Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   4   5   6   7   8   9   10   11   ...   164

17 
Yarandıqdan  5  il  sonra  muxtariyyət  müstəsna  olaraq  dövlətin  səlahiyyətinə  daxil  olan 
məsələlər  hesabına  öz  səlahiyyətlərini  genişləndirə  bilər.  Bu,  muxtariyyətin  statutuna  dəyişikliklər 
etməklə ola bilər. Digər tərəfdən Baş korteslər qanunvericiliyə uyğun olaraq, ümumdövlət qanunu 
ilə müəyyənləşdirilmiş prinsiplərə əməl edilməsi şərti ilə dövlətin səlahiyyətlərinə aid sahələrə üzrə 
səlahiyyətləri muxtariyyətlərə verə bilər. Belə səlahiyyətlər ölkə parlamenti tərəfindən hər bir belə 
halda  bu  cür  qanunvericiliyə  görə  müvafiq  maliyyə  vasitələrinin  və  nəzarət  formasının  transfer 
edilməsini nəzərdə tutan orqanik qanunun qəbul edilməsi yolu ilə ötürülə bilər [8, s. 604].  
Muxtar vilayətlər öz hakimiyyət və idarəetmə orqanlarına malikdir. Hakimiyyət sistemində 
aparıcı  yeri  vilayət  əhalisinin  nümayəndəli  təmsilçilik  orqanı  olan  parlament  tutur.  Parlament  – 
birpalatalı təsisat olub, proporsional təmsilçilik prinsipi üzrə keçirilən ümumi seçkilərdə formalaşır 
və öz səlahiyyətləri çərçivəsində qanunverici hakimiyyət orqanıdır. Parlament 4 il müddətinə seçilir 
və  səlahiyyət  müddəti  başa  çatmamış  buraxıla  bilməz.  Onun  səlahiyyətləri  seçki  müddəti  bitdikdə 
qurtarır.  Parlamentin  əsas  funksiyaları  muxtariyyətin  sosial,  iqtisadi  və  mədəni  həyatının  əsas 
istiqamətləri üzrə qanun layihələrinin müzakirəsi və muxtariyyətin qanunlarının qəbul edilməsidir. 
Parlamentin maliyyə sahəsində də əhəmiyyətli səlahiyyətləri vardır. Bu, ilk növbədə özünü 
muxtariyyət  hökumətinin  təqdim  etdiyi  vilayətin  büdcəsinin  müzakirə  edilməsində  göstərir. 
Parlament vilayət büdcəsinin icrasına nəzarəti həyata keçirir. Həmçinin vilayətdə vergilər, yığımlar, 
tariflər  və  digər  ödəniş  növləri  müəyyən  etmək  hüququna  malik  olub,  qiymətli  kağızların 
emissiyasını  həyata  keçirir.  Parlament  vilayəti  Baş  korteslərin  Senatında  təmsil  edən  senatorları 
təyin  edir.  Senatorlar  parlament  fraksiyalarının  təmsilçilik  proporsiyası  nəzərə  alınmaqla  təyin 
edilir.  Parlamentin  funksiyalarına  muxtariyyət  hökumətinin  başçısının  təyin  edilməsi  və  ya 
seçilməsi  də  daxildir.  Bir  neçə  vilayətdə  parlament  bir  sıra  xarici  parlamentlərdə  ombudsmanın 
funksiyalarını yerinə yetirən şəxsi (xalq müdafiəçisini) təyin etmək səlahiyyətinə malikdir. 
Muxtar  vilayətin  idarə  olunmasında  icraedici  və  inzibati  funksiyaları  həyata  keçirən  orqan 
çox  mühüm  rol  oynayır.  Bir  çox  hallarda  bu  orqan  hökumət  və  ya  hökumət  şurası  adlanır 
(Kataloniyada  –  İcraedici  Şura,  Andalusiyada  –  Xunta  (Şura)  və  s.).  Muxtariyyət  hökumətinin 
strukturu,  onun  səlahiyyətləri  və  fəaliyyət  formaları  muxtariyyət  parlamentinin  qəbul  etdiyi  cari 
qanunvericiliklə  müəyyənləşir.  Muxtariyyətin  hökuməti  üzvlərinin  sayı  10-15  arasında  dəyişən 
müşavirlərdən  ibarətdir.  Hökumətin  hər  bir  üzvü  onun  rəhbərliyinə  verilmiş  fəaliyyət  sahəsində 
(iqtisadiyyat,  kənd  təsərrüfatı,  ticarət,  maliyyə,  daxili  işlər,  ədliyyə  və  s.)  onun  ünvanına  verilən 
parlament interpellyasiyası (sorğusu) üzrə fərdi məsuliyyət daşıyır.  
Hökumət şurasının sədri muxtariyyətin icra hakimiyyəti orqanları sistemində əlaqələndirici 
vəzifəli şəxsdir. O, parlament tərəfindən öz deputatları sırasından parlamentin səlahiyyət müddətinə 
seçilir. Seçilmiş şəxs Kral fərmanı ilə muxtariyyətin hökumət sədri vəzifəsinə təyin olunur ki, bu da 
regionun  icra hakimiyyəti  orqanı  başçısının  vacib  vəzifə olduğunu sübut edir. Hökumətin sədri öz 
funksiyalarının həyata keçirilməsinə görə parlament qarşısında fərdi məsuliyyət daşıyır. Parlament 
ona  etimadsızlıq  votumu  göstərə  bilər,  bu  halda  sədr  və  bütün  hökumətin  tərkibi  istefa  verir. 
Hökumətin sədri parlamentin razılığını almadan öz sərəncamı ilə hökumət üzvlərini vəzifəyə təyin 
və  vəzifədən  azad  edir.  O,  muxtariyyət  parlamentində  hökumət  adından  qanunvericilik  təşəbbüsü 
qaldırır, iki həftə ərzində parlamentin qəbul etdiyi qanunları elan edir [8, s. 605].    
Bir qayda olaraq, muxtar hökumət mərkəzi hakimiyyət və idarəetmə orqanlarının preroqativi 
olan  xarici  siyasət  sahəsində  hər  hansı  funksiyalardan  məhrum  edilmişdir.  Lakin  statutlarda 
muxtariyyətin  mənafeyinə  toxunan  xarici  siyasət  məsələlərinə  dair  muxtariyyət  hökumətinin 
məlumat  alması  hüququ  təsbit  olunmuşdur.  Bunlar  sərhəd,  gömrük,  miqrasiya,  ispan  fəhlələrinin 
digər ölkələrdəki hüquqi vəziyyətinə dair və s. məsələlər ola bilər. Hökumət təhlükəsizlik məqsədi 
ilə  birbaşa  özünə  tabe  olan  xüsusi  polis  hissələri  yarada  bilər.  Muxtariyyətin  təhlükəsizliyinin 
qorunması istiqamətində hökumət öz fəaliyyətini mərkəzi hökumətin fəaliyyəti ilə əlaqələndirir.  
Konstitusiyanın  87-ci  maddəsinə  görə  muxtar  regionun  Baş  korteslərdə  birbaşa 
qanunvericilik təşəbbüsü hüququ olmasa da (bu hüquq yalnız hökumətə və parlamentin palatalarına 
verilmişdir – E.C.), muxtar icmanın assambleyası qanun layihəsinin qəbulu ilə bağlı hökumətə və 
ya  Konqresin  rəyasət  heyətinə  qanunvericilik  təklifi  haqqında  xahişlə  müraciət  edə  və  bu  təklifi 
müdafiə  üçün  həmin  palataya  üç  üzvünü  göndərə  bilər.  Muxtariyyətin  parlamenti  hansısa 


18 
ümummilli  qanunun  Konstitusiyaya  uyğun  olmadığı  barədə  iddia  ilə  İspaniya  Konstitusiya 
məhkəməsinə  müraciət  etmək  hüququna  malikdir.  Bundan  başqa,  muxtar  icmalar  İspaniyanın 
Avropa İttifaqı (Aİ) çərçivəsində qərarlar qəbul etməsi prosesində iştirak edir. 
Beləliklə,  İspaniya  Konstitusiyası  ölkənin  17  tarixi  regionuna  kifayət  qədər  geniş  daxili 
muxtariyyət  səlahiyyətləri  vermişdir.  Basklar  ölkəsi  və  Kataloniya  hətta  xarici  ölkələrə  iqtisadi 
əlaqələr qurmaq hüququ əldə etmişdir. Lakin bu fakt onların milli fərqliliyi ilə bağlı deyil. Sadəcə 
bu  regionlar  ən  sənayeləşmiş  və  ölkənin  sərhədlərində  yerləşdikləri  üçün  xarici  bazara  birbaşa 
çıxışa malikdir. Ümumiyyətlə, regionların 2-si (Basklar ölkəsi, Kataloniya) 1979-cu ilin dekabrında, 
4-ü (Andalusiya, Asturiya, Qalisiya, Kantabriya) 1981-ci ildə, 7-si (La Rioxa, Mursiya, Valensiya, 
Araqon,  Kastiliya-La  Mança,  Kanar  adaları,  Navarra)  1982-ci  ildə  seçkilərədək  muxtariyyət  əldə 
etmişdi.  Qalan  4  region  (Kastiliya  və  Leon,  Madrid,  Balear  adaları,  Ekstremadura)  1983-cü  ildə 
muxtariyyət  statusu  qazandı.  1995-ci  ilin  martında  Afrika  qitəsində  yerləşən  Seuta  və  Melilya 
şəhərlərinin muxtariyyət əsasnamələri qəbul  edildi.  Lakin  muxtar icmalardan fərqli olaraq muxtar 
şəhərlər öz qanunverici orqanlarını yaratmaq hüququna amlik deyillər. 
1980-ci  illər  “muxtariyyətlər  dövləti”nin  inkişafında  dönüş  dövrü  oldu.  Muxtariyyət  üzrə 
komissiya  ekspertlərinin  hesabatı  və  1981-ci  il  iyulun  31-də  ispan  hökuməti  və  İSFP  tərəfindən 
imzalanan  “Muxtariyyət  müqaviləsi”  hakimiyyətin  ötürülməsi  prosesini  müəyyən  qədər  qaydaya 
salmaq,  muxtariyyətləşmə  prosesinin  dərinləşməsini  təmin  edən  operativ  əsasların  yaradılması 
cəhdlərini  özündə  əks  etdirirdi.  1982-ci  ilin  iyununda  Deputatlar  konqresi  tərəfindən 
“Muxtariyyətləşmə prosesinin əlaqələndirilməsi haqqında” Orqanik Qanun qəbul edildi. Qanundakı 
müvəqqəti qeydə görə onun qüvvəyə minməsi 5 ay müddətinə təxirə salınırdı. Çoxluğun milli siyasi 
partiyaları  olan  Demokratik  Mərkəz  İttifaqı  (DMİ)  ilə  İSFP  azlığı  təmsil  edən  partiyalarının  və 
regional  milli  partiyaların  ilkin  iştirakı  olmadan  “Muxtariyyət  müqaviləsi”ni  işləyib  hazırladı.  Bu, 
mərkəzlə əyalətlər arasında birləşmədən geri addım atmaq demək idi. Məhz bu amil Kataloniya və 
Baskoniyanın  regional  hökumətlərinin  “Muxtariyyətləşmə  prosesinin  əlaqələndirilməsi  haqqında” 
qanunu rədd etməsinə səbəb oldu [1, s. 168, 170; 13, s. 39]. 
Ölkədə  baş  verənləri  mərkəzi  hakimiyyətin  zəifləməsi  kimi  qiymətləndirən  bir  qrup 
hərbiçinin 1981-ci il fevralın 23-də baş verən və kral tərəfindən dəstəklənmədiyi üçün uğursuzluğa 
düçar  olan  dövlət  çevrilişi  cəhdindən  sonra  hakimiyyət  müxalifətlə  “muxtariyyətləşmə”  prosesini 
zəiflətmək,  ordunu  və  sağçı  qüvvələri  sakitləşdirmək  barədə  razılığa  gəldi.  Kataloniya,  Basklar 
ölkəsi, Qalisiya və Andalusiya ilə yanaşı, muxtariyyətə can atan digər regionlar da Konstitusiyanın 
regionların və əyalətlərin statusunu müəyyən edən 143-cü maddəsi ilə qane olmalı idilər. Korteslərə 
1981-ci  il  sentyabrın  29-da  təqdim  edilən  ziddiyyətli  “Harmonik  muxtariyyət  haqqında”  Qanun 
1980-ci ilin martında keçirilən regional seçkilərdə muxtariyyətin ilk meyvəsini dadan baskların və 
katalonların kəskin müqaviməti ilə qarşılaşdı: qanun layihəsi Konstitusiya məhkəməsinə verildi, o 
isə  öz  növbəsində  qanunu  muxtariyyətləşmə  prosesində  geriyə  addım  kimi  qiymətləndirdi. 
İspaniyanın  NATO-ya  üzv  qəbul  olunması  (1982,  30  may)  hərbi  dairələrin  sakitləşdirilməsində 
mühüm rol oynadı, əvəzində muxtariyyətləşmə prosesi daha rəvan davam etdirildi [10, s. 282, 284]. 
Bir çox regionlarda muxtariyyət  institutlarının hələ  yaradılmaqda  olmasına baxmayaraq, regional-
milli  problemin həlli xalqın  böyük dəstəyini qazandı.  1982-ci  ildə keçirilən sorğunun nəticələrinə 
görə, ispanların 47%-i öz muxtariyyətini müdafiə edəcəyini bildirmiş, 28%-i mərkəzçiliyin tərəfdarı 
olmuş, 11%-i federalizmi bəyənmiş, 4%-i isə öz icmasının müstəqilliyini istəmişdi [20, s. 391].  
1983-cü  ilin  avqustunda  Konstitusiya  məhkəməsinin  qərarı  ilə  “Muxtariyyətləşmə 
prosesinin  əlaqələndirilməsi  haqqında”  qanunun  38  maddəsindən  14-ü  etibarsız  elan  edildi.  Bu  o 
demək idi ki, heç bir qanun Konstitusiya ilə muxtariyyət əsasnamələri arasında vasitəçi qanun kimi 
çıxış  edə  bilməz,  çünki  əsasnamələrin  özü  konstitusion  xarakter  daşıyırdı  [11,  s.  176-219;  17]. 
Konstitusiya  məhkəməsinin  qərarının  ardından  1983-cü  il  oktyabrın  14-də  “Muxtariyyətləşmə 
prosesi  haqqında”  qanun  qəbul  edildi.  Qanun  hər  bir  muxtar  regiona  özünün  paytaxtı  olması 
hüququnu  verərək  yeni  siyasi-inzibati  bölgünü  təsdiqlədi.  15  keçmiş  tarixi  vilayətin  əvəzində 
yaradılan  17  muxtar  regiondan  11-i  (Kataloniya,  Basklar  ölkəsi,  Qalisiya,  Andalusiya,  Araqon, 
Valensiya,  Ekstremadura,  Asturiya,  Navarra,  Balear  adaları  və  Kanar  adaları)  tamamilə  əvvəlki 
tarixi vilayətlərin  yerində və onların sərhədlərinə uyğun idi. Eyni zamanda qədim Kastiliyanın və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə