ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   51   52   53   54   55   56   57   58   59

XXVIII 
 
-Sizin xalanız varmı? 
-Yox, mənim xalam yoxdur, amma qulluqçum sağ ayağını sındırıb. Gəzməkdən xoşunuz gəlirmi? Bəli 
gəzməkdən xoşum gəlir, amma mən axşamlar yalnız meyvə yeməyə üstünlük verirəm. 
İngilis dili dərsliyinin tapşırıqları çox axmaq səslənirdi. Nino kitabı örtdü. 
-Mənə elə  gəlir ki, müharibədən qalib çıxmaq üçün ingilis dilini kifayət qədər bilirik. Amma, de 
görüm, heç ömründə viski içmisənmi? 
Dəhşətlə çığırdım. 
-Nino, sən bu dərsliyin lap müəllifi kimi danışırsan. 
-Bağışla, Əli xan, vətənimizə xidmət etmək arzumuzu yanlış başa düşdüyüm üçün belə bir axmaq söz 
danışdım. De görüm, bu axşam bizə kimlər gələcək? 
Ninonun səsində süni bir etinasızlıq hiss olunurdu. 
Mən, bu axşam evimizə  təşrif buyuracaq ingilis məmurları ilə zabitlərinin adlarını sadaladım. Nino 
qürurlanaraq gözlərini qabağa zilləmişdi. O, çox yaxşı bilirdi ki, Azərbaycanın heç bir naziri və generalı, 
onun ərinin sahib olduğuna malik deyildir: ərinin ziyalı, Qərb adətlərinə bələd, ingilis dilini bilən və 
knyaz ailəsindən olan arvadı vardı. 
Nino qaşqabağını sallayıb dedi: 
-Mən viskinin dadına baxdım, onun acı və iyrənc dadı var. Ona görə  də onun içinə soda atmadan 
içmirlər. 
Mən əlimi onun çiyninə qoydum. O, razılıq hissi ilə gözlərini mənə tərəf çevirdi: 
-Qəribə bir həyat keçiririk, Əli xan. Bir dəfə  məni aparıb hərəmxanaya saldın, indi isə ölkəmizin 
mədəni inkişafına xidmət edən bir əşya rolunu oynayıram. 
Biz aşağı qəbul salonuna endik. Yaxşı təlim keçmiş qulluqçular divarlara söykənib söhbət edirdilər. 
Divarlarda da mənzərə  və heyvan rəsmləri çəkilmiş tablolar asılmışdı. Künclərdə yumşaq kreslolar 
qoyulmuşdu, masanın üstünü də çiçəklər bəzəyirdi. Yadındadırmı, Əli xan, Dağıstandakı aulda 
vadidən bardağla su daşıyaraq sənə qulluq edərdim. 
-Hansı xidmət daha çox xoşuna gəlir? 
Ninonun gözləri süzüldü, sanki xəyala getdi. Cavab vermədi. Bu anda qapının zəngi çalındı və 
Ninonun dodaqları həyəcandan titrəməyə başladı. İlk gələnlər Ninonun valideynləri idilər. Onlarla 
birlikdə  rəsmi keçid forması geymiş İlyas bəy də  gəlmişdi. İlyas bəy salonu gəzdi, hər şeyi gözdən 
keçirdi, sonra başını yırğalayıb dedi: 
-Mən də evlənməliyəm, Əli xan. Görəsən Ninonun xalası qızı varmı? 
Nino ilə mən ev sahibləri kimi qapıda durub müsafirləri qarşılayırdıq. Biz çoxlu ingilis əlləri sıxırdıq. 
İngilis zabitləri hündürboylu və qırmızı sifətli idilər. Uzun əlcək geymiş xanımlar isə mavigözlüydülər. 
Onlar mərhəmətlə gülür və maraqla ətrafa baxırdılar. Bəlkə  də, onlar gözləyirdilər ki,hərəm 
xidmətçiləri onlara qulluq edəcək və yarılüt qızlar onların qabağında rəqs edəcəklər. Halbuki onların 
əvəzində yaxşı təlim keçmiş qulluqçular peyda oldular. Əmrə hazır olan bu qulluqçular yeməkləri 
masanın üstünə sol tərəfdən qoyurdular. Divarlarda yamyaşıl çəmənliklərin və yarış atlarının rəsmləri 
asılmışdı. 
Gənc bir zabit qədəhini ağzına kimi viski ilə doldurub, içinə soda tökmədən bir nəfəsə başına çəkib 
boşaltdığını görən Ninonun nəfəsi tutulan kimi oldu. Salonu səs-küy bürümüşdü. Verilən sual və 
cavabların  əksəriyyəti ingilis dili dərsliklərinin tapşırıqları kimi çox axmaq səslənirdi: “Çoxdan 
evlisiniz, xanım Şirvanşir?” “Demək olar ki, iki ildir” “Bəli, toy səyahətimi keçirmək üçün İrana 
getmişdik”, – “Ərimin at sürməkdən xoşu gəlir”. – “Yox? ərim polo oynamır” “Şəhərimiz xoşuna 
gəlirmi?” “Bəli buranı görməyimə  məmnunam, amma çox xahiş edərim. Bizlər vəhşi deyilik” 
“Azərbaycanda artıq çoxdandır ki, çox arvadlılıq qadağan edilmişdir”. “Hərəm ağalar barəsində isə mən 


ancaq romanlarda oxumuşam”. Nino masanın qarşı tərəfindən üzümə baxdı və gülməyini güclə 
saxladığı üçün onun çəhrayı burun dəlikləri pərələnirdi. Bir mayor arvadı Ninodan soruşdu ki, 
həyatınızda heç operaya getmisinizmi? Nino çox nəzakətlə cavab verdi ki, bəli getmişəm, oxumağı və 
yazmağı da bilirəm. 
Nino ona sual verən xanıma biskvit dolu qabı uzadarkən ilk raundu udmuşdu. 
Gənc ingilislər, məmur və zabitlər Ninoya baş əyirdilər. Onların əlləri Ninonun incə barmaqlarına 
toxunurdu, baxışları isə Ninonun çılpaq kürəyinə sataşırdı. 
Üzümü yana çevirdim. Əsədulla küncdə dayanıb arxayın tərzdə siqara çəkirdi. O, öz arvadını heç 
zaman yad adamların baxışlarına təslim etməzdi. Amma Nino həm gürcü, həm də xristian idi. 
Əsədullanın fikrincə Nino əllərini, gözlərini və çılpaq kürəyini onlarla yad kişilərin baxışlarına təslim 
etmək üçün yaranmışdı. 
Məni qəzəb və  xəcalət bürüdü. Qulağıma çatan qırıq-qırıq sözlər həyasız və  təhqiredici səslənirdi. 
Mən gözlərimi yerə dikdim. Nino salonun o biri başında yadların ortasında durmuşdu. 
Birdən birə o, boğuq bir səslə “Çox sağ olun” dedi: “Sağ olun siz çox nəzakətlisiniz”. 
Başımı qaldırdım və onun qıpqırmızı olmuş sifətini, vahimə bürümüş halını gördüm. O, salonun o biri 
başından gəlib qabağımda dayandı. O, əlini qoluma saldı, elə bil özünə arxa axtarırdı. 
Sonra yavaşca dedi: 
-  Əli xan, indi sənin vəziyyətin, o vaxt Tehranda xalaların və xalaqızlarınla görüşəndə  mənim 
düşdüyüm vəziyyətə oxşayır. Bu qədər kişi ilə  mən nə edim? Mən onların mənə belə baxmalarını 
istəmirəm. 
Nino bu sözləri deyib məndən aralandı və mayor arvadının əlindən tutdu. Mən onun mayor arvadına 
dediyi sözləri eşitdim: “Siz mütləq bir dəfə bizim yerli teatra gəlməlisiniz. Hazırda Şekspiri Azərbaycan 
dilinə tərcümə edirlər. Gələn həftə “Hamlet”in ilk tamaşası olacaq”. 
Alnımdakı təri sildim və qonaqpərvərliyin sərt qayda-qanunlarını yada saldım. Köhnə bir məsəldə 
deyilirdi, “əgər qonaq sənin oğlunun başını kəsib onu əlində tutaraq evinə girsə, onu qəbul etməli, 
yedirtməli və qonaq kimi ona ehtiram göstərməlisən”. Ağıllı adətdir. Amma ona əməl etmək çox ağır 
olur. 
Qədəhləri viski və konyakla doldurub qonaqlara payladım. Zabitlər siqara çəkirdilər, viski içirdilər. 
Onların ayaqlarını qaldırıb masaların üzərinə qoymalarını gözlədiyimiz halda, bunu zabitlərin heç biri 
etmədi. 
Gənc bir zabit mənim əzabımı daha da artırıb dedi: 
- Çox gözəl xanımınız və gözəl eviniz vardır, Əli xan. Siyasi səbəblərə görə bu sözlərin üstündən gənc 
bir zabit şapalaq yemədiyini bilsəydi, hər halda çox heyrətlənərdi. Sən bir işə bax: bir kafir köpək açıq-
aşkar mənim arvadımın gözəlliyindən söhbət etməyə cürət edirdi. Onun qədəhini konyakla 
doldurduğum zaman əllərim əsirdi və bir neçə damcı da yerə töküldü. 
Ağ bığlı və smokinq pencəyinin altından ağ köynək geymiş yaşlı bir ingilis məmuru küncdə 
oturmuşdu. Ona biskvit verdim. Onun dişləri uzun və sapsarı idi, barmaqları isə gödək idi. 
O, təmiz fars dilində mənə müraciət etdi: 
- Eviniz əsl Avropa evidir, Əli xan. 
-Mən ölkəmizdəki adət üzrə yaşayıram. 
O, diqqətlə mənə baxdı: 
-Mənə belə gəlir ki, İran ilə Azərbaycan arasında mədəni baxımdan böyük fərq var. 
-Bəli, biz İrandan yüz il irəlidəyik. Unutmayın ki, bizim böyük sənayemiz və dəmir yolumuz vardır. 
Amma təəssüf ki, rus idarəçiləri bizim mədəni inkişafımızı sıxışdırmışlar. Bizdə lazımi qədər həkim və 
müəllimlərimiz yoxdur. Eşitdiyimə görə, hökumətimiz bir sıra qabiliyyətli gənclərimizi Avropaya 
göndərməyi nəzərdə tutmuşdur. 
Bir xeyli onunla söhbət etdim və sonra ona viski vermək istədim.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə