Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə24/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

 
117
BACILAR 
 
Yüz yol nazımızı çəkər, yorulmaz, 
yüz yol qayğımıza qalan bacılar. 
Qardaşla sevincin bölməkdən doymaz, 
qardaş qadasını alan bacılar. 
 
Ağrıyan görəndə bir yerimizi
özünə diləyər dərd-sərimizi. 
Canından çox sevər hər birimizi, 
sevgisi tükənməz ümman bacılar. 
 
Daim üstümüzdə nəzəri, gözü, 
bizik güvənc yeri, bizik əzizi. 
Anasız qardaşa ana əvəzi, 
dərdi üyərində pünhan bacılar. 
 
Əskilməz qəlbində mehr-məhəbbət, 
arzusu, istəyi, dözümü heyrət. 
Qardaşdan umduğu bir quru diqqət, 
görməsə, can evi talan bacılar. 
 
Nəfəsi müşk-ənbər, ürəyi kövrək
çiçəktək zərifdir, ceyrantək ürkək. 
Naqafil, gözləri yaz buludutək 
bir incə məqamdan dolan bacılar. 
 
Biz də yaranmadıq boş şöhrət üçün, 
yarandıq bacıya sədaqət üçün. 
Kim desə qardaşlar ölmür sizinçün, 
inanın, yalandı, yalan , bacılar. 
 
29.01.1999 
 


 
118
OĞLUMLA SÖHBƏT 
 
İki şey minnətsiz verilir, oğul, 
bir ana südüdür, bir ata malı. 
Qalan yaxşılıqlar edilir, oğul, 
ya borc əvəzitək, ya təmənnalı. 
 
Odur ki, aqillər hallallıq istər 
bəşər övladının hər işi üçün. 
Daim diqqətli ol, sədaqət göstər, 
sədaqət şərəfdir ər kişi üçün. 
 
Insan əməliylə seçilir ancaq, 
kamillər yaxşılıq itirməz, oğul. 
Hiylə, yalan üstə qalanan ocaq 
heç kimə ucalıq gətirməz, oğul. 
 
Ehtiram, etibar gördüyün yerdə, 
həm aydan arı ol, həm sudan duru. 
Kimsədən səxavət görəndə, birdən, 
acgözlük eyləmə, nəfsini qoru. 
 
Çünki hər almağın qaytarmağı var, 
bu təlaş qəlbindən çıxmasın bir an. 
Verən verdiyini yüz yerə yozar, 
alan aldığını unudan zaman. 
 
Ot kökü üstündə bitər, ay oğul, 
söykən uluların şərafətinə. 
Hörmətin tükənər, itər, ay oğul, 
tamah kölgə salsa ləyaqətinə. 
 
Çalış minnətindən sınma heç kəsin, 
qoyma qaxınc ola başına nəfsin. 
Biri salamını alsa dilucu, 
biri həqarətlə baxarsa bəsin. 
 
Heç kimi aldatma, boş vədə vermə, 
boğazdan yuxarı danışma heç vaxt. 
Çətinə düşənin halına gülmə, 
pisliyə, qisasa çalışma heç vaxt. 


 
119
Yer üzü ən böyük şeytan yuvası, 
durnatək ayıq ol, qurd kimi cəld ol. 
Həm təmkin ustası, həm fənd ustası, 
həm cəza verəndə kişi ol, mərd ol. 
 
Idrakın itiykən, ağlın saf ikən 
heç kimdən heç nəyi umma dünyada. 
Gəlib doğanaqdan keçirkən örkən 
aldanma rütbəyə, şöhrətə, ada. 
 
Ali amallardır ən böyük seçim, 
cılız fikirlərlə yorma beynini. 
Bir də, ətrafına nümunə üçün 
adından uca tut valideynini. 
 
Merac məqamında görüşür hər an 
valideyn anlamı, Vətən anlamı. 
Mən sənə bunları deməzdim, inan, 
bu cür sevməsəydim ata-anamı. 
 
Iki şey minnətsiz verilir, bala, 
bir ana südüdür, bir ata malı. 
Qalan yaxşılıqlar edilir, bala, 
ya borc əvəzitək, ya təmənnalı. 
 
Aprel, 2000 
 
 


 
120
DÖZMƏK OLMUR 
 
Rüşvətxorluq bizi içimizdən yeyir. 
H.Əliyev 
 
Axır illər qarğınıbdı bu yer elə bil, 
milyonların ruhu sönük, çöhrəsi gülmür. 
Bu xalq üçün bəla təkcə işsizlik deyil, 
bu ölkədə işləyən də dolana bilmir. 
 
Bu dövlətin içindəmi əliəyrilik, 
bu ölkədə ədalətin keşiyində kim? 
Haqq - ədalət kürsüsünə “göndərilirsə”, 
qanunumu qoruyacaq prokuror, hakim? 
 
Məzənnələr qoyulubdu hər vəzifəyə
təyinatlar, göndərişlər tamam pul ilə. 
“Dayı” tapıb kölgəsində baş girlədirlər 
əyalətə başçı gedən başçılar hələ. 
 
Bu ağrının gözü dərin, axır, qurtarmır, 
min əzaba dözmək olar, sonu xeyirsə. 
Ləyaqətdən danışmağa haqqımız varmı, 
məmləkətin əsgəri də rüşvət verirsə? 
 
Indi uşaq böyütmək də əzab, faciə, 
bir aylıq maaş təkcə kitab – dəftərə yetmir. 
Şagirdlərdən pul yığılır hər ay məktəbdə, 
daha kasıb balaları məktəbə getmir. 
 
Süfrəsində yeməyə tək yavan çörək var, 
evdə də bir şey qalmayıb aparıb sata. 
Övladının üst – başından qəlbi qan ağlar, 
ayağına ayaqqabı tapmayan ata. 
 
Beş-on “şirvan” maaş alır həkim, müəllim, 
məmurunsa məvacibi milyondan artıq. 
Pencəyində yamaq gəzir zavallı alim, 
“Ləbbeyk” deyən deputatlar xalqı aldadır. 
 
Siz ey ixtiyar kişilər, müdrik insanlar, 
harda gəzək, nədə tapaq çıxış yolunu? 
On illərdir xoşbəxtliyə sarı gedirik, 
amma yenə görünməyir bu yolun sonu.  
10.2001 


 
121
DÖVRÜ İLƏ SƏSLƏŞƏN ŞEİR 
 
Şairə hər şeyi bağışlamaq olar, 
bircə zamanın ruhunu təhrifdən savayı. 
A.Blok 
I. Şeir zaman və məkanla səsləşən hadisədir, 
o sanki dərviş libasında haqqı gəzən kimsədir. 
Şeir şairin beynində cücərən düşüncənin məhsuludur, 
şeirin dəyəri yazarın duyumundan və istedadından asılıdır. 
Şeir duyğunun qəlbdəki inikasıdır. 
Şeir təkcə konkret andakı 
sevincin, kədərin deyil, 
o həm də gizli sevginin, nifrətin, 
məftunluğun, heyrətin 
şairanə büruzə üsuludur. 
Şair hər şeyi gördüyü, duyduğu kimi 
yazmağa borcludur. 
 
II. Şeir təkrarlanan yox, yaranan hadisədir, 
o gah ruhdan doğulur, gah ovqat həvəsidir. 
Şeir öz sahibinin təzə - tər nəfəsidir, 
ən adi şair belə, onun yenisini gətirəsidir. 
Şeir hər otun, çiçəyin cücərməsi, bitməsidir. 
Şeir hər canlının öz dilindəki nəğməsidir. 
Şeir bülbülün gül üçün dil-dil ötməsidir. 
Şeir Məcnunun Leylini xəyalən öpməsidir. 
Şeir Füzulinin heyrətdən ekstaz etməsidir. 
Şeir fanat ömrün şəhidliklə bitməsidir. 
Şeir mədhiyyə deyil, yalmanmaq deyil, 
o dövrünün etiraz, üsyankar səsidir. 
Şeir əsl kişilik, ləyaqət, sınmazlıq dərsidir, 
o, ən azı, bu günün Sabiri, Nəsimisidir. 
Şeir istibdad əleyhinə, istiqlal kəlməsidir. 
Şeir, əqidəsi uğrunda, İsanın ölməsidir. 
Şeir Nuhun həyatı, insanlığı nicat gəmisidir. 
Şeir ruhən abidin cənnətə, 
Peyğəmbərin Meraca getməsidir. 
Şeir xeyirxah insanın səxavət zəmisidir, 
kim onu azacıq duyub bəhrələnsə, bəsidir. 
Iyun, 2007 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə