Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

 
89
50.., 70.., 90.., – ömür bitdi də daha
ancaq ümid itmir, baxır üzü sabaha. 
Sən ey bizə axirəti vəd edən düha, 
yaranmışıq, ölməliyik, pənah Allaha, 
daha yaşın o çağıdı, neyləmək olar? 
 
Milyon illər bu körpüdən keçsə də xilqət, 
hamı cənnət müjdəsini gözləyir, əlbət. 
Beynimizdə təzad dolu cəhənnəm, cənnət, 
hansımızı nə gözləyir orda, ya qismət
daha yaşın o çağıdı, neyləmək olar? 
 
Mart,2006 
 
 
 
 
ÖLDÜYÜN YER VƏTƏNDİR 
 
Ey həmişə özünü düz, sözünü haqq sayan kəs, 
xoş gününün xatirinə millətini soyan kəs! 
Ey torpağın satan satqın, ey yurduna qıyan kəs, 
qazandığın, topladığın murdarlanmış kəfəndir. 
 
Yaman tutub gözlərini bu yalançı şöhrətin, 
nə cəbhədə bir nəfərin, nə qanında qeyrətin. 
Sən daşı sərvətlərini biz çəkərik möhnətin, 
bu çətinlik müvəqqəti, bu gün, sabah ötəndir. 
 
Bu canavar xislətinlə, ha dünyanı dolan, gəz, 
qərib yerdə keçən ömür onsuz da bəs eyləməz. 
Ulun harda uyuyursa, o torpaqdır müqəddəs, 
olduğun yer Vətən deyil, öldüyün yer Vətəndir. 
 
21.07.98


 
90
ANASIZ QIZLARA TOY ÇALINANDA 
  
Həyatdan vaxtsız köçmüş bacım Şəfiqənin əziz xatirəsinə 
 
A yaxın qohumlar, ay əziz dostlar, 
siz Allah, bu qədər kövrək olmayın. 
Gözümüz anbaan boşalar, dolar, 
vaxtsız köçənləri yada salmayın 
anasız qızlara toy çalınanda. 
 
Onsuz da qəlbləri yuxa kimidi, 
bir incə eyhama, sözə bənddilər. 
Xalalar, bibilər dərdli, nisgilli
yola salmağına qonşular gələr 
anasız qızlara toy çalınanda. 
 
Analı günləri yada düşdükcə 
sıxar gözlərini, leysan tökülər. 
Qəmli ziyafətə dönər bu gecə, 
kədərdən üzlərə pərdə çəkilər 
anasız qızlara toy çalınanda. 
 
Hərdən yetirəndə ətrafa nəzər, 
gözü atasının gözündə gəzər. 
Ata göz yaşını boğar, gizlədər, 
atanı bu ağrı içindən əzər 
anasız qızlara toy çalınanda. 
 
Keçər ürəyindən, ah nələr, nələr, 
xəyal qanadında illəri gəzər. 
Nə qədər arzusu sozalar, ölər, 
ağlayar, sızlayar, kiriyər, dözər 
anasız qızlara toy çalınanda. 
 
* * * 
Ey əziz insanlar, kövrək insanlar, 
mehriban insanlar, ipək insanlar, 
sizi sındırmasın vaxtsız itkilər. 
Siz ey ürəkləri titrək insanlar, 
alın yazısını kim poza bilər? 


 
91
Bu da bir taledir, Tanrı qisməti, 
həyatın diktəsi, acı hikməti. 
Kaş ki, hər birinə bəxti yar olsun, 
artsın ər evində qədir- qiyməti, 
yeni ünvanında bəxtiyar olsun. 
 
