ƏLİxan musayev


Altıncı fəsil: «Təyəmmüm3»



Yüklə 0,97 Mb.
səhifə3/9
tarix13.12.2017
ölçüsü0,97 Mb.
#15430
1   2   3   4   5   6   7   8   9

Altıncı fəsil: «Təyəmmüm3»
40. İmran ibn Hüseyn (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) bir kişinin qırağa çəkilib camaatla namaz qılmadığını görüb ona dedi: «Ey filankəs! Camaatla namaz qılmağına mane olan nədir?» O: «Ey Allahın elçisi! Cənabət halındayam, su da yoxdur» – dedikdə, Peyğəmbər (s.ə.s) dedi: «Torpaqla təmizlən, bu sənə kifayət edər» (əl-Buxari, 344).
40-cı hədisdən çıxarılan nəticələr:

– Təyəmmüm (su olmadıqda) qüslü əvəz edir;

– Təyəmmümü yalnız zərurət halında (su tapılmadıqda, xəstələn­dikdə və s. zəruri hallarda) etmək caizdir;

– Səhv və ya günah işlədən şəxsi dərhal təhqir etmək, günahlan­dırmaq və acılamaq caiz deyil. Çünki ola bilər ki, onun etdiyi əməl hər hansı bir üzrlü səbəbə görə olsun;

– Elmi məsələlərdə ictihad etmək (müctəhid üçün) caizdir.
41. Əmmar ibn Yasir (r.a) deyir ki, Peyğəmbər (s.ə.s) məni bir iş üçün göndərdi. Yolda cənabət halına düşdüm və su tapmadığım üçün heyvanın torpaqda eşələndiyi kimi torpaqda eşələndim, sonra bunu Peyğəmbərə (s.ə.s) xəbər verdim. Peyğəmbər (s.ə.s): «Sənə əlini torpağa vurub təmizlənmək kifayət edərdi» – deyib əllərini bir dəfə torpağa vurdu, sonra sol və sağ əlinə və üzünə məsh çəkdi» (əl-Buxari, 347; Müslim, 110).
41-ci hədisdən çıxarılan nəticələr:

– Təyəmmüm etməzdən əvvəl su axtarmağın vacib olması;

– Təyəmmüm edən şəxsə bir dəfə əllərini torpağa vurmaqla üz və əllərini (biləklərə qədər) məsh etməsi;

– Təyəmmümün qüslü əvəz etməsi;

– Təyəmmümü tərtiblə (əvvəlcə üzü, sonra da əlləri məsh etməklə) yerinə yetirməyin1 vacib olması;

– İctihad etməyin caiz olması;


42. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Mənə beş şey verilib ki, bunlar məndən əvvəlki peyğəmbərlərə verilməyib: bir ay əvvəl düşmənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim, yer üzünün mənim üçün pak və məscid2 olması – belə ki, ümmətimdən olan hər bir şəxs istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır, – qənimətlərin3 mənə halal olması – məndən qabaq heç bir peyğəmbərə halal olmayıb –, Qiyamət günü şəfaət4 verməyim və bir də, hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm» (əl-Buxari, 335; Müslim, 1163).
42-ci hədisdən çıxarılan nəticələr:

– Peyğəmbərin (s.ə.s) başqa peyğəmbərlərdən, ümmətinin də başqa ümmətlərdən əfzəl olması;

– Peyğəmbərə (s.ə.s) və onun ümmətinə bu beş xüsusiyyətin verilməsi;

– Torpaqdan təyəmmüm etməyin caiz olması;

– İstənilən yerdə (müstəsna olan yerlərdən başqa1) namaz qılmağın caiz olması;

– Qəniməti mənimsəməyin halal olması;

– Namazı öz vaxtında qılmağın vacib olması;

– İslam dininin bütün bəşəriyyətə göndərilməsi.

Bu hədisdən əlavə, aşağıdakı ayə də Peyğəmbərin (s.ə.s) bütün bəşəriyyətə göndərilməsinə dəlalət edir. Uca Allah buyurur:

«[Ya Məhəmməd!] De ki: "Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş elçisiyəm (peyğəmbəriyəm)"…» («əl-Əraf» surəsi, 158).

Yeddinci fəsil: «Heyz2»
43. Aişə (r.a) rəvayət edir ki, Əbu Hübeyşin qızı Fatimə (r.a): «Mən davamlı istihazə3 oluram. Buna görə namazımı tərk edimmi?» – deyə Peyğəmbərdən (s.ə.s) soruşdu. O: «Xeyr, o bir tərdir, lakin adətin üzrə heyz olduğun günlər namazları tərk et, sonra isə qüsl edib namazını qıl» – deyə cavab verdi. (əl-Buxari, 306; Müslim, 753).

Başqa rəvayətdə: «Bu heyz qanı deyil. Yalnız heyz olduqda nama­zını tərk et, sonra isə yuyunub namazını qıl» (Müslim, 751).


44. Aişə (r.a) rəvayət edir ki, Ummu Həbibə4 (r.a) yeddi il istihazə oldu və bu haqda Peyğəmbərdən (s.ə.s) soruşdu. O: «Bu bir tərdir» – deyib yuyunmağı ona əmr etdi. Ummu Həbibə də hər namaz üçün yuyunardı. (əl-Buxari, 327; Müslim, 754).
43-cü və 44-cü hədislərdən çıxarılan nəticələr:

– Heyz və istihazənin arasında olan fərq;

a) Heyz qanı müəyyən günlərdə gəlir, lakin istihazə qanı hər zaman gələ bilər;

b) İstihazə qanı ibadət etməyə mane olmur. Heyz qanı gəldiyi zaman isə ibadət dayandırılır;

– Heyz zamanı buraxılan namazların qəzası qılınmamalıdır. Bu rüxsət Allah və Onun elçisi tərəfindəndir.

– İstihazə olan qadına, hər namaz üçün qüsl etmək vacib deyil. Bir dəfə qüsl edib (heyzdən təmizləndikdən sonra) sonra isə yalnız dəstə­maz almaq kifayətdir.

– Öyrənmək üçün sual verdikdə utanmamaq.
45. Aişə (r.a) rəvayət edir ki: «Mən və Peyğəmbər (s.ə.s), hər ikimiz cənabətli1 olduğumuz halda bir qabdan su götürərək qüsl edərdik» (əl-Buxari, 299; Müslim, 729).
46. Aişə (r.a) rəvayət edir ki: «Mən heyzli olarkən, Peyğəmbər (s.ə.s) övrət yerimi2 bağlamağımı əmr edər, sonra da mənimlə yaxınlıq3 edərdi» (əl-Buxari, 300; Müslim, 677).
47. Aişə (r.a) rəvayət edir ki: «Peyğəmbər (s.ə.s) etikafda olarkən başını (məsciddən qırağa) çıxardar və mən də heyzli halda onun başını yuyardım» (əl-Buxari, 301; Müslim, 684).
48. Aişə (r.a) rəvayət edir ki: «Mən heyzli olarkən Peyğəmbər (s.ə.s) mənə söykənib Quran oxuyardı» (əl-Buxari, 297; Müslim, 691).
45-ci, 46-cı, 47-ci və 48-ci hədislərdən çıxarılan nəticələr:

– Ər-arvadın bərabər yuyunmasının caiz olması;

– Heyzli qadınla cinsi əlaqədən başqa hər bir zövq verən hərəkət (haram buyurulmuş əlaqədən başqa4) etməyin caiz olması.

– Qadının bu halda cinsi orqanını örtməsi;

– Bu halda məscidə daxil olmamaq;

– Etikafda olan şəxs hər hansı bir bədən üzvünü məsciddən xaricə çıxararsa, bu onun etikafını batil etmir.

– Heyzli qadına söykənib Quran oxumağın caiz olması.
49. Muazətu bint Abdullah (r.a) rəvayət edir ki, mən Aişədən (r.a): «Nə üçün heyzli qadın orucun qəzasını tutur, namazın qəzasını isə qılmır?» – deyə soruşdum. O məndən: «Sən Hərurisən5?» – deyə soruş­duqda, mən: «Xeyr, Həruri deyiləm, lakin öyrənmək üçün soruşuram» – cavabını verdim. Aişə dedi: «Biz heyzli olarkən oruc və namazı tərk edir, sonra isə yalnız orucun qəzasını tutmağa əmr olunardıq» (əl-Buxari, 321; Müslim, 761).
49-cu hədisdən çıxarılan nəticələr:

– Qadın heyzdən təmizləndikdən sonra namazın qəzasını qılmır, orucun isə qəzasını tutmalıdır;

– Sünnəni bəyənməyənə e’tiraz etmək;

– Peyğəmbərin (s.ə.s) hər hansı bir əməli təsdiq etməsi sünnətdəndir (yəni ibadətdəndir);

– Öyrənmək və doğru yol ilə getmək istəyənə elmi bəyan etmək.

Xülasə.
Suyun qismləri:

– tahur (təmiz);

– nəcis (murdar).
Nəcasətin növləri:

– insanın sidik və nəcisi;

– əti yeyilməyən heyvanların sidik və nəcisi;

– itin seliyi (ağız suyu);

– heyz, nifas və istihazə nəticəsində çıxan qan;

– donuz;


– məzi;

– meyit.
Dəstəmazın şərtləri:

– müsəlman olmaq;

– həddi-büluğa çatmaq;

– ruhi xəstə olmamaq;

– təmiz su tapmaq;

– niyyət etmək;

– suyun dəriyə çatmasına mane olan hər bir amili (boya, lak və s.) aradan qaldırmaq;

– bədənin nəcasətdən təmizlənməsi (paklaşdırılması);

– sidik və ya nəcisdən azad olmaq.

Bu şərtlərdən biri yerinə yetirilməzsə dəstəmaz batil olur.
Dəstəmazın vacibləri:

– üzü yumaq, ağzı yaxalamaq, buruna su alıb çıxartmaqla onu tə­mizləmək;

– qolları, barmaqların ucundan dirsəklərə qədər – dirsəklər də daxil olmaqla – yumaq;

– başa və qulağa məsh etmək;

– ayaqları, barmaqların ucundan topuqlara qədər – topuqlar da daxil olmaqla – yumaq;

– bu vacibləri ardıcıl yerinə yetirmək

– bu vacibləri fasiləsiz (ara vermədən) yerinə yetirmək
Dəstəmazın sünnələri:

– dəstəmaza başladıqda «bismilləh» demək;

– misvakla dişləri təmizləmək;

– əlləri yumaq;

– barmaqların arasını yumaq;

– sıx saqqalın dibinə su çatdırmaq (seyrək saqqalın dibinə su çatdır­maq isə vacibdir);

– əzaları iki və ya üç dəfə yumaq;

– əzaları sağ tərəfdən başlayaraq yumaq;

– dəstəmazdan sonra dua oxumaq;

– suyu israf etməmək.


Dəstəmazı batil edən amillər:

  • öndən və arxadan çıxan sidik, nəcis, məzi, istihazə halında gələn

qan və s.

– dərin yuxuya getmək və ya huşu itirmək;

– dəvə əti yemək (bir çox alimlərin rəyinə görə);

– cinsi əlaqəyə girmək (bu həm də qüslü batil edir);

– heyz və nifas halı (bu həm də qüslü batil edir);

– pollüsiya1 baş verdikdə (bu həm də qüslü batil edir);

– övrət yerinə toxunmaq (bəzi alimlərin rəyinə görə);

Məshin şərtləri:

– ayaqqabı, corab və ona oxşar ayaq geyimlərini dəstəmaz aldıqdan sonra geymək;

– ayaq geyiminin üzərində nəcisin olmaması;

– məshdən yalnız dəstəmaz aldıqda istifadə etməli (qüsl etdikdə isə ayaqlar yuyulmalıdır);

– məshin müddəti dəstəmaz alınıb ilk məsh çəkilən andan başlaya­raq müsafir üçün üç sutka (72 saat), yerli sakin üçün isə bir sutka (24 saat) davam edir.

Qeyd: Məshin müddətinin bitməsi onu batil etmir.
Qüslü vacib edən hallar:

– heyz və nifasdan təmizləndikdə;

– cinsi əlaqədə olduqda;

– şəhvət nəticəsində məni ifraz olunduqda;

– cümə namazına getdikdə (Bir çox alimlərin rəyinə görə);

– islam dininə daxil olduqda.


Qüslün növləri:

– kamil qüsl, yəni Peyğəmbərin (s.ə.s) göstərdiyi qaydada qüsl etmək;

– vacib qüsl, yəni bədənin hər yerini yumaqla kifayətlənmək.

Hər iki halda olunan qüsl mötəbər sayılır, lakin kamil qüsl edən daha çox savaba nail olur.


Təyəmmüm:

Ovucların içini təmiz torpağa və ya üzərində toz-torpaq olan yerə vurmaq, sonra əlləri üzə sürtmək, daha sonra əlləri biri-birinə sürtmək.


Aşağıdakı hallarda namaz təyəmmümlə əvvəl vaxtında qılınır:

– suyun tapılmayacağına əmin olduqda;

– suyun tapılmayacağına daha çox ehtimal olduqda;

– suyun tapılıb-tapılmayacağına tərəddüd olduqda;

Bu hallarda namazı təyəmmümlə qıldıqdan sonra su tapıldıqda namaz yenidən qılınmır.
Subaşına çıxmağın ədəbləri:

– Subaşına çıxdıqda dua etmək;

– üzü və arxası qibləyə oturmamaq;

– nəzərdən qorunmaq;

– ayaqyolunda (tualetdə) danışmamaq;

– axmayan sulara sidik və ya nəcis ifraz etməmək;

– sidik ifraz edərkən ayaq üstə durmamaq;

– ön və arxa ifrazat çıxışlarını su, kağız və s. buna bənzər təmizləyici ilə təmizləmək;

– sağ əllə təmizlənməmək;

– ifrazat çıxışlarını ehtiram olunan əşyalarla(şəkil, yeyinti məhsulu və s.) təmizləməmək;

– ayaqyoluna sol ayaqla daxil olub sağ ayaqla çıxmaq;

– ayaqyolundan çıxdıqda dua etmək;

– ayaqyolundan çıxdıqda əlləri sabunla yumaq.

Qeyd: İki şərtlə ayaq üstə sidik ifraz etmək caizdir: 1) Sidiyin sıçrayıb bədən və paltara düşməyəcəyinə əmin olduqda; 2) Nəzərdən qorunmağına əmin olduqda.



İKİNCİ BÖLMƏ: «NAMAZ»

Birinci fəsil: «Namazın vaxtları»
50. Əbu Amr əş-Şeybani1 Abdullah ibn Məsudun (r.a) evini göstərib dedi: «Bu evin sahibi bizə dedi ki, mən Peyğəmbərdən (s.ə.s) hansı əməlin Allah yanında daha sevimli olduğunu soruşdum. O dedi: "Vaxtında qılınan namaz". Mən: "Sonra hansı?" – deyə soruşdum. O dedi: "Valideynlərin qayğısına qalmaq". Mən: "Sonra hansı?" – deyə soruşdum. O dedi: "Allah yolunda cihad etmək". Bundan əlavə yenə soruşsaydım, onu da mənə deyərdi» (əl-Buxari, 527; Müslim, 250).
50-ci hədisdən çıxarılan nəticələr:

– Allah yanında ən sevimli əməl vaxtında qılınan namaz, valideyn­lərin qayğısına qalmaq və Allah yolunda cihad etməkdir.

Qeyd: İmansız adama bunları etməyin heç bir faydası yoxdur.

– Əməllər müxtəlif dərəcələrdə olub fəzilət baxımından biri digə­rindən fərqlənir;

– Allahın məhəbbətinin isbatı. Bu məhəbbət Onun zatına layiq olan şəkildədir və keyfiyyəti (necəliyi) bizə məlum deyildir;

– Elm barəsində verilən sualın əfzəl olması;

Peyğəmbərdən (s.ə.s) bir neçə dəfə ən fəzilətli əməl haqqında soru­şulub. O (s.ə.s), hər dəfə olduğu məqama münasib cavablar vermişdir. Deməli, hər bir əməli məqamında yerinə yetirmək əfzəl əməllərdən sayılır.
51. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) fəcr namazını2 qılarkən, hicablarına bürünmüş mömin qadınlar da ona qoşulardı. (Namazlarını qıldıqdan) sonra isə evlərinə qayıdar və qaranlıq olduğundan heç kəs onları tanımazdı» (əl-Buxari, 578; Müslim, 1456).
51-ci hədisdən çıxarılan nəticələr:

– Sübh namazının ilkin vaxtında qılınması əfzəldir;

– Qadınların namaz qılmaq üçün məscidə gəlməsi caizdir;

– Mömin qadının hicab geyinməsi vacibdir.


52. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) günəş zeniti keçdikdə (şiddətli istidə) zöhrü, günəş saf olduqda (hələ saralmamış) əsri, günəş batdıqda da məğribi qılardı. İşanı isə, səhabələrin toplandığını gördükdə tez (vaxtı girəndə), yubandıqlarını gördükdə isə gec qılardı. Sübhü isə Peyğəmbər (s.ə.s) qaranlıqda qılardı» (əl-Buxari, 560; Müslim, 1458).
52-ci hədisdən çıxarılan nəticələr:

– Sübh, zöhr, əsr və məğrib namazlarını ilkin vaxtında qılmaq əfzəldir;

– İşa namazını isə gecənin yarısına qədər təxirə salmaq əfzəldir;

– İmam işa namazını qılmaq üçün camaatın toplanmasını və ya yubanmasını nəzərə almalıdır;

– Camaatla namaz qılmaq əfzəldir;

– Hər namazı təyin olunmuş vaxtda qılmaq əfzəldir.


53. Əbu-l-Minfəl1 rəvayət edir ki, «Mən və atam, Əbu Bərzətə əl-Əsləminin yanına getdik. Atam ona: "Danış, görək Peyğəmbər (s.ə.s) namazları necə qılardı?» – deyə müraciət etdikdə, o dedi: "Peyğəmbər (s.ə.s) əl-Həciri2 – sizin saydığınız ilk namazı – günəş zeniti keçdikdə qılardı. Əsri qıldıqdan sonra bizlərdən biri şəhərin kənarında yerləşən evinə qayıdar, günəş isə hələ də saralmamışdı. Məğrib haqqında dediyi isə yadımdan çıxıbdır3. "əl-Atəmətu" adlandırdığınız İşanı da gecik­dirməyi xoşlayar, ondan qabaq yatmağı və ondan sonra danışmağı isə bəyənməzdi. Sübh namazını isə hər bir kəsin yanındakını seçdiyi vaxtda (hava bir az işıqlandıqda) bitirərdi. Bu namazda o, altmış ayədən yüz ayəyə qədər oxuyardı» (əl-Buxari, 547; Müslim, 1403).
53-cü hədisdən çıxarılan nəticələr:

– Namazların vaxtı Peyğəmbər (s.ə.s) tərəfindən (Allahın əmri ilə) müəyyən olunmuşdur;

– Peyğəmbər (s.ə.s) İşa namazından savayı başqa namazları ilkin vaxtında qılmışdır;

– İşa namazını gecənin yarısına qədər təxirə salmaq əfzəldir;

– İşa namazından qabaq yatmaq, sonra isə danışmaq məkruhdur (bəyənilmir).

Qeyd: İşa namazından sonra faydalı işlə məşğul olmaq (dərs hazır­lamaq, kitab oxumaq və s.) müstəsnadır.

– İşa namazını «atəmətu» adlandırmaq (məkruhdur) bəyənilmir;

– Sübh namazını qıldıqda uzun surələri oxumaq müstəhəbdir.


54. Əli (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) Xəndək günü1 dedi: "Onlar (müşriklər) bizi orta namazdan2 gün batana qədər yayındırdılar. Allah onların evlərini və qəbirlərini odla doldursun!" Sonra onu (Əsri) Məğriblə İşa arasında qıldı» (əl-Buxari, 2931; Müslim, 1424).
55. Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, «Müşriklər Peyğəm­bəri (s.ə.s) günəş qızarana və ya saralana qədər Əsr namazından yayındırdılar. Bunu görən Peyğəmbər (s.ə.s) dedi: "Onlar bizi Əsr namazından yayındırdılar. Allah da onların içərilərini və qəbirlərini odla doldursun!"» (Müslim, 1425).
54-cü və 55-ci hədislərdən çıxarılan nəticələr:

– Əsr namazının orta namaz adlanması;

– İmkansızlıqdan hər hansı bir namazın vaxtından gec qılınmasının caiz olması.

Qeyd: Bu hadisə əl-Bəqərə surəsinin 239-cu ayəsi nazil olmamışdan əvvəl baş vermişdir. Bu ayə namazın vaxtından gec qılınmasının caiz olmasını nəsx3 etmişdir. Uca Allah buyurur:




«[Fərz, vacib] namazlara, xüsusilə orta namaza [günortadan sonrakı əsr namazına] riayət [əməl] edin və Allaha itaət üçün ayağa qalxın [namaza durun]. Əgər [düşməndən və ya yırtıcı heyvandan] qorxsanız [namazınızı] piyada gedə-gedə və ya minik üstə qılın. [Təhlükədən sovuşmağınıza] əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri [namazı, duanı] sizə [Peyğəmbər və Quran vasitəsilə] nə cür öyrədibsə, o cür anın [zikr edin, namaz qılın]» («əl-Bəqərə» surəsi, 238-239).

– Namazını unudan şəxs yadına düşən zaman onu qılmalıdır;

– Məzlumun (zülm olunanın) zalımın əleyhinə həddi aşmayaraq dua etməsi caizdir ki, bu da qisasın bir növüdür;

– Hədisi məna ilə yox, varid olduğu ləfzdə rəvayət etmək əfzəldir.


56. Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) İşa namazını gecikdirdi və bunu görən Ömər gəlib dedi: "Ey Allahın elçisi! Qadınlar və uşaqlar uzanıb (gözləməyə taqətləri yoxdur)". Peyğəmbər (s.ə.s) saçlarından su dama-dama bayıra çıxdı və dedi: "Ümmətimə – və ya insanlara – çətin olmasaydı, bu saatda namaz1 qılmağı onlara əmr edərdim"» (əl-Buxari, 571; Müslim, 1450).
56-cı hədisdən çıxarılan nəticələr:

– İşa namazının nə zaman (əvvəl, yoxsa axır vaxtında) qılınmasının əfzəl olduğu barədə alimlər ixtilaf etmişlər;

a) Bəzi alimlər işa namazının əvvəl vaxtında qılınmasını əfzəl sayır­lar. Buna dəlil olaraq Peyğəmbərin (s.ə.s) çox vaxt bu namazı əvvəl vaxtında qıldığına istinad edirlər. Peyğəmbərin (s.ə.s) bəzən bu namazı axır vaxtında qılmağını isə üzrlü hal olması, və yaxud bu əməlin caiz olması kimi qəbul edirlər.

b) Əksər alimlər bu namazın axır vaxtında qılınmasını əfzəl sayırlar və dəlil olaraq İbn Abbas (r.a) və başqa səhabələrin buna bənzər rəvayət etdiyi hədislərə istinad edirlər. O ki qaldı Peyğəmbərin (s.ə.s) çox vaxt bu namazı əvvəl vaxtında qılmasına, bunu o, namaz qıldırdığı camaata əziyyət olmasın deyə belə edərdi.

– İslam şəriətinə görə əziyyət verən əməllər əfzəl olsa belə ondan çəkinmək yaxşıdır. Uca Allah buyurur:


«Allah heç kəsi qüvvəsi çatmayan işi görməyə vadar etməz…» («əl-Bəqərə» surəsi, 286);


«Allahdan bacardığınız qədər qorxun» («ət-Təğabun» surəsi, 16).

– Peyğəmbərin (s.ə.s) ümmətinə qarşı rəhmli və şəfqətli olması;

– Qadınların və uşaqların camaatla namaz qılmasının caiz olması;

– Elmdə üstün olan şəxslərə nəsihət verməyin caiz olması.


57. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər dedi: "Şam yeməyi gətiril­diyi zaman iqamə verilərsə, əvvəlcə yeməyi yeyin! (Sonra namaz qılın)"» (əl-Buxari, 5465; Müslim, 1241).
57-ci hədisdən çıxarılan nəticələr:

– Namazın vaxtı daxil olduğu zaman yemək-içmək təqdim olunarsa, öncə yeməyi yemək və ya suyu içmək, sonra isə namaz qılmaq lazımdır. Bir şərtlə ki, namazın vaxtı çıxmasın.

– İslam dininin sadə və asan olması;

– Namazdan yayındıran hər bir amildən uzaqlaşmaq.


58. Aişə (r.a) rəvayət edir ki, «Mən Peyğəmbərin (s.ə.s): "Yemək gətirildiyi zaman, həmçinin öndən və arxadan çıxanı1 dəf edərək (sax­layaraq) namaz qılınmamalıdır" – dediyini eşitdim» (Müslim, 1246).
58-ci hədisdən çıxarılan nəticələr:

– Süfrəyə yemək verildiyi zaman namaz qılmaq məkruhdur;

– Öndən və arxadan çıxanı (sidiyi və ya nəcisi) dəf edərək (saxla­yaraq) namaz qılmaq məkruhdur;

– Namazdan yayındıran hər bir şeydən çəkinmək vacibdir;

– Yemək-içməyə və subaşına çıxmağa olan ehtiyac namazı təxirə salmaq (namazın vaxtını bir az gecikdirmək) üçün səbəbdir.
59. Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «(Sadiqliyində və müsəlmanlığında şəkk olmayan) bir neçə səhabə və onların arasında ən sadiq, dinində də ən möhkəm olan Ömərin (r.a) Peyğəmbərin (s.ə.s): "Sübh namazından sonra gün çıxana qədər və Əsr namazından sonra gün batana qədər namaz qılmağı nəhy2 etdi"yini mənə xəbər verdilər» (əl-Buxari, 581; Müslim, 1918).
60. Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Sübh namazından sonra gün çıxana və Əsr namazından sonra gün batana qədər namaz qılınmamalıdır"» (əl-Buxari, 586; Müslim, 1920).

Müəllif3 deyir ki, «Bu fəsilə dair Əli ibn Əbu Talib (r.a), Abdullah ibn Məsud (r.a), Abdullah ibn Ömər (r.a), Abdullah ibn Amr ibnu-l-As (r.a), Əbu Hüreyrə (r.a), Səmura ibn Cündəb (r.a), Sələmətu ibn əl-Əkva (r.a), Zeyd ibn Sabit (r.a), Muaz ibn Afra (r.a), Kəab ibn Murra (r.a), Əbu Sələmə əl-Bəhili (r.a), Amr ibn Abəsə əs-Suləmi (r.a), Aişə (r.a) və əs-Sunabihi1 hədis rəvayət etmişlər.


59-cu və 60-cı hədislərdən çıxarılan nəticələr:

Bu qadağan olunmuş vaxtlarda namazların qılınması barəsində alimlərin rəyi:

1. İcma (Əbu Hənifə, Malik, Şafii, Əhməd ibn Hənbəl və s.) bu hədislərə əsaslanaraq namazların bu vaxtlarda qılınmasının məkruh (qadağan) olmasını təsdiq etmişlər.

2. Zahirilər bu hədislərin mənsux2 olduğuna üstünlük verib, namaz­ların bu vaxtlarda qılınmasının caiz olduğunu iddia etmişlər.

Qeyd: Fərz namazlarını üzrlü səbəbə görə bu vaxtlarda qılmaq caizdir. Bundan əlavə səbəbi olan namazları da (məscidə daxil olduqda qılınan namaz və s.) bu vaxtlarda qılmaq caizdir.

Müəllif burada yalnız iki vaxtı qeyd etmişdir:

1) Sübh namazından sonra günəş üfüqdən təxmini 3 metrə qalxana qədər.

2) Əsr namazından sonra gün batana qədər.

3) Müslimin rəvayət etdiyi hədisdə isə günəşin zenitdə olduğu vaxtın da qadağan olduğu qeyd edilmişdir.
61. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, «Xəndək günü gün batdıqdan sonra Ömər (r.a) Qureyşin3 kafirlərini söyə-söyə gəlib Peyğəmbərə (s.ə.s) dedi: "Ey Allahın elçisi! Əsr namazını gün bata-batda qıldım". (Bunu eşidən) Peyğəmbər (s.ə.s): "Allaha and olsun ki, hələ Əsr namazını qılmamışam" – deyib bizimlə bərabər Buthanə4 gəldi, orada dəstəmaz alıb Əsr, sonra da Məğrib namazını qıldıq» (əl-Buxari, 596; Müslim, 1428).
61-ci hədisdən çıxarılan nəticələr:

– Fərz namazlarından hər hansı biri buraxıldığı zaman onun qəza­sını qılmaq vacibdir;

– Hədisin zahiri mənası Peyğəmbərin (s.ə.s) Əsr namazını unutqan­lıqdan yox, əksinə, qəsdən gecikdirməsinə dəlalət edir. Lakin qeyd etmək lazımdır ki, bu hadisə qorxu namazının Allah tərəfindən bəyan olunmasından əvvəl baş vermişdir;

Bu hədis, qəzaya qalmış namazın vaxtı daxil olmuş namazdan əvvəl qılınmasının caiz olmasına dəlalət edir. Lakin vaxtı daxil olmuş namazın qəzaya qalma ehtimalı olarsa, əvvəlcə onu qılmaq lazımdır ki, qəzaların sayı artmasın;

– Peyğəmbərin (s.ə.s) Ömərin (r.a) bu hərəkətinə etirazını bildir­məməsi, zalımın əleyhinə dua edilməsinin caiz olmasına dəlalət edir;

– Tələb olunmadan and içməyin caiz olması.



İkinci fəsil: «Camaat namazının fəziləti və onun vacib olması»
62. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Camaatla qılınan namaz, tək qılınan namazdan iyirmi yeddi dərəcə1 (artıq) əfzəldir"» (əl-Buxari, 645; Müslim, 1475).
62-ci hədisdən çıxarılan nəticələr:

– Camaatla qılınan namazın əfzəl olması;

– Tək qılınan namazın savabının camaatla qılınan namazdan az ol­ması;

– Tək qılınan namazın məqbul olunması.


63. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Kişinin camaatla qıldığı namazının savabı evində və bazarda tək qıldığı namazın savabından iyirmi beş dəfə artıqdır. Belə ki, o, mükəmməl şəkildə dəstəmaz alıb yalnız camaatla namaz qılmaq üçün məscidə getdiyi zaman, hər addımına bir savabı artar və bir günahı silinər. Camaatla namaz qılarsa, o namazı camaatla qıldığı yerdə gözlədiyi müddətdə mələklər onun üçün dua edib deyərlər: "Allahım, ona xeyir-dua ver! Allahım, onu bağışla! Allahım, ona rəhm et!" Camaat namazını gözlədiyi müddətdə isə camaatla namaz qılan kimi hesab olunar2» (əl-Buxari, 647; Müslim, 1476).
63-cü hədisdən çıxarılan nəticələr:

– Məsciddə camaatla qılınan namazın əfzəl olması;

– Tək qılınan namazın savabının camaatla qılınan namazın sava­bından az olması;

– Camaatla namaz qılmağın şərt (yəni namazın şərtlərindən) olma­ması;

– Namaz qılmaq üçün məscidə gedənin atdığı addımlara görə savab qazanması və günahlarının silinməsi;

– Fərz namazının qılınmasını gözləyən şəxsin namaz qılan şəxs qədər savab qazanması.


64. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Həqiqətən, münafiqlər üçün ən çətin sayılan namaz İşa və Sübh na­mazlarıdır. Halbuki onlar bu iki namazın nə dərəcədə fəzilətli olduğunu bilsələr, iməkləməli olsalar belə, bu namazı qılmağa tələsərlər. Artıq mən, bir nəfəri öz yerimə camaata namaz qıldırmaq üçün (imam) təyin edib sonra əllərində odun şələsi olan bir dəstə kişi (səhabə) ilə camaat namazına gəlməyənlərin evlərinə gedib onu1 yandırmağı qəsd etdim» (əl-Buxari, 657; Müslim, 1480).
64-cü hədisdən çıxarılan nəticələr:

– Həddi-büluğa çatmış oğlan uşağına camaatla namaz qılmağın vacib olması;

– Üzrsüz səbəbə görə camaat namazını tərk edənin günah qazan­ması;

– İşa və Sübh namazlarının fəzilətli olması;

– İşa və Sübh namazlarının camaatla qılınmasının münafiqlər üçün çətin olması.
65. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Sizdən biriniz, zövcəsi məscidə getmək üçün ondan izn istədiyi zaman, ona (zövcəsinə) mane olmasın». Bunu eşidən Bilal ibn Abdullah2: «Allaha and olsun ki, onlara (məscidə getməyə) mane olacağıq» – dedi. Abdullah (r.a) yaxınlaşıb onu çox sərt danladıqdan sonra dedi: «Mən sənə Rəsulullahdan (s.ə.s) hədis danışıram, sən də deyirsən ki, Allaha and olsun ki, onlara mane olacağıq» (əl-Buxari, 873; Müslim, 987, 988).

Başqa rəvayətdə: «Allahın kənizlərinə (müsəlman qadınlara) məs­cidə getməyi qadağan etməyin!» (Müslim, 989).


65-ci hədisdən çıxarılan nəticələr:

– Qadın məsciddə namaz qılmaq istədiyi zaman ona icazə verməyin müstəhəb olması. Bunun caiz olması isə mötəbər hədislərdə olduğu kimi iki şərtlə bağlıdır: 1) Qadının xarici görünüşünün cəlbedici olma­ması; 2) Qadının fitnəyə səbəb olmaması.

– Hədisin zahiri mənası icazənin yalnız məsciddə qılınan namazla bağlı olmasına dəlalət edir. Lakin, qadının bayram (fitrə və qurban) xütbələrini dinləmək üçün məscidə getməsi vacibdir;

– Peyğəmbərin (s.ə.s) sünnəsinə etiraz edənə kəskin cavab vermək;

– Şəriət hökmünü öz fikriylə yozan şəxsə bunu ədəblə, ehtiramla və gözəl surətdə başa salmaq.
66. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Mən Peyğəmbər (s.ə.s) ilə bir yerdə Zöhrdən əvvəl və sonra, həmçinin Cümə, Məğrib və İşa namazlarından sonra da iki rükət namaz qıldım» (əl-Buxari, 937).

Başqa rəvayətdə: «Məğrib, İşa və Cümənin (iki rükət sünnə namazını) evində qılardı» (əl-Buxari, 1172; Müslim, 1695).

Başqa rəvayətdə İbn Ömər (r.a) deyir ki, Həfsa (r.a) ona rəvayət etdi ki, «Peyğəmbər (s.ə.s) fəcr daxil olduqda iki rükət xəfif (qısa) namaz qılardı. (Gün ərzində) elə bir saat var idi ki, o vaxt mən Peyğəmbərin (s.ə.s) yanına daxil olmazdım» (əl-Buxari, 1173.
66-cı hədisdən çıxarılan nəticələr:

– Hədisdə qeyd olunan ratibə namazlarının və onların müntəzəm şəkildə qılınmasının müstəhəb olması;

– Əsr namazında ratibə namazlarının olmaması;

– Məğrib, İşa, Sübh və Cümə namazlarının ratibələrini evdə qılma­ğın əfzəl olması;

– Sübh namazında qılınan ratibənin qısa olması.
67. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) başqa nafilə na­mazlarına nisbətən Fəcr namazının sünnəsinə daha çox davamlı və daha çox bağlı idi» (əl-Buxari, 1163).

Başqa rəvayətdə: «Fəcr namazının iki rükəti dünya və içindəkilərdən xeyirlidir» (Müslim, 1685).



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə