ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   48   49   50   51   52   53   54   55   ...   59

-Bəzi qadınlar bundan qorxurlar. 
Nino ciddiyətlə: 
-Yox mən qorxmuram – dedi. 
-Mən siçovullardan, timsahlardan, imtahanlardan və  hərəm xidmətçilərindən qorxuram. Lakin sən 
dediyin şeydən qorxmuram. Ondan qorxmaqdansa qışın soyuğundan qorxmağım daha yaxşıdır. 
Mən onun gözlərindən öpdüm. O, ayağa durdu və saçlarını darayıb dedi: 
-Mən valideynlərimi ziyarət edəcəyəm, Əli xan. 
Kipianigilin yaşadığı villada hərəmxana qanunlarının olmadığını bildiyim üçün, razılıq verdim. Knyaz 
bu gün gürcü dostları ilə Avropalı diplomatları qəbul edirdi. Nino orada çay içib, ingilis şirniyyatı 
yeyəcək və Hollandiya konsulu ilə Rembrandt və  Şərq qadınları barədə söhbət edəcək. Nino getdi
şüşələri cilalanmış karetanın həyətdən çıxdığını gördüm. 
Mən evdə tək qalıb, rəngbərəng xəritədəki balaca yaşıl bayraqları və məni vətənimdən ayıran bir neçə 
sərhəd məntəqələri barədə düşünməyə başladım. 
Divanın üstündəki yumşaq yastıqlardan Ninonun ətrinin iyi gəlirdi. Uzanıb təsbehimi çevirməyə 
başladım. Divanda sol ayağı ilə qılınc tutan İranın gümüş Aslanı parlayırdı. Mən başımı qaldırıb ona 
baxdım. Birdən məni böyük bir halsızlıq və ümidsizlik hissi bürüdü. Xalqın Gəncə çöllərində qan 
axıtdığı bir zamanda mənim burada gümüş Aslanın kölgəsində oturub, keyf çəkməyimdən xəcil 
olurdum. Mən özüm də burada qiymətli və qayğı ilə qorunan zərif bir əşya idim. 
Bir Şirvanşirin aqibəti bir zaman dəbdəbəli saray rütbəsi almaq, ən incə hisslərini klassikcəsinə 
məclislərdə ifadə etmək idi. 
Divardakı gümüş Aslan mənə dişlərini ağardırdı. Araz çayı üzərindəki sərhəd körpüsü bağlanmış idi. 
İran torpağından Ninonun ruhuna yollar da mövcud deyildi. 
Mən əsəbi halda təsbehi çevirməyə başladım. Bu anda təsbehin sapı qırıldı və kəhrəba muncuqlar yerə 
səpələndi. 
Uzaqdan şeypur səsi gəlirdi. Bu səs, gözəgörünməzin xəbərdarlığı qədər qorxunc və cazibədar idi. 
Pəncərəyə yaxınlaşdım. Günəşin son şüaları altında tozlu yolların donuq bir parıltısı var idi. Günəş düz 
Şəmiran sarayının təpəsində dayanmışdı. Təbilin səsi yavaş-yavaş yaxınlaşırdı. Onun səsini yüzlərlə, 
minlərlə adamların təkrar etdiyi “Şaxsey... Vaxsey. Şah Hüseyn... Vay Hüseyn” sözləri müşayiət edirdi. 
Döngəni dönəndə qarşımdakı yolda bir izdiham göründü. Qızılla işlənmiş üç nəhəng bayraq, qüvvətli 
əllərdə daşınaraq izdihamın başı üzərində dalğalanırdı. Bayraqların birinin üzərində böyük qızıl 
hərflərlə Allahın yer üzündəki istəkli bəndəsi  Əlinin adı yazılmışdı. İkinci bayrağın qara məxmər 
parçası üzərində sol əlin şəkli çəkilmişdi. 
Bu, Peyğəmbərin qızı Həzrəti Fatimənin  əli idi. Üçüncü bayraqda isə böyük hərflərlə yalnız bir söz 
yazılmışdı: “Hüseyn”, Peyğəmbərin nəvəsi, varisi, şəhid Hüseyn. 
İzdiham ağır addımlarla küçədən keçirdi. İzdihamın qabağında qara matəm libası geymiş, kürəkləri 
çılpaq və əllərində ağır zəncirlər tutmuş, günahlarını tövbə edən dindarlar gedirdilər. Təbilin ahənginə 
uyğun olaraq onlar əllərini qaldırır və zəncirlər onların qanayan çiyinlərini zolaq-zolaq edirdi. Onların 
dalınca bir yarım dairə  şəklində iki addım irəli bir addım geri atan enli kürəkli kişilər gedirdilər. 
Onların yol boyunca boğuq səslə “Şaxsey... Vaxsey” çığırtıları küçəni bürümüşdü və  hər çığırtı səsi 
gələndə onlar yumruqları ilə  bərkdən çılpaq tüklü sinələrinə vururdular. Onların ardınca bellərinə 
yaşıl qurşaq bağlamış və Peyğəmbər nəslindən olan seyidlər gedirdilər. Dallarınca ağ kəfənə bürünmüş, 
başları qırxılmış və əllərində uzun xəncərlər tutmuş Məhərrəm şəhidləri gəlirdi. Onların siması qəzəbli 
idi, elə bil onlar başqa bir dünyaya qərq olmuşdular. “Şaxsey... Vaxsey...” Xəncərlər göyə qaldırılıb, 
qırxılmış kəllələrə endirilirdi. Şəhidlərin bürünmüş kəfənləri qan içində idi. Şəhidlərin birinin başı 
gicəllənib yerə yıxıldı. Onun yanında gedən dostları dodaqlarında ilahi bir təbəssüm olan adamı 
izdihamın içindən çıxartdılar. 


Mən pəncərənin qabağında durmuşdum. Birdən birə, indiyədək mənə məlum olmayan bir hiss məni 
caynağına aldı. Bu hiss mənim ruhumda xəbərdarlıq kimi səslənirdi və  fədakarlıq arzusu içimi 
doldururdu. Mən küçədəki tozların üstünə tökülmüş qan damlalarını gördüm. Şeypurun cazibədar səsi 
isə insanları qurtuluşa çağırış kimi səsləyirdi. O an gəlmişdi: Gözügörünməzin sirri, xilasa aparan 
kədərin darvazası bu idi. Mən dodaqlarımı sıxdım. Hüseynin bayrağını daşıyanlar qabağımdan 
keçdilər. O biri bayraqda Həzrəti Fatimənin  əlinin şəklini gördüm və bütün aşkar olan şeylər 
gözlərimin qabağından çəkildi. 
Təbilin sönük səsini yenə eşitdim və bu səs içimdə vəhşi bir qışqırığa çevrildi. Mən də bir an içərisində 
izdihamın bir hissəsinə çevrildim. Mən enli kürəkli adamlarla eyni qaydada irəliləməyə başladım və 
mənim iri yumruqlarım çılpaq sinəmə  zərbə endirirdi. Bir az sonra yarı qaranlıq olan bir məscidin 
sərinliyini hiss etdim və İmamın nalə çalan əzanını eşitdim. 
Biri mənə qalın bir zəncir verdi və  mən kürəyimdə giziltili bir ağrı hiss etdim. Bir neçə saat keçdi. 
Qabağımda geniş bir meydan vardı. İndi ağzımdan vəhşi və sevinc dolu haray çıxdı: “Şaxsey... 
Vaxsey...”. 
Üzü əzilmiş bir dərviş gəlib durdu qarşımda. Bürüşmüş dərisinin altından onun qabırğaları görünürdü. 
İzdihamda iştirak edən minlərcə adamların gözlərində bir inadçılıq ifadə olunurdu. 
Meydanın qarşı tərəfində, şəhid Hüseynin atını təmsil edən, yəhəri qana bulaşmış bir at hərəkət 
edirdi. Üzü əzilib əldən düşmüş dərviş var gücü ilə qışqırırdı. O, mis fincanını qırağa tulladı və özünü 
atın ayaqları altına atdı. Başım gicəlləndi. Çılpaq sinəmə iri yumruqlar zərbə endirirdi. “Şaxsey... 
Vaxsey...” – deyə bağırırdılar. Ağ libası qana batmış bir cavanı yanımdan sürüyüb apardılar. Uzaqlardan 
saysız-hesabsız məşəllər görünürdü. Mən bir məscidin həyətində oturmuşdum. Ətrafımdakı adamların 
başlarında hündür fəslər vardı. Onların gözlərindən yaş axırdı. Onlardan biri şəhid Hüseyn barədə 
mərsiyə oxumağa başladı. Lakin qəhər onu boğduğu üçün mərsiyəni axıra qədər oxuya bilmədi. Ayağa 
durdum. İzdiham sel kimi geriyə axmağa başladı. Gecə  sərin idi. Biz hökumət binasının qabağından 
keçdik. Dirəklərdə qara bayraqlar dalğalanırdı. Sonu görünməyən məşəl izdihamı ulduzların əks 
olunduğu çayı xatırladırdı. Evlərin damları adamlarda dolu idi. Çadralı adamlar tinlərdən baxırdılar. 
Konsulluğun qapılarında tüfənglərinə süngü keçirmiş əsgərlər hazır vəziyyətdə dayanmışdılar. 
Top meydanında ibadət edən izdihamın yanından dəvə karvanı keçdi. Ağlayanların fəryad səsləri 
ucaldı, qadınlar yerə sərildilər və onların ayaqları solğun ay işığında açıq görünürdü. Dəvələrin belində 
qurulmuş taxt-rəvanda şəhid Hüseynin ailəsi oturmuşdu. 
Onların ardınca üzünə niqab taxmış, şəhid Hüseynin qatili olan zalım Xəlifə Yezid qara atda gedirdi. 
Meydandan atılan daşlar xəlifənin niqabına dəyirdi. Yezid atını bərk sürməyə başladı və tələsik qaçıb 
Nəsrəddin şahın sərgi salonunun həyətində gizləndi. Ertəsi gün orada Hüseyn barədə şəbeh olmalı idi. 
Şah sarayının Almas verandasına gəldik... Orada da qara bayraqlar asılmışdı. Sarayın keşiyində duran 
bahadurlar da matəm libası geyib, başlarını əymişdilər. Şah sarayında yox idi. O, Bağeşahdakı yay 
sarayında idi. İzdiham Əla-əd-Dövlə küçəsinə axışdı. Birdən-birə  mən qaranlığa qərq olmuş Top 
meydanında tək qaldım. Paslanmış topların lülələri laqeydliklə mənə baxırdılar. Bədənim min qırmanc 
zərbəsi yemiş adamın bədəni kimi ağrıdan gizildəyirdi. Əlimi belimə vurdum və belimdə laxtalanmış 
qan izinin olduğunu hiss etdim. 
Başım gicəllənirdi. Bir az özümə  gələn kimi meydanı keçib bir boş faytona yaxınlaşdım. Faytonçu 
vəziyyətimi görüb qayğıkeşliklə  mənə dedi: “Bir az göyərçin nəcisi tap, onu bitki yağı ilə qarışdır və 
yaralarına sürt. Çox kömək edir”. 
Yorğun halda faytona minib oturacağının arxasına yayıldım. 
-Şəmirana, Şirvanşirlərin evinə sür! – dedim. 
Faytonçu qırmancı qaldırdı. O, faytonu əyri-üyrü, bərbad yollarla sürdü və arabir arxasına dönüb 
mənə baxırdı. Sonra faytonçu heyrət dolu səslə dedi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə