ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   51   52   53   54   55   56   57   58   59

- Gör nə qədər gözəl bir qızdır – deyə Nino “oyuncağın” hərəkətlərini təqlid edərək barmaqlarını açdı. 
Əlimi qaldırdım və qorxa-qorxa qundağa toxundum, lakin “oyuncaq” artıq yatmışdı və onun bürüşmüş 
sifəti çox ciddi idi. 
Nino pıçıltı ilə: “Onun adını litseyin şərəfinə Tamara qoyarıq” – dedi. Mən razılıqla başımı tərpətdim, 
çünki Tamara adı çox gözəl bir addır. O həm xristianlarda və həm də müsəlmanlarda təsadüf edilir. 
Kimsə  əlimdən tutub məni otaqdan çıxartdı. Bayırda baxışlar mənə zillənmişdi. Biz atamla həyətə 
çıxdıq. Atam: – “Gəl atlarımıza minib çölə gedək” – dedi. Ninonun bir azdan yatmasına icazə 
verəcəklər. 
Atlarımıza mindik və onları çılğıncasına dördnalla çaparaq sarıqum təpələrinin arasından keçərək bir-
birimizi ötdük. Atam mənə  nə isə deyirdi, lakin onun dediklərini başa düşə bilmirdim. Sonra başa 
düşdümki, o, mənə  təsəlli verməyə çalışırdı. Bilmirdim niyə, çünki ifadəsiz iri gözləri olan bir qızın 
atası olduğum üçün son dərəcə məğrur idim. 
Günlər təsbehin inci dənələri kimi keçib gedirdi. Nino “oyuncağını” daima köksünə basaraq daşıyır, 
gecələri isə ona gürcü mahnıları oxuyurdu. O, mənimlə soyuq rəftar edirdi, çünki mən uşağı bələməyə 
qadir olmayan bir kişi idim. Mən bütün günü nazirlikdə oturub qovluqların içində eşələnirdim. Bir də 
görürdün ki, Nino mərhəmətə gəlib mənə zəng edir və inqilabi hərəkatlardan məni xəbərdar edirdi:  
-Əli xan, “oyuncağımız” güldü və əlini günəş tərəfə uzatdı, “çox şeytan oyuncaqdır”, Əli xan. 
Masamın üstündəkison məlumatı oxudum və şübhəli sərhədlərin cızıldığı xəritələrə baxdım. Adları 
çətin tələffüz edilən  əsrarəngiz adamlar Versalda oturub, Şərqin aqibətini həll edirdilər. Yalnız bir 
nəfər, Ankaradan gəlmiş sarışın, mavi gözlü türk generalı qalib dövlətlərə ümidsiz müqavimət 
göstərməyə cürət göstərirdi. Vətənimiz Azərbaycan artıq Avropa dövlətləri tərəfindən müstəqil bir 
dövlət kimi tanındı. İngilis alaylarının artıq suveren bir respublika olan ölkəmizin torpaqlarından 
təmamən çıxıb getmələrinə dair xəbərdən cuşa gələn İlyas bəyin hərarətini soyutmaq üçün çox səy 
etməli oldum. 
-Demək  əbədi azadlıq, – deyə İlyas bəy sevinclə  səsləndi. Artıq vətənimizin torpaqları üzərində 
yabançı qüvvələr olmayacaq. 
Bura bax, İlyas bəy – deyərək onu xəritənin yanına çağıraraq dedim: 
-Bizim cənub müttəfiqlərimizin Türkiyə  və İran olması vacibdir, lakin indi onların hər ikisi də 
zəifləmişdir. İndi biz havada qalmış vəziyyətdəyik. Şimaldan neftimizi susamış yüz altmış milyon rus 
hər gün bizə qarşı təzyiqini artırır. Nə  qədər ki, ingilislər buradadırlar, heç bir rus sərhədlərimizi 
keçməyə cürət edə bilməz.  Əgər ingilislər çıxıb getsələr, vətənimizi müdafiə etmək üçün bir sən 
qalırsan, bir də mən və bir neçə alay.  
İlyas bəy qayğısızlıqla başını yırğaladı: 
-Əşşi, sən nə danışırsan! Ruslarla dostluq anlaşmaları yaratmaq və sülh müqavilələri bağlamaq üçün 
bizim diplomatlarımız var. Ordunun görəcək işləri başqadır. 
O, xəritədə ölkəmizin cənub sərhədini göstərib sözünə davam etdi: 
-Bax, ordu buraya Ermənistan sərhədinə getməlidir. O bölgədə  vəziyyət qarışıb. Hərbi nazir general 
Mehmandarov artıq hərəkət əmrini verib. 
Diplomatiyanın yalnız hərbçilər tərəfindən əməlli başlı himayə olunduğu zaman məna kəsb etdiyinə 
onu inandırmaq əbəs idi. 
Çox keçmədən ingilis alayları şəhəri tərk etməyə başladılar. Küçələr bayramsayağı bəzədilmişdi. 
Qoşunlarımız Ermənistan sərhədinə tərəf hərəkət edirdi. Rusiya-Azərbaycan sərhədindəki stansiyamız 
Yalamada yalnız sərhəd keşikçiləri və bir neçə məmur qalmışdı. Nazirlikdə isə biz həm ağlarla və həm 
də qırmızı məmurlarla müqavilələr hazırlamağa çalışırdıq. Atam İrana qayıdırdı. Nino və  mən onu 
limana apardıq. O, kədərlə bizə baxdı. Onun dalınca getmək istəyib-istəmədiyimizi bizdən soruşmadı. 
-İranda nə edəcəksən, ata? 
-Ola bilsin evlənəcəyəm... 


O, fikri dağınıq halda bizi öpdü və düşüncəli-düşüncəli dedi: 
-Arabir sizi görməyə gələrəm. Şayəd bu dövlət yıxılası olsa, qəm yeməyin, mənim Mazandaranda bir 
neçə malikanəm var. 
O, gəmiyə mindi və göyərtədə dayanıb, uzun müddət bizə, içəri şəhərin qala divarlarına, nəhəng Qız 
qalasına, şəhərə və uzun-uzadı çöllərə baxdı. 
Şəhərdə hava çox isti idi. Nazirliyin pəncərələrindəki pərdələr yarı örtülü idi. Sifətlərində cansıxıcı 
ifadələri olan rus təmsilçiləri gəldilər. Onlar saysız-hesabsız müqavilələri, maddələri və müəyyən 
qeydləri laqeydliklə və tələsik imzalayıb getdilər. 
Şəhərimizin küçələrini toz və qum bürümüşdü. Külək kağız tikələrini göyə sovururdu. Ninonun 
valideynləri yayda dincəlmək üçün Gürcüstana getmişdilər. 
Yalamada isə əvvəlki kimi bir neçə sərhəd keşikçisi və bir neçə nəfər məmur qalmışdı. 
Bir gün nazirə üzümü tutub dedim: 
-Əsədulla, Yalamanın qarşısında otuz min nəfər rus qoşunu mövqe tutmuş vəziyyətdədir. 
O, qaşlarını çataraq bilirəm – dedi: 
– Müqavilələri imzalamaqdan başqa heç bir şey eləyəsi durumda deyilik. Qalan hər şey isə Allahın 
əlindədir.  
Küçəyə çıxdım. Süngüləri par-par parıldayan bir neçə  əsgər parlament binasının qapısında keşik 
çəkirdi. 
Parlamentin iclasında müxtəlif siyasi partiyalar bir-birlərini yeyirdilər. Şəhərin kənar məhəllələrində 
yaşayan rus fəhlələri hökuməti hədələyirdilər ki, əgər onlar Rusiyaya neft ixracına icazə verməsələr 
tətilə başlayacaqlar. 
Çayxanalar qəzet oxuyan və nərd oynayan kişilərlə dolu idi. Uşaqlar qızmar tozun içində oynayırdılar. 
Şəhərə elə bil göydən od yağırdı. Minarələrdən azan səsi gəlirdi: Namaza gedin! Namaza gedin! İbadət 
yatmaqdan xeyirlidir! 
Mən yatmırdım, gözlərimi yumub xalçanın üstündə uzanmışdım. Sərhəd stansiyası olan Yalamanın 
qarşısında təhdid edən otuz min rus əsgəri gözlərimin qabağından çəkilmirdi. 
-Nino, - dedim. - Hava çox istidir. “Oyuncağımız” da bu cür istiyə vərdiş etməyib. Sən də ki, ağacları, 
kölgəli yerləri və şırıltı ilə axan suları sevirsən. Yay vaxtı Gürcüstana, valideynlərinin yanına getmək 
istəməzdinmi? 
-Yox, - deyə Nino ciddi cavab verdi. 
Mən ona başqa bir söz demədim. Lakin Nino fikirli-fikirli qaşqabağını tökdü. 
-Biz birlikdə çıxıb getməliyik,  Əli xan. Şəhər çox istidir. Axı sənin Gəncədəki malikanən bağ-
baxçalarla əhatə olunmuşdur. Gəl gedək oraya. Ora sənin yurdundur, “oyuncağımız” da kölgədə yatıb 
yuxulaya bilər. 
Mən buna etiraz edə bilməzdim. Ertəsi gün qatarla yola düşdük. Vaqonumuz Azərbaycanın yeni dövlət 
gerbi ilə bəzənmişdi. 
Gəncə dəmir yolu stansiyasından uzun, geniş və tozlu bir yol bizi şəhərə aparırdı. Kilsə və məscidlər 
yastı evlərlə  əhatədə idi. Şəhərin müsəlman və erməni məhəllələrini biri-birindən suyu çəkilmiş bir 
çay ayırırdı. Mən Ninoya yüz il bundan qabaq əcdadım İbrahim xanın rus gülləsi ilə vurulub, can 
vermiş olduğu daşı göstərdim. 
Malikanəmizin bayırındakı gölməçədə tənbəl camışlar uzanmışdılar. Suyun içində yalnız onların başı 
görünürdü. Havada süd qoxusu vardı, üzüm salxımlarının gilələri isə inək gözləri boyda idi. Kəndlilər 
başlarının ortasını ülgüclə qırxdırmışdılar. Onların başlarının sağ və sol tərəflərindəki uzun saçları 
qabağa daranmışdı. 
Ağacların  əhatəsində isə taxta eyvanlı balaca bir ev vardı. “Oyuncağımız” atları, itləri və toyuqları 
görəndə gülümsədi. 


Biz evi səliqəyə salıb, burada yerləşdik. Mən bir neçə  həftəlik nazirliyi, müqavilələri və  sərhəd 
stansiyası olan Yalamanı yaddan çıxartdım. 
Biz çəmənlikdə uzanıb yatırdıq. Nino da çəmənin acı saplaqlarını çeynəyib atırdı. Onun günəşdən 
qaralmış sifəti Gəncə  səması kimi aydın və sakitlik içindəydi. Onun iyirmi yaşı var idi. Ona şərqli 
zövqü ilə baxılsaydı, çox incə quruluşlu idi. 
-Əli xan, bu “oyuncaq” mənimdir. Gələn dəfə oğlan olacaq, onu sən götürərsən, təpə-təpə 
gəzdirərsən. Sonra “oyuncağın” gələcəyi üçün ən incəliklərinə  qədər planlar cızmağa başladı. Planda 
tennis, Oksford, fransız və ingilis dilləri... daha nələr yoxdu. Tam Avropa nümunəsi... 
Mən heç bir şey demədim. Çünki “oyuncağımız” lap balaca idi və Yalamada otuz min rus əsgəri 
dayanmışdı. Biz çəmənlikdə böyük ağacların kölgəsində xalça sərib yemək yeyərdik. Nino, camışların 
uzandıqları gölməçələrdən bir az aralıdakı çayda çimirdi. Başlarında balaca yumru papaqları olan 
kəndlilər bizə gəlir, xanlarına baş əyir və səbətlərdə şaftalı, alma, üzüm gətirirdilər. Biz heç bir qəzet 
oxumurduq, məktub da almırdıq. Dünya bizim üçün malikanəmizin sərhədində qurtarırdı. Bura az 
qala Dağıstan qədər gözəl idi. 
İsti yay günlərinin birində biz otağımızda oturmuşduq, birdən birə uzaqdan dördnalla gələn bir atın 
nallarının səsini eşitdik. O dəqiqə eyvana çıxdım. Qara çərkəz libası geymiş arıq bir adam atdan yerə 
hoppandı. “İlyas bəy” deyə çığırdım və onu qarşılamaq üçün əlimi uzatdım. O, salamımı almadı. O, 
neft lampasının işığında dayanmışdı, sifəti ağarmış, yanaqları da çuxura düşmüşdü. 
O təlaş içində “Ruslar Bakıya girdilər” dedi. Mən başımı tərpətdim, elə bil bu əhvalat mənə çoxdan 
bəlli idi. Nino arxamda dayanmışdı. O, yavaşca soruşdu: 
-İlyas bəy, de görək, bu necə oldu? 
Gecə Yalamadan rus əsgərləri ilə dolu qatarlar gəldilər. Onlar şəhəri mühasirəyə aldılar və parlament 
təslim oldu. Qaça bilməyən bütün nazirlər həbs olundular və  məclis də dağıdıldı. Rus fəhlələri öz 
həmvətənlərinin tərəfinə keçdilər. Bakıda bir nəfər də olsun əsgərimiz yox idi. Ordumuz isə 
Ermənistan ilə  sərhədə itirdikləri mövqelərdə durmuşdular. Mən könüllü partizan dəstəsi yaratmaq 
istəyirəm. 
Mən geri döndüm. Nino otaqda idi. Xidmətçilər də atları arabaya qoşurdular. Nino bir yandan əşyaları 
yığır, bir yandan da öz ana dilində “oyuncaqla” nə isə danışırdı. Sonra arabaya minib tarlaların içindən 
keçdik. İlyas bəy yanımızca atla gedirdi. Uzaqda Gəncənin işıqları görünürdü və bir anlığa keçmişlə 
indiki zamanın biri-birinə qaynaşdığını hiss edən kimi oldum.Mərdəkan yolundakı qarpız 
bostanlarında belində  xəncər, üzü solğun və ciddi İlyas bəy, sakit qürurla dayanmış Nino gəlib 
gözlərimin qabağında canlandı. 
Gəncəyə gecə yarısı çatdıq. Küçələr narahat, həyəcanlı adamlarla dolu idi. Erməni məhəlləsini 
müsəlman məhəlləsindən ayıran körpüdə atəş açmağa hazır olan əsgərlər dayanmışdılar. Məşəllərdən 
hökumət binasının üzərindəki yeni Azərbaycan bayrağına işıq saçırdı. 
 
XXX 
 
Gəncənin böyük məscidinin divarı yanında oturmuşdum. Məscidin həyətində yorğun halda uzanmış 
əsgərlərə göz gəzdirdim. Çay tərəfdən gələn pulemyotların səsləri məscidin həyətində də eşidilirdi. 
Azərbaycan Demokratik Cümhuriyyətinin bir neçə günlük ömrü qalmışdı. 
Sonra həyətin bir küncündə oturub, keçmişin əbədiləşdirməli anlarını bir daha tez-tələsik təlaşlı 
sətirlərlə dəftərimə qeyd edirdim. 
Səkkiz gün bundan qabaq Gəncədə kiçik oteldə qaldığımız zaman mən İlyas bəyə müraciət edib 
dedim: 
-İlyas bəy, mən burada qalıram. 
-Sən dəlisən, ağlını itirmisən, – deyə İlyas bəy cavab verdi. 


Gecə saat üç idi. Nino yan otaqda yatırdı. 
“Sən dəlisən, ağlını itirmisən” deyə İlyas bəy dediyi sözləri təkrar etdi və otaqda gəzişməyə başladı. 
Mən masanın baş tərəfində oturmuşdum və İlyas bəyin düşüncələrinə əhəmiyyət vermirdim. 
“Mən burada qalıram” təkrarən dedim. Könüllü partizan dəstələri gələcəklər. Biz döyüşəcəyik. Mən, 
öz vətənimdən heç yana qaçmayacağam. 
Mən elə bil yuxuda danışırdım. İlyas bəy qabağımda dayanıb, kədərlə tərs-tərs üzümə baxdı: 
-Əli xan, mən səninlə bir yerdə məktəbə getmişik və böyük tənəffüslərdə rus uşaqları ilə dalaşmışıq. 
Sən Naçararyanın maşınının arxasınca düşdüyün zaman, mən sənin ardınca çapırdım. O gecə Ninonu 
atımın yəhərinə oturdub evinə  mən aparmışdım. Sisianaşvili darvazasının yanında başı pozuq rus 
əsgərlərinə qarşı bir yerdə vuruşmuşuq. Amma indi sən buradan çıxıb getməlisən. Ninonun və özünün 
yaxşılığı üçün və bəlkə də bir daha sənə ehtiyacı olacaq vətənin naminə buradan getməlisən. 
-İlyas bəy, sən burada qalırsansa, mən də qalıram. 
-Mən burada ona görə qalıram ki, dünyada heç kimim yoxdur, təkəm. Mən burada qalıram ona görə 
ki, mən zabitəm, əsgərləri döyüşə aparmağı bacarıram və iki vuruş keçirmişəm. Bu iki vuruşda böyük 
təcrübə toplamışam. Odur ki, inadlıq eləmə Əli xan, İrana get. 
İrana da, Avropaya da gedə bilmərəm. 
Mən pəncərəyə yaxınlaşdım. Bayırda məşəllər yanır və hər tərəfdən silah şaqqıldamaları eşidilirdi. 
-Əli xan, Cümhuriyyətimizin heç səkkiz günlük də ömrü qalmayıb. Mən laqeydliklə başımı tərpətdim. 
Küçədən əlləri silahlı adamlar keçirdilər. Yan otaqda ayaq səsi eşidib üzümü o tərəfə çevirdim. Nino 
gözləri yuxulu-yuxulu qapıda durmuşdu. 
-Nino, - dedim,– Tiflisə axırıncı qatar iki saatdan sonra gedir. 
-Bəli, biz gedirik, Əli xan. 
-Yox, sən uşaqla gedirsən. Mən isə sonra gələcəyəm. Mənim hələ ki, burada qalmağım gərəkdir. 
Amma sənin getməyin vacibdir. İndi Bakıda vəziyyət keçən dəfə olduğu kimi deyil. Vəziyyət tamamilə 
başqa cürdür. Ona görə də sən burada qala bilməzsən. Nino, indi sənin körpən var. 
Küçələrdə məşəllər yanırdı. İlyas bəy də başını aşağı salıb otağın küncündə dayanmışdı. 
Birdən Ninonun gözlərindən yuxu silindi. O, yavaş-yavaş pəncərəyə  tərəf gedib, bayıra baxdı. Sonra 
İlyas bəyə tərəf baxdı və otağın ortasına gəlib, başını aşağı əydi. 
-Bəs oyuncaq? - dedi. Bizim körpəmiz var, bizimlə getmək istəmirsən? 
Gedə bilmirəm, Nino. 
-Sənin ulu baban Gəncə körpüsündə şəhid olmuşdu. Mən bunu tarix imtahanından bilirəm. 
Nino qəflətən can verən yaralı bir heyvan kimi nalə çəkib yerə sərildi. Onun gözləri qupquru idi, lakin 
bədəni tir-tir titrəyirdi. O, fəryad edərkən, İlyas bəy otaqda dayanmayıb eşiyə atıldı. 
-Nino, mən bir neçə gündən sonra sizin dalınızca gələcəyimə söz verirəm. Nino hələ də fəryad içində 
idi. Küçələrdə camaat can verən cümhuriyyətin coşqun himnini oxuyurdular. 
Nino birdən susdu və gözlərini mənə zillədi. Sonra ayağa durdu. Mən çamadanı götürdüm. 
Qundaqdakı “oyuncaq” qucağımda idi. Biz evin pilləkənlərindən səssiz-səmirsiz aşağı endik. İlyas bəy 
maşında bizi gözləyirdi. Biz, adamlarla dolu olan küçələrdən keçərək dəmir yol stansiyasına getdik. 
-Üç, dörd gün döz, - deyə İlyas bəy Ninonun sakitləşdirirdi. Yalnız üç-dörd gün. Ondan sonra Əli xan 
yenə də yanınızda olacaq. 
Nino sakitcə “bilirəm” – dedi. Biz əvvəl Tiflisdə qalacayıq, sonra da Parisə gedəcəyik. Bizim bağçalı bir 
evimiz olacaq, ikinci uşağımız da oğlan olacaq. 
-Bəli, Nino, bax elə bu belə də olacaq... 
Mənim səsim aydın və inamlı idi. Nino əlimi sıxdı, sonra baxışlarını uzaqlara çevirdi. 
Dəmir yol relsləri uzun ilanlara bənzəyirdi. Qatar qaranlıqların içindən  əjdaha kimi çıxaraq perona 
yaxınlaşdı. 
Nino məni tələsik öpdü. 


-Salamat qal, Əli xan. Üç gündən sonra görüşərik. 
-Əlbəttə, Nino orada görüşərik, sonra oradan da Parisə gedəcəyik. 
Nino gülümsədi. Mən peronda dayanmışdım. Elə bil qapqara asfalta mıxlanmış kimi yerimdən 
tərpənə bilmirdim. İlyas bəy onları vaqona apardı. Nino kupenin pəncərəsindən bayıra baxırdı. Nino 
hürkmüş balaca bir quş kimi sakit idi. Qatar yavaş-yavaş hərəkət etdiyi zaman Nino əl elədi. İlyas bəy 
də qatardan yerə hoppandı. 
-Biz şəhərə qayıtdıq. Mən bir neçə gün ömrü qalan respublikamız barədə fikirləşirdim. 
Səhər açılırdı. Ətraf kəndlərdən kənd sakinləri gizli saxladıqları pulemyotları və başqa hərbi sursatları 
özləri ilə  gətirirdilər. Şəhər silah anbarına bənzəyirdi. Çayın o biri tərəfində yerləşən erməni 
məhəlləsindən ara-bir güllə səsi eşidilirdi. Çayın o tayı artıq Rusiya torpağı idi. Qırmızı süvari dəstələri 
sel kimi ölkəni bürümüşdülər. 
Şəhərdə birdən-birə qalın qaşlı, qartal burunlu və gözləri çuxura düşmüş bir adam peyda oldu. Bu 
şahzadə Mansur Mirzə Qacar idi. Bu adamın kim olduğunu və haradan gəldiyini heç kim bilmirdi. O, 
İran taxtını əlində tutan Qacarlar sülaləsindən idi və onun papağının qabağında bir gümüş Aslan gerbi 
parıldayırdı. Özünü böyük Ağa Məhəmmədin varisi hesab edən bu adam rəhbərliyi  əlinə aldı. Rus 
alayları Gəncəyə doğru axmağa başlamışdı. Şəhər Bakıdan gələn qaçqınlarla dolu idi. Onlar nazirlərin 
güllələnməsindən, parlament deputatlarının həbsə alınmasından və adamların bellərinə daş bağlanıb 
Xəzər dənizinin ən dərin yerlərinə atılmasından danışırdılar. 
Təzə Pir məscidini indi kluba çeviriblər. Qala divarları yanında namaz qılmaq istəyən Seyid Mustafanı 
rus əsgərləri döydülər. Sonra onun qollarını bağlayıb ağzına donuz əti dürtüblər. Bundan sonra Seyid 
Mustafa İrana, Məşhəddəki  əmisinin yanına qaçmağa müvəffəq oldu. Onun atasını ruslar 
öldürmüşdülər. 
Bu xəbəri gətirən Arslan Ağa mənim qabağımda dayanıb payladığım silahlara baxırdı. 
-Əli xan, mən də sizinlə birlikdə vuruşmaq istəyirəm. 
-Sən? Ay mürəkkəbə bulaşmış donuz çoşqası, sən də vuruşmaq istəyirsən? 
-Mən donuz balası deyiləm,  Əli xan. Mən də hamı kimi öz vətənimi sevirəm. Atam Tiflisə qaçdı. 
Mənə də bir silah ver. 
Onun sifəti ciddi idi, gözlərini döyə-döyə üzümə baxırdı. Ona bir neçə silah verdim. O, mənim 
komandanlığım altında körpünün başında vuruşan dəstəyə qoşuldu. Rus əsgərləri körpünün o 
tayındakı küçələri tuturdular. Biz günəşin qızmar istisində əlbəyaxa döyüşünə girişdik. Qarşımda enli 
sifətləri və parıldayan üçkünc süngüləri gördüm. Birdən birə məni vəhşi bir qəzəb bürüdü. 
Süngülərimizi kəmərimizin səviyyəsinə endirdik. Qanla tər bir-birinə qarışmışdı. Mauzerimin 
dəstəyindən tutub lüləyini yuxarı qaldıranda bir güllə çiynimi sıyırdı. Atdığım güllənin zərbəsindən bir 
rus əsgərinin kəlləsi partladı. Onun beyninin parçaları küçənin tozuna töküldü. Xəncərimi sıyırıb bir 
əsgərin üstünə cumarkən, Arslan Ağanın bir rus əsgərinin gözünə xəncər soxduğunu gördüm. 
Uzaqlardan şeypurçuların səsləri gəlirdi. Biz bir küçənin tinində yerə uzanıb, erməni evlərini selləmə 
atəşə tuturduq. Gecələr sürünə-sürünə körpünün üstündən şəhərə qayıdırdıq. Üstünə patrondaş 
taxmış İlyas bəy körpüdə oturub pulemyotun yerini müəyyən edirdi. 
Biz məscidin həyətinə getdik. İlyas bəy ulduzların işığında uşaq ikən dənizə çimməyə getməsindən, 
orada üzərkən burulğana düşüb az qala batmağından və son dəqiqələrdə necə xilas olduğundan mənə 
danışdı. Onun danışdıqlarından sonra şorba içdik, sonra da şaftalı yedik. Arslan Ağa da yanımızda 
oturmuşdu. Onun tökülmüş dişlərinin yerindən qan sızırdı. Gecə bir müddət tir-tir əsərək yanıma 
soxuldu. 
-Qorxuram, Əli xan. Mən çox qorxağam. 
-Elə isə silahı yerə qoy, otlaqlardan keçib Pula çayına çatarsan və çayı keçib Gürcüstana yollanarsan. 
-Mən bunu edə bilmərəm, çünki mən də o birilər kimi vətənimi sevirəm. 


Mən ona daha bir şey demədim. Sübh açılana yaxın uzaqdan top səsləri gəlməyə başladı. İlyas bəy 
əlində durbin məscidin minarəsində Qacarlar nəslindən olan şahzadə Mansurun yanında dayanmışdı. 
Minarədə dövlət bayrağı dalğalanırdı və kim isə Turan dövlətinin himnini oxumağa başladı. 
Sifəti meyit sifəti kimi ağarmış, gözləri xəyallı bir nəfər adam dedi: “Eşitmişəm ki, İranda Rza adlı bir 
nəfər peyda olub. O, minlərlə  hərbçiləri başına toplayıb onlara komandanlıq edir. Ankarada da 
Mustafa Kamal ətrafında böyük bir ordu toplayıb. Biz əbəs yerə vuruşmuruq. İyirmi beş min əsgər 
bizim köməyimizə gəlir”. 
-Yox, - dedim. İyirmi beş min nəfər yox, iki yüz əlli milyon nəfər adam, bütün dünya müsəlmanları 
bizim harayımıza gəlirlər. Amma onların vaxtında buraya gəlib-gəlməmələrini ancaq Allah bilir. 
Mən körpüyə tərəf gedib pulemyotun arxasına keçdim. Sonra güllələr barmaqlarımın arasından təsbeh 
dənələri kimi sürüşməyə başladı. Arslan Ağa da yanımda oturub pulemyotuma güllə doldururdu. 
Onun rəngi qaçmışdı, lakin gülümsəyirdi. Rusların tərəfində  hərəkət hiss olunan kimi mənim 
pulemyotum fasiləsiz şaqqıldayırdı. Qarşı tərəfdə hücum şeypuru çalındı. Haradasa o yanda, erməni 
evlərinin arxasında Budyonnı marşının səsi gəldi. Başımı qaldırıb aşağı baxanda körpünün altında 
qurumuş və susuzluqdan çatlamış çay yatağını gördüm. Rus əsgərləri meydançanı keçərək, aşağı əyilib, 
nişan alır və atəş açırdılar. Onların atdıqları güllələr körpüyə dəyirdi. Mən bu hücuma qızğın bir atəşlə 
cavab verdim. Rus əsgərləri oyuncaq kimi yerə sərilirdilər. Lakin, kəlləsi üstə çay sahilindəki tozların 
üstünə yuvarlanan əsgərləri yeniləri ilə  əvəz edirdilər. Onların sayı minlərcə idi. Tənha qalmış 
pulemyotun şaqqıltısı Gəncə körpüsündə çox zəif səslənirdi. 
Birdən Arslan Ağa balaca uşaq kimi nalə  çəkib qışqırdı. Olduğum yerdən onun tərəfinə baxdım. O, 
körpünün üstündə üzüquylu sərilib qalmışdı, onun ağzından qan gəlirdi. Mən təkrar pulemyotun 
düyməsini basdım. Güllələr rus əsgərlərinin başına yağış kimi yağırdı. Şeypur səsi onları yenidən 
hücuma qaldırdı. 
Papağım çaya düşdü: bəlkə ona güllə dəymişdi, bəlkə də əsən külək onu başımdan uçurmuşdu. 
Mən bir anda pencəyimlə köynəyimin yaxasını açdım. 
Düşmənlə mənim aramda yalnız Arslan Ağanın meyiti durmuşdu. Deməli, insan qorxaq olsa da vətəni 
uğrunda qəhrəmancasına vuruşaraq ölə bilərmiş. 
Qarşı tərəfdə şeypur səsləri əsgərləri geri çağırırdı. Pulemyotu susdurdum və mən tər içində, körpünün 
üstündə oturub, əvəz edilməmi gözləyirdim. Onlar gəldilər. Yöndəmsiz və ağır adamlar Arslan Ağanın 
meyitini sipər kimi pulemyotun qabağına qoydular... 
İndi mən burada, məscid divarının kölgəsində oturub, qaşıqla şorbanı içirdim. Məscid həyətinin 
girişində şahzadə Mansur dayanmışdı, İlyas bəy* də əyilib xəritəyə baxırdı. Bir neçə saatdan sonra mən 
yenidən körpünün üstündə dayanıb mövqe tutmalı idim. Bilirdim ki, Azərbaycan Cümhuriyyətini 
yalnız bir-neçə günlük ömrü qalıb... 
Mən ulu babam İbrahim xan Şirvanşirin xalqın azadlığı uğrunda canını verdiyi sahilə şeypur səsi 
yenidən çağıranadək yatmaq istəyirəm. 
“Əli xan Şirvanşir altıya on beş dəqiqə işləmiş Gəncə körpüsündə, pulemyot arxasında tutduğu 
mövqeyində həlak oldu. Onun meyiti körpüdən qurumuş çayın yatağına düşmüşdü. Bədənini səkkiz 
güllə  dəlik-deşik etmişdi. Cibindən xatirə  dəftəri çıxdı. Allah imkan versə, bu dəftəri onun arvadına 
çatdıracağam. Biz səhər erkən, rus qoşunları sonuncu hücuma keçməzdən bir az əvvəl onu məscidin 
həyətində dəfn etdik. Cümhuriyyətimizin ömrü Əli xan Şirvanşirin ömrü kimi sona çatdı”. 
 
  
---------------------- 
*Bakının Binəqədi qəsəbəsindən olan Zeynal Ağanın oğlu, rotmistr İlyas bəy. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə