ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   47   48   49   50   51   52   53   54   ...   59

Bağçada oturub İranın qamış qələmi ilə yazımı yazmağa başladım. Hələ  məktəb illərində yazmağa 
başladığım xatirələrimin dağınıq qeydlərini səliqəyə salırdım. Bütün keçmişim gözlərimin qabağında 
canlandı. Seyid Mustafa otağıma girib, çopur sifətini çiynimə toxundurana kimi keçmişin xəyalına 
dalmışdım. 
– Seyid, – dedim – mənim həyatım qarmaqarışıq hala düşüb. Cəbhə yolu bağlıdır. Nino gülməsini 
unudub, mən də qan yerinə mürəkkəb axıdıram. Axı nə etməliyəm, Seyid Mustafa? 
Dostum sakit və böyük maraqla mənə baxdı. Onun əynində qara libas var idi, özü də arıqlamışdı. Arıq 
vücudu elə bil sirli bir yükün altında bükülmüşdü. O, əyləşib dedi: 
– Əllərinlə heç bir şey edə bilməzsən, Əli xan. Lakin insanın əllərində daha artıq şeylər vardır. Mənim 
libasıma bax, nə demək istəyəcəyimi başa düşəcəksən. İnsanlar üzərindəki qüvvə gözəgörünməzin 
əlindədir. O sirrə bir dəfə toxun, qüdrəti sənə keçəcəkdir. 
– Səni başa düşmürəm, Seyid. Ruhum əzab içindədir və  mən bu qaranlıq zülmətdən çıxış yolu 
axtarıram. 
– Çünki sən üzünü bəndələrə tutmusan, Əli xan. Bəndələri idarə edən gözəgörünməzi isə yaddan 
çıxardırsan. Hicrətin 680-cı ilində din düşmənləri tərəfindən təqib edilən Peyğəmbərin nəvəsi Hüseyn 
Kərbəlada şəhid edildi. Dünyanın xilaskarı, sirr sahibi, külli-ixtiyar olan o doğan və batan günəşi onun 
qanı ilə boyadı. Şiə icmasına on iki İmam hökmranlıq etmişdir: birincisi Hüseyn idi, axırıncısı da hələ 
bu gün də gizlindən şiə  cəmiyyətini idarə edən Sahib-əz-Zaman gözə görünməz İmamdır. Bu gizli 
İmam bütün əməllərinə zahir olur, amma buna baxmayaraq o, yenə  də gözəgörünməz olaraq qalır. 
Mən onu doğan günəşdə, toxumların möcüzəsində, fırtınalı dənizdə görürəm. Onun səsini 
pulemyotun şaqqıltısında, qadınların naləsində və əsən küləklərdə eşidirəm. Gözəgörünməz buyurub 
deyir ki: Kərbəla çöllərində Hüseynin axıdılmış qanı üçün yas saxlayın. Ona görə  də  hər ilin bir ayı 
Hüseynə matəm tutulur. Bu ay Məhərrəm ayıdır. Dərdi olan bu kədərli ayla ağlamalıdır. Məhərrəm 
ayının onuncu günündə şiələrin aqibəti həqiqətə çevrilir. Çünki o gün şəhidin ölüm günüdür... O gün 
Hüseynin öz üzərinə götürdüyü dərd yükü, dindarların boynuna qoyulmalıdır. Kim bu dərdin bir 
hissəsini öz üzərinə götürərsə, onun şəfaətinə nail olacaqdır. Bax, elə buna görə  də dindarlar 
məhərrəm ayında sinə döyürlər, çünki bu dünyanın dərdləri ilə çıxılmaz vəziyyətə düşənlər özlərini 
şallaqlayarkən və sinələrini döyməklə  çəkdikləri ağrılar sayəsində qurtuluş sevincini tapırlar. Bax, elə 
budur Məhərrəmin sirri. 
Mən yorğun və əsəbi halda soruşdum: 
– Seyid, mən evimə xoşbəxtliyi yenidən necə qaytara biləcəyimi soruşuram, çünki dərin bir dəhşət 
içindəyəm. Sən isə mənə məktəbdə oxuyarkən öyrəndiyimiz din dərslərindəki müdrik kəlamları təkrar 
edirsən. Demək istəyirsən ki, məscidlərə gedib zəncirlə sinə döyüm? Mən dindar bir müsəlmanam və 
dini vəzifələri də yerinə yetirirəm. Mən də gözəgörünməzin sirrinə inanıram, Əli xan. Lakin mənim 
xoşbəxtliyimə gedən yolun həzrəti Hüseynin şəbihindən keçdiyinə inanmıram. Sən məndən 
xoşbəxtliyə gedən yolu soruşdun, mən də  sənə onu göstərdim. Mən başqa yol tanımıram. İlyas bəy 
Gəncə cəbhəsində qan tökür. Sənin isə Gəncəyə getməyə imkanın yoxdur. Ona görə də, Məhərrəm 
ayının onuncu günündə  səndən bunu tələb edən gözəgörünməz üçün sən də öz qanını tökməlisən. 
Yox, sus. Demə ki, bu müqəddəs qurbanlıq mənasızdır. Bu kədər dünyasında heç bir şey mənasız 
deyil. Məhərrəm ayında sən də Gəncədə vuruşan İlyas bəy kimi vətən uğrunda döyüşə giriş. 
Mən susdum. Pəncərələri pərdə ilə örtülmüş karet həyətə girdi. Şüşələrin tutqunluğundan Ninonun 
sifətini güclə görmək olurdu. Hərəmxana bağçasının qapısı açıldı və Seyid Mustafa qəflətən durub 
getmək üçün hazırlaşdı. 
– Sabah Sipahlışar məscidinə gələrsən. Söhbətimizi orada davam etdirərik – dedi. 
 
XXVI 
 


Mən Nino ilə divanda oturub nərd oynayırdıq. Nərdtaxta sədəflə işlənmişdi, onun daşları isə fil 
sümüyündən qayırılmışdı. Bu İran oyununu oynamağı Ninoya mən öyrətmişdim. Elə o zamandan bəri 
biz tümənə, öpüşə və gələcək uşaqlarımızın adlarına durmadan zər atırdıq. Nino uduzurdu, borcunu 
verirdi və yenidən zər atırdı. Onun gözləri həyəcandan parıldayırdı, Nino barmaqları ilə fil 
sümüyündən düzəldilmiş daşları elə götürürdü ki, elə bil onlar qiymətli inci idi. 
Nino bir az əvvəl uduzduğu səkkiz tüməni mənim qabağıma çəkdi: 
“Əli xan, sən məni məhv edəcəksən” – dedi. 
Sonra Nino nərdtaxtanı bağladı və başını mənim dizimin üstünə qoyub, düşüncəli halda gözlərini 
tavana zillədi və  xəyala daldı. Bu gün, çox gözəl gün idi, çünki Nino intiqamını aldığı üçün özünü 
xoşbəxt hiss edirdi. Əhvalat isə belə olmuşdu: 
Səhər tezdən evimizi ah-nalə  və hönkürtü səsləri bürüməyə başladı. Ninonun düşməni olan Yəhya 
Qulu yanağı şişmiş və üz-gözü büzüşmüş halda içəri girdi. O, intihar etmək istəyən bir adam kimi: 
“Dişim ağrıyır” dedi. Ninonun gözlərində bir zəfər parıltısı yanıb söndü. O, xidmətçini pəncərənin 
qabağına apardı, onun ağzını açıb baxdı və qaşqabağını tökdü. Sonra təşvişlə başını yırğaladı. Möhkəm 
bir sap götürüb Yəhya Qulunun içi çürümüş dişinə bağladı. Sapın o biri ucunu isə açıq qapının 
dəstəyinə bağladı. Sonra “hazır ol” deyib qapıya tərəf qaçdı və qapını var gücü ilə bağladı. Dəhşətli bir 
qışqırıq çıxdı və xidmətçi yerə sərilib, qapının incə dəstəyindən asılmış dişinə baxa-baxa qaldı. 
-Əli xan, ona de ki, adam dişlərini sağ əlinin şəhadət barmağı ilə yuyanda, nəticə belə olur. 
Mən Ninonun dediklərini kəlmə-kəlmə tərcümə etdim. Yəhya Qulu heç bir şey demədən əyilib çıxan 
dişini yerdən götürdü. Lakin Ninonun intiqam hissi hələ də soyumamışdı. 
-Əli xan, ona de ki, o hələ sağalmayıb. Qoy gedib yorğan döşəyə girsin və yanağına isti dəsmal qoysun. 
İsti dəsmal onun yanağında altı saat qalmalıdır. Bundan başqa da o bir həftə şirin şey yeməməlidir. 
Yəhya Qulu rahatlansa da, əsəbləri pozulmuş halda otaqdan çıxdı. 
Nino, etdiklərindən utanmalısan. Yazığın sevincini də əlindən aldın. 
Nino daş ürəkliliklə: 
-O öz payını aldı deyib yenə də nərd-taxtanı gətirdi. Oyunu uduzdu, sonra ədalət bir daha öz yerini 
tapdı. 
Sonra Nino mənə baxdı, çənəmi barmaqları ilə sığallayıb soruşdu. 
-Əli xan, Bakı nə vaxt hürriyyətinə qovuşacaq? 
-Yəqin ki, iki həftənin ərzində. 
Nino ah çəkib dedi: 
Deməli on dörd gün qalıb. Biləsən ki, Bakı üçün nə  qədər darıxmışam və türklərin də  şəhərimizə 
yürüşünü gözləməkdən səbrim tükənib. Sən burada özünü rahat hiss etdiyin halda, mənim şərəfim hər 
gün alçaldılır. 
-Bu nə deməkdir belə? 
-Burada hamı mənimlə qiymətli və kövrək bir əşya parçası kimi rəftar edir. Nə  qədər qiymətli 
olduğumu dəqiq deyə bilmərəm, amma mən nə tez sınanam və  nə  də  əşya parçasıyam. Dağıstanı 
xatırlayırsanmı? Orada həyat tamamilə bambaşqa idi. Yox, bura mənim heç xoşuma gəlmədi.  Əgər 
Bakı tezliklə azad edilməsə, biz gərək başqa yerə köçüb gedək. Bu ölkənin fəxr etdiyi şairlərə dair heç 
bir şey bilmirəm, amma bilirəm ki, Aşura günündə insanlar sinələrini dırnaqları ilə cırmaqlayır, 
başlarını xəncərlə yarırlar və kürəklərinə zəncir vururlar. Bunları görmək istəməyən bir çox avropalılar 
bu gün şəhəri tərk edirlər. Mən bütün bunlara nifrət edirəm. Mən özümü hər an mənə hücum edə 
biləcək bir özbaşınalığın qurbanı kimi hiss edirəm. 
-Nino zərif sifətini mənə  tərəf çevirdi. Onun gözləri  əvvəlki vaxtlarındakından daha dərin və 
anlaşılmaz idi. Göz bəbəkləri böyümüşdü. Onun hamiləliyini yalnız gözlərindən bilmək olurdu. 
-Qorxursan, Nino? 
-Nədən qorxmalıyam? - Onun səsi həqiqətən təəccüblü səslənirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə