169
natmağa həvəsliydilər. Başımı qatmağa, hirsimi boğmağa bir
şey axtarırdım. Avtobus işə düşəndə cavan bir uşaq əlində
peraşki torbası içəri girdi, – “Yaxşı isti peraşki var, peraşki
istəyən varmı?”.
– Qardaş 10 dənəsini ver – dedim.
Peraşki satan avtobusu o baş-bu baş gedənədək araq
şüşəsinin qapağını açıb başıma çəkdim, sonra da peraşkidən
bir dişləm alıb çeynədim. Araq, Dağıstanın “geydirmə”
arağı, peraşkinin kartofu isə kartof tozundan idi. Qurban
olum Allaha, Ramazan ayının 22-ci günüydü, belə demək
günahdı, amma, əsl geydirmə və haram dolu bir gün baş-
lamışdı.
Hə, elə hər şey də bu anlarda vaqe oldu. Peraşki satan
yerə düşdü. Avtobus təzədən yerindən tərpənmək istəyirdi
ki, 20-21 yaşında bir cavan oğlan əlində kalendar, ya da kart
böyüklüyündə olan, Quran ayələri və hansısa müqəddəsin
şəkli olan ramazan təqvimi və duaları olan vərəqlərlə maşına
dürtüldü, – “Ramazan duaları, ayələr, Məhəmməd peyğəm-
bərin, həzrət Əlinin şəkli (bilmirəm, bunlar həqiqətən bu
müqəddəs insanların öz şəkilləridir, ya, rəssam təxəyyülü-
nün məhsuludur..?). Kim istəyir, biri 20 qəpiyə...”. Zavallı
qaqaşım iki-üç dəfə car çəkəndən sonra ilk siftəsini eləmişdi
ki, 13-cü oturacaqdakı sərnişin oğlana səsləndi, – “Gətir bura
əlindəkiləri..!”. Oğlan əlindəki müxtəlif nüsxələrin hərəsin-
dən birini bu 50-52 yaşlı sərnişinə uzatdı. Zalımın balası,
təqvimləri alan kimi hamısını ikiyə bölüb cırıq-cırıq elədi, –
“Rədd ol düş avtobusdan küçük, hamınız İranın agentlə-
rinisiz! Belə zir-zibillə (əstəfurullah!) bəsdirin bu millətin
beynini yediniz! Cəhənnəm ol maşından, qoduq!”. Hamımız
bu qudurğan insanın hərəkətinə məəttəl qaldıq.
170
Yazıq oğlan çaşıb qaldı:
– A kişi, adam da Quran ayələrini cırar heç, sən mü-
səlman deyilsən!?
– Rədd ol dedim, mənim müsəlmanıma bax bir! Müsəl-
man da Quranla alver edər! Bir tərəfdən deyirsiniz şəkil
çəkdirmək haramdır, digər tərəfdən onların şəkillərini mon-
taj edib satırsınız!
– Səni Allaha tapşırıram. Allah özü öz bəlanı versin! –
satıcını elə bil ildırım vurmuşdu.
– Ə düş aşağı, küçüyün biri küçük..!, – kişi oturacaqdan
durub oğlanın biləyindən yapışdı. Çıxışa qədər dartıb
qapıdan çölə itələdi, – “İtil burdan, tərbiyəsiz!”.
Oğlan həmin sərnişin tərəfə keçdi və yerdən:
– Kaş atam yaşda olmayaydın, səni it balası kimi döyüb
öldürərdim, imansız kafir!
Yol yoldaşımız olacaq bu sərnişin ayağa qalxıb açıq
pəncərəsindən bayaqkı satıcıya çımxırdı:
– Sən bunun tərbiyəsizliyinə bax bir, gör özündən bö-
yüklə necə danışır! Düşsəm səni ayağımın altına salacağam!
İtil gözümdən!
Oğlan:
– Sənin kimi böyüyü lənətə gəlsin!
Kişi dözmədi. Yerindən çölə doğru götürülmək istəyən-
də sürücü Səid qapının dəstəyini çəkdi:
– A kişi fikir vermə! Görmürsən uşaqdır, niyə baş qo-
şursan ey!
Qapı bağlandı və avtobus axır ki qara tüstü buraxıb
ləngər vuraraq yerindən tərpənmək istədi. Pıçhapıç başlan-
dı. Yaşlı bir qadın ilk etiraz səsini qaldırdı – üzünü “13 saylı”
sərnişinə (adını axıradək bilmədiyimdən, elə belə də adlan-
171
dıracağam) tutub, – “Ağsaqqal kişisən, adam da bu müqəd-
dəs ayda Quran cırar! Qorxmursan Allahın cəzasından?!”.
“13-cü” cavab vermədi. Pəncərənin şüşəsini bir az da açdı ki,
içəri dolmuş tüstü çölə çıxsın. Ancaq təmiz hava yerinə,
yerdən bayaqkı oğlanın gülərüzlə oxuduğu lənəti gəldi –
düz onun pəncərəsinin qabağında avtobusla yanaşı yeriyib
aramla “13-cü”yə deyirdi:
– Qabağına uğur çıxmasın! Bütün yolboyu lənətim və
Allahın qəzəbi üstündə olsun! Getdiyin yer cəhənnəmə dö-
nüb səni udsun! Səni görüm əzablar içində öləsən! Get, indi
rahat get, əzablı ölümə doğru rəzil halda get! Ünvanını de
ki, evinizə qayıtmayacağını indidən xəbər verim...
“13-cü” yerindən dik atılıb çıxışa doğru cumdu. Sürü-
cüyə, – “Ə, aç qapını bu köpəyoğlunu öldürəcəyəm..!”
Səid:
– Əşşi otur görək! Uzaq yol gedəcəyik, əsəbləşdirməyin
məni görüm! Ehh..! – sonra da başını şüşədən çıxarıb oğlana
çımxırdı, – Sən də get Quranını başqa yerdə sat! – deyib
şüşəni bağladı və tam sürətlə avtovağzaldan çıxdıq. İçəri lal
bir sükuta qərq oldu. Hamı yanındakıyla bu imansız “13-
cü”nün şərəfsiz hərəkətini çöjəliyirdi. Bayaqkı qadın yenidən
cürətə gəlib səsini ucaltdı, – “Şeytanla yol yoldaşıyıq ay
camaat, Allaha dua edin, bəlkə sağ-salamat çata bilək!
Günümüz pis başladı, axırı xeyir olsun”...
“13-cü”nün isə heçnə vecinə deyildi. Key kimi lal otur-
muş, ölümcül göy gözlərini qabaqkı oturacağın arxasında bir
nöqtəyə zilləyib saqqız çeynəyirmiş kimi protez dişlərini
şaqqıldadırdı. Çox sakit adam idi – əsəbiyə oxşamırdı, ya da
bu sifətlə anormalın biri idi. Təmiz qırxılmış üzü, ağappaq,
seyrək və ipək kimi parlaq saçını arxaya daradığından ba-
172
şının qırmızımtıl dərisi görünürdü. Yoğun qarnı köynəyinin
düymələrini dartıb gərmişdi. Altdan mayka geymədiyindən
ağ tüklü, yağlavca dərisi və göbəyi görünürdü. Boz zolaqlı
sürtülmüş şalvarına yaraşan ağ köynəyi onu bir qədər
ziyalıya oxşadan yeganə şey idi. Hamı dəqiqəbaşı çönüb ona
baxır, o isə gözünü zillədiyi nöqtədən bircə an belə çəkmirdi.
Avtobus Xırdalana çatanda “13-cü”nün yanındakı sər-
nişin durub arxadakı boş oturacaqlardan birinə keçdi. Ən
arxa uzun oturacağı isə saqqallı və qısabalaq şalvarlı, cüssəli
bir cavan oğlan və bir qız bütövcə zəbt eləmişdilər. Bu
oğlanın pinti saqqallını ona görə xatırlayıram ki, hələ mən
avtobusa minəndə, bu oğlan başını yanındakı qızın dizinə
qoyub yatmışdı və hər dəfə araq şüşəsini başıma çəkəndə
qorxudan gözucu ona baxırdım.
Rusiya sərhəddinə çatanda artıq günortaydı. Sərhəddin
qarşısındakı yeməkxanaya gedib, ağaclıqda özümüzə yer
seçdik və adama bir kasa kiftə sifariş verdik. Yeməklərimizi
tələsik yeyirdik ki, birdən avtobus yola düşər çölün ortasın-
da qalarıq. Aldığım araqlardan birini özüm yolda peraşkiylə
içmişdim, digər yarımçığı da dostlarımla içib avtobusumuza
doğru tələsdik. Ancaq it əzabı buna deyirmişlər qardaş – düz
altı saat biz tərəfdə avaralandıq, – bizi buraxmalarını gözlə-
dik. Sonra bizi neytral zonaya buraxdılar – burda da düz iki
saat gözləyəsi olduq. İki dövlətin arasında – körpünün üs-
tündə sahibsiz qalmışdıq. Maşın karvanının ucu görünmür-
dü. Qadınlar öz körpə uşaqlarını elə yolun qırağındaca çiş
tutur, kişilər isə sərhədçi əsgərin görə biləcəyi qədər aralanıb
kol-kos dibindəcə özlərini boşaldırdılar. Amma bizim “13-
cü” avtobustan düşməmişdi. İki-üç dəfə yalnış “alarm”la
avtobusa minib yenidən düşdük. Amma daha avtobusdan
Dostları ilə paylaş: |