* * * 
Anasız qızlara toy çalınanda, 
arzu yollarında, yel qanadında, 
mələk libasında, murad atında 
gələr anasının ruhu toyuna, 
baxar balasının gəlin boyuna. 
Görüb doğmaları təsəlli tapar, 
ruhuyla hamının üzündən öpər. 
Özünü dünyanın xoşbəxti sanar, 
qızını dünyanın xoşbəxti sanar. 
Sevinc göz yaşları axar bu gecə, 
ipisti yağışlar yağar bu gecə. 
Kövrək xatirələr köztək alışar, 
insanlar bir az da mehribanlaşar. 
Gözlər ağlasa da arzular gülər, 
dünyaya yeni bir ailə gələr. 
 
Yanvar, 2005 


 
92
AYRILIĞIN SONU OLMUR 
 
Acı ruzgarın vaxtsız dost-doğma, bacı-qardaş... və övlad itkisi ilə sına-
ğa çəkdiyi insanlara. 
 
Hardan gəlir çağrılmamış bu qonaq, 
nə yalvarış anlamayır, nə qınaq? 
Qabağında ha sızlayaq, ha yanaq, 
ayrılığın sonu olmur, əzizim. 
 
Qurban olum əzabına, ağrına, 
ürəyini tutub da çox ağrıma. 
Bundan belə bir daş bağla bağrına, 
ayrılığın sonu olmur, əzizim. 
 
Hərəmizin başında yüz hekayət, 
zəhər imiş dərd gətirən həqiqət. 
Kim görür ki, sabahını, ya qismət, 
ayrılığın sonu olmur, əzizim? 
 
Çoxu deyir, həyat ki var, sınaqdı, 
hər insanın öz taleyi, öz bəxti. 
Ayrılığın var zamanı, var vaxtı, 
ayrılığın sonu olmur, əzizim. 
 
Nə yaşadıq, ömür keçdi bu yaşda
əcəl gəlib bardaş qurub da başda? 
Bu ovqatla ha tutul da, ha çaş da, 
ayrılığın sonu olmur, əzizim. 
 
Ötüşsə də ömrümüzün yüz ili, 
silə bilməz ürəkdəki nisgili. 
Əlimizdən gələn ancaq təsəlli, 
ayrılığın sonu olmur, əzizim. 
 
Beynimizdə axirətin marağı, 
kim düşünüb cənnət adlı o bağı? 
Bütün bəşər Yer üzünün qonağı, 
ayrılığın sonu olmur, əzizim. 
Sentyabr, 2003 


 
93
BAĞIŞLA, CAN ANA 
 
Dünyasını  dəyişən anda övladlarından biri də yanında olmayan 
anam Züleyxanın əziz xatirəsinə. 
 
Köçüb bir dünyam, yoxdur, 
gölüm var, sonam yoxdur. 
Virandır atam evi, 
içində anam yoxdur
 
Son dəfə üzünü görə bilmədim, 
son dəfə əlindən öpə bilmədim, 
ağladım, sızladım, ölə bilmədim, 
bağışla, can ana, bağışla məni. 
 
Bu qədər yaxınmış ölüm, bilmədim, 
sonam, anlamadım, gülüm, bilmədim, 
ayağın altında ölüm, bilmədim, 
bağışla, can ana, bağışla məni. 
 
Görüb ətrafında yurdlaşlarını, 
gözün gəzib məni, qardaşlarımı... 
Saxlaya bilmirəm göz yaşlarımı, 
bağışla, can ana, bağışla məni. 
 
Bir ara yanına gələ bilmədim, 
məşğuldum, vaxtımı bölə bilmədim. 
Dönsün od-ocağım külə, bilmədim, 
bağışla, can ana, bağışla məni. 
 
Nə səsim çatmayır, nə ünüm sənə, 
o dünya vardısa, qoy dönüm sənə. 
Nə dua, qurbandır hər günüm sənə, 
bağışla, can ana, bağışla məni. 
 
Yuxuma girirsən – görünüm, gəlim, 
hardasan, can ana, sürünüm, gəlim?! 
Hay ver, kəfənimə bürünüm, gəlim, 
bağışla, can ana, bağışla məni. 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə