122
və mədəniyyətlə bağlı informatik materialların yayılması və s. Avropa Şurasına daxil olan ölkələrin
təhsil sistemləri bir-birindən köklü surətdə fərqlənir. Müxtəlif Avropa ölkələrində təhsil
sistemlərindəki mövcud idarəetmə, maliyyələşdirmə, proqram, dərslik, metodika və digər sahələrdə
fərqlər tədricən aradan qaldırılmaqdadır. Bu ölkələrin inteqrasiyası təhsil sistemlərinin də
inteqrasiyasını tələb edir. Təhsil sahəsində geri qalmış ölkələrə həm beynəlxalq, həm də şuranın
digər inkişaf etmiş ölkələri müxtəlif növ yardımlar edirlər. Təhsilin səviyyəsinin bütünlükdə
qalxması və eyniləşdirilməsi Avropa Şurası təşkilatı qarşısında ən əsas vəzifələrdən biri kimi elan
olunur.
Sosial institutların gələcək inkişafının bir başa keyfiyyətli təhsillə bağlıdır. Azərbaycan
Avropa və Asiya sərhədlərində yerləşir. Azərbaycanın Avropa Şurasına daxil olması ölkəmizdə
gedən təhsil islahatlarının məhz avropa standartları çərçivəsində aparılmasını tələb edir.
Azərbaycanın geostrateji vəziyyəti, maddi sərvətləri, intellektual insan ehtiyatlarının və s. olması
bizim ölkəmizi Avropa üçün “maraqlı” edir. Son illər ölkəmizdə təhsil islahatlarını aparmaq üçün
dünya maliyyə institutları tərəfindən ayrılmış kreditlər və qrantlar bunu bir daha sübut edir.
Təhsil dövlət siyasətinin əsas hissələrindən bir olub, daim diqqət mərkəzində olmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının Təhsil hüququ adlanan 42-ci maddəsində göstərilir: 1. Hər bir
vətəndaşın təhsil almaq hüququ vardır. 2. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin
edir. 3. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. 4. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı
şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Qeyd etmək lazımdır ki, təhsil sahəsində dövlət
siyasətinin prinsipləri Azərbaycan Respublikasının Təhsil Qanunu ilə nizama salınır.
Təhsil sisteminin vəzifəsi dövlətin qoyduğu sərmayəni gənclərin biliyinə çevirməkdən,
maddi varlığı intellektual varlığa çevirməkdən ibarətdir. Azərbaycan müstəqillik əldə etdikdən
sonra ölkədə təhsil sistemində bir sıra islahatlar aparıldı. Təhsilin keyfiyyətinin artırılması,
beynəlmiləlləşdirilməsi, idarəetmə mexanizmlərinin yaradılması, kadrların hazırlanması və
attestasiya mexanizmlərinin yaradılması, səmərəli təlim-tərbiyə proqram və metodların
hazırlanmasını, pedaqoji kadrların hazırlıq səviyyəsinin yeni tələblər əsasında qurulması, mövcud
kadrların ixtisasının vaxtaşırı artırılması sahəsində mühüm nailiyyətlər əldə edildi.
Təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin
sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması
nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərlə müəyyən edilən bir anlayışdır. Bu tələblər
cəmiyyət tərəfindən müəyyən edilir və cəmiyyətin inkişaf səviyyəsindən asılı olur. Cəmiyyətin
inkişafı ilə əlaqədar olaraq təhsilin məqsədi və bu məqsədlərə çatmaq üçün təhsilin məzmununa
qoyulan tələblər də dəyişir. Bu tələblər konkret olaraq müəyyən normativ sənədlər - standartlar
şəklində ifadə olunur.
Müasir dövrdə təhsilin və təlimin məzmununa bəşəriyyət tərəfindən əldə edilmiş sosial
təcrübənin bütün elementləri daxil edilməlidir.
Müasir dünya ölkələri, o cümlədən bütün inkişaf etmiş ölkələr təhsili strateji üstün sahə elan
edir və ölkələrinin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu göstərirlər.
Təhsilin inkişafı üçün öyrədənlərin aşağıdakı əsas şəxsi keyfiyyətlərinin olması zəruridir:
- işgüzarlıq və yaradıcı təfəkkürün olması;
- fəaliyyətin modelini qura bilmək bacarığı;
- planlaşma
aparmaq qabiliyyəti;
- problemləri dəqiq başa düşmək və yaradıcı həll etmək bacarığı;
- mühit tərəfindən neqativ təsirlərə davam gətirmək bacarığı;
- aralıq nəticələri müşahidə etmək və ortaya çıxarmaq
qabiliyyəti;
- ziddiyyətlərin həllində lazım olsa alternativ variantlar tapa bilmək qabiliyyətinin olması və s.
İnkişaf etməkdə olan informasiya və kommunikasiya texnologiyaları qlobal təhsil sisteminə
də böyük təsir göstərməkdədir. Qloballaşma proseslərinin sürətlənməsində informasiya
kommunikasiya texnologiyalarının, xüsusən də internetin mühüm rolu vardır. Təhsil sistemində
müasir İKT-nin tətbiqi bu gün qloballaşan dünyanın, innovativ inkişafın zəruri tələblərindən biridir.
Qeyd etmək lazımdır ki, müasir dövrdə təhsilin qloballaşması İKT-nin potensial
imkanlarından maksimum faydalanmağa yönəlmişdir və təhsil sahəsində tədris prosesini internet
123
üzərindən həyata keçirərək virtual şəbəkə vasitəsilə insanların təhsil almasına şərait yaradır.
XXI əsrdə informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir
göstərən əsas amillərdən birinə çevrilmişdir. İKT-nin təsir dairəsi dövlət strukturlarını və vətəndaş
cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə
insanların həyat tərzini əhatə etməkdədir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr
informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar.
İnformasiya cəmiyyətinin əsas xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar:
- qlobal informasiya mühitinin yaradılması;
- informasiya və kommunikasiya texnologiyalarından
kütləvi istifadə edilməsi;
- informasiyanın
əmtəəyə çevrilməsi, informasiya və bilik bazarının yaradılması və inkişafı;
- təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya
mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət
səviyyəsinin artması;
- demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial institutların məlumat almaq,
onu yaymaq və istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradılması.
İnformasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin
hərtərəfli inkişafına xidmət edir və bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud
olan problemlərin həll olunması üçün tutarlı vasitələrdəndir.
İqtisadiyyatın inkişafı üçün mühüm şətlərdən biri təhsilin inkişafı hesab olunur. Təhsil
cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət
sahəsidir. Təhsilə münasibət millətin gələcək taleyinə münasibətdir. İctimai həyatın bütün
sahələrində bacarıqlı mütəxəssislər yetişdirməkdə təhsilin rolu əvəzsizdir.
Nəzərə almaq lazımdır ki, təhsil elmi biliklərin mənimsənilməsi prosesidir. Düzgün təşkil
olunmuş təhsil prosesi yaradıcı təfəkkürü də inkişaf etdirir. Elmin məqsədi insanın intellektual
dünyasını zənginləşdirmək, onu daha bilikli etmək və bu biliyin qüvvəyə çevrilməsi üçün ona
kömək etməkdir. Qeyd etmək lazımdır ki, elmi biliyin maddi qüvvəyə çevrilməsi istehsal
prosesində keyfiyyət dəyişikliyi yaradır.
Universitetlərin reytinqinə təsir edən əsas faktorlardan biri elm və təhsil mühitidir.
Müntəzəm seminar, konfranslar, yeni elmi nəticələrin çapdan öncə müzakirəsi də çox
əhəmiyyətlidir və elm-təhsil mühitinin tərkib hissəsidir. (3. 95)
Qlobal elm və təhsil məkanına inteqrasiya edən Azərbaycanda hər iki sahənin qarşısında
duran başlıca vəzifə qabaqcıl texnologiyalar əsasında innovativ inkişafa nail olunması, yeni tədris
mexanizmlərinin işlənilməsi, təlim-tədris prosesində yeni elmi-metodiki nailiyyətlərin tətbiq
edilməsidir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində mühüm məsələlərdən biri də gənc nəslin
innovativ inkişafında böyük önəm kəsb edən və informasiya cəmiyyətinin yeni tədris modeli olan
distant tədris sisteminin tətbiqidir.
Ölkəmizdə yeni təlim formalarının, o cümlədən distant tədrisin inkişafı və tətbiqi, interaktiv
tədris imkanlarından geniş istifadə olunması istiqamətində kompleks işlər həyata keçirilir.
Respublikanın bütün elm və təhsil müəssisələrində qabaqcıl texnologiyalar əsasında distant tədris
mərkəzlərinin yaradılması istiqamətində mərhələli şəkildə tədbirlər görülür.
Beləliklə, qloballaşma prosesinin təsiri ilə Azərbaycan təhsil sistemi Avropa təhsil sisteminə
inteqrasiya etməkdədir. Bununla yanaşı, keçmiş səhvlərin təkrarı yolverilməzdir. Yəni
Azərbaycanda təhsil islahatları apararkən milli mənafelər nəzərə alınmalıdır. Təlim məsələlərində,
xüsusən də ayrı-ayrı fənlərin tədrisinin plan və proqramlarında, yeni metodların yaradılmasında
Avropa ölkələrinin əldə etdiyi müsbət təcrübə müəyyən araşdırmalardan sonra ölkə təhsil sisteminə
tətbiq oluna bilər. Təhsilin tərbiyə məsələlərində milli özünüdərk və dövlətçilik prinsipləri önə
çəkilməlidir. Yüksək vətəndaş mövqeli insanların yetişdirilməsi təhsil sisteminin əsas vəzifəsidir.
ƏDƏBİYYAT
1.
Əliyev H.Ə., “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında”. Bakı, 2001
2.
Süleymanova E. Qloballaşan dünyada insan hüquqları.
Qloballaşma və informasiya
cəmiyyətinin problemləri. (elmi məqalələr toplusu). Bakı, 2011, 227 səh.