www.vivo-book.com
607
birilə əlaqəsini kəsmək vaxtı çatmışdı. Lakin mənə lazım idi
ki, bunun hamısını öz gözümlə görüm, öz təcrübəmin
nəticəsinə inanım... Məndən razı qaldınızmı? Bəlkə bir şeyi
də bilmək istəyirsiniz... Bilmək istəyirsiniz ki, sizi mən niyə
bura gətirmişəm, sizin qarşınızda niyə bu qədər həngamə
açmışam, niyə bu qədər açıq danışmışam, bir halda ki, mən
ürəyimi açıb tökmədən də bu şeyləri söyləyə bilərdim,
elədirmi?
– Elədir... – mən canımı dişimə tutub diqqətlə qulaq
asırdım.
Mənim daha ona deyiləsi sözüm yox idi.
– Dostum, ancaq bir şeyə görə bunu etdim: gördüm ki,
siz o iki axmaqdan daha artıq tədbirli, ağlı başında
adamsınız, məsələyə daha açıq gözlə baxırsınız. Mənim kim
olduğumu siz əvvəlcə də təyin edə bilərdiniz, duya
bilərdiniz, mənim haqqımda fikir yürüdə bilərdiniz, lakin
mən sizi bu zəhmətdən xilas etmək istədim, bu qərara
gəldim ki, kim olduğumu sizə əyani surətdə göstərim. Həqiqi
təəssürat böyük şeydir. Mon ami, siz məni başa düşün! Siz
kim ilə müamilədə olduğunuzu bilirsiniz, siz Natalya
www.vivo-book.com
608
Nikolayevnanı sevirsiniz, buna görə də mən əminəm ki, siz
indi onu bəzi işlərdən xilas etmək üçün bütün təsirinizi işə
salacaqsınız (hər halda, onun üzərində sizin təsiriniz vardır).
Yoxsa, bəzi şeylər olacaq, özü də, sizi inandırıram ki, bunlar
zarafat iş olmayacaq! Nəhayət, sizinlə açıq danışmağımın
üçüncü səbəbi də... (siz axı əzizim, bunu özünüz başa
düşmüsünüz) üçüncü səbəbi də budur ki... Bəli, mən
doğrudan da, bütün bu şeylərə bir azca tüpürmək istəyirdim,
özü də sizin gözünüzün qarşında tüpürmək istəyirdim...
Mən həyəcandan əsə-əsə dedim:
– Siz öz məqsədinizə çatdınız. Mən sizinlə razıyam ki,
siz öz ədavətinizi, sizin mənə, bizim hamımıza olan
nifrətinizi başqa bir şeylə deyil, ancaq belə açıq danışmaqla
daha aydın ifadə edə bilərdiniz. Siz nəinki belə açıq
danışmaqla özünüzü mənim qarşımda biabır edəcəyinizdən
qorxmurdunuz, hətta məndən heç utanmırdınız da... Siz,
doğrudan da, plaş geyinmiş dəliyə oxşayırdınız. Siz məni
adam hesab etmirdiniz.
Knyaz yerindən qalxaraq dedi:
www.vivo-book.com
609
– Mənim gənc dostum, siz məsələni başa düşmüsünüz,
siz hamısını başa düşmüsünüz, havayı yerə ədəbiyyatçı
deyilsiniz ki! Əminəm ki, biz dostcasına ayrılırıq. Bəs
dostluq şərəfinə içməyəcəyik?
– Siz sərxoşsunuz, məhz buna görə də sizə lazım
olduğu kimi cavab vermirəm...
– Yenə fikri tamamlamamaq ifadə tərzi! Demədiniz ki,
necə cavab vermək lazımdı, ha-ha-ha! Sizin pulunuzu
verməyə mənə icazə vermirsiniz?
– Zəhmət çəkməyin, özüm verərəm.
– Şübhəsiz ki, özünüz verəcəksiniz. Bizim yolumuz
gərək ki, ayrı-ayrıdır.
– Mən sizinlə getməyəcəyəm.
– Şairim, xudahafiz! Əminəm ki, siz məni başa
düşmüsünüz.
Knyaz bir az səndirləyə-səndirləyə, dönüb mənə
baxmadan otaqdan çıxdı. Lakey onu faytona mindirdi. Mən
də öz yolumla getdim. Saat üçə işləmişdi. Yağış yağırdı.
Qaranlıq bir gecə idi...
www.vivo-book.com
611
DÖRDÜNCÜ HİSSƏ
I FƏSİL
Mən öz qəzəbimi təsvir etməyəcəyəm. Bu söhbətdən
hər nə desən baş verə bilərdi. Lakin mən heyrət içində
donub qalmışdım, sanki knyaz bütün çirkinliyi ilə qəfildən
mənim qarşımda canlanmışdı. Ancaq burası yadımdadır ki,
duyduğum hisslər aydın deyildi, elə bil ki, bir şey mənə
təzyiq edirdi, məni əzirdi, ağır kədər qəlbimi get-gedə daha
artıq sorub gəmirirdi. Nataşanın vəziyyəti məni qorxudurdu.
Mən onun hələ çox-çox əzab çəkəcəyini hiss edirdim, aydın
da olmasa, düşünürdüm ki, onu bu əzablardan necə
qurtarım, məsələnin qəti surətdə həll olunduğu bu son
dəqiqələrdə onun vəziyyətini necə yüngülləşdirim, bunun
dərdini çəkirdim. Məsələnin qəti surətdə həll olunacağına
heç şübhə yox idi. Bu get-gedə yaxınlaşırdı, bunun necə həll
olunacağını hiss etməmək olardımı?!
Bütün yol uzunu yağış məni islatsa da, evə necə gəlib
çıxdığımı heç hiss etmədim. Gecə saat üç idi. Qapını döyən
www.vivo-book.com
612
kimi bir inilti eşitdim, Nelli qapını tələsə-tələsə açmağa
başladı. O elə bil ki, heç yatmayıbmış, qapının dalında durub
mənim gəlməyimi gözləyirmiş. Otaqda şam yanırdı. Mən
Nellinin üzünə baxanda diksindim: o, tamam dəyişmişdi,
gözləri, qızdırmalı adam gözləri kimi, yanırdı, özü də qəribə
bir halda baxırdı, sanki məni tanımırdı. O, bərk qızdırmışdı.
Mən ona tərəf əyildim, onu əllərimlə tutaraq soruşdum:
– Nelli, sənə nə olub? Yoxsa, xəstələnmisən?
O titrəyə-titrəyə mənə sıxıldı, elə bil ki, nədənsə
qorxurdu. Coşqun halda, tez-tez nəsə dedi, sanki məni
gözləyirmiş ki, tez bu şeyləri mənə desin. Lakin onun
sözlərində bir uyğunsuzluq, qəribəlik vardı, heç bir şey başa
düşmədim: o sayıqlayırdı.
Mən tez onu yatağına apardım, lakin o məndən əl
çəkmirdi, bərk-bərk mənə sıxılırdı, sanki nədənsə qorxurdu,
kimdənsə müdafiə edilməsini xahiş edirdi. Yatağına
uzandıqdan sonra da mənim əlimi buraxmırdı, bərk-bərk
tuturdu, qorxurdu ki, mən yenə də çıxıb gedərəm. Mən o
qədər sarsılmışdım, əsəblərim o qədər pozulmuşdu ki, ona
baxaraq hətta ağladım. Mən özüm də xəstə idim. O mənim
Dostları ilə paylaş: |