ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   80   81   82   83   84   85   86   87   88

 
325 
 
–  Hə!  İndi  neyliyək?  Təyyarə  Bakıya  bir  də  gələn  həf-
tənin  cümə  günü  uçacaq.  Kiyevdən  qayıdaq,  yoxsa  bir  az 
qalıb gəzək buraları? 
–  Yox,  əvvəlcə  biletlərimizi  sifariş  edək,  sonrasına  ba-
xarıq – dedim. 
Qayevski  aeroportla  əlaqə  saxladı.  Kiyevdən  Bakıya 
gedən  bütün  reyslərinə  gələn  həftəyədək  bütün  biletlər 
satılmışdı.  Naəlac  qalıb  gələn  həftəyədək  gözləməyi  qərara 
aldıq.  Həm  də,  –  “Gəlmişkən,  bir  az  gəzək  buraları”  –  fik-
riylə ikimiz də razılaşdıq.  
Yorğunluğumuzu çıxarmaq üçün ilk növbədə özümüzü  
bir  saunaya  verdik.  “İvan  Qroznı”  saunası  Odessada  çox 
məşhur  bir  saunadır.  Amma  istəyimiz  ürəyimizdə  qalsa 
necədir? Sən demə bu sauna üç rejimdə işləyirmiş – qadınlar 
günü,  kişilər  günü  və  ailəvi  günlər.  Ədəb-ərkanla  soyunma 
otağına girəndə, bir “xaxol” pülüyü sallana-sallana paltarını 
geyinib  yığışırdı.  Dedik,  yəqin  Bakıdakı  kimidir  –  soyunma 
otağı ümumi, kabinetləri isə ayrıca. “Ana bülbül” lütlənib ilk 
qapını  açdıq.  Özümüzü  geniş  bir  barda  lüt-üryan  tapdıq. 
Arvad-uşaq,  kişilər  skamyalarda  oturub  yemək  yeyir,  içir-
dilər.  “Eşşəyə  minmək  bir  ayıb,  düşmək  iki  ayıb”,  “əşşi, 
bunlar da rus kimi şeydilər də, çılpaq gəzmək bunlarda ayıb 
deyil  ki...”  –  deyib  qırılmış  addımlarımızı  inamsız  irəliyə 
doğru atdıq. Kimisi gülür, kimi üzünü döndərir, uşaqlar isə 
bizi barmaqla göstərirdilər. Uzun dar dəhliz yəqin ki, bardan 
keçib  buxar  kameralarına  aparırdı  –  çünki  alt  geyimli  ər-
arvad  əl-ələ  tutub  o  başdan  gəlirdilər.  Nəyinsə  düz  olma-
dığını  hiss  edirdik,  ancaq  geriyə qayıdıb rəzil günə  qalmağı 
arımıza  sığışdıra  bilmirdik.  Qarşıdan  gələn  ər,  arvadının 
qolundan tutub dəhlizin bir tərəfinə çəkdi: 


 
326 
 
–  Çəkil  bu  yana,  yoxsa  bu  qaradərili  hindular  səni  bu 
saat zorlayacaqlar!... 
Utandığımızdan  qabığımıza  girdik.  Yenə  də  inadımız-
dan dönmədik – irəliyə doğru addımladıq. Önümüzdəki qa-
pını  açıb  dumanlı  salona  daxil  olanda  Roma  hərəmxana-
larının  lüt  mənzərəsi  gözlərimizi  qamaşdırdı  –  qadın,  uşaq, 
qoca,  kişi  –  hamı  bir-birinə  qarışmışdı.  Axır  ki,  içlərindən 
qabağa düşən biri oldu və bizi bu rəzillikdən qurtardı: 
–  Hara  soxulursunuz  adə!  Görmürsünüz  bu  qədər 
arvad-uşağı, itilin burdan! 
Düz  sözə  nə  deyəsən,  bizə  də  elə  itilmək  lazım  idi  və 
itildik! Geriyə – soyunma otağına qayıdıb dinməzcə tərləmiş 
bədənimizi  sildik,  paltarlarımızı  geyindik.  Yarım  saatlıq 
xəcalətimizə  görə  “sauna  pulu”nu  ödəyib  tərləmək  qoxusu 
burnumuzda dilxor halda küçəyə çıxdıq. Ovqatımız əməllicə 
təlx olmuşdu, – “Görəsən türk olduğumuzu bildilər? Millətin 
adını lap biabır elədik!..”  
Aydın: 
– Yəqin elə bildilər ki, erməniyik... 
– Erməni özünsən! Özü də, ermənilər də sünnətsiz olur-
lar... – dedim. 
–  Denən  sənin  harana  yaraşır  saunaya  getmək!  Otelin 
hamamında çim, qaxıl otur da yerində! 
– Di yaxşı! Az töhmətlə bizi! Bir qələtdir da elədik! 
...Cibimizdəki pulları gözdən keçirib cumduq supermar-
ketlərə  –  alış-verişə.  Allah  kəssin  biz  müsəlmanın  arvaddan 
qorxmağını. Kişi ki çölə çıxdı, evdəkinin ürəyini dərhal şey-
tan ələ alır – “Yüz faiz rus nataşasıynan mazaqlaşır indi!” – 
düşünməyə başlayırlar. Evə də əliboş qayıtdınsa, vay halına 
– “Deməli, Nataşaya o qədər aludə olub ki, arvad-uşağına bir 


 
327 
 
pay-püş  almağı  da  unudub”  –  deyəcəklər.  Gözümüzün  tut-
duğu ucuz şeylərdən alıb doldurduq çantalarımıza. Hər kəsə 
bir  şey  aldığımızdan  əmin  olduqdan  sonra  isə  avara  qalıb 
küçələri,  gəzməli  yerləri  təkrar  veyilləndik.  Kimimiz-kim-
səmiz olmayan bu qərib şəhərdə bircə tanışımız vardı – o da 
Qayevski.  Günün  qüruba  enən  vaxtı  Qaevskini  yenidən 
axşam yeməyinə dəvət etdik. 
–  Uşaqlar  məni  bağışlayın,  Moldovadan  tanışım  gəlib 
onunla yemək yeyirik, siz məni gözləməyin – deyib o da bizi 
başından elədi. 
Naəlac  qalıb  “Qoreç”  restoranında  milli  “antrikot”  ka-
bablarımızı dartışdırdıq. Amma Ukraynanın “Xortiça” arağı-
nın dadı bir başqa aləmdir. İçdikcə, səhərki sauna əhvalatını 
bəzəyib-düzəyir,  dayanmadan  hey  gülüşürdük.  Beynimiz 
dumanlananda  Aydın  Xarkovda  oxuduğu  illərdən,  burdakı 
dostlarından söhbət saldı. Di gəl ki, onda, Ukraynadakı dost-
larından  heç  birinin  əlaqə  telefonu  yox  idi.  Və  birdən  xatır-
ladı ki, bu dostlardan biri elə Moldovada yaşıyırmış – Slavik 
Çurkan.  Bakıya  –  öz  evlərinə  zəng  vurdu,  telefon  kitabça-
sından Slavikin telefon nömrəsini öyrəndi. Slaviklə telefonda 
xeyli danışdı.  Slavik israrla keçmiş tələbə dostunu Kişinyova 
dəvət  etdi.  Aydının  dumanlı  başından  Slaviklə  keçən  xati-
rələrini  şeytan  da  çıxara  bilməzdi.  Dedi,  –  “Öldürsən  də 
Slaviki  görməsəm  Bakıya  qayıtmaram!”.  Çox  çək-çevirdən 
sonra  Qayevskiyə  yenidən  zəng  vurduq,    –  “Moldovadan 
olan qonağın nə vaxt geri qayıdır?”. Dedi ki, – “Yarım saata 
çıxırlar”.  “Bizi  də  apara  bilərmi?”.  “Əlbəttə!  İki  nəfərdirlər, 
yanlarında ikinizə də yer var”. Durduq və “Tavriya” ticarət 
mərkəzinədək  taksiylə yollandıq.  Dostum  dayanmadan  yol-
boyu  elə  hey  Slaviklə  keçmiş  xatirələrini  üyüdüb  tökürdü. 


 
328 
 
Qayevkigilə çatanda, o, bizi törəboy, kök və sarışın bir cavan 
oğlanla tanış elədi: 
–  Zaxar,  bunlar  mənim  portnyorlarımdır  –  Aydın  və 
Kərəm – azərbaycandan gəliblər, bakılıdırlar. 
–  Hə,  xoş  gördük  qardaşlar,  xoş  gəlmisiniz  –  Zaxar 
türkcə əməlli-başlı “çırtlayırmış”. 
 Sən  demə  bizim  Zaxar  qaqauzmuş.  Əl  yükümüzü  Qa-
yevskinin  maşınına  əmanət  kimi  qoyub  onunla  sağollaşdıq 
və Zaxarın maşınına mindik. Dörd nəfər idik – Zaxar, sürü-
cüsü  Roman,  mən  və  Aydın.  Zaxar  maşını  Odessanın  küçə-
lərində  ora-bura  xeyli  sürdürdü  –  aramsız  olaraq  telefonla 
danışırdı. Artıq  qaranlıq düşmüşdü. Odessanın çıxacağında 
–  səssiz meşənin  yanından  keçən  yolda  maşını  kənara  verib 
kimisə  gözləməli  olduq.  Zaxar  kiməsə  zəng  vurdu,  –  “Gə-
tirin bura o zibili” – dedi.  Təxminən 20 dəqiqədən sonra iki 
nəfər qara kölgə, arıq bir adamı maşına doğru gətirdilər. Za-
xar maşından düşüb iki qoluzorbanın çiyinlərindən sallanan 
zavallının  sifətinə  bir  yumruq  ilişdirib  arxaya  –  bizim  yanı-
mıza  keçdi.  Kölgələr  arıq  adamı  qabaqda  oturdub,  yenidən 
meşənin  qaranlığında  gözdən  itdilər.  Bax  hər  şey  də  elə 
bundan sonra başladı. 
Zaxar  yenə  harasa  zəng  vurub  danışırdı.  Biz  isə  lal-
dinməz  oturmuşduq.  Təxminən  20-30  kilometr  yol  getdik. 
Səssizliyi  Zaxar  pozdu.  Telefonu  sol  əlinə  keçirib  boş  əlini  
düyünləyərək  naməlum  müsafirin  çiyninə  təzədən  ilişdirdi, 
–  “Hə  Kostya..,  fahişənin  oğlu,  necəsən  indi,  axır  ki  əlimə 
düşdün hə!” 
Kostya qafqazlılara məxsus aksentlə: 
– Zaxar, səndən xahiş edirəm, əgər dediyim vaxtda ödə-
məsəm istədiyini edə bilərsən... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə