ҺӘЗРӘти рүГӘЈЈӘ


Həzrət Rüqəyyənin (ə) ata və anası



Yüklə 1,98 Mb.
səhifə5/8
tarix30.12.2017
ölçüsü1,98 Mb.
#18798
1   2   3   4   5   6   7   8

Həzrət Rüqəyyənin (ə) ata və anası


Həzrət Rüqəyyə (ə) imam Hüseyn ibn Əlinin (ə) qızıdır. Onun anasının adı Ümmü İshaqdır. Həzrət Rüqəyyə (ə) 59-cu hicri qəməri ilində Mədinə şəhərində dünyaya gəldi və 61-ci hicri ilində atası ilə birlikdə Kərbəlaya səfər etdi. Bəzi rəvayətlərə əsasən həzrət Rüqəyyənin şəhadəti zamanı üç yaşı var idi. O hicri-qəməri tarixi ilə 5-i səfər 61-ci ildə Şam şəhərində əsirlikdə şəhadətə çatdı.

Həzrət Rüqəyyənin (ə) adı


Rüqəyyə; lüğətdə yuxarı və yuxarı aparmaq, tərəqqi etmək mənasınadır. Biz, İslamda bir neçə "Rüqəyyə" adı ilə rastlaşırıq ki, o cümlədən onlardan biri həzrət Xədicənin saxlayıb, böyütdüyü qızdır. O, hicrətdən iyirmi il qabaq Məkkədə dünyaya gəlmişdi və böyüdükdən sonra Ütbə ibn Əbi Ləhəb ilə izdivac etmişdi. Peyğəmbər (s), peyğəmbərliyə məb’us olandan sonra Rüqəyyə də Xədicə ilə birlikdə Peyğəmbərə (s) iman gətirdi. "Təbbət yəda əbi Ləhəbin və təbb"1 ayəsi nazil olduqdan sonra Əbu Ləhəb, oğlundan Rüqəyyəyə təlaq verməsini istədi. Ütbə də onu boşadı. Sonra o, Osman ibn Əffan ilə izdivac etdi. Amma...

İslam və Peyğəmbərin (s) düşməni, Müğeyrə ibn Əbil As, Peyğəmbərə (s) ox atdığını və onun qolunu sındırdığını iddia edirdi. Osman ona pənah verdi. Sonra Peyğəmbərin (s) yanına gəlib, Müğeyrənin azad olmasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Ona getmək üçün, üç gün aman verirəm.

Osman, Müğeyrənin vəsaitini və yol azuqəsini hazırlayıb, yola saldı. Amma, Müğeyrə yarı yolda getmək fikrindən döndü. Bu işi Mütəal Allah, öz Peyğəmbərinə (s) xəbər verdi. Peyğəmbər (s), Zeyd və Zübeyri Müğeyrəni öldürmək üçün göndəri.

Osman evə gəlib, Rüqəyyəni bu işdə təqsirləndirdi və onun bu işi Peyğəmbərə (s) xəbər verdiyini iddia etdi. Rüqəyyə bunu inkar etdi və bu işdən xəbəri olmadığını dedi. Amma Osman inanmadı və onu ağacla möhkəm döydü. O xanım, Peyğəmbərin (s) evinə qayıtdı və aldığı ağır yaraları nəticəsində dünyadan getdi.

Osman, Müğeyrə ibn Əbil Asın səfər vəsaitini hazırlayarkən, Peyğəmbər (s) buyurdu: Allah lə’nət etsin o kəsə ki, ona (Müğeyrəyə) minik verdi və səfər vəsaitini hazırladı.2

Həzrət Əmir-əl-möminin Əlinin (ə) qızlarının da birinin adı Rüqəyyə idi. O, şücaətli və fəzilətli bir qadın idi. O, ilahi maarifi və İslam elmlərini, atasının və qardaşlarının yanında öyrənmişdi. Rüqəyyə, əmsi oğlu Müslüm ibn Əqil ilə izdivac etmşdi və bu izdivacdan iki övlad: Əbdüllah və Mühəmməd dünyaya gəlmişdi. Qardaşı imam Hüseyn (ə), Mədinədən Kərbəlaya səfər edərkən, o da iki oğlu ilə birlikdə imamla Kərbəlayə gəldi. Yolda əri Müslümin şəhadət xəbəri ona çatdı. O, ərinin və sonra Kərbəlada, qardaşlarının, övladlarının və başqa yaxınlarının şəhadətlərinə səbr etdi, sonra əsirlik müsibətləri çəkdi və bacısı Zeynəblə (ə) birlikdə həmasələr yaratdılar.

İmam Museyi Kazimin (ə) də Rüqəyyeyi Süğra adlı bir qızı var idi. O da atasının yanında böyümüş və ilahi elmləri, hədis və İslam maarifini öyrənmişdi. Rüqəyyeyi Süğra, əhli beyt (ə) hədislərinin ravilərindən sayılır.

Həzrət imam Hüseynin (ə) Rüqəyyəyə (ə) məhəbbəti


Həzrət imam Hüseyn (ə), atası həzrət Əlini (ə) və anası Fatimeyi Zəhranı (ə) çox sevirdi. Ona görə də hər vaxt, Mütəal-Allah ona övlad əta etsəydi, əgər oğlan olsaydı, atası Əlinin (ə) və qız olsaydı, anası Fatimeyi Zəhranın (ə) adını o körpəyə qoyurdu. Sonra onları bir-birindən seçmək üçün, hər birinə bir ləqəb verirdi. Həzrət Rüqəyyənin (ə) də adı Fatimə olub və imam Hüseynin (ə) kiçik qızı olduğu üçün ona Fatimeyi Süğra ləqəbini verib.1

İmam Hüseyn (ə) həzrət Rüqəyyəni (ə) çox sevirdi və gecələr onu öz qucağında yatızdırırdı.


Həzrət Rüqəyyənin (ə) ləyaqəti


Kərbəla hadisəsi İslam dinini canlandıran, ona yenidən ruh verən, Qiyamətə kimi əbədi qalmalı və İslam dinini sapınmalardan qoruya bilməli olan, bir hadisə olmalı idi. Ona görə də bu hadisənin iştirakçıları ilahi insanlar olmalı, bütün müsibətlərə səbr edə bilən, Allahdan başqa heç bir qüdrət qarşısında baş əyməyən, təkcə Allaha təslim olub, həmişə Onun razılığına razı olan, hər harada olarlarsa, öz məntiqli söz və əməlləri ilə əsil İslam dinini, Peyğəmbəri (s) və əhli beyti (ə) insanlara tanıda və xalqı hidayət edə bilən şəxslər olmalı idilər. Ona görə də biz tarixdə çoxlu şəxsləri görürük ki, Kərbəla həmasəsində iştirak edə bilmədi və ya başqa sözlə desək, buna ləyaqətləri çatmadı. Amma həzrət Rüqəyyə (ə) üç yaşında olmasına baxmayaraq, bu işə layiq idi, necə ki, biz tarixdən buna şahidik. O həzrətin bərəkətindən, əhli beytin tanınmadığı və həqiqi İslamdan uzaq düşmüş, hətta möminlər ağası Əli (ə) məsciddə səcdə halında şəhadətə çatdıqda, camaatı "məgər Əli (ə) namaz qılırdı ki, məscidə gedib" deyilən belə bir yerlərdə, əhli beyti (ə) tanıdılar və həqiqi İslamdan xəbərdar oldular, əhli beytin (ə) məzlumiyyətinə göz yaşı tökdülər. İndinin özünə qədər minlərlə insan (hətta xristian və yəhudi), o həzrətin bərəkətindən İslama iman gətirmiş və əhli beytin (ə) aşiqi olmuşdur. Camaatı "məgər Əli (ə) namaz qılırdı ki, məscidə gedib" deyən bir şəhərin, məscidlərinin minarələrindən indi "Əşhədu ənnə mövlana Əmir-əl-mömininə Əliyyən vəliyulah" kəlamı zəmzəmə olunur.

Həzrət Rüqəyyə (ə) Kərbəlada

İmam Hüseynin (ə) həzrət Rüqəyyəyə (ə) sifarişi


Həzrət imam Səccad (ə) buyurur: Aşura gecəsi mən xəstə idim və bibim Zeynəb, mənə xidmət edirdi. Birdən atam bizdən uzaqlaşıb öz xeyməsinə getdi. Covn (Əbuzərin azad etdiyi qülam), imamla birlikdə idi və o həzrətin qılıncını təmir edirdi. Atam bu şeri oxudu:

يا دهر افّ لك من خليل کم لك يا لاشرلق و الاصيل

من صاحب و طالب قتيل و الدهر لا يقنع با لبديل

و انّما الامر الي الجليل و کلّ حي سالک سبيل

“Ey dünya! Uff sənin dostluğuna, nə qədər dostları və sənin üçün çalışanları sübhlər və gecələr öldürdün!

Bəli, dünya onların yerinə başqasını istəmir. Doğrudan da işlərin sonu Cəlil olan Allahın əlindədir və hər bir canlı gərək bu yoldan keçsin.”

Ürək yandıran bu şe’ri atamdan eşidərkən onun məqsədini başa düşdüm, böyük bir bəlanın nazil olduğunu və imamın şəhadəti qəbul etdiyini bildim. Ona görə də ağlamaq boğazımı tutdu, amma səbr edib səsimi ucaltmadım. Hərəm əhli və uşaqlar bu şe’ri eşidərkən ağlamaq və nalə səsləri ucaldı. Bibim həzrət Zeynəb (ə), qadın idi (və qadınlar ürəyi yumşaq olduqları üçün) özünü saxlaya bilmədi, ayağa qalxıb tez imamın yanına gedib dedi: "Vay oğul ölən anam! Ey kaş mənim ölümüm çataydı və diri olmayaydım! Bu gün, anam Zəhra, atam Əli və qardaşım Həsən dünyadan getdikləri gündür! Ey qardaşım! Sən gedənlərin yadigarı və qalanların pənah yerisən!"

İmam Hüseyn (ə) ona baxıb buyurdu: "Bacı, ayıq ol ki, şeytan sənin səbrini əlindən almasın!"

Sonra yaş imamın mübarək gözlərində həlqə vurduğu halda bu atalar sözünü buyurdu: "Əgər Qəta quşunu azad buraxsaydılar, gecəni öz yuvasında yatardı".

Həzrət Zeynəb (ə) dedi: "Vay olsun mənə! Sənin heç bir çarən olmayıb və çarəsizlikdən ölümü qəbul etmisən, bu daha çox mənim ürəyimi yandırır və mənə çox çətindir. Məni qərib və tənha, zalım münafiqlərin arasında qoyursan?!"

Həzrət Zeynəb, bu sözləri deyib öz üzünə sili vurdu və huşdan gedib yerə yıxıldı. İmam Hüseyn (ə) qalxıb bacısının üzünə su töküb onu huşa gətirdi. Sonra onu sakitləşdirib buyurdu: "Bacı! Allahdan qorx və səbirli ol. Bil ki, yer əhli hamısı öləcək və göylərin sakinləri də əbədi deyillər. Həqiqətən Allahdan başqa hər bir şey həlak olacaq ki, O, bütün məxluqatı Öz qüdrəti ilə yaradıbdır və camaatı öldürüb, yenidən dirildəcək. Odur yeganə və misli, bərabəri olmayan. Cəddim, atam, anam və qardaşım, hamısı məndən yaxşı idilər. Onların hamısı dünyadan gedib və onunla vidalaşıblar. Yaxşıdır ki, mən və hər bir müsəlman, Allah Rəsuluna (s) iqtida edək və onu özümüzə örnək qərar verək."

İmam Hüseyn (ə) belə sözlərlə bacısına dildarlıq edib, buyurdu: "Bacı! Səni and verirəm və sən gərək bu anda əməl edəsən. Mən şəhid olarkən, sinəni və üzünü cırma, mənim şəhadətimdə vaveyla ilə fəryad etmə."

İmam Səccad (ə) buyurur: Sonra atam bibim həzrət Zeynəbi mənim yanıma gətirib, orada oturtdu.1

İmam Hüseyn (ə) əziz bacısını sakitləşdirdikdən sonra, öz ailə-uşağının yanına getdi və onlara səbr etmələrini buyurdu. Sonra buyurdu:

يا اختا ه يا گلثم و انت يا زينب و انت يا رقية و انت يا فاطمة و انت يا رباب ! انظرن اذا انا قتلت فلا تشققن علي جيبا و لا تخمشن علي وجها و لا تقلن علي هجرا

Bacı! Ümmü Gülsum! Və sən ey Zeynəb, sən ey Rüqəyyə, ey Fatimə, ey Rübab! Mənim sözlərimə qulaq asın. Mən şəhid olarkən yaxanızı və üzünüzü cırmayın, dilinizə pis sözlər gətirməyin!1


Aşura gecəsi həzrət Rüqəyyənin (ə) və başqa uşaqların susuzluğu


Həzrət Səkinədən (ə) rəvayət olub:

Məhərrəm ayının doqquzuncu günü bizim suyumuz qurtardı. Susuzluq uşaqlara çox tə’sir etmişdi. Bütün qabların və məşglərin suyu tamamilə qurumuşdu. Mən və başqa uşaqlar möhkəm susamışdıq. Uşaqların susuzluğunu xəbər vermək üçün bibim Zeynəbin (ə) xidmətinə getdim. Onun yanına çatdıqda südəmər qardaşımı qucağında saxladığını gördüm. Qardaşım Əli Əsğər gah oturur, gah qalxırdı, sudan uzaq düşmüş balıq kimi narahat idi və ağlayırdı.

Bibim Zeynəb ona deyirdi: Səbr elə qardaşımın balası! Bu qədər susuz olduğun halda necə səbr edəsən?! Bibin üçün nə qədər çətindir ki, sənin səsini eşidə, amma bunun sənin halına heç bir faydası olmaya.

Həzrət Səkinə buyurur: Mən bibimdən bu sözləri eşidəndə ağladım. Həzrət Zeynəb buyurdu: Səkinə?!

Ərz etdim: Bəli.

Buyurdu: Nə üçün ağlayırsan?

Dedim: Qardaşım Əli Əsğərin susuzluğuna ağlayıram.

Daha ona özümün nə qədər susuz olduğumu demədim.

Sonra bibimə dedim: Bibican, kaş dostların və ənsarın yanına gedəydin, bəlkə onların xeyməsində su tapıla.

O, Əli Əsğəri qucağına alıb, əmilərimin xeymələrinə getdi amma, onların da suyu qurtarmışdı.

Həzrət Rüqəyyə (ə) və başqa azyaşlı uşaqlar susuzluğun şiddətindən çox zəifləmişdilər, artıq taqətləri yox idi. Onlar da bizim ardımızca yola düşdülər. Bibim, əmim oğlanlarının (imam Həsənin (ə) övladlarının) xeyməsində oturdu və su tapmaq ümidi ilə bir nəfəri səhabələrin xeyməsinə göndərdi.

Amma onları da xeyməsində su tapılmadı. Su tapmaq ümidindən mə’yus olduqdan sonra öz xeyməsinə qayıtdı. İyirmiyə yaxın azyaşlı uşaq onunla birlikdə idilər.

Uşaqlar susuzluğun şiddətindən ağlayır, fəryad edirdilər. Biz də fəryad edirdik. Bu vaxt atamın dostlarından olan Büreyr, bizim ağlamaq səsimizi eşidib, özünü yerə vurdu və başına torpaq tökdü. Sonra öz dostlarına xitab edib, dedi: Bu qılınclar bizim əlimizdə olduğu halda, siz Fatimeyi Zəhranın (ə) qızlarının ölməyini istəyirsinizmi?! Yox! And olsun Allaha ki, bunlardan sonra yaşamağın heç bir xeyri yoxdur. Biz gərək Fatimeyi Zəhranın (ə) uşaqlarından və qızlarından qabaq ölək.

Ey mənim dostlarım! Bu uşaqlar susuzluqdan ölməmiş, bizim hər birimiz bu uşaqların əlindən tutaq və suya tərəf hücum edək. Ömər Sə’din qoşunu bizimlə döyüşsələr, biz də onlarla döyüşək.

Büreyrin dostlarından biri, Yəhya ibn Mazəni, dedi: Biz Fəratın keşikçiləri ilə döyüşsək, bu uşaqlara ox dəyə bilər və bunun səbəbi biz olarıq. Yaxşıdır ki, özümüzlə məşg götürək və onu su ilə dolduraq. Fəratın keşikçiləri bizimlə döyüşsələr, biz də onlarla döyüşək və bizlərdən biri öldürülsə, həzrət Fatimeyi Zəhra (ə) qızlarına fəda olsun.

Büreyr dedi: Bu yaxşı fikirdir.

Onlar dörd nəfər olub, hər biri əlinə bir su məşgi götürüb, suya tərəf getdilər. Fəratın keşikçiləri onlara dedilər: Siz kimsiniz? Özünüzü tanıdın ki, biz başçımıza xəbər verək.

Büreyr və onların başçılarının arasında qohumluq var idi. Bu xəbəri ona verəndə dedi: Onlara yol verin, su içsinlər.

Büreyr və dostları Fərat çayına daxil oldular. Suyun sərinliyin və soyuqluğunu hiss edərkən ağladılar və dedilər: Allah lənət etsin Ömər Sə’də. Bu axar sudan bir qətrə belə, Mühəmməd (ə) övladları içə bilmirlər.

Büreyr dedi: Öz arxanıza baxın və tez su götürün. Çünki, Hüseynin (ə) uşaqlarının ürəkləri susuzluqdan yanır. Həzrət Fatimeyi Zəhranın (ə) övladları su içməyincə siz su içməyin.

Büreyrin dostları dedilər: Ey Büreyr: And olsun Allaha, Hüseynin (ə) uşaqları bu sudan içməyincə, biz sudan bir qətrə olsun belə içmərik.

Fərat keşikçilərindən bir nəfər bu sözləri eşidib, dedi: Sizin özünüzün Fərata daxil olmağınız bəs deyil, bu xaricilər üçün də su aparmaq istəyirsiniz?

Büreyr ona dedi: Bizim işimizi gizli saxla.

Sonra Büreyr yaxın gedib, onu tutdu ki, başqalarına xəbər verməsin. Amma o kişi qaçıb onların işini öz başçılarına xəbər verdi. Başçı dedi: Onları tutub mənim yanıma gətirin! Əgər gəlmək istəməsələr, onlarla vuruşun!

Fəratın keşikçiləri Büreyr və onun dostlarının yolunu bağladılar. Onların arasında döyüş başladı. Büreyr onlara nəsihət etdi. İmam Hüseyn (ə) onun səsini eşidib, bir neçə nəfəri köməyə göndərdi. Fəratın keşikçiləri qaçdılar.

Büreyr və onun dostları su gətirdilər. Hüseynin (ə) susuzluqdan dodaqları qurumuş balaları suyun başına yığışdılar, qarın və sinələrini su məşginin üstünə qoydular. Birdən məşgin bağı açıldı və su yerə axdı. İmam Hüseynin (ə) övladlarının nalə və fəryadı ucaldı. Büreyr öz üzünə vurub dedi: Əfsus, həzrət Fatimeyi Zəhranın (ə) qızlarının susuzluqdan yanan ciyərlərinə bu su yetişmədi!1


Həzrət Rüqəyyə Aşura günü


Bəzi rəvayətlərdə gəlib: Aşura günü həzrət Səkinə (ə), üç yaşlı bacısına dedi: -Gəl atamızın ətəyindən tutaq və onu getməyə qoymayaq. Atamız getsə onu öldürəcəklər.

İmam Hüseyn (ə) bu sözü eşidəndə bərk ağladı. Bu vaxt Rüqəyyə (ə) səsləndi: Ata sənin getməyinə mane olmaram, amma səbr elə səni görüm. İmam Hüseyn (ə) onu qucağına aldı və susuzluqdan quruyan dodaqların öpdü. Bu vaxt o nazdanə səsləndi: -Ata çox susuzam, susuzluq ciyərimə od vurub. İmam Hüseyn (ə) ona buyurdu: -Xeymə kənarında otur, mən gedib sənə su gətirim. İmam Hüseyn (ə) ayağa durub, meydana tərəf getmək istədi. Rüqəyyə (ə) yenə də atasının ətəyini tutub, ağlaya-ağlaya dedi: "يا ابة اين تمضي عنّا"Atacan, hara gedirsən? Nə üçün bizdən ayrılırsan? İmam (ə), bir də o balanı qucağına aldı və sakitləşdirdi. Sonra qana dönmüş ürəklə ondan ayrıldı.2


Ata, bizi Mədinəyə qaytar.


Kərbəla hadisəsindən və əhli beytin (ə) əsirliyindən sonra, bir gün Yezid, Şimrdən soruşdu: Sən Kərbəlada idin, Hüseynin (ə) halına ürəyin yanan bir vaxt oldu?

Şimr dedi: (Neçə yerdə mənim ürəyim Hüseynin halına yanıb) Ürəyimi yandıran hallardan biri də bu zaman idi ki, imam Hüseyn (ə) son vidasında xeymənin qapısının kənarına gəldi. Balaca qızı, qolunu onun boynuna saldı. O, “vay atacan ” deyə qışqırdı və elə fəryad etdi ki, bütün aləmin ürəyini yandırdı.

Hüseyn (ə), bu vaxt başını aşağı saldı və gözlərindən yaş axdı. O uşaq Hüseynə (ə) deyirdi: «Atacan, bizi Mədinəyə qaytar!»1

Ata dayan, qoy səni doyunca görüm


İmam Hüseyn (ə) hərəmləri ilə vidalaşıb, onlardan arxayın olduqdan və yaralarını bağladıqdan sonra döyüş meydanına yola düşdü. Bir qədər yol getmişdi ki, bu vaxt bir balaca qız, o həzrətin arxasınca qaçdı. İmam, qızın nə dediyini eşitmək üçün qulaq asdı. O qız belə deyirdi: Sənə mane olmaq istəmirəm, bir xahişim var.

يا ابة ! مهلا توقف حتّي اتزود من نظري اليك

Ata! َYavaş get, dayan, qoy səni doyunca görüm.

İmam Hüseyn (ə) dayandı, o balaca qızı qucağına aldı və ona təsəlli verib, sakitləşdirdi.2

İmam Hüseynin (ə) Həzrət Rüqəyyə (ə) ilə son vidası


Düşmən əsgərlərindən biri olan, Hilal ibni Nafe deyir: Mən ön sıralarda dayanmaşdım. Gördüm, imam Hüseyn (ə), öz əhli beyti ilə vidalaşdıqdan sonra meydana tərəf gəlir. Bu vaxt bir balaca qız, xeymədən çıxdı, titrək addımlarla qaça-qaça imam Hüseynin (ə) ardınca gəldi və özünü o həzrətə çatdırdı, onun ətəyini tutub, səslədi: Atacan mənə bax! Mən susuzam! Ürək yandıran bu sözləri susuz bir uşağın dilindən eşitmək, imam Hüseynin (ə) yaralı ürəyinə duz səpmək kimi idi. Onun sözləri imam Hüseynə (ə) elə təsir etdi ki, ixtiyarsız gözlərindən yaş axdı. Yaşla dolu gözlərlə o qıza dedi: الله يسقيك فانه وکيلي Qızım sənin susuz olduğunu bilirəm. Allah səni sirab etsin. Çünki o mənim vəkilim və pənah yerimdir.

Hilal deyir: Mən bu qızcığazın imam Hüseynin (ə) nəyi olduğunu soruşdum. Mənə cavab verdilər ki, o imam Hüseynin (ə) üç yaşlı qızı, Rüqəyyədir.


Səccadənin kənarında atasının yolunu gözləyirdi


Həzrət Rüqəyyə (ə) hər namaz vaxtı atasının səccadəsini sərərdi və o həzrət onun üstündə namazını qılardı. Aşura günü zöhr, yenə adəti üzrə atasının səccadəsini sərib, intizarla oturdu. Amma bir müddətdən sonra birdən Şimrin xeyməyə daxil olduğunu gördü.

Rüqəyyə (ə) ondan soruşdu: Mənim atamı görməmisən? Şimr səccadənin kənarında atasının yolunu gözləyən qızı görən kimi öz qulamına dedi: Bu qızı vur! Qulam bu göstərişə əməl etmədi. Şimr özü qabağa gəlib, o nazdanənin surətinə belə sili vurdu ki, Allahın ərşi titrədi.


Atasının susuzluğunu biləndə su içmədi


İbn Covzinin "Məfatihul-ğeyb" kitabında gəlib:

Saleh ibn Əbdullah deyir: Xeymələrə od vurulan zaman, əhli beyt (ə) biyabanlara üz qoydular. Paltarının ətəyi od tutmuş bir balaca qızı gördüm. Qorxusundan ağlayır və qaçırdı. Mənim onun halına rəhmim gəldi. Libasının odunu söndürmək üçün, atı ona tərəf çapdım. Atın nəfəsini eşidən kimi iztirabı artdı. Ona dedim ki, qorxma, səni incitmək istəmirəm. O, çarəsiz olaraq qorxusundan dayandı. Atdan yerə enib, libasının odunu söndürdüm. Birdən o qız soruşdu: Dodaqlarım susuzluğun şiddətindən quruyub, mənə bir içim su ver. Bu sözü eşidəndə ürəyim yumşaldı, qabı su ilə doldurub ona verdim. Suyu alıb, bir ah çəkdi və ahəstə yola düşdü. Soruşdum: Hara getmək istsyirsən? Buyurdu: Bir kiçik bacım var ki, o məndən də susuzdur. Dedim: Qorxma, suyun qadağası götürülüb, siz için. Dedi: Səndən bir sualım var. Atam Hüseyn (ə) susuz idi, ona su verdilər, ya yox?! Dedim: Yox, and olsun Allaha, ta axıra kimi buyururdu: "اسقوني شربة من الما ء" "Mənə bir içim su verin." Amma su verən olmadı, hətta onun cavabını da vermədilər.

O qız, bu sözü eşidərkən suyu içmədi.

Bə’ziləri bu qızın həzrət Rüqəyyə (ə) olduğunu deyirlər.1


Suyu atama aparmaq istəyirəm


Rəvayətdə gəlib: Ömər Sə’din qoşunu imam Hüseynin (ə) xeymələrinə od vurarkən iyirmi üç uşaq xeymədən çölə qaçdılar. Onlar susuzluğun şiddətindən və qorxularından titrəyirdilər.

Xeymələrin qarətindən və onlara od vurduqdan sonra, Ömər Sə’din qoşun böyüklərindən biri ona dedi: Bunları Yezidin yanına belə aparmaq fikrindəsənsə, bir nəfəri də Şama gedib çıxmaz. Göstəriş ver, bunlara su versinlər. Bunlar susuzluqdan ölürlər. (hətta uşaqlardan bir neçəsi susuzluqdan ölmüşdü1)

Ömər Sə’d dedi: Uşaqlara su verin!

Suçular su məşglərini su ilə doldurub, uşaqlara və qadınlara apardılar. Onlar suyu əldən-ələ ötürərək, uşaqların arasında ən kiçiyi olan həzrət Rüqəyyəyə (ə) verdilər. Həzrət Rüqəyyə (ə) su qabını alıb, qətligaha tərəf yola düşdü.

Ona dedilər: Hara gedirsən?

Həzrət Rüqəyyə dedi: Atam döyüş meydanına gedəndə dodaqları susuzluqdan qurumuşdu. İstəyirəm bu suyu ona aparım, içsin.2


Həzrət Rüqəyyə (ə) şami qəribanda atasının cənazəsi kənarında


Şami qəriban gecəsi həzrət Zeynəb (ə), yarısı yanmış bir xeymədə azca yuxuladı. Yuxuda anası Fatimeyi Zəhranı (ə) gördü. Ərz etdi: Anacan, bizim halımızdan xəbərin varmı?!

Həzrət Fatimeyi Zəhra (ə) buyurdu: Eşitməyə taqətim yoxdur. Həzrət Zeynəb ərz etdi: Bəs dərdimi kimə deyim?

Fatimeyi Zəhra (ə) buyurdu: Oğlum Hüseynin (ə), başını bədənindən ayırdıqları vaxt, mən özüm orada idim. İndi ayağa qalx və Rüqəyyəni (ə) tap. Həzrət Zeynəb (ə) ayağa qalxdı və nə qədər səsləsə də Rüqəyyədən (ə) bir xəbər olmadı. O, Ümmü Gülsümlə ağlayıb nalə etdilər və Rüqəyyəni (ə) axtarmağa başladılar. Nəhayət, qətligahın yaxınlığından onun səsini eşitdilər. Parə-parə olmuş bədənlərin yanına gəldilər, gördülər Rüqəyyə (ə) özünü atasının pak cənasi üstə atıb və əllərini atasının sinəsinə yapışdırıb, ürək dərdlərini deyir.

Həzrət Zeynəb (ə) onu nəvaziş etdi. Bu vaxt Səkinə (ə) da gəldi və birlikdə xeyməyə qayıtdılar. Yolda Səkinə (ə) Rüqəyyədən (ə) soruşdu: Atanın bədənini necə tapdın? O, cavab verdi: O qədər ata, ata səslədim ki, birdən atamın səsini eşitdim ki, buyurdu: Buraya gəl, mən buradayam.

Yatdı qoşun kəsildi səs, sayə çəkildi dövrədən

Çıxdı Rüqəyyə xaricə, nisfi şikəstə1 xeymədən

Başı açıq, ayaq yalın, caməsi2 köhnə pirəhən

Qətligəhə tərəf qaçır, yel kimi titrəyir bədən

Hər qədəm ağlayır deyir: hardasan ay baba Hüseyn?

***


Guşeyi-qətligahidən birdən eşitdi bir səda:

Gəzmə bu qanlı ərsəni, sinəmin üstə gəl bala

Cəzb edib aşinasını ləhni- sədayi-aşina3

Xaneyi-eşqidən işıq sate olurdu bərməla4

Oldu çiraği-nur ilən ol qıza rəhnəma5 Hüseyn

***


Tapdı nişani-nur ilən məqtəl ara babasını

Gördü çuxur məkanidə qan bürüyüb yarasını

Açdı yaralı şəh iki bazuyi-həqnəmasini6

Sinəsinə yapışdırıb doxtəri-binəvasini7

Nisgil ilə dedi o qız: canüvə mən fəda Hüseyn!

***


Harda idin qoşun gəlib xeyməni yandıran zaman

At qabağında qızları çöldə dolandıran zaman

Mə’cərü-guşivaridən1 ötrü qovub yoran zaman

Rəxtimizi2 soyan zaman, qəmçi ilə döyən zaman

Vermədin, eylərəm giley, naləmizə səda Hüseyn

***


Bir də məriz qardaşım, od tutub odlanan zaman

Vurdu bibim özün oda, xeymə alovlanan zaman

Damənim od tutub mənim şölə çəkib yanan zaman

Əmmələrim, anam, bacım qol-qola bağlanan zaman

Səs niyə vermədin hamı səslədi onda ya Hüseyn!

***


Etmə Rüqəyyəcan giley, mən niyə dadə gəlmədim

Qərq idi xaki-xunidə3 nəşim aradə gəlmədim

Köynəyimi apardılar, sinə qoşadə4 gəlmədim

Nazir idim o halizə nuki-cidadə5 gəlmədim

Fikr eləmə Dəməşqəcən sizdən ola cüda Hüseyn

***


Qovzanıb istədim gələm, atlar ayağı qoymadı

Tutdü məni çuxur yerin qanlı qucağı qoymadı

Qəlbidə növcəvanımın suzişi-daği qoymadı

Nizə, qılınc sınıqları kəsdi qabaği qoymadi

Oldu bu seyri-rahidə manei-mübtəla6 Hüseyn

***


İndi öpüm icazə ver surəti-şəms-təl’əti7

Sən də müqabilində qoy surətimə o surəti

Çək o mübarək əllərin başimə, qıl məhəbbəti

Pak elə zülfümün tozun, sən bil anamın hörməti

Ta bu yətimə doxtərin xatiri xoş ola Hüseyn

***


Yoxdu başım Rüqəyyəcan, ta öpəsən cəmalimi

Ya ki, qoyam o surətə surəti por məlalimi1

Yoxdu bədəndə əllərim gör bu şikəstə halimi

Başuvə əl çəkəm siləm, zülfi-çəmən misalini2

Yoxsa edərdi xahişin şövqilə cabeca3 Hüseyn

***


Yatma bu qanlı sinədə, dur, bala get, Rüqəyyəcan

Əmmələrin gəzir çöli sinə xəraşü4 bağrı qan

Ərsədə rəddi-payuvi5 dərk edib axtarır nişan

Gör necə səs gəlir deyir: nazlı Rüqəyyəm hardasan?

Bir də deyirlər qıl kömək bizlərə ya əxa Hüseyn!

***


Ey yaralı Hüseynimə doxtəri-nazidanə6 gəl

Başı bəlali bülbülüm, boş qalıb aşiyanə gəl

Bu gecə aləmi səni saldı çölə zəmanə gəl

Lə’l kimi boyanmısan başdan-ayağə qanə gəl

Zülfüvə xuni sorx7 ilə vermiş əcəb cəla8 Hüseyn

***


Gəldiyi yoldan ol xanım istədi ric’ət eyliyə9

Əmmələrin gəzib tapa, ya gedə parə xeyməyə

Qorxdu itirdi düz yolu, düşdü vücudi lərzəyə

Bir Nəcəfə tərəf baxıb, bir də səvadi1-Kufəyə

Gəl yolumu itirmişəm, ol mənə rahnəma Hüseyn

***


Zülməti şəb2 hərəsnak3, əmmələri gəzir çölü

Bir qız uşağı nabaləd, ərsə tikan ilən dolu

Oxdu, qılıncdı, nizədi, qanlı cənazə sağ-solu

Əmmələrin gəlir səsi, leyk tapammayır yolu

Nazir idi o qəmfəza aləmə bərməla Hüseyn

***


Əhli əza! kim elədi bəs o qıza dəlaləti4?

Getdi mənim əqidəmə, şəmsi-həyavü-möhənəti5

Yəni anası Fatimə tapdı o morği möhnəti6

Əmmələrinə əlbəəl verdi həmən əmanəti

Hifz edələr ki, Şamidə salim ala onu Hüseyn

Salam olsun sənə ey ata! Səndən sonra necə müsibətlər çəkdim. Sənin ayrılığından və şəhadətindən sonra qərib və tənhayam.

Əsirlər aparılan məntəqələrin birində, Əba Əbdillah Hüseynin (ə) qızı məhmildən yerə düşdü. İmam Hüseynin (ə) başını aparan nizədar deyir: Birdən nizəm yerə girdi. Nə qədər çalışdımsa, onu yerdən çıxara bilmədim. Dedim: İmam Səccaddan (ə) soruşun, görün nə olub ki, nizə yerə batıb, çıxmır. Xəbər imam Səccada (ə) çatdı. Həzrət buyurdu: Bibim Zeynəbin xidmətinə gedin və ondan soruşun ki, nə olub? Həzrət özü də gəlib buyurdu: Bibi, atam demək istəyir ki, bacı, əsirləri say, gör qardaşının balalarından yerdə qalan olmayıb?

Həzrət Zeynəb, bu sözü qardaşının yadigarından (imam Səccaddan ə) eşidən kimi, Ümmü Gülsümün yanına gəlib dedi: Bacı qardaşımın balalarından biri yoxdur, gəl onu axtaraq tapaq. Hərəsi bir tərəfə yollandılar və çağırırdılar: Bibin sənə qurban haradasan? Niyə cavab vermirsən? Amma cavab eşidilmirdi.

Bu vaxt, qaranlıqda onlara tərəf gələn bir qaraltı gördülər. O, zəif və titrək səslə ağlaya-ağlaya atasını çağırır və deyirdi: Ata, ata hardasan, niyə qızının fəryadına çatmırsan? Onlar nazdanəni görən kimi ona tərəf qaçdılar, qucaqlarına aldılar. O nazdanə, atasının kəsilmiş başına xitab edib deyirdi: Ata, ata elə ki, naqədən yıxıldım, fəryad edirdim. Bir nurani və əzəmətli xanım gəlib, mənə kömək etdi. Ona ürək sözlərimi dedim. Ona dedim, mən Hüseynin (ə) qızıyam. Mənə qəmçi vurdular, mənə sili vurdular. Ata, o əzəmətli xanım çox mehriban idi, məni qucağına aldı, nəvazişlə başımi əl çəkdi, mənə dildarlıq edib dedi: Qəm yemə, qafiləyə çatacaqsan. Bu mehribanlığı ondan görəndə dedim: Bibi ayaqlarima bir bax, o qədər tikanlar üstə qaçmışam, yaradır. O xanım bu sözləri məndən eşidəndə dedi: Ürəyimin yaraları üstə duz səpmə.

O nurani və əzəmətli xanımın neçə əlaməti var idi: biri, surəti nili idi, ikinci, qəddi əyilmişdi, üçüncü, bir əlini qabırğalarına tutmuşdu.

Ata bibimi vururlar


Əhli beyt (ə) əsirlərini məhmillərə mindirmək istərkən, Ömər Sə’d qoşununa, qadınları və uşaqları məhmillərə mindrməyi əmr etdi. Amma imam Səccad (ə), o qeyrətullah və vəliyullah acıqla səsləndi: Ey Ömər, qoşununu geri çağır. Bu qadın və uşaqlar özləri bir-birlərini məhmilə mindirərlər, naməhrəm gözlər onları görməməlidir. Ömər Sə’d, qoşununa fəryad çəkdi: İsmət və təharət əhli beytinin (ə) hərimindən uzaq olun, onlar özləri bir-birlərini məhmillərə mindirsinlər. Naməhrəmlər uzaqlaşan kimi Zeynəb (ə) və Ümmü Gülsüm (ə), qadın və uşaqları məhmillərə səvar etdilər. Axırda özləri qaldı, onlar dayanıb, bir-birlərinə baxdılar. Zeynəb (ə) dedi: Bacı, Ümmü Gülsüm (ə) gəl mən sənə kömək edim, səvar ol. Ümmü Gülsüm (ə) dedi: Bəs sənə kim kömək edəcək? Bibi Zeynəb (ə) dedi: Bacı sən səvar ol, mən də səvar olacağam. Ümmü Gülsüm (ə) səvar oldu və bacısına üz tutub dedi: İndi necə səvar olacaqsan?

Bacım, Ümmü Gülsüm, məni Mədinədən bura gətirən, özü səvar edəcəkdir. Sonra o, nəhri-Əlqəmə1 tərəf üz çevirib, qardaşı Əbbası səslədi: Qardaşım Əbbas (ə)! Sən, qeyrət sahibi idin və sən məni məhmilə mindirib izzət və cəlal ilə gətirmişdin. İndi yenə səvar olmaq vaxtıdır, qalx, məni məhmilə səvar et. Çünki, Zeynəbin (ə) onu məhmilə səvar etməyə daha heç kimi yoxdur. Sonra qətligahə tərəf gedib, qardaşı Hüseyni (ə) səslədi: Hüseyncan, bacın getmək istəyir. Qardaş qalx, bacını məhmilə səvar et. Amma Hüseyncan, öz əlimdə deyil, məni sənin yanından məcbur aparırlar. Həzrət Zeynəb, özünü Hüseynin parə-parə olmuş bədəni üstə atmışdı və son vidanı edirdi. Bu vaxt Hüseynin nazdanəsinin səsi eşidildi: Ata, ata yerindən qalx gör, bibimi taziyanə ilə vururlar. يا ابتاه انظر الي عمتي" المضروبة"


Qətligahda, ata qucağında


Ali Mühəmməd (s) əsirlərini, şəhidlərin pak və müqəddəs bədənlərinin yanından apararkən, onların hər biri özünü, öz əzizinin cənazəsi üstə atdı və son dəfə olaraq öz şəhiidləri ilə vidalaşdı. Hüseynin (ə) nazdanəsi atasının bədənini ağuşuna çəkib, səsləyirdi: Ata, ata nə üçün mənimlə danışmırsan? Ata bir bax, bizi əsir aparırlar. Bu vaxt kufəlilər gəlib, taziyanə ili onları vuraraq, müqəddəs bədənlərdən ayırdılar. Əba Əbdillah Hüseynin (ə) nazdanəsi, atasının bədənini qucaqlamışdı və onunla söhbət edirdi. Kufənin kinli zalımları onu nə qədər çəkirdilərsə də ayıra bilmirdilər və taziyanə ilə vururdular. O səsləndi: Ata məni taziyanə ilə vururlar, bədənim qaraldı. O vaxt atasının qucağından ayrıldı. Həzrət Rüqəyyə atasını qucaqladığı bir halda onu atasından ayırdılar.

Həzrət Rüqəyyənin (ə) atasına şikayəti


Rəvayət olub: Həzrət Rüqəyyə (ə) imam Hüseynin (ə) qana qərq olmuş bədəninin kənarında oturdu. O, gah atasının çiynindən tutub öpür, gah atasının barmaqlarını ürəyinin üstünə qoyur və gözlərinin üstünə çəkirdi. Rüqəyyə (ə) atasının qanını götürür, öz üzünə və tüklərinə çəkirdi. O, deyirdi:

Ey ata! Sənin ölümün şəmatət edənlərin gözlərini işıqlandırdı və düşmənləri sevindirdi.

Ata! Bəni Üməyyə uşaq yaşımda yetimlik paltarını mənə geyindirdilər.

Atacan! Gecənin qaranlığı çökərkən mən kimə pənah aparım? Əgər susuzlasam kim mənə su verəcək?

Atacan, bizim pozulmuş saçlarımıza, qəmli ürəklərimizə, taziyanə ilə döyülmüş bibimə və əsir olunmuş anama bax.

Sonra həzrət Rüqəyyə (ə) buyurdu: Ey camaat! Bu gün getmək istəyirsinizsə, gedin və bu qadınları da özünüzlə aparın, amma məni atamın yanında qoyun. Çünki, mən kiçik bir uşağam və dəvəyə minməyə taqətim yoxdur. Mənimlə yaxşı rəftar edin və atamın qana qərq olmuş bədəninin yanında tənha qoyun ki, göz yaşlarımla və nalələrimlə atamın müsibətində əzadarlıq edim. Bu halda ölsəm də qanım sizin boynunuza olmaz.

Daşürəkli düşmənlərdən biri, zorla həzrət Rüqəyyəni (ə) atasının pak bədəni üstündən qaldırdı. Rüqəyyə (ə) məzlumcasına atasının parə-parə olmuş bədəninə pənah apardı və o bədənə yapışdı. Amma o kafir, həzrət Rüqəyyəni (ə) çəkib, atasından uzaqlaşdırdı.

Həzrət Rüqəyyə (ə) atasının parə-parə olmuş bədəninə xitab edib, dedi:

Atacan! Səndən sonra gecə olarkən kim məndən himayət edəcək və məni qoruyacaq, keşiyimi çəkəcək?

Ey mehriban ata! Düşmənlər mənim sırğamı və libaslarımı qarət etdilər.

Ey ata! Bizim örtüksüz başlarımıza və yanmış ciyərlərimizə baxmırsanmı?

Ey ata! Bibim, həzrət Zeynəbə, baxmırsanmı ki, düşmənlər onu taziyanə ilə nə qədər döyüblər?

Ravi deyir: Onun bu nalələri bütün gözləri ağlatdı.1


Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə