Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   52   53   54   55   56   57   58   59   ...   111

 
144
- Daha niyə durmusunuz? İpdən, kəndirdən tapın meyiti ata sarıyaq!..  İndi 
biz general-nahankapetə nə cavab verəcəyik? 
Qoca kəndli cüt qayışını və öküzlərin buynuzuna bağlanmış ipi açıb gətirdi. 
Meyiti Karpovun öz atına sarıdılar. Atın yedəyini Aşota verdilər… 
 
İki daşnak əsgəri kəndli paltarında olan Şadlinskini içəri saldı. 
- Cənab general-nahankapet,  əmrinlə  həmin adamı  gətirdik, - deyə 
əsgərlərdən biri dilləndi. 
- Gedə bilərsiniz! 
Əsgərlər Karonun ağzından söz çıxan kimi, dabanları üstündə dönüb 
getdilər. 
Karo tələsmədən  əlini uzadıb yazı stolunun üstündəki lampanın işığını 
artırdı. Çox da böyük olmayan kabinetin aşağı  tərəfində dayanmış  Şadlinskinin 
sifəti daha aydın işıqlandı. 
Karo gəlib onun qarşısında dayandı, heç nə demədən, diqqətlə bir neçə 
dəqiqə onu başdan ayağa süzdü, sonra onu harda gördüyünü fikirləşə-fikirləşə 
keçib yenə  də stolun arxasında oturdu. Yerindən tərpənməyən və danışmayan 
Şadlinski Karonun onu tanımadığını yəqin elədi. 
Karo ermənicə dedi: 
- Sənin sir-sifətin mənə tanış gəlir, harda görüşmüşük? 
- Ermənicə bilmirəm, cənab! – deyə Mirzə Məhəmməd rusca cavab verdi. – 
Mən müsəlmanam. 
Karo onu indi tanıdı, lakin hələlik özünü tanımamazlığa vurdu. Şadlinskiyə 
oturmaq üçün yer göstərib rusca dedi: 
- Mən səni erməniyə oxşatdım… 
- Danışdırmayınca müsəlmanla ermənini bir-birindən ayırmaq çətindir, - 
deyə Şadlinski gülümsündü. 
- Çox yaxşı.  İndi danış görüm, hardan gəlib, hara gedirsən? Bizim sərhədi 
gizli keçməkdə məqsədin nədir? 
- Cənab general-qubernator, suallarınıza cavab verməzdən  əvvəl sizdən bir 
şey soruşmaq istəyirəm.  
- Sən mənim general-qubernator olduğumu hardan bilirsən? 
- Onu da deyəcəyəm. Cənab, sən mənim sualıma cavab ver. – Şadlinski 
gülümsündü. 
- Sən özünü çox sərbəst aparırsan, a «kəndli»! 
- Günahkar olmayanlar nədən sıxılmalıdırlar ki?! 
- Cəsarətli danışmağın xoşuma gəldi. Sualını ver. Danış görək kimsən. 
- Bəli, cənab general-qubernator! Biz müsəlmanlar deyirik ki, heyvanlar 
iyləşə-iyləşə, insanlar danışa-danışa bir-birlərinə yaxınlaşırlar. 1918-ci ildə, 
Əngələviddə, cənab Karpovla sənin yanına bir adam gətirdilər. Onu 
xatırlayırsanmı? O adam sonra hara getdi, nə oldu, bilirsənmi? 
- Xatırlayıram. Bizi aldatdı, birdəfəlik qaçdı… 
- Sən… 
- Bəli, cənab Şadlinski! 
Şadlinski qəhqəhə çəkib güldü: 


 
145
- Afərin! Afərin, cənab general-qubernator! Hafizən çox qüvvətlidir. İndi biz 
çox açıq danışa bilərik. Suallarına cavab verirəm: mən Azərbaycandan gəlirəm. 
- Onu bilirəm. 
- Mən sizi aldadıb qaçmamışam. Xatirində varsa, mən sənə  və  cənab 
Karpova türklər haqqında məlumat verməli idim. Məlumdur ki, onlar Qafqazı tərk 
elədilər. Daha türklər haqqında mən nə  məlumat verə bilərdim… Sonra atdan 
yıxıldım, qıçım sındı. Başıma çox işlər gəldi. Nəhayət… 
- Nəhayət, müsavatçılara casus oldun, indi də onlara məlumat aparmaq üçün 
sərhədi keçib bizim torpağımıza gəlmisən. Özünü də  sərhədi gizli keçəndə 
yaxalayıblar… 
- Mən sərhədi sizə görə yox, müsavatçılara görə xəlvət keçmişəm… Özüm 
də ancaq və ancaq bir məqsəd üçün gəlmişəm ki, onu da deyəcəyəm. Sual verdin 
ki, sənin general-qubernator olduğunu hardan bildim? Sizin əsgərlərdən birini 
müsavatçılar tutmuşdular. Onu mənim yanımda danışdırırdılar.  Əsgər ölüm 
məqamında dedi ki, «məni tikə-tikə doğrasanız da, sirr verməyəcəyəm. Bizim igid 
general-qubernator Karo Hamparsumyan sizdən intiqam alacaq». Mən o saat 
bildim ki, o, səni deyir. Mən gətirdiyim mühüm xəbəri məhz sənə deməli idim. Nə 
isə, məni sizin zabitlər çox incitdilər. Amma, heç bir məlumat ala bilmədilər… 
- Yaxşı, nə demək istəyirdin, danış görək… 
Şadlinski nədənsə fikrə getdi. 
- Danış, niyə susursan! 
- Məncə, əvvəl qiymətini kəsək, sonra… 
Karo hirsləndi: 
- Nəyin qiymətini? Sənin başınınmı? O, artıq tələyə düşübdür. Bəlkə də, beş 
dəqiqədən sonra bədəninin üstündə qalmayacaqdır. Danış! 
- Bayaq dedim ki, mən sizin sərhədi müəyyən bir məqsədlə keçmişəm. 
Başını  tələyə salmaq istəməyən adam, evindən bayıra çıxmaz. Qaldı  mənim 
başımın salamat qalması minlərcə erməninin başının salamat qalmasına səbəb 
olar… Mən sənə verəcəyim çox mühüm xəbərin, hərbi sirrin qiymətini indi 
kəsmək istəyirəm. 
- Sus! – Karo mauzerinin qoburunu açdı. 
Şadlinski yenə  qəhqəhə ilə güldü. Karo daha da acıqlanıb mauzeri yuxarı 
qaldırdı. Mirzə Məhəmməd birdən ayağa durub sinəsini açdı: 
-  Əgər ürəyimdəki sirrləri almaq istəmirsənsə, vur! Əgər məni öldürmək
deyəcəyim sözlərdən daha fərzdirsə, vur, gülləni əsirgəmə! 
Onu hər zaman öldürə biləcəyini fikirləşən Karo, mauzeri qoburuna saldı. 
- Yaxşı, di tez ol, danış, boşboğazlıq eləmə. 
- Neçə verəcəksən?.. 
- Neçə istəyirsən? 
- Çox istəməyəcəyəm, yüz manat. Ancaq qızıl pul, Nikolay onluğu! 
Karo güldü: 
- Nikolay öldü, sən onun qızılını neyləyirsən? Sənə Ermənistan pulu, kağız 
pul verəcəyəm. 


 
146
- Yox, cənab. Kağız pula etibar qalmayıb. Qızıl verəcəksən.  Şərtim də 
belədir: pulu sözüm doğru çıxandan sonra alacağam. Bu şərt sizin üçün əlverişlidir
eləmi? Demək, şərtləşdik, yüz manat qızıl pul… 
- Bəli, alacaqsan. 
- Cənab general-qubernator, ya sabah, ya birisi gün müsavat qoşunu 
Zəngəzura hücum edəcəkdir. 
- Müsavat qoşunu? Sabah, ya birisi gün?! Yalan danışmırsan ki? Bəlkə, 
canını qurtarmaq üçün bunları özündən uydurursan? 
- Xeyr, cənab, dediklərimə başımla cavab verirəm. Bir sözüm yalan olsa, 
mənə pul lazım deyil, qanım da sizə halaldır. 
- Bəs bu xəbəri verməyə səni məcbur edən nədir? 
- Üç şey. Birincisi, sədaqət, yəni isbat etmək istədim ki, mən  Şadlinski 
tüpürdüyümü yalayan adam deyiləm… Onda söz vermişdim, indi əməl eləyirəm. 
İkincisi, vicdan, yəni erməni millətinin ayaqlar altında tapdalanmasına yol verməyi 
vicdanım qəbul eləmədi. Üçüncüsü də ki, pul, sarı qızıl. 
- Üçüncünü düz dedin. Demək, sən müsavat hökumətinə  və öz millətinə 
xəyanət edirsən? 
Şadlinski güldü: 
- Bunu xəyanət adlandırırsan? Mən elə bu xasiyyəti müsavat başçılarından 
öyrənmişəm. Mən bir sirr satıb yüz manat alıramsa, onlar bütün ölkəni satır, heç uf 
da demirlər. 
Şadlinskinin sözlərini yalan və uydurma hesab edən Karo, onu Gorus 
həbsxanasına göndərdi. Özü isə otaqda fikirləşə-fikirləşə vargəl eləməyə başladı. 
Zərgəzurdakı  hərbi hissələrin komandirinə kağız yazmaq istədikdə, Aşot içəri 
girdi. 
- Aşot, indi gəlirsən? 
- Bəli, general-nahankapet ağa, lap elə bu saat. 
- Karpov harda qaldı? 
- Xınzirəkdə. 
- Niyə gəlmədi? 
- Naçalniki vurdular… 
- Necə? Kim vurdu? Harda vurdu? – Karo elə qışqırdı ki, Aşot diksindi. 
- Çöldə, şum olunan yerdə, Levon adlı bir kəndli vurdu. Canına and olsun, 
general-nahankapet ağa, onun gicgahına dəyən daş sənə, mənə dəysəydi… Ta nə 
deyim… Kəndlilər yaman üzə durublar, ağa! Hökumətə zor göstərirlər. 
- Heyvan oğlu heyvan, dilini kəs! Bəs niyə naçalniki gözləmirdin? 
Aşot hadisəni nağıl eləmək istədi, lakin Karo ona iki tutarlı sillə vurub dedi: 
- Səni də mən öldürəcəyəm. Get mənim atımı da, öz atını da yəhərlə! 
Aşot getdi. 
- Qara xəbərlər bir-birinin dalınca gəlir. Demək, xınzirəklilər də, kafanlılar, 
brnaqotlular kimi üsyana qalxıblar. 
Karo oturdu, başını ovuclarının içinə alaraq, fikrə getdi. 
 
Karpovun meyitini Xınzirək qəbiristanında basdırdılar. 
Kəndxuda dəfnə gecikmiş Karonun göstərişi ilə camaatı məktəbə topladı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə