Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   49   50   51   52   53   54   55   56   ...   111

 
135
Şadlinskinin süni təşvişini müşahidə edən, onun yaltaqlıq ifadə edən 
gözlərinə diqqətlə baxan Comərd dedi: 
- Biz səni öldürməyəcəyik. Sənin kimi rəzil, məsləksiz bir adamın murdar 
qanı ilə bu müqəddəs torpağı zəhərləmək istəmirik. Hər şeydən əziz olan bu vətən 
torpağına onun azadlığı üçün canını qurban verən qəhrəman oğulların qanı 
tökülmüşdür. Sənin canın… 
Şadlinski onun sözünü kəsib sevinclə dedi: 
- Çox sağ olun! Bax bu canım, təkcə oğlum, elim-obam sizə qurban olsun! 
Siz nə yaxşı adamsınız, a yoldaşlar! Xudaya, sən bunların ömrünü uzun elə! Gəlin 
sizi qucaqlayıb öpüm! – Şadlinski irəli yeriyib Comərdi öpmək istədi. 
- Təlxəklik eləmə, Şadlinski! – deyə Comərd onu kənara itələdi. – Sözümə 
qulaq as! Casusluğu at. Bu, dünyada ən alçaq bir peşədir.  İnsanlara pislik 
eləməkdən, ara qarışdırmaqdan əl çək. 
Şadlinski əllərini sinəsində çarpazlayıb baş əydi və sevinə-sevinə dedi: 
- Baş üstə, göz üstə! Mənə tapşırdıqlarının hamısını yerinə yetirəcəyəm. Mən 
daha xəbərçilikdən əl çəkəcəyəm. Hilal bəy məni asdırsa da, üzünə tüpürəcəyəm. 
Deyəcəyəm, məni aldatmısınız. Bəli, Allah sizə ömür versin, a mərhəmətli 
yoldaşlar. Mənə böyük dərs verdiniz, ibrət dərsi. İndi gedə bilərəmmi? 
- Gedə bilərsən. 
- Məni daldan vurmazsınız ki?!  
- Adamı daldan vuran xainlərdir, get, indiyə kimi elədiklərinə tövbə elə. 
Bacar vicdanını təmizlə! 
- Baş üstə, göz üstə! – Şadlinski bir neçə addım dalı-dalı  çəkildi, sonra 
çevrilib yuxarı, yola tərəf getməyə üz qoydu. Bir neçə dəfə arxasına baxdı. Lakin 
artıq Comərdgili görmədi. 
Şadlinski yoxuşu təngnəfəs çıxıb, yola düşəndə iki atlı ilə rastlaşdı. Biri 
pristav, o biri isə strajnik idi. 
- Salaməleyküm, dostum Əli Sadiqi! – Şadlinski atın cilovundan tutdu. 
Əli Sadiqi ona bir az baxandan sonra tanıdı. 
- Oho, Mirzə  Məhəmməd!  Əvvəlcə  səni tanıya bilmədim… A kişi, xoş 
gördük! Ay pir olmuşun oğlu, səni çulu cırıq bir kəndlidən seçmək olmur… Ha… 
ha… ha… Gör bir təsadüf bizi neçə vaxtdan sonra, harda görüşdürdü!.. Necəsən? 
Harda olursan? İşin-gücün nə təhərdir? 
- Yaxşıyam. Çul-çuxama baxma! Sən hara belə? 
- Camal adlı bir dustağım qaçıb, onu bu ətraf kəndlərdə axtarıram. Bəlkə 
xəbərin-zadın ola. 
- Yox, ondan xəbərim yoxdur. Ancaq indicə bolşeviklərə rast gəlmişdim. 
Məni öldürmək istəyirdilər. Allah rast saldı, əllərindən qaçıb qurtardım. 
- Nə bolşevik, Mirzə Məhəmməd? Kim idilər? 
- Sənin köhnə «dostların»… Comərd,  Şahmərdan, bir də yadından varmı, 
Şəkidə bir gədə vardı ha, adına tın-tın Qiyas deyirdilər… 
- O yadıma gəlmir. Niyə bunu mənə  əvvəldən demədin. Mən ki, onların 
qanına yerikliyirəm. Hara getdilər? 


 
136
- Bax, o dərə aşağı. Atları tez sürsəniz çatarsınız, məndən ayrıldıqları, yəni 
əllərindən qurtardığım on dəqiqə olmaz. Piyada getdilər, atınızı tez sürün! – 
Şadlinski cilovu buraxıb, atın döşündən kənara çəkildi. 
- Mirzə Məhəmməd, düş qabağa, bələdçilik elə. 
Şadlinski xidmətini pristavdan əsirgəmədi. Onlar dərənin sağ  tərəfindən 
uzanıb aşağı gedən cığıra düşdülər. Xeyli getdilər… 
-  Əli Sadiqi, bir bax, o gedən onlardır! – Şadlinski təqribən bir verstlik 
məsafədə gedən üç adamı göstərdi. – Ancaq onu da deyim ki, tapançaları da var. 
- Bura tapança gülləsi çatmaz. Amma bu saat mən onları elə burdanca bir-bir 
dənləyəcəyəm! – Əli Sadiqi atı saxlayıb, tüfəngi çiynindən aşırdı… Osmanlı 
üçatılanından uçan güllələrin səsi dərədə guruldadı. 
 
 
Onuncu fəsil 
 
Bu il Xınzirək kəndlilərindən bir çoxu aclıqdan çox korluq çəkmişdi. Çünki 
vaxtında  əkməyə  nə torpaqları olmuşdu, nə toxumları. Vəziyyət onları az-çox 
mallarını, qoyunlarını, torpaqlarını satmağa məcbur etmişdi. Başqa kəndlərdə 
olduğu kimi, bu kənddə də müflis olanların sayı getdikcə artırdı. 
Canları boğazlarına yığılan bəzi kəndlilər axır belə qərara gəlmişdilər ki, bu 
payız  əkin vaxtı başlarına bir çarə  qılsınlar.  Əkinsiz-biçinsiz dolanmaq olmaz. 
Onlar çox götür-qoydan sonra nəhayət, kəndin hampası, «Milli Şura»nın üzvü 
Manuçar Sarumova müraciət elədilər. Dərdlərini, güzəranlarını ona danışdılar. 
Manuçar Sarumov hökumət xətti ilə onlara heç bir kömək eləyə bilməyəcəyini 
söylədi. Kəndlilər onun özündən müvəqqəti  əkmək üçün torpaq və borc toxum 
istədilər. Hətta yalvarmaq dərəcəsinə  gəldilər. Sarumov onların yalvarışlarına 
gülüb dedi: «Mənim artıq torpağım yoxdur. Toxumdan da borc olmaz, gedin 
başınızın çarəsini özünüz qılın…». 
Ailəsi yalnız özü ilə arvadından ibarət olan bu övladsız, lakin acgöz 
mülkədar, kəndliləri belə yola saldı. 
Kor-peşman evlərinə qayıdan kəndlilər çox fikirləşdilər: «Oğurluğamı 
qurşanaq? Axı bu kişi sənəti deyil. Dilənçilikmi eləyək? Axı bu da alçaq işidir. 
Gedək yol kəsək, adam soyaq, öldürək? Buna adamın insafı yol verərmi? Bəs nə 
eləyək?..» 
Həyat özü onlara yol göstərib dedi: «Ac qılınca çapar». 
Lakin onlar əllərinə qılınc alıb, heç kəsin üstünə getmədilər. 
Biri öküz, biri cüt qoydu, biri boyunduruq verdi, biri toxumuna kömək elədi, 
yığışıb yer əkməyə getdilər. 
Səhər tezdən payızın sazağı üz-gözlərini qovura-qovura köyşəndə  şum 
eləyən kəndlilərin ürəyi çox sakit idi. Onlar hər şeyi əvvəlcədən ölçüb-biçdikdən 
sonra bu cür «özbaşınalığa» qərar vermişdilər. 
Levonla Makiç dincəlmək üçün işi saxladılar. Oturub dərdləşməyə 
başladılar. 


 
137
Onların sifəti payız kimi tutqundu. Ürək açacaq heç bir şey danışmadılar. 
Hər kəs öz həyatından, ömrünün ehtiyac içində payız yarpağı kimi saralıb 
solduğundan danışdı. 
Birdən Makiç sağ tərəfə baxıb: 
- Ərə, Levon, bura gələnləri görürsənmi? – dedi. 
Levon çönüb baxdı. 
- Nə olsun, adamdırlar də… Bizim kimi yer əkməyə gedirlər. 
- Sən ölməyəsən, onlar yekəbığ Manuçarın cütçüləridir. 
Bir neçə öküzü və kotan yüklənmiş eşşəyi qabaqlarına qatıb gələn adamlar 
tarlaya yaxınlaşırdılar. 
Levongil ayağa durdu… Cütü yerin o başına sürüb, bu başına qayıdınca, 
öküzlü, eşşəkli adamlar gəlib çatdılar. 
Biri qoca, biri cavan kəndlilər Levonla Makiçə baxıb təəccüblə çiyinlərini 
atdılar. 
Qoca kəndli: 
- Barev, ay Levon, ay Makiç! – dedi. – Ərə, bu nə  işdir, siz çaşıb bizim 
Manuçar ağanın yerini əkirsiniz, yoxsa biz çaşıb başqasının yerinə  gəlib 
çıxmışıq?.. 
- Nə siz çaşmısınız, nə biz, - deyə Levon cavab verdi. – Yer sənin Manuçar 
ağanındır, əkən biz. 
- Niyə siz əkirsiniz? Özü deyib? Onda, bizi niyə göndərib? 
- Özü deməyib. Ancaq bu yer bundan sonra bizim olacaq. 
- Ərə, səninki zarafat oldu ki… Məni başa sal, bu nə fırıldaqdır?.. 
- Səni başa salmağa vaxtım yoxdur. Öküzləri, kotanı qaytar. Manuçar ağanın 
yeri çoxdur, get başqa yeri ək! 
- Musurmanlar demişkən: səninki oldu «yersiz gəldi, yerli qaç…». 
Qoca kəndli cavan oğlana müraciət elədi: 
- Öküzləri bəri gətir qoşaq. 
Levon bir az səsini qaldırıb dedi: 
- Kişi, burdan çıx get! Yoxsa… 
- Ərə, yoxsa deyəndə, məni döyəcəksən? – Qoca kəndli hirsləndi. – Heç bu 
da işdir… Qolu zorbalıq eləyirsən?! Bilmirsən ki, Manuçar ağanın xəbəri olsa, 
tükünüzü yolub yelə verər! 
- Bizim tükümüz yolunub. Çıx get ki, sənin tükünü biz yolmayaq… 
Qoca kəndli: 
- Yaxşı, ay Levon, mən sizinlə  cəng-cidala girmək istəmirəm, - dedi və 
cavan oğlana üzünü tutub əlavə elədi: - Yeri gedək, bala! Bizə nə var… Manuçar 
ağaya deyərik ki, yeri Levonla Makiç əkir, nə cavab verər – özü bilər. 
Manuçarın cütçüləri eşşəyi, öküzləri qabaqlarına qatıb aralandılar.  
Makiç onların ardınca baxıb üzünü yoldaşına tutdu: 
- Levon, biz bir işdir tutduq, amma qorxuram ki, dalı pis ola. Gəlsənə, üzü 
sulu qoyub gedək?.. 
- Sən sözündən dönürsənsə, qorxursansa, get! Mənim getmək fikrim yoxdur. 
Evdə acından ölüncə, bu torpağın üstə ölmək yaxşıdır. Heç olmasa, onda deyərlər: 
kişi uşaqlarına çörək qazanmaq üstündə öldü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə