ƏLİxan musayev


Birinci fəsil: «Ayaqyoluna daxil olmaq və təmizlənmək»



Yüklə 0,97 Mb.
səhifə2/9
tarix13.12.2017
ölçüsü0,97 Mb.
#15430
1   2   3   4   5   6   7   8   9

Birinci fəsil: «Ayaqyoluna daxil olmaq və təmizlənmək»
13. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) ayaq­yoluna daxil olduqda: «Allahummə inni əuzu bikə minə-l-xubsi və-l-xəbais!» (Allahım, şeytanlardan2 və onların şərindən3 sənə sığınıram!) – duasını oxuyardı. (əl-Buxari, 142; Müslim, 829).
13-cü hədisdən çıxarılan nəticələr:

– Ayaq yoluna daxil olmaq istədikdə bu duanın oxunmasının müs­təhəb olması;

– Şeytanların şərindən qorunmaq üçün bu duanın oxunmasının əhə­miyyətli olması;

– Nəcasətdən təmizlənmənin vacib olması.


14. Əbu Əyyub əl-Ənsari (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Ayaqyolunda üzünüzü və ya arxanızı qibləyə yönəltməyin, yalnız şərqə və ya qərbə tərəf yönəlin!4» (əl-Buxari, 144; Müslim, 608).

Əbu Əyyub (r.a) rəvayət edir ki: «Biz Şama gəldikdə, orada təha­rətxanaların5 üzü qibləyə bina edildiyini gördük və Allahdan bağışlan­mamızı diləyərək bacardığımız qədər o təharətxanalardan uzaqlaşdıq» (Müslim, 3-cü cild, səh.149).


14-cü hədisdən çıxarılan nəticələr:

– Subaşına çıxdıqda (yüngül və ya ağır) qibləyə tərəf yönəlməyin (üzü və ya arxası qibləyə tərəf oturmağın) qadağan olunması;

– Yanı qibləyə (sol və ya sağ) yönəlməyin vacib olması;

– Şəriətin (Allah və Onun elçisinin) buyurduğu və qadağan etdiyi əməllər bütün ümmətlər üçündür. Lakin bəzən müəyyən ümmətlər üçün xüsusiyyətlər olur ki, bu da onlardandır. Peyğəmbərin (s.ə.s) «Şərqə və ya qərbə tərəf yönəlin» əmri Mədinə və o ətrafda yaşayan sakinlər üçündür1;

– Bunun hikməti şərəfli Kəbəni əzəmətləşdirmək və ona ehtiram etmək üçündür;

– Səhabələrin Şamdakı təharətxanalarda etdikləri istiğfar (bağış­lanma diləmək) dil ilə ifadə olunmamışdır. Çünki subaşına çıxdıqda tələffüzlə Allahı zikr etmək olmaz.


15. Abdullah ibn Ömər ibni-l-Xəttab (r.a) rəvayət edir ki, «Bir gün mən Həfsanın (r.a)2 evinin hasarına qalxdım və Peyğəmbərin (s.ə.s) üzü Şama, arxası da qibləyə oturaraq subaşına çıxdığını gördüm» (əl-Buxari, 148; Müslim, 611).
15-ci hədisdən çıxarılan nəticələr:

– Örtülü yerdə subaşına çıxdıqda arxası qibləyə yönəlməyin caiz olması.

Qeyd: İslam alimləri bu məsələdə ixtilaf etmişlər. Alimlərin bir qismi: «Örtülü və ya açıq olan yerdə subaşına çıxdıqda (üzü və ya arxası) qibləyə yönəlməyin əleyhinədir». Bu rəyi dəstəkləyənlərin dəlilləri aşağıdakılardır:

1) Subaşına çıxdıqda (üzü və ya arxası) qibləyə yönəlməyin qadağan olunmasına dair varid olan bütün hədislər.

2) Bu əməlin qadağan olunması Peyğəmbərin (s.ə.s) əmrindən, caiz olması isə hərəkətlərindən götürülüb və ola bilər ki, yalnız ona məxsus olsun.

Bu rəyi dəstəkləyən alimlər: Əbu Hüreyrə (r.a), İbn Məsud (r.a), Əbu Hənifə, Əhməd ibn Hənbəl, İbn Teymiyyə, İbnu-l-Qeyyim, Mücahid, ən-Nəxəi, əs-Səuri, İbn Həzm, Məhəmməd ibn İbrahim, ən-Nəvəvi, əş-Şəukəni, əl-Əvzai.

Bu fəsildə olan hədisə əsaslanaraq, örtülü yerdə subaşına çıxdıqda (üzü və ya arxası) qibləyə tərəf yönəlməyi caiz sayan alimlər isə bunlardır:

Abdullah ibn Ömər (r.a), Malik ibn Ənəs, əş-Şafii, Əhməd ibn Hənbəl (başqa rəvayətdə), İshaq, Şabi, Üseymin, Əli Bəssəm.

Doğrusunu Allah bilir.
16. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) ayaqyoluna getdikdə mən və mənim kimi bir uşaq onun üçün su1 və daş aparardıq. O isə su ilə təmizlənərdi» (əl-Buxari, 152; Müslim, 619).
16-cı hədisdən çıxarılan nəticələr:

– Ayaqyolunda su ilə təmizlənmək daş ilə təmizlənməkdən daha əfzəldir;

– Müsəlman subaşına çıxmazdan öncə təmizlənmək üçün su və s. hazırlamalıdır ki, sonra paltarı və ya bədəni nəcisə bulaşmasın;

– Övrət yerini başqasına göstərmək haram olduğu üçün müsəlman hər bir nəzərdən qorunmalıdır. Bu yalnız həyat yoldaşı üçün müstəs­nadır;

– Uşaqların böyüklərə xidmət etməsi müstəhəbdir.
17. Əbu Qətadə əl-Haris ibn Rabi əl-Ənsari (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) dedi: "Sizdən biriniz sidik ifraz etdikdə sağ əli ilə cinsiyyət üzvündən tutmasın, yuyunduqda2 da sağ əli ilə yuyunmasın və qabın3 içinə üfürməsin!"» (əl-Buxari, 153; Müslim, 612).
17-ci hədisdən çıxarılan nəticələr:

– Sidik ifraz etdikdə sağ əli cinsi orqana toxundurmanın qadağan olunması;

– Ayaqyolunda (su və s. ilə) təmizləndikdə sağ əldən istifadə etməyin qadağan olunması;

– (ərzaq üçün istifadə olunan) Qabın içərisinə üfürməyin qadağan olunması;

Bu qadağan olunmuş əməllərin hansı hökmdə olduğu barədə alimlər ixtilaf etmişlər;

a) İcmanın (Əbu Hənifə, Malik, Şafii, Əhməd və s.) rəyinə görə bunlar məkruh sayılır (yəni bəyənilmir). Bu da daha mötəbər rəysayılır.

b) Zahirilərin rəyinə görə isə bunlar haram sayılır.
– Murdar sayılan işlərdə sol əlin istifadə olunması;

– Sağ əlin şərəfli və sol əldən əfzəl olması;

– Təmizliyə riayət etməyin vacib olması;

– Şəriət qanunlarının (insanı) fayda verən işlərə sövq etməsi və ziyan verən işlərdən çəkindirməsi. Bu da şəriətin yüksək səviyyədə olmasına dəlalət edir.


18. Abdullah ibn Abbas (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) iki qəbrin yanında dayanıb dedi: «Bu qəbirdəkilər günah etdiklərinə görə əzab çəkirlər: onlardan birisi sidik ifraz etdikdə ondan təmizlənməzdi, o birisi isə söz gəzdirərdi1». Sonra yaş bir budaq qırıb onu iki yerə böldü və hər bir qəbrin üzərinə bir yarısını sancdı2. Səhabələr: «Nə üçün belə etdin, ey Allahın elçisi?» – deyə soruşduqda, o dedi: «Budaqlar quruyana qədər əzabları yüngülləşsin» (əl-Buxari, 218; Müslim, 675).
18-ci hədisdən çıxarılan nəticələr:

– Qəbr əzabının mövcud olması;

– Nəcisdən təmizlənməyənin qəbr əzabına düçar olması;

– İnsanlar arasında (fitnə-fəsad törətmək niyyətilə) söz gəzdirməyin haram olması;

– Söz gəzdirənin qəbr əzabına düçar olması;

– Peyğəmbərin (s.ə.s) öz səhabələrinə qarşı mərhəmətli olması və onları bu şərdən çəkindirməsi;

– Qeybətin caiz olmaması. Peyğəmbərin (s.ə.s) qəbrdə olanların adını qeyd etməməsi buna dəlalət edir;

– Hər bir günah sahibinin qəbrinin üzərinə yaş budaq sancmaqla onun əzabının yüngülləşməsi barədə olan rəylər:

a) Bəzi alimlər bu hədisə əsaslanaraq bu əməlin caiz olmasını iddia edir. Bunun üçün onlar «əl-İsra» surəsinin 44-cü ayəsinə də əsaslanırlar. Uca Allah bu ayədə buyurur:


«…Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükr etməsin…» («əl-İsra» surəsi, 44)

b) Əksər islam alimləri bu əməlin yalnız Peyğəmbərə (s.ə.s) xas olduğunu qəbul edirlər. Onların əsasları isə aşağıdakılardır:

1) Peyğəmbərin (s.ə.s) yalnız bu iki qəbrin üzərinə yaş budaq sancması.

2) Bu hadisədən sonra Peyğəmbərin (s.ə.s) bunu bir daha təkrar etməməsi.

3) Səhabələrdən bunun caiz olması haqqında rəvayətin olmaması.

4) Qəbirdə olanın əzab çəkməsi qeybi məsələdir və bunu bilmək üçün də yalnız peyğəmbər olmaq lazımdır.

5) Bu əməlin caiz olmasına dair göstərilən ayə, dəlil olmaq üçün mü­nasib deyildir. Çünki ayə hər bir məxluqun Allahı tərif etməsinə dəlalət edir. Buradakı məsələ isə qəbrdə olan əzabın yüngülləşməsinə aiddir.

İkinci fəsil: «Dişlərin misvakla1 təmizlənməsi»
19. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Ümmətimə əziyyət olmasaydı, hər namaz üçün dişlərini misvakla təmizləməyi onlara əmr edərdim» (əl-Buxari, 887; Müslim, 1450).
19-cu hədisdən çıxarılan nəticələr:

– Dişlərin misvakla təmizlənməsinin fəzilətli və müstəhəb olması;

– Namaza başlamazdan əvvəl dişlərin misvakla təmizlənməsinin müstəhəb olması;

– İslam ümmətinə əziyyət olmasın deyə dişlərin misvakla təmizlən­məsinin fərz (vacib) buyurulmaması;

– Peyğəmbərin (s.ə.s) ümmətinə qarşı şəfqətli və mərhəmətli olması;

– Şəriət qanunlarının çox yüngül və məşəqqətsiz olması. Uca Allah buyurur:




«…Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər…» («əl-Bəqərə» surəsi, 185).

– həqiqətən, fəsadı aradan qaldırmaq, fayda verməkdən əfzəldir. Dişlərin misvakla təmizlənməsinin faydalı olduğuna baxmayaraq, Pey­ğəmbər (s.ə.s) ümmətinin arasına düşə biləcək fəsadı aradan qal­dırmaq üçün bunu onlara vacib buyurmadı.


20. Hüzeyfə ibnu-l-Yəmən (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) gecə yuxudan oyandıqda dişlərini misvakla təmizləyərdi. (əl-Buxari, 245; Müslim, 593).
20-ci hədisdən çıxarılan nəticələr:

– Yuxudan oyandıqda dişlərin misvakla təmizlənməsinin fəzilətli və müstəhəb olması;

– Ağızda olan iyin dəyişildiyi zaman dişlərin misvakla təmizlənmə­sinin fəzilətli və müstəhəb olması;

– Bu əməlin təmizlik və ədəbdən sayılması.


21. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) başını sinəmə söykəmişdi. Bu vaxt Əbdürrəhman ibn Əbu Bəkr əs-Siddiq (r.a) əlində yaş misvak dişlərini təmizləyə-təmizləyə içəri daxil oldu. Peyğəmbər (s.ə.s) onun əlindəki misvaka nəzər saldı. Mən misvakı götürüb onu dişlərimin arasında əzdim və təmizləyib Peyğəmbərə (s.ə.s) verdim. O, misvakla dişlərini elə gözəl təmizlədi ki, bundan əvvəl dişlərini belə təmizlədiyini görməmişdim. Dişlərini təmizlə­dikdən sonra əlini və ya barmağını yuxarı qaldırdı, üç dəfə «Ən Uca ər-Rəfiqin (dostun) yanında» – dedi və başı sinəmdə ikən vəfat etdi» (əl-Buxari, 4438).
21-ci hədisdən çıxarılan nəticələr:

– Dişlərin yaş misvakla təmizlənməsinin müstəhəb olmas;

– Başqa misvakdan (onu təmizlədikdən sonra) istifadə etməyin caiz olması;

– İşarənin dəlalət etdiyi bir əməli yerinə yetirməyin caiz olması.

– «Ən Uca ər-Rəfiq» – Burada ən-Nisa surəsinin 69-cu ayəsində xatır­lananlar qəsd olunur. Uca Allah bu ayədə buyurur:

«Allaha və peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır.

22. Əbu Musa əl-Əş‘ari rəvayət edir ki, Peyğəmbərin (s.ə.s) yanına gəldim və onun yaş misvakla dişlərini təmizlədiyini gördüm. O, misvakın bir tərəfini dilinin üzərinə qoyaraq «u,u»1 edirdi» (əl-Buxari, 244; Müslim, 591).
22-ci hədisdən çıxarılan nəticələr:

– Həqiqətən, dişləri misvakla təmizləmək ibadətdir;

– Dişləri daimi olaraq misvakla təmizləmək paklığın kamilliyin­dəndir2;

– Hərdən misvakla dilin üst nahiyəsini təmizləmək müstəhəbdir.



Üçüncü fəsil: «Xuffun3 üzərinə məshin çəkilməsi»
23. Əl-Muğira ibn Şöbə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) ilə səfərdə olanda onun ayağından xuffu çıxartmaq üçün əyildim. Bunu görən Peyğəmbər (s.ə.s) mənə dedi: «Onları çıxarma! Mən dəstəmazlı ikən onları ayağıma geyindim». Sonra onların üzərinə məsh çəkdi. (əl-Buxari, 206; Müslim, 630).
23-cü hədisdən çıxarılan nəticələr:

– Xuf üzərinə bir dəfə məsh çəkilməsinin caiz olması.

Əli ibn Əbu Talib (r.a) demişdir: «Din rəy (ağıl) ilə olsa idi, xuffun üzərinə deyil, altına məsh çəkmək daha düzgün sayılardı. Lakin mən Peyğəmbərin (s.ə.s) xuffunun üzərinə məsh çəkdiyini gördüm» (Əbu Davud, «Sünnə», 1-ci cild, səh.192, 162-ci hədis).

– Xuffu geyinərkən ayaqların təharətli (dəstəmaz alarkən yuyulmuş) olması, onun üzərinə çəkilən məshin caiz olması üçün şərtdir;

– Alimlərə və hörmətli insanlara xidmət etməyin müstəhəb olması (bəyənilənilməsi).
24. Hüzeyfə ibnu-l-Yəmən (r.a) deyir ki, mən Peyğəmbərlə (s.ə.s) birgə idim. O, subaşına çıxdı, dəstəmaz aldı və xuffunun üzərinə məsh çəkdi. (Müslim, 623).
24-cü hədisdən çıxarılan nəticələr:

– Səfərdə ikən xuffun üzərinə məsh çəkilməsinin caiz olması;

Səfərdə olan üçün məshin müddəti 3 sutka (72 saat), yerli sakin üçün isə bir sutkadır (24 saat). Müddəti (xuffu geyindikdən sonra) ilk məshin çəkildiyi andan sayılır. Məsh etmək yalnız dəstəmaz alan üçün caizdir. Qüsl edən isə xuffu çıxarıb ayaqlarını yumalıdır.

Dördüncü fəsil: «Məzi1 və s. haqqında»
25. Əli ibn Əbu Talib (r.a) deyir ki, məndən çoxlu məzi ifraz olu­nurdu. Peyğəmbərin (s.ə.s) kürəkəni olduğum üçün bunun hökmünü ondan soruşmağa utanırdım. Ona görə də əl-Miqdad ibnu-l-Əsvədi (r.a) bu məsələnin hökmünü öyrənmək üçün onun yanına göndərdim. Rəsulullah (s.ə.s): «Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın» – deyə cavab verdi. (əl-Buxari, 269; Müslim, 693).
25-ci hədisdən çıxarılan nəticələr:

– Məzinin nəcasət (murdar) sayılması və (ona bulaşan yerin) yuyul­masının vacib olması;

– Məzi cinsiyyət üzvündən gəldiyinə görə dəstəmazı pozan amillər­dən sayılması;

– Cinsiyyət üzvünün yuyulmasının vacib olması;

– Bu halda qüsl etməyin vacib olmaması;

– Məzinin su ilə yuyulmasının vacib olması.


26. Abdullah ibn Zeyd ibn Asim əl-Mazini (r.a) rəvayət edir ki, namaz qılarkən nəfsinə şübhə2 düşən bir kişi barəsində Peyğəmbərə (s.ə.s) şikayət edildikdə o dedi: «Səs eşitməyincə və ya iy hiss etməyincə namazı tərk etməsin» (əl-Buxari, 177; Müslim, 802).
26-cı hədisdən çıxarılan nəticələr:

– Təharətin pozulub-pozulmamasına olan şəkk nə dəstəmazı, nə də namazı batil etmir;

– Səbəbsiz olaraq namazı tərk etmək haramdır;

– Arxadan çıxan səsli və ya iyli hava dəstəmazı batil edən amildir.

Qeyd: Arxadan çıxan səssiz və iysiz hava da dəstəmazı batil edən amildir.
27. Ummu Qeys bint Mihsan əl-Əsədiyyə (r.a) rəvayət edir ki, o, südəmər oğlunu gətirib Peyğəmbərin (s.ə.s) dizinin üstündə otuzdurdu və uşaq onun paltarına sidik ifraz edib onu batırdı. Peyğəmbər (s.ə.s) paltarının üzərinə su səpdi və onu yumadı» (əl-Buxari, 223; Müslim, 663).
28. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbərin (s.ə.s) yanına bir uşaq gətirdilər və o, onun paltarını batırdı. Peyğəmbər (s.ə.s) paltarının üzərinə su səpdi və onu yumadı» (əl-Buxari, 222; Müslim, 660).
27-ci və 28-ci hədislərdən çıxarılan nəticələr:

– Südəmər oğlan uşağının sidik ifraz etməklə batırdığı yerin təmiz­lənməsi üçün həmin yerə su səpmək kifayət edir;

– Südəmər qız uşağının sidik ifraz etməklə batırdığı yeri isə yumaq lazımdır;

– Yemək yeyən oğlan və ya qız uşağının sidik ifraz etməklə batırdığı yeri yumaq lazımdır.

Qeyd: Ağır subaşına çıxanın yaşından və cinsindən asılı olmayaraq batırdığı yeri yumaq vacibdir.

– Bu hədis həmçinin peyğəmbərin (s.ə.s) əxlaqlı və təvazökar olma­sına da dəlildir.


29. Ənəs ibn Malik rəvayət edir ki, «Bir bədəvi1 gəlib məscidin içini (ora sidik ifraz etməklə) batırdı. Səhabələr onu qovub məsciddən xaric etmək istədikdə Peyğəmbər (s.ə.s) qoymadı. Sonra onun batırdığı yerə bir qab su tökməyi əmr etdi və ora su töküldü» (əl-Buxari, 221; Müslim, 657, 658).
29-cu hədisdən çıxarılan nəticələr:

– Sidik ifraz olunan torpağın üzərinə su tökməklə o yeri təmizləmək;

– Məscidləri təmiz saxlamaq və orada ədəbsizlik etməmək;

– Peyğəmbərin (s.ə.s) mülayim, rəhmli və əxlaqlı olması;

Qeyd: İnsanlardan uzaq olmaq cəhalət doğurur. Səhrada yaşayan bədəvi ərəb də buna misaldır.
30. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.ə.s): «Beş şey fitrətdəndir1: cinsiyyət üzvündəki artıq əti kəsmək, qasıqdakı tükləri təmizləmək, bığları qısaltmaq, dırnaqları kəsmək və qoltuqaltı tükləri qopartmaq» – dediyini eşitdim. (əl-Buxari, 5889; Müslim, 596).
30-cu hədisdən çıxarılan nəticələr:

– Cinsiyyət üzvündəki dərini kəsmək vacibdir. Bu hökm yalnız kişi cinsinə şamil edilir.

– Övrət yerinin tüklərini qırxmaq, bığları qısaltmaq, dırnaqları kəs­mək və qoltuqaltı tükləri qopartmaq (və ya qırxmaq) müstəhəbdir.

Qeyd: Bunları etmək təmizlik və İslamın gözəlliyindəndir. Həmçinin müsəlmanın təmizliyi onun imanındandır. Əbu Malik əl-Əşaridən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Təmizlik imanın yarısıdır…» (Müslim, 3-cü cild, səh.95, 533-cü hədis).

– Hər bir xeyirə can atmaq və şərdən uzaq olmaq insanın fitrətin­dəndir;

– İslam dini gözəlliyə, təmizliyə və kamilliyə dəvət edən bir dindir;

Bu hədisdə qeyd olunan beş əməldən başqa təmizlikdən sayılan başqa əməllər də var ki, onlar müxtəlif hədislərdə qeyd olunmuşdur;

Bunlara riayət edən müsəlman ikiqat fayda (yəni dünyada ikən təmizlik, axirəti üçün isə savab) əldə etmiş olur.



Beşinci fəsil: «Cənabət qüslü»
31. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, cənabət2 halında Mədinənin küçələrindən birində Peyğəmbər (s.ə.s) ilə rastlaşdım. Gizlincə ondan uzaqlaşıb gedib qüsl etdim, sonra Peyğəmbərin (s.ə.s) yanına qayıtdım. O: «Əbu Hüreyrə, harada idin?» – deyə soruşduqda, mən dedim: «Mən cənabət halında idim. Belə natəmiz halda da sənin yanında oturmaq istəmədim». O dedi: «Subhənallah! Müsəlman (başqa bir rəvayətdə: mömin) murdarlanmaz!» (əl-Buxari, 283; Müslim, 822, 823).
31-ci hədisdən çıxarılan nəticələr:

– Cənabət halı murdar hal sayılmır (yəni müsəlmanın zatı heç zaman murdarlanmır);

– Qüslü gecikdirmək caizdir;

– Elm əhli və s. bu kimi hörmətli insanlar arasında ən gözəl qiyafədə iştirak etmək;

– Məclisi tərk etdikdə izn istəmək müstəhəbdir.
32. Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər (s.ə.s) cənabət qüslü etdikdə əllərini yuyar, sonra dəstəmaz alar, sonra üç dəfə başına su töküb əlləri1 ilə onu saçlarının dibinə çatdırar və daha sonra bədəninin qalan yerini yuyardı» (əl-Buxari, 272; Müslim, 716).
33. Aişə (r.a) deyir ki, «Mən Peyğəmbər (s.ə.s) ilə bərabər bir qabdan su götürərək qüsl edərdik» (əl-Buxari, 273; Müslim, 729).
32-ci və 33-cü hədislərdən çıxarılan nəticələr:

– Cənabət qüslü vacibdir;

Bu hədisdə Peyğəmbər (s.ə.s) qüslün kamil şəkildə edilməsini bizə öyrətmişdir. Lakin başqa hədislərdə o, bədənin hər yerini su ilə (ardıcıllığa riayət etmədən) yumaqla vacib olan qüslü də bizə öyrətmişdir;

– Ər-arvadın, birinin digərinin övrət yerinə baxması caizdir;

– Ər-arvadın bərabər qüsl etməsi caizdir.

Qeyd: Bəzi müsəlmanlar ər-arvadın, birinin digərinin övrət yerinə nəzər salmasının haram olduğunu iddia edirlər və dəlil olaraq aşağıdakı hədislərə istinad edirlər:

1) Aişə (r.a) demişdir: «Mən Peyğəmbərin (s.ə.s) övrətini heç zaman görməmişəm».

Bu hədis bir neçə isnadla rəvayət olunub, lakin onların heç biri mötəbər deyildir.2

* Təbərani, Xətib və Əbu Nüeymin rəvayət etdiyi isnadda Bərəkə ibn Məhəmməd əl-Hələbi adında ravi (hədis rəvayət edən) yalançı və hədis uyduranlardandır.

* İbn Macə və İbn Sədin rəvayət etdiyi isnadda ravilərdən biri məchuldur (yəni onun kim olduğu bəlli deyil).

2) İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Sizdən biriniz zövcəsi və ya cariyəsi ilə cinsi əlaqədə olduqda onun fərcinə (cinsiyyət üzvünə) baxmasın! Həqiqətən, bu, korluq əmələ gətirir».3

Bu hədis bir neçə isnadla rəvayət olunub, lakin onların heç biri mötəbər deyildir.

* İbn Adiy, İbn Əsakir, İbn Əbi Hatimin rəvayət etdiyi isnadda Bəqiyyə adlı ravi yalançılardan rəvayət etməklə məşhurdur.
34. Peyğəmbərin (s.ə.s) həyat yoldaşı Meymunə bintu-l-Haris (r.a) deyir ki, «mən Peyğəmbərə (s.ə.s) qüsl etmək üçün su gətirdim. O, suyu sağ əli ilə sol əlinin üzərinə iki və ya üç dəfə tökdü, sonra övrət yerini yudu. Sonra iki və ya üç dəfə əlini yerə (və ya divara) vurdu, sonra ağzını, burnunu, üzünü və qollarını yudu, sonra başına su tökdü və bədəninin qalan yerini də yudu, daha sonra isə qırağa çəkilib ayaqlarını yudu. Mən qurulanmaq üçün ona dəsmal gətirdim. O dəsmalı götür­məyib əllərinin suyunu çırpdı» (əl-Buxari, 274, 276; Müslim, 765).
34-cü hədisdən çıxarılan nəticələr:

– Əlləri iki və ya üç dəfə yumağın caiz olması;

– Bədəni dəsmalla qurulamamağın caiz olması;

– Qüslün dəstəmazı əvəz etməsi;

– Qüslün əvvəlində övrət yerinin yuyulması;

– Əzaları bir dəfə yumaqla kifayətlənmək;


35. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, atası Ömər ibn əl-Xəttab (r.a) Rəsulullahdan (s.ə.s): «Ey Allahın elçisi! Bizdən birimiz cənabət halında yata bilərmi?» – deyə soruşdu. O dedi: «Bəli, sizdən biriniz cənabət halında olarsa dəstəmaz alıb yatsın!» (əl-Buxari, 287; Müslim, 700).
35-ci hədisdən çıxarılan nəticələr:

– Cənabətli halda yatmazdan əvvəl dəstəmaz almağın müstəhəb olması;

– Cənabətli olanın, qüsl və ya dəstəmaz almayıb yatmasının məkruh (bəyənilməyən) olması.
36. Peyğəmbərin (s.ə.s) zövcəsi Ummu Sələmə (r.a) rəvayət edir ki, Əbu Təlhənin(r.a) zövcəsi Ummu Suleym (r.a) Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: «Ey Allahın elçisi! Həqiqətən, Allah haqqı soruşana utanmağı əmr etmir. Məgər qadın pollyusiya1 halında qüsl etməlidir?» Peyğəmbər (s.ə.s) dedi: «Bəli, əgər məninin2 əsər-əlamətini (paltarında və ya bədənində) görübsə qüsl etməlidir» (əl-Buxari, 282; Müslim, 710).
36-cı hədisdən çıxarılan nəticələr:

– Yuxuda ikən məni ifraz edən qadın qüsl etməlidir;

– Allahın Özünə layiq olan sifətdə həyalı olması;

– Elm tələb etdikdə utanmamaq. Hətta utanmaq lazım gələn məsə­lələrdə belə öyrənmək üçün sual vermək caizdir. Həqiqətən, iki şəxs elm öyrənə bilməz: utanan və təkəbbürlü olan.

– Utandırıcı sual verməzdən əvvəl, soruşulan şəxsə münasib başlıq ilə (Allah haqqı deməkdən utanmaz və s.) müraciət etmək.
37. Aişə (r.a) rəvayət edir ki, «mən Peyğəmbərin (s.ə.s) üzərinə məni düşmüş paltarını yuyardım və onun ləkəsi getməsə də Rəsulullah (s.ə.s) o paltarda namazını qılardı» (əl-Buxari, 231; Müslim, 670).

Başqa bir rəvayətdə deyir ki, «əlimlə onu sürtərdim və Peyğəmbər (s.ə.s) də o paltarla namazını qılardı» (Müslim, 672).


37-ci hədisdən çıxarılan nəticələr:

İslam alimləri məninin hökmü barəsində müxtəlif rəydədirlər:

* Hənəfi və Maliki məzhəbinə görə məni nəcis sayılır. Onlar dəlil olaraq bu hədisə əsaslanırlar və deyirlər ki, Aişənin (r.a) Peyğəmbərin (s.ə.s) paltarını yuması, məninin nəcis olmağına dəlalət edir.

* Şafii, Hənbəli məzhəbi, İbn Həzm, hədis əhli və İbn Teymiyyənin rəyinə görə məni nəcis sayılmır. Onlar aşağıdakı dəlillərə əsaslanırlar:

a) Aişənin (r.a) Peyğəmbərin (s.ə.s) paltarını sürtməsi buna dəlalət edir. Nəcis olsa idi, sürtməklə kifayətlənməz, əksinə onu yuyardı.

b) İnsan mənidən törənmişdir və ağıla sığılmazdır ki, Uca Allah onu nəcisdən (murdar maddədən) yaratsın.

v) Peyğəmbər (s.ə.s) sidikdən təmizlənməyi əmr etdiyi kimi mənidən təmizlənməyi əmr etməmişdir.

q) Məniyə bulaşmış paltarın yuyulması onun nəcis olmasına dəlalət etmir, məs. palçıq və s. bulanmış paltarın yuyulması kimi.

– Məni bulaşmış paltarın, bədənin və s. yuyulmasının vacib olmaması;

– Məninin nəcis sayılmaması;

– Məni bulaşmış paltarın, bədənin və s. yuyulmasının müstəhəb olması.
38. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Qadınının əlləri və ayaqları arasında oturub ona cəhd1 göstərənə qüsl etmək vacibdir» (əl-Buxari, 291; Müslim, 781).

Başqa bir rəvayətdə: «məni ifraz etməsə belə» (Müslim, 782).


38-ci hədisdən çıxarılan nəticələr:

– Cinsi əlaqədə olana, məni ifraz etməsə belə, qüsl etməyin vacib olması.


39. Əlinin (r.a) nəvəsi Məhəmməd rəvayət edir ki, o, atası Hüseyn (r.a) və bir dəstə camaat Cabir ibn Abdullahdan (r.a) qüsl haqqında soruşdular. O dedi: «Bir saa1 kifayət edər». Bir kişi: «Mənə kifayət etmir» – dedikdə, Cabir ona: «Səndən çox saçı olan və səndən də xeyirlisinə (yəni Peyğəmbərə (s.ə.s) kifayət edərdi» – deyib sonra bizə imamlıq edib namazı qıldırdı. (əl-Buxari, 252; Müslim, 731).

Başqa ləfzdə olunan rəvayət: «Peyğəmbər (s.ə.s) üç dəfə başına su tökərdi» (əl-Buxari, 255).

Müəllif deyir ki, Cabirə (r.a) «Mənə kifayət etmir» – deyən kişi Məhəmmədin2 oğlu Həsəndir.
39-cu hədisdən çıxarılan nəticələr:

– Cənabət qüslünün vacib olması;

– Dörd ovuc suyun qüsl etmək üçün kifayət olması;

– Suyu israf (həddindən artıq lazımsız yerə istifadə etmək) etmə­məyin müstəhəb olması;

– Peyğəmbərin (s.ə.s) sünnəsinə müxalif olanhər bir əməlin inkar edilməsi.


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə