ƏLİxan musayev



Yüklə 0,97 Mb.
səhifə4/9
tarix13.12.2017
ölçüsü0,97 Mb.
#15430
1   2   3   4   5   6   7   8   9

Üçüncü fəsil: «Azan1»
68. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Bilal (r.a) azanın sözlərini cüt sayda, iqaməni1 isə tək sayda deməyə əmr olundu» (əl-Buxari, 605; Müslim, 836).
68-ci hədisdən çıxarılan nəticələr:

– Azan və iqamənin namazdan əvvəl deyilməsinin vacib olması;

– Azanın sözlərinin cüt, iqamənin sözlərinin tək sayda deyilməsinin müstəhəb olması. Belə ki, azanın əvvəlində olan təkbir – Allahu əkbər – 4 dəfə, sonundakı tövhid kəlməsi – Lə iləhə illəllah (Allahdan başqa ibadətə layiq məbud yoxdur) – 1 dəfə deyilir.

İqamənin əvvəlində olan təkbir və bir də «Qad qaməti-s-salət» (Artıq namaz başladı) kəlməsi cüt sayda deyilir.

Azan və iqamə kişilər üçün fardul-kifayədir.
69. Əbu Cüheyfə – Vahb ibn Abdullah əs-Suvai (r.a) deyir ki, «Mən Peyğəmbərin (s.ə.s) yanına gəldim. O, dəridən hazırlanmış qırmızı rəngli çadırda idi. Bu vaxt Bilal (r.a) Peyğəmbərin (s.ə.s) dəstəmaz aldığı qabdakı suyu bayıra çıxartdı. Səhabələr də, xeyir-bərəkətə nail olsunlar deyə, o sudan (əlləri ilə) götürdülər. Səhabələrdən bəzilərinə su çatmadığı üçün əllərini su götürən səhabələrin əllərinə sürtdülər. Sonra Peyğəmbər (s.ə.s) (üzərində qara xətlər olan) qırmızı geyimdə çadırdan bayıra çıxdı. Mən dayanıb onun ayaqlarının (dizdən aşağı) ağlığına baxırdım. Sonra Bilal (r.a) azan verdi. O, başını sağa və sola çevirərək "namaza tələsin", "nicat tapmaq üçün tələsin" deyir, mən də onun ardı ilə (tələffüz etdiyi sözləri) təkrar edirdim. Sonra Peyğəmbər (s.ə.s) üçün (sutra2 olsun deyə) nizəyə oxşar, ancaq onun yarısı boyda olan silah yerə sancıldı və o, (camaatla birgə) iki rükət Zöhr və iki rükət Əsr namazını qıldı3. Peyğəmbər (s.ə.s) Mədinəyə qayıdana qədər (dörd­rükətli namazları) iki rükət qıldı» (əl-Buxari, 187; Müslim, 1119).
69-cu hədisdən çıxarılan nəticələr:

– Müəzzin azan verdiyi zaman «Hayyə alə-s-salət» (Namaza tələsin) və «Hayyə alə-l-fələh» (Nicat tapmaq üçün tələsin) deyərkən başını sağa və sola döndərməsinin caiz olması;

– Səfərdə olan müddətdə dörd rükətli namazları (Zöhr, Əsr və İşa) qısaldıb iki rükət qılınması;

– Namaz qılanın önündə sütrənin olması;

– Səhabələrin Peyğəmbəri (s.ə.s) çox sevməsi və ondan bərəkət umması.

Qeyd: Ümumiyyətlə, xeyir-bərəkətə üç yolla nail olmaq olar:

1) Allaha dua edib Ondan istəməklə;

2) Zəmzəm suyunu içməklə. Buna dəlil: Cabir ibn Abdullahdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Zəmzəm suyu, onu içən üçündür(şəfadır)» («Müsnəd», 3/357; «Səhih hədislər silsiləsi», 2/543; «İrvau-l-ğalil», 4/320, 1123-cü hədis).

3) Peyğəmbərin (s.ə.s) sağlığında onun dəstəmazının suyundan və s. xeyir-bərəkət ummaq.

– Xalis qırmızı rəngdə olmayan paltarı geyinməyin caiz olması.

Qeyd: İbnu-l-Qeyyim xalis qırmızı rəngdə olan paltarın yalnız kişilər üçün qadağan olunmasını «Zadu-l-Məad» kitabında açıqlamışdır.
70. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Həqiqətən, Bilal gecə (Fəcrdən əvvəl) azan verir. Siz Ummu Məktu­mun oğlu (r.a) azan verənə qədər (dan yeri ağarana qədər) yeyin, için!» (əl-Buxari, 617; Müslim, 2531).
70-ci hədisdən çıxarılan nəticələr:

– Sübh namazının vaxtının daxil olmasından bir müddət əvvəl azan verməyin caiz olması. Deməli, sübh namazı üçün iki dəfə azan verilə bilər: birincisi vaxtından əvvəl, ikincisi isə vaxtı daxil olduqda.

– Bir məsciddə azan vermək üçün iki müəzzinin təyin olunması;

– Müəzzinin kor olması onun azan verməyinə mane olmur. Çünki Umm Məktumun oğlu (r.a) kor idi;

– Ədalətli olan tək bir şəxsin verdiyi xəbərə inanıb ona əməl etmək.
71. Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Müəzzinin1 azan verdiyini eşitdiyiniz zaman onun dediklərini (azanda deyilən sözləri) təkrar edin!» (əl-Buxari, 611; Müslim, 846).
71-ci hədisdən çıxarılan nəticələr:

– Müəzzinin dediklərini təkrar etmək (yəni müəzzin hər cümləni tamamladıqca o cümləni eşidənlər təkrar etməlidirlər);

– Yalnız «hayyə alə-s-salət» və «hayyə alə-l-fələh» cümlələrindən sonra «lə həulə va lə quvvətə illə billəh (yəni qüdrət və qüvvət yalnız Allaha məxsusdur)» demək lazımdır;

– Yalnız subaşına çıxan şəxs üçün bunu təkrar etmək caiz deyildir.


Cabir ibn Abdullahdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Azanı eşidib "Allahummə Rabbə həzihi-d-dəvəti-t-təəmməti va-s-salətu-l-qaimə, ə’ti Muhəmmədən əl-vasilətə va-l-fadılətə va-bəashu məqamən məhmudən əlləzi vəadtəh" deyən hər bir müsəl­mana Qiyamət günü şəfaətim yetişər» (əl-Buxari, 2/112, 614-cü hədis).

Duanın tərcüməsi: «Tamamlanmış bu dəvətin1 və ödənilən namaz­ların Rəbbi olan Allahım! Məhəmmədi vasitəçi və fəzilət sahibi et və onu (ona) vəd etdiyin həmd olunan məqama yetişdir!»

Uca Allah Qurani-kərimdə buyurmuşdur:


«Ola bilsin ki, Rəbbin səni (Qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) yetişdirsin!» («əl-İsra» surəsi, 79).

Dördüncü fəsil: «Qibləyə tərəf yönəlmək»
72. İbn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) üzünü üzərinə mindiyi heyvanın getdiyi istiqamətə tutub, başı ilə işarə edərək namazını qılardı». Həmçinin İbn Ömər (r.a) də bunu edərdi. (əl-Buxari, 1105; Müslim, 1208).

Başqa rəvayətdə: «Dəvəsinin üzərində vitr namazını qılardı» (Müslim, 1613).

Başqa rəvayətdə: «Minik üzərində fərz2 olan namazı qılmazdı» (əl-Buxari, 1097; Müslim, 1616).
72-ci hədisdən çıxarılan nəticələr:

– Səfərdə ikən, sünnət namazlarının minik üzərində qılınmasının caiz olması;

– Minik üzərində vacib olan namazın yalnız zəruriyyət halında qılınması;

– Baş ilə işarə etməklə rüku və səcdəni əvəz etmək;

– Minik üzərində namaz qılanın qibləsinin, onun getdiyi istiqamətdə olması;

– Vitr namazının minik üzərində qılınması onun vacib namazlardan olmamasına dəlalət edir;

– İbadətlərin asanlaşdırılması Allahın hikmətindən sayılır.
73. İbn Ömər (r.a) rəvayət edir ki, «Camaat Quba məscidində1 Sübh namazını (Qüdsə tərəf) qılarkən səhabələrdən biri gəlib onlara dedi: "Həqiqətən, bu gecə Peyğəmbərə (s.ə.s) Quran2 nazil olub və qiblənin (Kəbəyə tərəf) dəyişdirilməsi ona əmr edilib". Camaat (namaz qıldıqları vəziyyətdə) Kəbəyə tərəf döndülər» (əl-Buxari, 4491; Müslim, 1178).
73-cü hədisdən çıxarılan nəticələr:

– İlk dəfə müsəlmanların qibləsi məscidü-l-əqsa (beytü-l-müqəddəs) idi. Sonra isə Allah onlara Qiyamətə qədər məscidü-l-hərama üz tutmağı əmr etdi;

– Ən əfzəl yer Allahın evinin yerləşdiyi məqamdır;

– Bəzi hökmlərin nəsx olunması. Bu barədə Uca Allah buyurur:




«Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayənin hökmünü ləğv edir və ya onu unutdururuqsa ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmir­sinizmi?» («əl-Bəqərə», 106).

– Səhvən qiblədən başqa tərəfə yönələn şəxs namazda ikən qibləyə tərəf dönə bilər. Bu halda qıldığı rükətlər səhih, mötəbər sayılır;

– Bir nəfər ədalətli şəxsin verdiyi xəbər məqbuldur.


74. Ənəs ibn Sirin rəvayət edir ki, «Ənəs ibn Malik (r.a) Şamdan qayıdarkən biz onunla Aynu-t-təmr3 şəhərində rastlaşdıq. Mən onu uzunqulağının üzərində qiblədən sol tərəfə namaz qıldığını görüb; "Sən qibləyə tərəf namaz qılmırsan?" – deyə ondan soruşduqda o dedi: "Peyğəmbərin (s.ə.s) belə namaz qıldığını görməsəydim belə etməzdim"» (əl-Buxari, 1100; Müslim, 1618).
74-cü hədisdən çıxarılan nəticələr:

– Səfərdə ikən, sünnət namazının minik üzərində qılınmasının caiz olması;

– Minik üzərində namaz qılanın qibləsinin onun getdiyi istiqamətdə olması.

Beşinci fəsil: «Səflər1»
75. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər dedi: «Cərgələ­rinizi düzəldin! Həqiqətən, cərgələrin düz olması namazın tamamlan­masındandır» (əl-Buxari, 723; Müslim, 974).
75-ci hədisdən çıxarılan nəticələr:

– Cərgələrin düz xətt şəklində düzəldilməsinin müstəhəb olması;

– Cərgələrin düzəldilməsinin namazın kamilliyindən hesab olunması;

– Cərgələrin düz olmamasının namazın naqisliyinə dəlalət edən bəyənilməyən bir hal olması;

– Camaatla qılınan namazın əfzəl olması. (Çünki yalnız camaatla qılınan namazda cərgələrin düzəldilməsinə görə savab əldə etmək müm­kündür.);

Cərgələrin düzəldilməsinin hikməti Peyğəmbərdən (s.ə.s) rəvayət olunan hədisdə qeyd olunmuşdur.

Cabir ibn Səmura (r.a) rəvayət edir ki, bir gün Peyğəmbər (s.ə.s) bizə dedi: «Məgər siz mələklərin, Rəbbi yanında cərgələrə düzəldiyi şəkildə cərgələrinizi düzəltmək istəmirsiniz?» Səhabələr: «Ey Allahın elçisi! Onlar Rəbbi yanında cərgələri necə düzəldirlər?» – deyə soruşduqda, o dedi: «Əvvəlki səfdən başlayaraq cərgələri tamamlayır2 və onları düz xətt şəklində düzəldirlər» (Müslim, 4/372, 967-ci hədis).
76. Ən-Nüman ibn Bəşir (r.a) rəvayət edir ki, «Mən Peyğəmbərin (s.ə.s): "Cərgələrinizi düzəldin, yoxsa Allah da sizin üzlərinizi biri-birindən ayırar" – dediyini eşitdim» (əl-Buxari, 717; Müslim, 977).

Başqa bir rəvayətdə ən-Nüman (r.a) deyir ki, «Peyğəmbər (s.ə.s) qədəhləri3 düzəldirmiş kimi, cərgələrimizi düzəldər və biz onun vacib olduğunu dərk edənə qədər bunu davam edərdi. Bir gün Peyğəmbər (s.ə.s) namaza başlamamışdan əvvəl bir kişinin sinəsinin (cərgədən) qabağa çıxdığını görüb dedi: "Ey Allahın qulları! Cərgələrinizi düzəl­din, yoxsa Allah da sizin üzlərinizi biri-birindən ayırar"» (Müslim, 978).


76-cı hədisdən çıxarılan nəticələr:

– Cərgələrin düz xətt şəklində düzəldilməsinin vacib olması;

– Peyğəmbərin (s.ə.s) cərgələrin düzəldilməsinə çox diqqət yetirməsi bu əməlin imamın vəzifəsindən olmasına dəlalət edir;

– Hər bir cəzanın edilən əməlin müqabilinə görə verilməsi;

– Peyğəmbərin (s.ə.s) cərgələrin əyriliyinə qəzəblənməsi, bu əməlin günah olmasına dəlalət edir;

– Azan və iqamə arasında imamın danışmasının caiz olması.


77. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Bir gün nənəm Muleykə (r.a) Peyğəmbəri (s.ə.s) yeməyə dəvət etdi. O, yeməyini yedikdən sonra dedi: "Qalxın, sizə namaz qıldırım". Mən qalxıb uzun müddət işlədilib rəngi qaralan həsirimizi su ilə təmizlədim. Peyğəmbər (s.ə.s) bu həsirin üzərində dayandı, mən və yanımdakı yetim1 onun arxasında, nənəm də bizim arxamızda durdu. Peyğəmbər (s.ə.s) iki rükət namaz qıldıqdan sonra çıxıb getdi» (əl-Buxari, 380; Müslim, 1497).

Başqa rəvayətdə: «Peyğəmbər (s.ə.s) ona və anasına – ya xalasına – namaz qıldırdı. Ənəs (r.a) deyir ki, "O, məni sağ tərəfinə, qadını isə arxa tərəfimizə keçirtdi"» (Müslim, 1500).


77-ci hədisdən çıxarılan nəticələr:

– İcmanın rəyinə görə uşağın cərgədə dayanması səfin tamamlan­masına mane olmur;

– Bu hədis nafilə (əlavə) namaz üçün varid olub, lakin fərz namazına da şamil edilir. Elə isə yalnız nafilə namazının uşaqla bərabər (bir cərgədə) qılınmasının caiz olduğunu iddia edən şəxs tutarlı dəlil gətirməlidir;

– İmamla namaz qılanlar üçün onun arxasında dayanmaq daha əfzəldir;

– Camaatla qılınan namazda qadınlar kişilərin arxasında dayanma­lıdırlar;

– Nafilə namazını camaatla qılmaq caizdir, lakin bir şərtlə ki, adət halına salınmasın;

– Təlim məqsədilə namaz qıldırmağın caiz olması;

– Peyğəmbərin (s.ə.s) təvazökar və gözəl əxlaq sahibi olması;

– Qonaqlıq və s. təklif olunan yerə getmək müstəhəbdir. Yalnız toya çağırış olduqda getmək vacibdir ki, bu da müstəsnadır.
78. İbn Abbas (r.a) rəvayət edir ki, «Bir gün mən xalam Meymunə­nin (r.a) evində gecələdim. Peyğəmbər (s.ə.s) gecə namazına durduğu zaman mən gəlib onun sol tərəfində dayandım. O, mənim başımdan tutub sağ tərəfinə keçirdi» (əl-Buxari, 6316; Müslim, 1785).
78-ci hədisdən çıxarılan nəticələr:

– İmamla namaz qılan şəxs (təkdirsə) onun sağ tərəfində dur­malıdır;

– İmamın sol tərəfində dayananın qıldığı namaz məqbuldur;

– İmamın namazda ikən sol tərəfində dayananı sağına keçirməsi caizdir;

– Namazın qaydasında qılınması üçün hər hansı bir hərəkət etmək onu batil etmir. Məsələn: bilməyərəkdən arxası qibləyə namaz qılan şəxsin xatırladığı zaman səmtini dəyişməsi.

– Uşaqla həddi-büluğa çatmış şəxsin bir cərgədə dayanması;

– Gecə namazının qılınmasının müstəhəb olması;

– İbn Abbasın (r.a) uşaq ikən ictihad etməsi və elmə nail olmaq üçün çalışması;

– Namazı qıldıran şəxsin imam olmaq üçün niyyət etməsi şərt deyil. Çünki, bunu nə Peyğəmbər (s.ə.s), nə də səhabələr etməyib.

Altıncı fəsil: «İmamlıq»
79. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «İmamdan əvvəl başını (səcdədən) qaldıran qorxmur ki, Allah da onun başını – və ya surətini uzunqulağın surətinə çevirər?» (əl-Buxari, 691; Müslim, 962, 963).
79-cu hədisdən çıxarılan nəticələr:

– Namazın hərəkətlərində, oxunan surə və dualarda imamı ötməyin haram olması;

Qeyd: İmamı qabaqlamağın namazı batil etməsi barədə islam alimlərinin iki rəyi var:

1) İcmanın (Əbu Hənifə, əş-Şafii, Malik və s.) rəyinə görə bu əməl namazı batil etmir.

2) Əhməd ibn Hənbəlin, ibn Teymiyyənin və s. rəyinə görə namaz batil olur.

– Namazda imama itaət etməyin vacib olması;

– Hər hansı bir cəzanın edilən əməlin müqabilində olması;

– İmamı ötmək namazı tezliklə bitirməyə olan rəğbətə dəlalət edir.


80. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Hə­qiqətən, imam, namazı qıldırmaq (namaz qılanların ona itaət etməsi) üçün seçilib, ona müxalif olmayın! Təkbir1 etdikdə təkbir, rüku etdikdə də rüku edin! "Səmi Allahu limən həmidəh2" dedikdə "Rabbənə və ləkəl həmd3" deyin! Səcdə etdikdə səcdə edin! İmam namazı oturaraq qılarsa, siz də oturmuş vəziyyətdə qılın!» (əl-Buxari, 722, 734; Müslim, 920).
81. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) xəstə ikən oturmuş vəziyyətdə evində namaz qılırdı. Arxasındakı camaatın ayaq üstə namaz qıldığını hiss edib onlara oturmaqlarını işarə etdi və namazı qılıb qurtardıqdan sonra dedi: "Həqiqətən, imam namazı qıldırmaq üçün seçilib. Rüku edərsə rüku edin, rükudan qalxdıqda siz də rükudan qalxın! "Səmi Allahu limən həmidəh" dedikdə "Rabbənə və ləkəl həmd" deyin! Namazı oturaraqq qılarsa siz də oturmuş vəziyyətdə qılın!"» (əl-Buxari, 1113; Müslim, 925).
80-ci və 81-ci hədislərdən çıxarılan nəticələr:

– Hər hansı fərz namazını qılmış şəxsin sonradan həmin namazı camaata qıldırmaq üçün onlara imamlıq etməsi barədə islam alim­lərinin iki rəyi var:

1) Malikilərin və hənəfilərin rəyinə görə bunu etmək caiz deyil. Onlar bu iki hədisə və bu mənada olan hədislərə əsaslanıb belə nəticəyə gəliblər.

2) əş-Şafii, Əhməd ibn Hənbəl, ət-Tabəri, İbn Qüdamə, İbn Tey­miyyə, İbnu-l-Qeyyim və s. rəyinə görə bunu etmək caizdir. Onlar Müaz ibn Cəbəlin (r.a) hədisinə əsaslanıb bu nəticəyə gəliblər. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, «Müaz ibn Cəbəl (r.a) Peyğəmbər (s.ə.s) ilə birlikdə İşa namazını qılar, sonra isə gedib qövmünə İşa namazı qıldırardı» (Müslim, 4/406, 1043-cü hədis).

– İmam oturaraq namaz qılarsa, arxasındakıların hansı vəziyyətdə namaz qılmaqları barədə islam alimlərinin üç rəyi var:

1) Zahirilərin, Əvzainin və s. rəyinə görə imamın arxasındakılar, ayaq üstə durmağa qadir olsalar belə, imama tabe olub namazlarını oturaraq qılmalıdırlar. Onlar bu iki hədisə və bu mənada olan hədislərə əsaslanıb belə nəticəyə gəliblər.

2) Əbu Hənifə, əş-Şafii və s. rəyinə görə imamın arxasındakılar ayaq üstə durmağa qadirdirlərsə, dayanıb namazlarını qılmalıdırlar. Onlar aşağıdakı hədisə əsaslanıb belə nəticəyə gəliblər:

Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) ömrünün sonunda xəstə ikən oturaraq, arxasındakılar isə ayaq üstə namaz qıldılar və Peyğəmbər (s.ə.s) onlara oturmağı əmr etmədi» (əl-Buxari, 2/204, 689-cu hədis).

3) Əhməd ibn Hənbəl bu iki rəyi cəm edib demişdir: Əgər imam namaza ayaq üstə başlayıb sonradan rükətlərin birində oturarsa, arxadakılara namazlarını ayaq üstə tamamlamaq vacibdir. Yox, əgər imam oturub namaza başlayarsa, o zaman arxadakıların oturaraq namaz qılması vacibdir.

– İmama tabe olmağın vacibliyi və onu qabaqlamağın haram olması;

– İmam «Səmiallahu limən həmidəh» dedikdə, arxasındakıların yalnız «Rabbənə və ləkəl həmd» deməsi;

– Namazı camaata qıldırmaq üçün imamın təyin olunmasının hikməti, ona tabe olaraq eyni şəkildə namazın qılınmasındadır;

– Zəruriyyət halında namazda olanın işarə etməsi.
82. Abdullah ibn Yezid əl-Xatmi əl-Ənsari (r.a) əl-Bəra ibn Azibdən (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) "Səmi Allahu limən həmidəh" dedikdən sonra səcdəyə gedənə qədər heç birimiz belini bükməzdi. O səcdə etdikdən sonra biz də səcdə edərdik» (əl-Buxari, 811; Müslim, 1063).
82-ci hədisdən çıxarılan nəticələr:

– Səhabələrin Peyğəmbərə (s.ə.s) müti olması;

– İmamdan tez və ya çox gec hər hansı bir hərəkətn edilməməsi.
83. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «İmam "Amin" desə, siz də deyin! Kimin "Amin" deməsi mələklərin "Amin" deməsinə müvafiq olarsa onun keçmiş günahları bağışlanar» (əl-Buxari, 780; Müslim, 912).
83-cü hədisdən çıxarılan nəticələr:

– Namazı tək və ya camaat şəklində qılanlar üçün «Amin» demək sünnədir;

– «Amin» kəlməsini demək kiçik günahların bağışlanmasına səbəbdir;

– «Amin» deyən şəxs qəlbi ilə onu dərk etməlidir;

– «Amin» kəlməsi səslə deyilməlidir. Çünki Peyğəmbər (s.ə.s) qeyd etmişdir ki, «İmam "Amin" desə…», bunu da eşitmək üçün səslə demək lazımdır;

– Mələklərin əməlinə oxşar əməl etmək ən əfzəl ibadətlərdən sayılır.


84. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Sizdən biriniz camaata namaz qıldırdıqda onu yüngülləşdirsin, çünki onların arasında zəif, xəstə və ehtiyac içində olanı var. Tək qıldığınız namazı isə istədiyiniz qədər uzadın» (əl-Buxari, 803; Müslim, 1047).
85. Əbu Məsud əl-Ənsari əl-Bədri (r.a) rəvayət edir ki, «Bir kişi Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: "Filankəs Sübh namazını uzat­dığı üçün mən o namaza gec gəlirəm". (Bunu eşidən) Peyğəmbər (s.ə.s) qəzəbləndi və mən onun belə şiddətlə qəzəblənməsini görməmişdim. (O üzünü səhabələrə tutub) dedi: "Ey insanlar! Həqiqətən, sizin aranızda (insanları) özündən uzaqlaşdıranlar var. Sizdən biriniz camaata imam­lıq etdikdə namazı yüngülləşdirsin! Çünki onun arxasında duranlar arasında yaşlı, uşaq və ehtiyacı olan var"» (əl-Buxari, 7159; Müslim, 1044).
84-cü və 85-ci hədislərdən çıxarılan nəticələr:

– Camaat namazını tamamlamaq şərti ilə, onu yüngülləşdirməyin vacib olması;

– Camaat namazını uzun-uzadı qıldırana Peyğəmbərin (s.ə.s) qəzəblənməsi bu əməlin sünnəyə müxalif olmasına dəlalət edir. Qeyd etmək lazımdır ki, hərdən Peyğəmbər (s.ə.s) münasib olan yerdə namazı uzadardı.

– Namazı tək qılan şəxs, vaxtı çıxmamaq şərti ilə istədiyi qədər onu uzada bilər;

– Namaz qıldıran şəxsin xəstələri, uşaqları, körpəli qadınları, qoca­ları və s. aciz olanları nəzərə alması vacibdir;

– Mömin şəxs insanlar üçün onları xeyirə aparan yolu asanlaşdır­malı və onları xeyirə nail olmağa rəğbətləndirməlidir.



Yeddinci fəsil: «Peyğəmbərin (s.ə.s) namazı»
86. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) təkbir edib (Fatihə surəsini) oxumazdan əvvəl bir az fasilə verərdi. Mən: «Ey Allahın elçisi, təkbirlə qiraət arasında verdiyin fasilədə nə oxuyursan?» – deyə soruşduqda o mənə dedi: "Allahummə bə’id bəyni və beynə xatayəyə kəmə bə’adtə bəynə-l-məşriqi və-l-məğrib. Allahummə nəqqini min xatayayə kəmə yunəqqə-s-səubul-əbyədu minə-d-dənəs. Allahummə-ğsilni min xatayayə bil-mə’i və-s-səlci və-l-bəradi (Allahım, məşriqi1 məğribdən2 uzaqlaşdırdığın kimi, məni də xətalarımdan uzaqlaşdır! Allahım, ağ paltarın çirkabdan təmizləndiyi kimi məni də xətalarımdan təmizlə! Allahım, mənim xətalarımı su, qar və buz ilə təmizlə!)" duasını oxuyuram» (əl-Buxari, 744; Müslim, 1353).
86-cı hədisdən çıxarılan nəticələr:

– Namazda, təkbirdən sonra istiftah (açılış) duasını oxumağın müs­təhəb olması;

– Bu duanın yalnız birinci rükətdə Fatihə surəsindən əvvəl oxunması;

– Səsli namazlarda belə (sübh, məğrib və işa) bu duanın səssiz oxun­ması;

– Səhabələrin Peyğəmbərin (s.ə.s) hərəkətlərinə diqqət yetirməsi. (Bu onların elmə həris olmasına dəlalət edir);

– Bu duanı çox uzatmamağın müstəhəb olması.


87. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) təkbir və qiraətlə ("əl-həmdu lillahi Rabbi-l-aləmin" deməklə) namaza başlayardı. Rüku etdikdə başını düz tutar, yuxarı və aşağı əyməzdi. Rükudan qalxdıqda tam dikələnə qədər səcdə etməz, səcdədən qalxdıqda da rahat oturma­mış yenidən səcdə etməzdi. İki rükətdən bir təhiyyatı3 oxuyardı. (Təşəhhüdü oxuduğu zaman) sol ayağının üzərində oturub sağ ayağının barmaqlarını qibləyə tərəf yönəldər və şeytan oturuşundan4 (səhabə­lərini) çəkindirərdi. Həmçinin, heyvan oturuşundan5 da (onları) çəkindirər və namazını salam verməklə bitirərdi» (Müslim, 1110).
87-ci hədisdən çıxarılan nəticələr:

– Aişənin (r.a) Peyğəmbərin (s.ə.s) daim qıldığı namazı vəsf etməsi;

– Namazın əvvəlindən sonunadək (namazdan kənar) artıq edilən hərəkət və ya tələffüzün haram sayılması. Belə ki, bu, namazı batil edə bilər.

– Fatihə surəsini «əlhəmdülillahi Rabbil aləmin» ayəsindən başlayıb oxumaq (rükndür);

– Rüku etmək, rükudan qalxmaq, qalxdıqdan sonra dikəlmək, səcdə etmək, səcdədən qalxıb oturmaq və axırıncı təşəhhüdü oxumaq (rükndür);

– İlk təşəhhüdü oxumaq (vacibdir);

– Təşəhhüd oxunan zaman sol ayağın üzərində oturub sağ ayağın barmaqlarını qibləyə tərəf yönəltmək (sünnədir);

– Şeytan və ya heyvan kimi oturmamaq (haramdı;

– Namazı salam verməklə xətm etmək (rükndür).
88. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) namaza başladıqda, rüku etdikdə və rükudan qalxdıqda əllərini çiyin­ləri bərabərinə qaldırar, "Səmi Allahu limən həmidəh, Rabbənə və ləkəl həmd" duasını oxuyardı. Səcdədə isə belə etməzdi» (əl-Buxari, 735; Müslim, 860).
88-ci hədisdən çıxarılan nəticələr:

– İcmanın (əksər islam alimlərinin) rəyinə görə namaza başladıqda, rüku etdikdə və rükudan qalxdıqda əlləri qaldırmaq müstəhəbdir. Əş-Şafii, Əhməd ibn Hənbəl, İbn Teymiyyə və s. rəyinə görə üç və ya dörd rükətli namazlarda təşəhhüddən sonra üçüncü rükətə qalxdıqda da əlləri qaldırmaq müstəhəbdir. Onlar aşağıdakı hədisə əsaslanmışlar:

İbn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) ikinci rükətdən sonra qalxdıqda əllərini qaldırardı» (əl-Buxari, 2/259, 739-cu hədis).

– Əllərin çiyin bərabərinə qaldırılması.


89. İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Yeddi əza üzərinə: alın – əli ilə burnuna işarə etdi, – əllər, dizlər və ayaq barmaqları üzərinə səcdə etmək mənə əmr olundu» (əl-Buxari, 809; Müslim, 1098).
89-cu hədisdən çıxarılan nəticə:

– Hədisdə qeyd olunan əzalar üzərinə səcdə etməyin vacib olması.


90. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) namaza başladıqda və rüku etdikdə təkbir1 edər, rükudan qalxdıqda "Səmiallahu limən həmidəh", qalxıb dikəldikdə isə "Rabbənə və ləkəl həmd" deyər, sonra təkbir edib səcdə edər, yenə təkbir edib səcdədən qalxar, sonra təkbir edib bir daha səcdə edər və yenə təkbir edib səcdədən qalxardı. Həmçinin ikinci rükətdən (təşəhhüdü oxuduqdan) sonra qalxdıqda da təkbir edərdi. Peyğəmbər (s.ə.s) namazını bitirənə qədər belə edərdi» (əl-Buxari, 789; Müslim, 866).
91. Mutarrif ibn Abdullah rəvayət edir ki, «Mən və İmran ibn Hüseyn (r.a) Əli ibn Əbu Talibin (r.a) arxasında namaz qıldıq. O, səcdə etdikdə, səcdədən qalxdıqda və ikinci rükətdən sonra (üçüncü rükətə qalxdıqda) təkbir etdi. Namazı qılıb qurtardıqdan sonra İmran ibn Hüseyn (r.a) əlimdən tutub dedi: "Bu, mənə Məhəmmədin (s.ə.s) qıldığı namazı xatırlatdı" və ya1 "O bizə Məhəmmədin (s.ə.s) namazını qıldırdı"» (əl-Buxari, 786; Müslim, 871).
90-cı və 91-ci hədisdən çıxarılan nəticələr:

– Namaza başladıqda və rüku etdikdə təkbir gətirmək;

– Rükudan qalxaraq «səmiallahu limən həmidəh» demək yalnız imam və təkbaşına namaz qılan üçün vacibdir;

– Rükudan qalxıb dikəldikdə «Rabbənə və ləkəl həmd» demək hər bir namaz qılana vacibdir;

– Namazı rahatlıqla qılmaq (rükndür);

– Səcdəyə getdikdə və səcdədən qalxıb oturduqda təkbir etmək ( Allahı Əkbər demək sünnətdir);

– Təşəhhüddən sonra üçüncü rükətə qalxdıqda təkbir etmək (sün­nətdir).
92. əl-Bəra ibn Azib (r.a) rəvayət edir ki, «Mən Peyğəmbərin (s.ə.s) qıldığı namaza diqqət etdim və qiyamda2, rükuda, rükudan sonra dikəldikdə, səcdədə, iki səcdə arasında və sonuncu təşəhhüddə olduğu (sərf etdiyi) zamanlar bərabər olmağa yaxın idi» (Müslim, 1057).

Başqa bir rəvayətdə isə: «Qiyamda və təşəhhüddə olduğu zaman­dan başqa» (əl-Buxari, 792).


92-ci hədisdən çıxarılan nəticələr:

– Qiyam, rüku, rükudan qalxıb dikəldikdə, səcdə, iki səcdə arasında və sonuncu təşəhhüdə sərf olunan vaxtın bərabər olması əfzəldir.

Qeyd etmək lazımdır ki, bir çox hədislərdə qiyam və sonuncu təşəhhüdə sərf olunan vaxtın daha uzun olması varid olub. (Elə isə hər ikisini etmək caizdir)

– Səhabələrin Peyğəmbərin (s.ə.s) hər bir hərəkətinə diqqət yetir­məsi.


93. Sabit əl-Bunəni rəvayət edir ki, «Ənəs ibn Malik (r.a) dedi: "Mən sizə Peyğəmbərin (s.ə.s) bizə qıldırdığı namazı qıldıracağam". Sabit deyir ki, "Ənəs (r.a) bəzi hərəkətlər edirdi ki, sizin onu etdiyinizi görmü­rəm. O, rükudan qalxıb dikəldikdə (dayandığı müddəti) və səcdədən qalxıb oturduqda (oturduğu müddəti) o qədər uzadardı ki, (səcdə etməyi) unutduğunu zənn edərdik"» (əl-Buxari, 800; Müslim, 1060).
93-cü hədisdən çıxarılan nəticələr:

– Rükudan sonrakı qiyamda və iki səcdə arasında olan vaxtı uzatmaq;

– Səhabələrin sünnətlərə tam riayət etməsi.
94. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Mən Peyğəmbərin (s.ə.s) arxasında durub tam və sadə şəkildə (xəfif) qıldığım namaz kimi, heç bir imamın arxasında namaz qılmadım» (əl-Buxari, 708; Müslim, 1054).
94-cü hədisdən çıxarılan nəticələr:

– İmam, arxasında olan camaata əziyyət verməmək üçün, namazı qısa, lakin tam şəkildə (ərkanları, vacibləri və sünnələri yerinə yetir­məklə) qılmalıdır;

– Peyğəmbərin (s.ə.s) qıldığı namaz kamil olduğu üçün hər bir müsəlman ona müti olmalıdır ki, çox savab və böyük müvəffəqiyyətə nail olsun.
95. Əbu Qilabə1 rəvayət edir ki, «Bir gün Malik ibn əl-Hüveyris (r.a) bizim məscidə gəlib dedi: "Peyğəmbərin (s.ə.s) necə namaz qıldığını görmüşəmsə eləcə də sizə namaz qıldıracağam. Əyyub dedi: "Mən Əbu Qiləbədən: "O necə namaz qılıb?" – deyə soruşdum. O dedi: "Bizim şeyxin2 qıldığı namaz kimi namaz qıldı. O, səcdədən başını qaldırdıqda, ikinci rükətə qalxmamışdan əvvəl bir müddət oturardı"» (əl-Buxari, 677).
95-ci hədisdən çıxarılan nəticələr:

– Növbəti rükətə (ikinci və ya dördüncü rükətə) qalxmazdan öncə oturmağın müstəhəb olması;

– Hər hansı əməli öyrətmək məqsədilə nümunə üçün onu göstərmək. Belə ki, bununla öyrənmək istəyən daha tez qavrayır;

– İbadəti münasib olmayan vaxtda olsa belə öyrətmək üçün göstər­mək caizdir. Çünki öyrətmək, elmi çatdırmaq özü də ibadətdən sayılır.


96. Abdullah ibn Malik (r.a) – İbn Büheynə1 – rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) səcdə etdikdə qollarını o qədər aralayardı ki, qoltuğunun altının ağlığı bilinərdi» (əl-Buxari, 390; Müslim, 1105).
96-cı hədisdən çıxarılan nəticələr:

– Hədisdə qeyd olunan şəkildə səcdə etmək müstəhəbdir;

– Bu qaydada səcdə etməyin çox böyük əhəmiyyəti var. Belə ki, o, insanı namazı daha çox həvəslə qılmağa rəğbətləndirir və bu cür vəziyyətdə hər bir bədən üzvü öz yerini tutur.
97. Əbu Sələmə2 rəvayət edir ki, «Mən Ənəs ibn Malikdən (r.a): "Peyğəmbər (s.ə.s) ayaqqabıda namaz qılıbmı?" – deyə soruşduqda, o: "Bəli" – deyə cavab verdi» (əl-Buxari, 386; Müslim, 1236).
97-ci hədisdən çıxarılan nəticələr:

– Təmiz (murdar olmayan) ayaqqabı ilə namaz qılmağın müstəhəb olması;

– Təmiz (murdar olmayan) ayaqqabı ilə məscidə daxil olmağın caiz olması.
98. Əbu Qətadə əl-Ənsari (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) Ümaməni (Zeynəbin qızı) qucağında tutaraq namaz qıldı» (əl-Buxari, 516; Müslim, 1212).
99. Əbu-l-As ibnu-r-Rabinin (r.a) rəvayətində isə: «Səcdə etdikdə onu (Ümaməni) yerə qoyar, ayağa qalxdıqda isə yenidən qucağına alardı» (əl-Buxari, 516; Müslim, 1212).
98-ci və 99-cu hədisdən çıxarılan nəticələr:

– Hər bir nafilə və ya fərz namazı qılan şəxsə (imama, onun arxasın­dakılara və tək başına namaz qılana) hədisdə qeyd olunan hərəkətləri etmək caizdir;

– Bu hədis Peyğəmbərimizin (s.ə.s) rəhmli, əxlaqlı, lətafətli və təva­zökar olmasına dəlalət edir. İslam alimləri bütün dəlilləri nəzərə alıb namazda olan hərəkətləri dörd qismə bölmüşlər:

1) Namazı batil edən, haram sayılan hərəkətlər. Məs: danışmaq, qəhqəhə ilə gülmək və s.

2) Namazı batil etməyən, lakin məkruh (bəyənilməyən) sayılan hərəkətlər. Məs: yuxarı baxmaq, əlləri belə qoymaq və s.

3) Ehtiyac ucundan edilən (namazı batil etməyən) hərəkətlər. Məs: bədənin hər hansı bir yerini qaşımaq, gözləri yummaq, öskürmək, asqırmaq və s.

4) Vacib olan hərəkətlər. Məs: boş cərgələri doldurmaq, «Sübhən­allah» deməklə imama səhv etdiyini xatırlatmaq və s.
100. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Səcdədə bədəninizi (əl, ayaq, bel və s.) şax tutun və itin dirsəkləndiyi kimi dirsəklənməyin1» (əl-Buxari, 822; Müslim, 1102).
100-cü hədisdən çıxarılan nəticələr:

– Səcdəni lazımi qaydada, hədisdə qeyd olunduğu kimi yerinə yetirmək;

– İt kimi dirsəklənməmək;

– İbadətin hərəkətlərində heyvanlara oxşamamaq.



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə