ki, onun haqqında danışmaq, onu kiminləsə bölüşmək Zaurun bir şəxsiyyət, insan kimi bitməsinə,

tükənib getməsinə səbəb ola bilərdi. Bu regionda, hətta bütün SSRİ-də onu anlayacaq adamı istəsəydi belə, tapa

bilməzdi.

Evə gəlib, təmiz bir dəftərə ürək sözlərini yazdı Zaur. Bu bir and, bir fəryad idi. Yazdı və illər boyu saxladı.

Onun göndərmədiyi, əsla göndərməyəcəyi məktubdan sətirlərdir bunlar:

36

“...Ürəyimdəki sevgi alovu heç vaxt sönməyəcək. Ola bilsin nə vaxtsa közə dönəcək, amma sönməyəcək!



Səni bir ömür qədər sevəcəyimə, əbədi sevginlə yaşayacağıma, o gözlərini hər zaman gözlərimdə canlı

tutacağıma, ən yaxın dostun, ən əziz sevgilin olacağıma, əsla soyuqdan və yalnızlıqdan üşüməyəcəyimə, yanında

olmadığım və varlığına ehtiyac duyduğum hər anda, bir dəli külək olub səni saracağıma, həyatım boyu hər sabah

sənə aşiq olaraq oyanacağıma, əlini asta-asta, qorxa-qorxa tutduğum, dodaqlarını ürkək-ürkək öpdüyüm o ilk

gündə vücudumu saran həyəcanı daima yaşayacağıma, bütün dənizlərdə səni görəcəyimə, göy qurşağına yelləncək

qurub 7 rəngə sənin rəngini qarışdıracağıma, hər sətirdə səni yazacağıma, hər bir anın unudulmazlıq zəncirinə bir

yeni halqa əlavə edəcəyimə, səni ”SƏN” olduğun üçün sevəcəyimə söz verirəm Artuş!”

***

1990-cı ilin 20 Yanvar gecəsi havadan qan qoxusu gəlirdi. Ağaclarda tək bir yarpaq tərpənmir, küçələrdəki it

və pişiklər gözə dəymirdi. Hətta ay da qəribə, qırmızımtıl çalarlara boyanmışdı. Lenin və XI-ci Qızıl Ordu

meydanları insan selinə təslim olmuşdu. Saat 22.00 radələrində mikrorayonlardan şəhərin mərkəzinə gedən yollarda

tonqallar qalanmış, avtobus və trolleybuslar çəpəki olaraq magistrallara düzülmüş, barrikadalar qurulmuşdu.

Zaur məktəbdən qayıtdıqdan sonra qapandığı otağından beş saat çıxmamış, yemək yeməmişdi. Anası, güllü

dəsmalın ucuyla gözlərini silərək, ərinə:

- Bu uşağın halı heç xoşuma gəlmir. Neynəyək ay Heybət? – dedi.

Heybət gözünü ekrandan ayıraraq, qınaq dolu gözlərlə arvadına baxdı.

- Sənə dedim narahat olma, hər şey düzələcək. Dostundan ayrılıb, bundan təbii nə ola bilər? Adamın pişiyi

öləndə, neçə gün özünə gəlmir. Bir də harda, nə vaxt görəcək o gedəni?

Arvad ağlamsınıb kədərli-kədərli kreslonun ucuna oturdu.

- Bəs bu işlərin axırı necə olacaq ay Heybət?

Respublikada nələrin baş verdiyini öyrənməkdən ötrü xəbərlər proqramını dörd gözlə gözləyən Heybət,

nəzərlərini bir daha televizordan sürüşdürüb, əsəbi səs tonuyla bir nəfəsə dedi:

- Elə bu axırıdır da ay Qəndab! Bundan sonra nə əvvəl, nə axır? Bayaq Sərxanla danışdım. Deyir, bütün yollara

barrikadalar qoyublar, rusların qabağını kəsəcəkmişlər. Axı bu axmaqlıqdır! Adi maşınlarla tankların qarşısını necə

almaq olar? Əgər tanklar doğrudan da şəhərə girmək istəsələr, bu sipərləri ikicə saniyəyə əzib keçə bilərlər.

- Uşaq da çörək yemir...

Əri onun sözünü kəsdi:

- Hələ heç kim acından ölməyib. Vaxtı çatanda özü gəlib yeyəcək.

- Xəstəlik tapa bilər ey!

- Tapmaz, narahat olma... Aləmi qatdılar bir-birinə oğraşlar. Gül kimi yaşayırdıq. Bu boyda dövləti gör nə

günə qoydular.

Qəndab, ərinin kimə söydüyünü, kimi ittiham etdiyini dəqiqləşdirmədən ayağa qalxıb, mətbəxə keçdi. Dolma

qazanını qazın üstünə qoydu, Zaurun otağının qapısına yaxınlaşdı.

- Zaur, oğlum, öldün ki, acından! Bəsdir özünü də girinc elədin, bizi də. Gəl bir tikə çörək ye.

Qapı qəfil açıldı. Yeniyetmənin üzü ağappaq kəsilmiş, bənizində damcı qan qalmamışdı. Qadın övladının

zəiflədiyini, saman çöpünə döndüyünü yalnız indi fərq etdi. Əlləri ilə başını tutdu:

- Ay bala, sən məni öldürmək istəyirsən?!

Oğlan birdən-birə anasına sarıldı, onu möhkəmcə qucaqladı, başını sinəsinə sıxaraq:

- Qorxuram, çox qorxuram, - deyə fısıldadı.

Ana özünü itirdi. Əyilib oğlunun başından öpdü. Son dəfə lap körpə olanda, kabus görüb yuxudan sıçrayanda

anasına beləcə sarılmışdı.

- Nədən qorxursan bala? Danış görüm mənə.

- Bilmirəm... Hamı çıxıb gedir... Gedirlər... Onların yerinə başqaları gəlir. Qəribə adamlar gəlir. Heç kimi

tanımaq olmur. Hər şey çox dəyişib ana.

Oğlunun sözlərini anlamırdı Qəndab. Nə demək istədiyini başa düşmürdü. Çaşıb qalmışdı.

- Qurban olum, ürəyinə salma. Düzələcək...

Zaur anasını buraxıb geriyə bir addım atdı. Gözləri bomboşdu, ifadəsizdi.

- Heç nə düzəlməyəcək ana... Heç nə... – Fikrə daldı və gözlənilmədən, - Yaxşı... çörək hazırla yeyək, - dedi və

qonaq otağına keçdi.

Qəndab sevindiyindən nə edəcəyini bilmədi, quş kimi qanad açdı. Mətbəxə qaçıb soyuducudan göy-göyərtiləri,

qatığı çıxartdı. Çörək doğradı. Dolabdan 3 litrlik çiyələk kompotu balonunu çıxardı.

Heybət gözlərini ekrandan çəkmədən oğlundan soruşdu.

37

- Məktəbdə nə var, nə yox?



- Heç nə. Sinfin yarısından çoxu dərslərə gəlmir neçə gündü.

Ata oğluna baxdı:

- Niyə?

Zaur çiyinlərini çəkdi:



- Mən hardan bilim? Gəlmirlər də. Deyilənə görə qırğın olacaq... Axır-əvvəl rus şəhərə gəlib hamını

güllələyəcək.

Heybətin üzündəki ifadədən qorxduğu, amma qorxusunu biruzə verməməyə çalışdığı aydın görünürdü. Yenə

də dedi:


- Boş-boş danışırlar, sən də inanırsan. Elə şey olar?! Gəlsələr də, uzaqbaşı küçədəki adamları evlərinə

qovacaqlar.

Qəndabın şən səsi eşidildi:

- Heybət, süfrə hazırdı. Zaur, oğlum gör anan sənin üçün nə dadlı dolma bişirib.

***

O dəqiqələrdə şəhərin müxtəlif nöqtələrində maşınlar şütüyür, səsgücləndiricilərlə camaatı küçələrə çıxmağa,



meydanlara toplanmış xalqa kömək etməyə çağırırdılar. Belə maşınlardan biri İçəri Şəhəri səs küylə ayağa

qaldıranda, saatlar 22.30-u göstərirdi.

“Ay adamlar, çıxın, siz çıxmalısınız, meydana köməyə getməlisiniz! Orda tanklar var, adamları öldürürlər...

Rus imperiyası azad Azərbaycanı boğmaq istəyir, onlar bizə azadlıq vermək istəmirlər!”.

Heybət pencəyini çiyinlərinə ataraq, arvadının deyinməyini, yalvarışlarını qulaq ardına vurub küçəyə çıxdı.

Kiçik qala küçəsində onlarla kişi və qadın dayanmışdı. Kişilər siqaret çəkir, alçaq səslə öz aralarında nə barədəsə

danışır, qadınlar isə bir əlləri sağ böyürlərində, obiri əlləri ilə ağızlarını tutub, başlarını bulayırdılar. Vecsiz uşaqlar

valideynlərinin ətrafında qaçışaraq, “Azadlıq, Azadlıq” qışqırırdılar.

Heybət qonşusu Ağakərimə yaxınlaşıb soruşdu:

- Şəhərdən nə xəbər?

- Nə xəbər olacaq? Yığışıb gedirik meydana. Gəlirsən gəl.

- Bunun nə mənası var axı?

- Qorxursan?

- O nə sözdü?!

- Elə çıxır də! Bütün xalq küçələrə tökülüb, biz evdə oturaq? Kişilikdəndi? Tanklar gəlir. Qoy görsünlər ki, heç

nədən qorxmuruq.

- Onlar üçün adamları əzib keçmək çətin deyil ki!

- Buna cəsarətləri çatmaz. Əzə bilməzlər, güllə ata bilməzlər. Kimə atacaqlar? Öz vətəndaşlarına? Erməni qalaqala,

bizi niyə vurmalıdılar?

İlk mərmi səsi çox uzaqlardan eşidildi. Səs zəif olsa da, Kiçik qala küçəsində dayanan hər kəs bir anda başını

qaldırıb göy üzünə baxdı.

- Deyəsən gecikdik, - dedi Ağakərim, xırıltılı səslə. Heybət onu çətinliklə eşitdi.

- Deyəsən...

...


Sovet Ordusunun böyük kontingentinin xüsusi təyinatlı bölmələri və daxili qoşunları artıq Bakı küçələrində

qırğına başlamışdılar.

Salyan kazarmasından bir göz qırpımında, qeyri-adi sürətlə yollara tökülən tanklar, yoldan keçən maşınları

tırtılları ilə əzərək, meydanlara toplaşanları, trolleybus və avtobuslardakı sərnişinləri qana boyayan “atəşfəşanlığa”

başladılar. Bakıya yeridilmiş kontingent, bəzi məlumatlara görə, “döyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm

psixoloji hazırlıqdan keçmiş 60 min əsgərdən ibarət böyük qoşun idi. Sayları nə qədər olursa olsun, hansı millətə

mənsub olurlar olsunlar, Bakı sakinlərinin “saqqallılar” dediyi əsgərlər, şəhərin küçələrini insan qanı ilə

naxışlayırdılar. Zülmət qaranlıq küçələrdə artıq fənərlər də yanmırdı. Bir anda yaylım atəşi ilə diksinən əhali, evlərinin

eyvanlarına doluşdular. Sovet şəhəri Bakı, Sovet ordusunun döyüş mərmiləri ilə sarsılırdı. Bu ağlasığmaz

idi.


Tanklar artıq Bakıxanov küçəsi ilə gedirdilər. Yollar cadar-cadar olmuşdu, güllələr vıyıltı ilə dörd bir yana

uçurdu. Pəncərələri çilikləyən bu güllələr evlərində oturan insanların xalqlar dostluğuna olan inamlarını öldürdü o

gecə (əslində xalqlar dostluğuna inam çoxdan ölmüşdü). Tanklar ildırım sürəti ilə Bakı yollarından keçib arxada

kəsilmiş qollar, parçalanmış əzalar, sahibsiz palto-papaqlar buraxıb yollarına davam edirdilər. Kalaşnikovun ağırlıq

mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə olunaraq, tərpənən hər şeyə və hər kəsə güllə atılırdı.

38

Tank gurultusundan, mərmilərin səsindən qulaqlar batırdı. Əliyalın insanlara divan tutulur, tankların altına



salınıb xıncım-xıncım edilirdilər. Baş verən hadisənin miqyasını dərk etməyən bir çox adam, tankların qarşısında

yerə oturur, uzanırdılar. Bununla onlar hərbi texnikanın hərəkətinin dayandırılacağını ümid edirdilər. Texnika isə

nəinki hərəkətini dayandırır, əksinə daha da sürətlənərək, onları yerlə bir edirdi. Mətbəxdə qazan asıb ailəsi üçün

xörək bişirən ananı, körpə uşaqları, səsə-küyə küçəyə çıxan xəstə, ahıl qocaları belə qanlarına qəltan edir, qətlə

yetirirdilər.

İnamlar, əqidələr, ümidlər güllələndi, doğrandı, qırıldı, parçalandı o gecə... Orta məktəb şagirdləri, tələbələr,

fəhlələr, oğlan, qız, gəlin və cavanlar, yaşlılar, azərbaycanlılarla yanaşı, ruslar, yəhudilər də öldürüldülər. Lenin

meydanı isə hərbi texnika ilə mühasirəyə alınmışdı.

Qırmızı xəttlərlə, havada uçan “işıqlı güllələrlə” işıqlanan gecənin qaranlığında dəhşətdən ağlını itirmiş

adamlar ora-bura vurnuxurdular. Gözü qaralmış “ölüm maşını” şəhəri al qana bulamağa davam edirdi. Adamlar

qaçır, arxalarınca güllələr uçurdu. Dövrələmə açılan atəşdən sağ çıxmaq möcüzə idi. İnsanlar küçədə, maşınlarında,

evlərində həlak olurdular. Faciənin hər dəqiqəsində ölənlərin siyahısı durmadan artırdı.

XI-ci Qızıl Ordu metrosunun yanında qurulan barrikadalarda, bir nəfər benzinlə dolu butulkanı tanklara atmaq

istəyəndə, butulka dostuna tuş gəldi. Şalvarı, ayağı yanmağa başladı. Ağrıdan naləsi ərşə yüksələn kişinin arvadı,

onun qoltuğunun altına girərək ərini sürütləməyə başladı. Metronun düz yanında, ağaclarla əhatələnmiş xiyabana

çata-çatda, qadın Şamaxinka tərəfdən, Sumqayıt yolu ilə bir neçə tankın onlara yaxınlaşdığını gördü. Yolu qaçaraq

keçdi. Səkinin üstündə üç yaralı uzanmışdı. Onlara sarı atıldı. Ərini və iki yaralını yolun o biri tərəfinə, tonqalların

yanına keçirtdi. Üçüncü yaralının yanına qaçanda isə, tank zarıyan adamın üstünə çıxdı. Qadın yaralıya o qədər

yaxınlaşmışdı ki, kişinin qanı birbaşa üzünə sıçradı. Qadın dəhşət içində geri qaçdı, iki yaralını və ərini Jiquliyə

oturtmağa kömək elədi. Əri danışa bilmirdi. Ancaq arvadının qanlı üzünə gözləri ilə işarə edə bildi.

- Mənim qanım deyil Xəlil, narahat olma. Yaralının qanıdır...

Bir yandan isə gənc aşiqlər (bəlkə də ər-arvad) yolu keçib, beşmərtəbəli evlərin olduğu mikrorayona girmək

istəyirdilər. Oğlan özünü itirərək dayandı. Şokdan quruyub qalmışdı. Ətrafda baş verənləri ağlı almırdı, başa

düşmürdü. Bənizi ağarmış, dili tutulmuşdu. Qız onu qolundan tutaraq silkələdi: “Qabaqdan tanklar gəlir, bu tərəfə

qaçaq!” Sonra göyə baxdı nə üçünsə. Göy üzü bayramlarda atılan salyuta oxşar fişənglərlə aydınlanmışdı. Bu səfər

oğlan qızı dartmağa başladı. Ayaqları sözünə qulaq asmır, qaça bilmirdi qız. Başlarını və səmtlərini itirmiş adamlar

bilmək olmurdu hara qaçışırdılar. Oğlan möhkəmcə onun əlindən tutub, mikrorayona tərəf götürüldü. Hündür

topuqları ilə ona çatmağa çalışan qız, indi ən çox yıxılmaqdan qorxurdu. Yolu keçib bir binanın tininə çatmışdılar

ki, oğlan qəfildən qızın əlini buraxdı. “Nə oldu, niyə dayandıq?”. Dönüb baxdı arxaya. Oğlan əvvəlcə büdrədi,

böyrü üstə yıxıldı. Qızın sinəsindən fəryad yüksəldi. Çiyinlərindən silkələyən qıza qəribə, boş gözlərlə baxırdı.

Oğlanın yanına yıxıldı, qucaqladı onu. Yıxıldı və xilas oldu, çünki o anda güllələr vıyıltı ilə başının üstündən

keçirdilər. Çağırdı, çağırdı, çağırdı oğlanı... Səs çıxmadı ondan, cavab vermədi. Ağırlaşmış bədənini həyətə sarı

sürükləməyə başladı. Öldüyünə inanmırdı. “Onu mənzillərin birinə salıb, yarasına baxarıq. Təcili yardım çağırarıq...”

düşünürdü. Hələ də ümidli idi.

O əsnada metroya sarı qaçan qırx yaşlarında bir qadın, Avakyan küçəsində, Onkoloji xəstəxananın yanında

tankın fırlanmağa başladığını, qarşısına çıxan hər şeyi və hər kəsi əzdiyini görüb ayaq saxladı. Tank adamların

toplandığı tonqala tərəf hərəkət edirdi. Qadının beyni qızdı. Hərəkətlərinə nəzarəti itirərək yerdən iki daş götürüb

tanka atdı. Hər halda tankdakılar qadının əlində partlayıcı maddə olduğunu düşünüb lüləni ona döndərdilər,

projektoru da üzünə tutdular. O anda qadın elə bil ayıldı, özünə gəldi. Qaçmağa başladı. Arxasınca güllələr uçurdu.

Bir avtobusun yanında özünü yerə atdı. Avtobusun çilik-çilik olan şüşələri qadının başına töküldü. Elə ordaca

huşunu itirdi.

Velotrekə doğru təntiyə-təntiyə qaçan yaşlı kişi isə, arxasından vıyıldayan güllələrdən qorunmaqdan ötrü,

səkinin ortasında açıq qalan telefon lyukuna girmək istədi. Bir anda nəyə görəsə fikrini dəyişdirib, güc-bəla ilə

özünü velotrekin hündür divarındakı beton çıxıntılara çatdırıb gizləndi. Ona doğru qaçan əsgərlər yerdə yatan yaralıları

güllələyib öldürürdülər. Əsgərlərdən biri lyuka yaxınlaşdı, içini güllə ilə doldurdu. Gizləndiyi qaranlıq

küncdən bu səhnəni izləyən yaşlı kişi, lyuka girəcəyi təqdirdə aqibətinin necə olacağını anlayıb, için-için ağladı. Bu

göz yaşları həm sağ qalmanın sevinci, həm də gərginliyin partlaması idi. Sol ovcu ilə ağzını tutub ağlayırdı. Əsgər

on metr aralıdan bir qaraltı gördü. Bəlkə də zəif hıçqırıqlarını eşitdi yaşlı kişinin. Avtomatı qaranlığa tuşlayıb,

bütün darağı boşaltdı. Yaşlı kişinin cəsədi üzüqoylu, tappıltı ilə asfalta sərələndi. Əsgər gördüyü işdən məmnun

olub, cəsədə tərəf tüpürdü və fit çala-çala uzaqlaşdı.

Bu hadisələrdən bir az əvvəl isə, cüzi də olsa bir xəbər eşitmək arzusu ilə televizorlarının qarşısında heykələ

çevrilən yüz minlərlə insan, bir anda ekranın qaralması ilə şoka düşdülər. Radiolar da susdurulmuşdu. Azərbaycan

televiziyası və radiosunun enerji blokunun partladıldığı ertəsi gün məlum olacaqdı. İndi isə heç kimin, heç nədən

xəbəri yox idi.

39

O dəqiqələrdə, yaralıları xəstəxanalara çatdırmağa tələsən təcili yardım maşınları da atəşə tutulur, xəstəxanaların



işıqları söndürülürdü.

Hər saniyə bir işıq, hər dəqiqə bir insan ömrü sönürdü.

***

20 yanvar gününün səhərisi, küçələrə çıxan bakılılar dəhşətli mənzərənin şahidi oldular - qandan və hisdən



qaralmış küçələr, eybəcər hala salınmış cəsədlər, güllələrlə dəlik-deşik edilmiş evlər, maşınlar... Adamlar öz

doğmalarını, yaxınlarını axtarırdılar. Xəstəxanalara, məscidlərdəki ölüxanalara yeni-yeni meyitlər gətirilirdi.

O gecə öldürülən 131 nəfərin çiyinlərdə gedən tabutları, ucsuz-bucaqsız insan dənizinin qaralı-qırmızılı ləpələrini

andırırdı. Cənazələrin Bakının ən yüksək nöqtələrindən birində basdırılmasına qərar verilmişdi. Sonradan Şəhidlər

xiyabanı adlanacaq olan Dağüstü parkda...

O gün minlərlə insan yandırılan partiya biletlərindən böyük bir tonqal qaladılar. Kommunist Heybət də, Zaurla

birlikdə Lenin meydanına gələrək, orada partiya biletini atəşə atdı.

- Hər şey bitdi ata?

- Hər şey bitdi oğlum.

Zaur dərin bir nəfəs aldı. Bəlkə də “hər şeyin” bitməsi, onun üçün yeni başlanğıclara yol açacaqdı. Onu Artuşuna

qovuşduracaqdı.

Hər şey isə nəinki bitmişdi, hətta yeni başlayırdı.

...Coşub partbiletlərini yandıranların çoxu isə, daha sonra reallığı dərk edərək təzədən Partiya biletləri almaq

üçün müvafiq idarələrin qapılarında növbələrə dayanırdılar.

40

YAĞIŞ VƏ ŞƏRAB

41

Anca kim səy eylədim nazik cəmalın görməyə,



Zərrəcə yumşalmadın, ey könlü zindan erməni.

1

Şimal küləyi, ayaqqabılarının burunlarına baxaraq Rustaveli prospekti ilə ATA otelinə tərəf addımlayan

Artuşun sifətinə şiddətlə çırpılırdı. Hava qaralır, Tiflis alatorana hazırlaşırdı. Sinoptiklər leysan vəd etmişdilər.

Artuşun əlindəki sellofan kulyoklarda altı butulka Kazbeki pivəsi, Lays çipsləri, ağ tum və üç kilo portağal vardı. O

indi yağışa düşmədən, otelə çatmağın dərdində idi.

Səmtini itirib-itirmədiyindən əmin olmaq istəyirmiş kimi, arada bir başını qaldırıb irəliyə baxır, dümdüz

prospektdə səmti itirməyin mümkünsüzlüyünü yadına saldıqda isə, dodaqaltı gülürdü. Paltosunun yaxalarını

qaldıraraq, canındakı üşütməni qovdu. Üzünü ülgücləyən, gözlərini deşən külək ona uşaqlığını, Bakı illərini xatırladırdı.

Zaurun onu isti otel otağında gözlədiyini düşünüb, addımlarını sürətləndirdi.

İki gündür bu şəhərdə olmasından, ailəsindən uzaq qalmasından zərrə qədər narahat olmurdu. Bircə dəfə

anasına zəng vurmuşdu, o da Tiflisə gəldiyi ilk gün. Yəni dünən səhər. Adətən Ermənistandan ayrı qalan ermənilər,

qədim vətənlərinin nostalgiyasından qızdırmaya düşür, azarlayırlar. Artuş isə vətən həsrəti çəkmirdi. Ümumiyyətlə,

əgər söhbət vətəndən gedirsə o, vətəninin Yerevan yox, Bakı olduğunu düşündü. Bu fikir ona çox gülməli göründü.

Əlini cibinə salıb siqaret çıxartmağa üşənirdi. Yanından kölgə kimi ötüb keçən adamların, çox yaxınından

keçdikləri təqdirdə ayaqqabılarının uclarını görür, növbəti ayaqqabılar görünənə qədər, bu şəhərdə tək-tənha

olduğu hissinə qapılırdı.

Zaurla görüşdüyü gündən bəri, Bakı heç çıxmırdı ağlından. Bu şəhərə onu Zaurdan başqa nə bağlayırdı

görəsən? Bu sual çox narahat edirdi onu. Bulvara, Torqovı küçəsinə, Kirov parkına vurğunluğunu hər dəfə etiraf

etsə də, Bakı sevgisinin təməlində Zaura duyduğu məhəbbətin dayandığını özü də bilirdi. Uşaqlığının ən gözəl

günlərinin keçdiyi Kirov parkı, məşhur nəhəng heykəli və sıx ağacları ilə gözünün qabağında dayandı. Möhtəşəm

park, ermənilərin ucbatından bu gün şəhidlərin məzarlığına çevrilib. Xəcalətindən daha da üşüdü. Qarabağ münaqişəsi

bu sevginin, məhəbbətin ülviliyinə kölgə salmamalıydı əslində. Lakin təcavüzkar millətə mənsub olmaq,

Artuşu yenə də utandırır, Zaurun qarşısında başıaşağı edirdi.

O illərdə yeniyetmə olan və münaqişəyə aidiyyətləri olmayan Zaurla Artuş, qeyri ixtiyari bu münaqişənin

qurbanına çevrilmişdilər. Odur ki, onlar itkinin, ayrılığın nə olduğunu, bəlkə yaşlı nəsildən də yaxşı bilirdilər.

Onların məhəbbəti adi, heteroseksual sevgi olsaydı dərd yarıydı. Bunu yenə də kimlərəsə, birtəhər başa salmaq

mümkün olar, iki aşiqin qovuşması reallaşa bilərdi. Lakin onların sevgisi həm Ermənistan, həm də Azərbaycan

cəmiyyətlərində rüsvayçılıq sayılırdı. Bu cür seksual pozğunluğu bu cəmiyyətlərin heç biri nə başa düşməyə, nə də

ki, bağışlamağa hazır deyildi. Olmayacaqdı da! Hətta Artuş, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan

etsəydi belə, Azərbaycan cəmiyyəti onların məhəbbəti ilə barışmayacaqdı.

Artuş bunları anlayırdı. Onların məhəbbəti xirtdəyə qədər siyasiləşmiş bir məhəbbət idi. Bəlkə də yeganə

maneə aradan qaldırılsa, yəni Azərbaycanın ərazi bütövlüyü təmin edilsə, işğal altındakı torpaqlar azad edilsə,

qaçqın və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıtsa, Azərbaycan müğənniləri və xanəndələri Şuşada, Cıdır

Düzündə konsertlər versəydilər onların xoşbəxtliyinə yaşıl işıq yandırıla bilərdi. Hətta bu müğənnilərin bəziləri,

Artuşla Zaur mavi toyu keçirəcəkləri təqdirdə, bu toyda oxuyardılar da.

Artuş bütün bunlara dünəndən razı olsa da, maneələri ortadan qaldırmaq onun əlində olmadığından, çarəsizliyi

ilə barışmağa məcbur idi.

Otelə çatdığında, yağış çiskinləməyə başlayırdı. Otağın qapısını açıb, Zauru yatan gördü. Yataq örtüyü

göbəyindən bir qarış aşağı sürüşmüş, küçə fənərinin zəif işığı qasığındakı xırda tükləri gümüşü rəngə boyamışdı.

Artuş paketləri masanın üstünə qoyub əynini soyundu. Alt paltarda qalıb tualetə keçdi. Aynada özünə baxdı. Uzun

kirpiklərini barmaqları ilə ovuşdurdu, saçlarına sığal çəkdi, işədi və əl-üzünü yuyaraq otağa qayıtdı.

Zaur hələ də yatırdı. İşığı yandırmadan kulyokdan bir portağal götürdü və kreslonun üstündəki pledi çiyinlərinə

ataraq, portağalı soya-soya pəncərəyə yaxınlaşdı. Alnını soyuq şüşəyə yasladı, gözlərini yumdu. Bir yandan da

portağalın qabığını soyurdu.

Payızın bu son günlərində, son şimşəklər çaxıb, son yağmurlar yağanda, hətta leysana çevriləndə, gəzməyəsən

bu şəhərin küçələrində, qapılmayasan bu yağmura, islanmayasan? Sanki payız ayrılmaq istəmir bu dünyadan, yerlə

göylə dava eləyir; insanlara, qarın intizarında olanlara barmaq silkələyir. “Yox” düşündü Artuş, “təpədən dırnağa

qədər hər kəsin knyaz, zadəgan olduğu bu qədim şəhərdə, yağmur zamanı küçədə yox, elə bax buradaca, sevgilinin

yanında olmalı, pəncərədən küçəyə tamaşa etməlisən. Həyatımın ən gözəl anlarını yaşayıram ilahi! Nə olar

Allahım, ayırma bizi!”

Leysan, bülövlənmiş qəmbər daşlarla döşənmiş küçənin çör-çöpünü, zir-zibilini qabağına qataraq, yol

kənarlarında, hər iki metrdən bir səliqəylə düzülmüş kanalizasiya dəliklərinə axıdırdı. Əvvəllər, Sovet dövründə bu

42

kanalizasiya yarıqları on metrdən bir qoyulardı. Amma qərbin vaz keçilməz, sarsılmaz prioritetləri olan



demokratiya, liberalizm, plüralizm, insan haqları kimi dəyərləri öncə özünə yeridən, sonra isə xalqına aşılayan

demokrat prezident Saakaşvili, rüşvətə və korrupsiyaya son qoyduqdan, bu neqativ halların kökünü qazıdıqdan

sonra, kanalizasiya sistemini də təkmilləşdirmiş, şəhərin infrastrukturunu bərpa etmişdi. Tiflis artıq üfunətli nəcis

qoxusundan təmizlənmiş, qardaş Azərbaycan xalqının paytaxtı Bakıdan fərqli olaraq, abıra həyaya minmişdi.

Gürcülərin nəcisi də bir qayda olaraq, Kür çayı vasitəsilə qardaş Azərbaycan xalqına ərməğan göndərilirdi.

Canına əməlli başlı titrəmə düşmüşdü. Alnını yasladığı şüşədən ayıraraq, yağmurdan islanmış qəmbər daşlı yolda

ATA Otelinin neon lampalarının əksinə tamaşa etdi. Arada bir bu əksin üstündən keçən maşınların təkərləri altında

itən qırmızı işıq dərhal maşınların kapotunda, sonra damında, sonra isə baqaj hissəsində peyda olaraq, yenidən

qəmbər daşların üstünə düşür, öz doğma yerində bərqərar olurdu.

- Gəlmisən? Niyə oyatmamısan məni?

Artuş çiyinlərinə atdığı pledə daha sıx bürünərək, üzünü yatağa çevirdi. Qaranlıqda görmədiyi, amma səsini

duyduğu sevgilisinə:

- Sevirəm bu şəhəri, - dedi. - Deməzdim mənə Yerevanı xatırladır, sadəcə olaraq öz koloriti var... Hətta

inciməsən...

Susdu. Canından üşütmənin keçdiyini hiss etdi. Bəlkə də oyanan sevgilisinin səsi isitmişdi içini. Pledi yerə

ataraq, yatağa doğru gəldi.

Yarı uzanmış vəziyyətdə oturan Zaur:

- Niyə inciməliyəm axı? De gəlsin. Mənə də portağal ver.

Artuş masadan bir portağal götürdü və yatağın kənarına oturdu. Tərəddüd keçirərək:

- Bu şəhərin Bakıdan da gözəl olduğunu düşünürəm, - dedi birnəfəsə.

Zaurun təəccüblə ona baxdığını görən Artuş, həyəcanlanaraq “səhvini” düzəltdi:

- Amma Bakı Yerevandan qat-qat gözəldir. Bunu da bilirəm.

- Əzizim, Tiflisin Bakıdan gözəl olduğunu mən də bilirəm. Ən azından bizi qovuşdurduğu üçün, Bakıdan da,

Yerevandan da daha xeyirxahdır. Sən deyəsən məni pis tanıyırsan. Məgər mən, Bakının təəssübünü çəkən adama

oxşayıram? Hərçənd ki, Yerevanı görməmişəm, amma istəyirsən onun da Bakıdan gözəl olduğunu deyə bilərəm.

Mənimlə şəhərləri yarışdırdığına görə utanmırsan?

Zaur son cümləni nazla deyərək, Artuşu boynundan tutub özünə sarı çəkdi, dodaqlarından öpdü.

- Mənə portağal ver – dedi gözlərini süzərək.

Artuş portağal dilimlərini Zaura uzadır, o da ehtirasla onları dişlərinin arasında sıxaraq ətirli, sarı damcıları

Artuşun üzünə, sinəsinə, yatağa sıçradırdı. Otağı portağal qoxusu sarımışdı. İki dəqiqə dodaqlarını bir-birindən

ayırmadan, portağal dadında öpüşdülər. Şəhvətləri artıq dözülməz həddə çatmışdı.

Portağal dadında sevişdilər.

Təzyiqlə fışqıran spermaları, portağal rənginə boyandı. Ağır-ağır nəfəs alaraq, arxaları üstə yatağa sərildilər.

Portağal dadında ürəkdən güldülər.

- Deyəsən Şotanın hər şeydən xəbəri var.

Artuş diksindi:

- Necə yəni?

Zaur əlini tumboçkaya uzadıb bir siqaret götürdü. Yandırıb dərin bir qullab aldı.

- Konfrans boyu, yemək vaxtı bizə necə baxdığını görmürsən? Gözlərindən şübhə, dərin maraq oxunur. Məncə

başa düşür hər şeyi. Ən azından hiss edir.

Artuş dərindən nəfəs aldı:

- Başa düşmək hiss eləmək, bilmək demək deyil... Ürəyim az qala ağzıma gəlmişdi. Belə zarafatlar eləmə. Hə,

yadımdan çıxmamış.

Artuş ayağa qalxıb kreslonun üstünə atdığı gödəkcəsinin cibindən nəsə götürüb çarpayıya qayıtdı.

- Sən mobil telefonunu gətirmisən Tiflisə?

- Aha, çantamdadır.

- Əla! Mən də hər ikimizə sim-kart almışam. Bu sənindir – dedi və paketin birini Zaura uzatdı.

- Çox sağ ol, amma buna nə ehtiyac vardı? Mənə burada mobil telefon lazım deyil axı.

- Necə yəni lazım deyil? Şota, sən, mən, başqa tanış-bilişlər... Bir-birimizlə tez-tez əlaqə saxlamalı oluruq.

Orda xeyli balans var, tax telefonuna işlət də. Səndən nə gedir?

Zaur məzəmmət dolu gözlərini Artuşun sifətindən ayırmadan qətiyyətlə soruşdu:

- Buna nə qədər pul vermisən?

- Axmaq-axmaq danışma! Qəpik-quruş vermişəm. Yaxşısı budur, planlarımızdan danışaq. Sabah konfransın

son günüdür. Nə fikirləşirsən?

Zaur siqaret tüstüsündən gözlərini qamaşdıraraq, sim-kart paketini tumboçkanın üstünə qoydu:

43

- Mənim planım sənsən. Bir neçə gün Tiflisdə qalmağa razı olsan, mən də qalaram. Səni Yerevanda gözləyən



var?

- Ailəmdən başqa kim gözləyə bilər məni? Düzdür, işlərim yığılıb qalıb, hələ xeyli yazı yazmalıyam. Amma işlər

səndən vacib deyil.

Zaur minnətdarlıqla baxdı Artuşa. Gözlənilmədən soruşdu:

- Heç sevgilin olub indiyə qədər?

- Ermənistanda?

- Bəli.

- Əlbəttə olub. Amma onlara sevgi də demək olmaz. Müvəqqəti sevişmələr... Bədənin tələbatını ödəməyə



hesablanmış münasibətlərim olub. Ermənistanda özümüzə partnyor tapmaq o qədər də asan məsələ deyil Zaur. Çox

patriarxal cəmiyyətimiz var. Sizin müsəlman ölkəniz, bu barədə bizdən daha irəlidədir.

- Bəs sekssiz yaşamaq çətin deyil ki?

- Əlbəttə çətindir... Bir yaxınının olmaması çox çətindir Zaur. Söhbət cismani həzzdən də getmir. Adicə söhbət

eləməyə, ürəyini açmağa adam tapmırsan. Bu gün geriyə dönüb baxdığım zaman, başa düşürəm ki, əslində bütün

dostlarım Bakıda qalıb. Yerevanda hələ də özümə fərli-başlı bir mühit yarada bilməmişəm. Niyə belə oldu axı Zaur?!

Bizim günahımız nəydi?.. Nə yaxşı ki, sən gəldin Zaur!

Zauru qucaqlayaraq, başını sinəsinə qoydu.

- Bakıda yaşanan o faciə, erməni evlərinə edilən basqınlar, talanan evimiz... Bircə markalarımı xilas edə

bildim.


- Doğrudan?

- Düz sözümdür. Qonşumuz Rüstəm dayı gedib gətirdi. Bəs sənin markaların?

- O günkü kimi, sağ-salamatdırlar. Özümü onlarsız təsəvvür edə bilmirəm. Sənin hədiyyən olan Olimpiada

kolleksiyası isə, birinci səhifədədir.

- Sənin də mənə verdiyin markalar mənim üçün çox əzizdir... Elə gün olmaz ki, yazıq anam o gün yaşananları

xatırlamasın, müharibəni lənətləməsin. Mənsə hər şeyi bağışlamağa, unutmağa hazıram... Təki ötən günlərimi

qaytaraydılar.

Zaur Artuşun başını sığallayaraq qulağına fısıldadı:

- Bu barədə danışmayaq əzizim... Gəl bunları yada salmayaq. Müharibə bizdən uzaq olsun. Bizi

zombiləşdirmələrinə icazə verməyək. Biz fərqli olaq, başqa olaq...



Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə