Elm haqqında elm
16
mizdə çox ləng gedir. Baxmayaraq ki, Azərbaycanda elmşünaslıqla bağlı
tədqiqatların aparılmasına hələ 70-ci illərdən başlanılmışdı, müstəqillik
dövründə bu sahədə məqsədyönlü siyasət aparılmadığından “elmdə isla-
hat” işləri əsasən kortəbii və pərakəndə surətdə həyata keçirilmişdir. Ancaq
Azərbaycan Respublikası Prezidentinin neft kapitalını intellektual kapitala
çevirmək haqqındakı məşhur çağırışından sonra bu sahəyə diqqət artmış və
ölkəmizdə elmşünaslığın inkişaf etdirilməsinə necə böyük ehtiyac olduğu
üzə çıxmışdır.
“Elm haqqında elm” kitabında biz, bir tərəfdən bu ehtiyacı ödəməyə,
yəni elm haqqında, onun funksiyaları, inkişaf qanunauyğunluqları haqqın-
da məlumat verməyə, digər tərəfdən də bu sahədə çağdaş problemləri araş-
dıraraq, təkcə ölkəmiz üçün deyil, bütün dünya elmşünaslığı üçün aktual
olan bir sıra mühüm məsələləri tədqiq etməyə çalışmışıq. Bu məqsədlə
Qərb elmşünaslıq məktəbində əldə olunmuş nailiyyətlərlə keçmiş Sovetlər
birliyində aparılan tədqiqatların nəticələrini birləşdirmək, habelə Şərq el-
mi-fəlsəfi fikir ənənələrində bu məsələyə dair əhəmiyyətli sayıla biləcək
ideyaları nəzərə almaq mövqeyindən çıxış etmişik. Belə ki, Qərb fəlsəfə-
sində elmin bir məntiqi-koqnitiv sistem kimi tədqiqinə geniş yer verilsə də,
onun sosial aspektləri, texnika və istehsalla qarşılıqlı əlaqəsi məsələləri öz
elmi-fəlsəfi ifadəsini marksizmdə daha çox tapmışdır. Texnika və texnolo-
giyanın elmi-fəlsəfi əsaslarının Azərbaycanda çox az tədqiq olunduğunu
və müasir dövrdə elm haqqında tam təsəvvür yaratmaq üçün bu sahələrin
də işıqlandırılması zərurətini nəzərə alaraq, biz kitaba texnika və texniki
biliklə bağlı olan, habelə sovet dövründə “elmi-texniki tərəqqi” və “elmi-
texniki inqilab” adı altında aparılan tədqiqatların əsas məzmununu da daxil
etməyi məqsədəuyğun hesab etmişik.
Müstəqil və müasir bir ölkə olaraq, Azərbaycanda elmi inkişaf etdir-
mək cəhdləri anlaşılandır. Yəni biz istəyirik ki, inkişaf edən iqtisadiyyatı-
mız, sənayemiz, kənd təsərrüfatımız və xidmət sahələrinin geniş şəbəkəsi
ilə yanaşı, öz milli mədəniyyətimiz, ədəbiyyatımız, musiqimizlə yanaşı –
öz elmimiz də olsun. Və bu məqsədlə dövlət büdcəsindən də hər il xeyli
miqdarda pul ayrılır, elmi tədqiqat müəssisələri fəaliyyət göstərir, kitablar
çap olunur və s. Lakin elm spesifik bir sahədir. Hər ölkənin öz elmi ola bil-
məz. Həqiqi elmin subyektlərindən birinə çevrilmək üçün isə ilk növbədə
elmin təbiətini, özünəməxsus cəhətlərini, “huyunu-xasiyyətini” bilmək la-
zımdır. “Elm haqqında elm” də məhz bu ehtiyacdan dolayı yaranmışdır.
Giriş
17
Müasir mərhələdə Azərbaycanda yüksək
ictimai-iqtisadi inkişaf
tempi, təbii ki, elmin də bu proseslərdə fəal iştirakının təmin edilməsi vəzi-
fəsini qarşıya qoyur. Digər tərəfdən, elmin funksiyalarını ancaq iqtisadi sə-
mərə ilə məhdudlaşdırmaq olmaz. Elmin həm də humanitar missiyası və
dünyagörüşünün formalaşdırılmasında mühüm rolu vardır. Cəmiyyətdə nü-
fuzlu elm adamlarının, böyük intellekt sahiblərinin fikri nə qədər çox nəzə-
rə alınsa, bir o qədər yaxşıdır. İndi çoxlu ictimai təşkilatlar, o cümlədən,
elm və təhsil sahəsində beynəlxalq və milli elmi mərkəzlər, assosiasiyalar,
fondlar, habelə, müxtəlif profilli akademiyalar yaradılır. Cəmiyyətdə ge-
dən proseslərdə istər-istəməz ictimai rəyin rolu artır və bu təşkilatlar onun
formalaşmasına böyük təsir göstərirlər. Demokratik cəmiyyətdə sağıcı ilə
alimin səsi bərabər olduğu kimi, belə təşkilatlar da bir hüquqi şəxs olaraq
ictimai-siyasi proseslərə qatılmaq üçün eyni hüquqi imkanlara malikdir.
Kapitalizm cəmiyyətinə doğru getdiyimiz üçün kapital öz qüdrətini bütün
sahələrdə, o cümlədən, elm və təhsil sahələrində də göstərməyə başlamış-
dır. Lakin elm sahəsində kapitalın dövriyyə müddəti çox böyük olduğun-
dan, yeni yaranan burjuaziya elmi tədqiqat sahələrinə investisiya qoymaq
barədə düşünmür. Əsl elmin əvəzinə, onun ancaq adından və nüfuzundan
bəhrələnmək üçün psevdoelmi təşkilatlar və qurumlar yaradılır, elmi adlar
altında cəfəng məzmunlu və ya çoxdan məlum olan biliklərdən ibarət qa-
lın-qalın kitablar buraxılır, müxtəlif cür elmi titullar, fəxri adlar, mükafat-
lar təsis edilir. Nəticədə kapital həqiqi elmin inkişafı üçün nə isə etməyə
tələsməsə də, onu psevdoelmi mühitlə əvəz etməyə çalışır və müasir rek-
lam texnologiyasına söykənən zahirən zəngin, dəbdəbəli üz qabığının pa-
rıltısında itirib-batırır, gözəgörünməz edir. Kim isə ingilis dilini bildiyinə
görə xarici ölkələrdən sertifikatla qayıdır, kim isə internetin imkanlarından
istifadə edib yeni-yeni informasiyalarla əsl alimləri belə mat qoyur, kim isə
sadəcə pulu olduğuna görə öz adına həmin bu informasiyaların tərcüməsin-
dən ibarət qalın-qalın kitablar buraxdırır. Kim isə yenə də sadəcə pulu və
ya vəzifəsi olduğuna görə, heç ingilis dilini öyrənməsə də, heç internetdən
istifadə edə bilməsə də, dolayısı ilə onlardan bəhrələnir, kim isə heç yeni
informasiyadan da istifadə etmədən, başqalarının əməyi hesabına kitablar
və dissertasiya işləri yazdırır və s.
Sual oluna bilər ki, əgər indiki şəraitdə elmi-tədqiqat işinə heç kim
maya qoymaq istəmirsə, bəs onda elmi adlara, titullara, müxtəlif “beynəl-
xalq” psevdoelmi təşkilatların, “akademiyaların” yaradılmasına və onların