Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   76   77   78   79   80   81   82   83   ...   111

 
209
- Yaxşı atlardır. Köhlən atlardır. Bunların heç biri adamı darda qoymaz. 
Amma öz aramızdır, Siranuşu bərk soyduq ha… Araqçınının qızıllarını verib bu 
atları aldıq. Ürəyin sıxılmır ki, Siranuş, qızım. 
- Ürəyim niyə  sıxılır, Vahan dayı. Mənə siz lazımsınız, qızıl nəyimə 
gərəkdir. 
Vahan: 
- Ay sağ ol, ay sağ ol, qızım! – dedi. – Hə, mənim atlarım hazırdır. 
- Elə bizimki də hazırdır, - deyə Şahmərdan cilovu boz atın başına saldı. 
…Gün batanda meşədən dördü silahlı, biri əli yalın beş atlı Gorusa tərəf 
yollandı. 
Qaranlıq da olsa, gedənlərin arxasınca baxan Siranuşla Növrəstə sanki bir 
ağızdan dedi: «Allah, sən onları bəlalardan saxla! İşlərini rast gətir!» 
 
Rüstəm hər gün tezdən durmağı sevirdi. O, buna adət eləmişdi.  Şəkidə 
müəllimlik etdiyi zaman da erkən ayılar, həyətə çıxar, təmiz hava alardı. 
O, bu gün də tezdən oyandı. Ağaclardan kəsib qayırdıqları komadan çıxıb 
meşəni seyr eləməyə getdi. 
Təbiət vurğunu olan müəllim ucu-bucağı olmayan sərin və nəm meşənin bir 
çox yerini gəzdi. Bəziləri yarpaqlamış, bəziləri təzə-təzə tumurcuqlanmış ağaclara 
tamaşa elədi. Böcəklərin səsini, budaqdan-budağa qonan quşların nəğməsini 
dinlədi. Körpə otların yanaqlarında mirvari dənələri kimi parıldayan göz yaşlarına 
xeyli baxdı. Boynu əyri bənövşələrdən dərib dəstə bağladı… 
Rüstəm yorulduğundan bir dikdə, palıd ağacının altında oturdu. Bənövşə 
dəstəsini iyləyə-iyləyə uzaqlara tamaşa eləməyə başladı. «Nə  qədər böyük, nə 
qədər zəngin meşədir! – deyə düşündü. – Hayıf ki, kəndlilər, yoxsullar bu meşədən 
istifadə edə bilmirlər». Xəyal, düşüncə onu min yerə çəkdi… Necə deyərlər, aranı 
dağa, dağı arana qatdı. Gələcəyin xoş romantikası könlünü qanadlandırdı. O, ağır 
günlərdən, vuruşlardan, mübarizələrdən sonra yaranacaq azad və xoşbəxt həyatı 
təsəvvüründə canlandırmağa çalışdı. 
Uzaqdan xışıltı  eşidildi. Rüstəm tez ətrafına baxdı, heç nə görmədi. Xışıltı 
getdikcə artdı. Gələnin yırtıcı heyvan ola biləcəyindən ehtiyat edən müəllim ayağa 
qalxmaq istərkən, Yusif kolların arasından çıxıb ona yaxınlaşdı. 
- Dayı, burda niyə təkcə oturmusan? – dedi. – Məni Qiyas qağa sənin dalınca 
göndərib. Axı  səhərdən acsan, biz dünəndən qalan ətdən bişirib yedik, Növrəstə 
sənin payını saxlayıb. 
- Niyə gəlirdin. Mən də indicə qayıdırdım. Tüfəngi niyə götürmüsən? 
- Ehtiyat üçün. Dedim, birdən qabağıma ayıdan-zaddan çıxar. Bundan sonra 
mən tüfəngsiz gəzməyəcəyəm… 
- Tüfəng sənə yaraşır. MaşAllah, boyun da uzanıb… Gedənlər qayıtmayıblar 
ki? 
- Yox. Dur gedək! 
- Otur yanımda, oğlum, otur, gedərik… 
Yusif oturdu. 
Rüstəm Yusifi qarşısında bir şagird kimi hesab edərək, soruşdu? 
- Bu meşədə hansı ağaclar var? 


 
210
- Bilmirəm. 
- Amma bilmək, tanımaq lazımdır. Bəlkə sən gələcəkdə oxuyub meşəçiliklə 
məşğul olacaqsan… 
Yusif: 
- Ay dayı, - dedi, - ta mənim oxumağım getdi. Kəndimiz dağıldı… Atam, 
anam öldü. İndi də ki, orda, burda başımızı girrəyirik. Bilmirik də ki, axırımız nə 
olacaq… 
- Ümidsiz olma, Yusif. Biz yenə öz kəndimizə qayıdacayıq… Məktəb 
açılacaq, yenə oxuyacaqsan… Mən o vaxt səndən meşə ağalarını soruşacağam… 
Yusif dayısının sözlərinə gülümsündü. 
- İndi dur ayağa, komaya gedə-gedə sənə o ağacları bir-bir göstərim, adlarını 
deyim, sən də yadında saxla. Adam gərək hər yerdə bir şey öyrənsin. Elədir, ya 
yox? 
- Elədir. 
Hər ikisi daxmaya getmək üçün yerdən qalxdı. 
Rüstəm qabaqlarına çıxan ağacları, kolları, quşları, heyvanları Yusifə 
göstərib, onların haqqında qısa məlumat verdi… 
 
Hayk yoldaşlarının məsləhəti və göstərişi ilə, işin xeyri üçün, mütləq 
daşnakların inzibati idarələrinin birində özünə  iş tapmalı idi. Necə olursa olsun, 
həbsxana xidmətçiləri ilə əlaqə saxlayıb, Arakelin vəziyyətini bilməli və onun azad 
edilməsi üçün əməli iş görməli idi. Qulluğa girmək məqsədilə Hayk bir neçə gün 
Gorusda o idarəyə, bu idarəyə getdi. Heç kəs onu işə düzəltməyə söz vermədi. O, 
danışıqlardan başa düşdü ki, inzibati idarələrdə işə girmək üçün hökumət yanında 
etibarı olan, sözü keçən bir adamın zəmanəti lazımdır. Gorusda isə heç kəs onu 
tanımırdı. Hayk Xınzirəyə qayıtdı. Milli Şura üzvü Manuçar Sarumovun yanına 
getdi. Özünü sədaqətli göstərmək üçün bolşeviklərin çağırış  vərəqələrindən bir 
neçəsini ona verib bunları küçədən tapdığını söylədi. Haykın bolşevik olduğunu 
ağlına belə gətirməyən Manuçar ondan şübhələnmədi. Əksinə, onu təriflədi. Hayk 
qulluğa girmək fikrini Manuçara söylədi, bu barədə ona kömək eləməsini xahiş 
elədi. Manuçar əvvəlcə boynundan atdı. Hayk, qulluğa girməklə hökumətə xeyir 
verəcəyini, daşnakların əleyhinə olanlarla, xüsusən bolşeviklərlə amansız mübarizə 
aparacağını söylədi. Bolşeviklərin bir tükünü belə qoparacaq adamlara köməyini 
əsirgəməyən Manuçar bir qədər yumşaldı. Haykın xahişindən, minnətindən sonra 
Samvelə təqdim etmək üçün ona bir kağız verdi və  həmin vərəqələri də naçalnikə 
göstərməyi tapşırdı. 
İlk addımı müvəffəqiyyətli atmış Hayk o gün Gorusa gəldi. Çox çətinliklə 
Samvelin yanına girə bildi. 
Balaca bir otaqda Samvel dinləyir, Hayk isə sözünə davam edirdi: 
- Naçalnik, mən o zaman səndən incidim. Ondan ötrü ki, nahaq yerə evimi 
axtardın. Yəni səndə günah yox idi, Allah şeytana lənət eləsin. Sənə başqa cür 
qandırmışmışlar. Neynək, keçənə güzəşt deyərlər, canın sağ olsun… 
- Yaxşı, de görüm mənim yanıma nəyə gəlmisən? 
- Öz hökumətimə  sədaqətimi bildirməyə. – Hayk cibindən iki çağırış 
vərəqəsi çıxardıb Samvelin stolunun üstə qoydu. – Oxu gör nə yazıblar. 


 
211
Samvel oxuyub qaşqabağını turşudaraq, soruşdu: 
- Bunları hardan almısan? 
- Darvazamızın ağzından tapmışam. Srağagün səhər tezdən çölə gedirdim. 
Həyətdən çıxanda gördüm yerdə kağız var. Götürüb oxudum – tüklərim biz-biz 
oldu. Dedim, əlin qurusun, hökumətin pisliyinə belə  şeyləri yazan. Apardım 
Manuçar ağaya göstərdim. Dedi: «Bu kağızları yazan bolşovoylardır. Torpağımızı 
əlimizdən almaq, hökumətimizi yıxmaq üçün kəndliləri üstümüzə qaldırmaq 
istəyirlər. Levon və Makiç də belə kağızların təsiri altına düşmüş, mənim torpağımı 
zorla  əkmək istəyirdilər». Hə, müxtəsər, Manuçar ağa mənə dedi ki, bu kağızları 
apar ver naçalnik Samvelə. 
- Bu kağızların indi heç bir əhəmiyyəti yoxdur… Ancaq mən belə başa 
düşürəm ki, sən hökumətin xeyrinə işləmək istəyirsən, eləmi? 
- Bəli, naçalnik. Yanına gəlməkdə elə ikinci məqsədim də odur. Mən qulluğa 
girmək istəyirəm. 
- Sən nə qulluq istəyirsən? 
- Nə bilim, naçalnik, elə yanındaca mənə bir qulluq düzəlt. – Hayk 
Manuçarın məktubunu ona verdi. 
Samvel gözünü onun gözündən çəkmədən soruşdu: 
- Bu nədir? 
- Oxu, naçalnik, bilərsən… 
Samvel oxudu: 
«…Xınzirək kənd sakini Hayk Aslanyanı bir qulluğa düzəltməyini xahiş 
edirəm. O, təmiz və etibarlı adamdır. Özü də çox diribaş oğlandır. Hər nə qulluğa 
düzəltsən, bacarar. Elə bil ki, bu yaxşılığı mənə eləyirsən… 
Milli Şura üzvü: Manuçar Sarumov». 
Samvel kağızı ikiqat eləyib stolun üstə atdı və soruşdu: 
- Niyə kənddə işləmək istəmirsən? 
- Düzü, hökumət qulluğundan xoşum gəlir. Adamı sayırlar, hörmət edirlər. 
Bir də, kənd işi məni zara gətirib. Xahiş eləyirəm mənə kömək eləyəsən. 
Yaxşılığını itirmərəm. 
- Nə iş bacararsan? 
- Elə hər nə iş olsa bacararam, təki sənin kölgən mənim üstümdə olsun. Elə 
öz yanında olsa, lap yaxşı olar. 
- Yaxşı!.. Fikirləşərəm. Get, sabah yanıma gəl. 
Hayk razılıq edib çıxdı. 
Samvel fikirləşdi: «Aslanyan doğrudan təmiz adamdır. Onun haqqında bizdə 
pis məlumat yoxdur. Onu hansı  işə götürmək olar? Qazamat rəisinin müavini 
yoxdur. Bilirəm ki, ora adam axtarırlar. Görən bacararmı? Niyə bacarmır. O iş elə 
böyük savad, dərrakə istəmir ki… Nizam-intizamı yaxşı saxlasın, dustaqların 
üstündə nəzarəti artırsın, əmrləri öz vaxtında yerinə yetirsin…». 
…Samvel o gün lazımi adamlarla danışdı, Haykı Gorus həbsxanasının rəis 
müavini təyin etdirdi. 
Hayk təyinnaməsini aldıqdan sonra, ərzaq və yorğan-döşək gətirmək üçün 
iki günlüyə evinə getməyə icazə aldı. Lakin o, öz evinə getmədi, intizarını çəkən 
yoldaşlarının yanına getdi. Qulluğa girdiyini söylədi. Haykın necə hərəkət edəcəyi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə