Folklor instituti


(Türkiye dışındakı..., 2002:43, 20-ci cild)



Yüklə 4,03 Mb.
səhifə17/24
tarix19.07.2018
ölçüsü4,03 Mb.
#56937
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

(Türkiye dışındakı..., 2002:43, 20-ci cild).

Qumuqlar arasında Imam Şamil və onun mübarizəsi ilə bağlı çoxlu şeir, mahnı, rəvayətlər olsa da, onlar vaxtında top­lanıb çap edilməmişdir. Maraqlı burasıdır ki, türk xalqlarının bir çoxunda nəsr şəklində olan folklor nümunələri qumuqlarda yır kimi, yəni mənzum söylənildiyi halda “Koroğlu” kimi məşhur dastan isə nağıl janrında verilir. Hətta Koroğlu haqqında yır belə toplanmamışdır. Bu da açıq-aşkar onu göstərir ki, dastan vaxtında onu yaxşı bilən və söyləyəndən toplan­mamışdır. Qumuq folklorunun toplanmasına ilk başlayan M.E.Os­manov olmuşdursa, sonrakı illərdə bu sahədə D.M.Şi­xa­lıyev, A.Şamsüdinov, M.Alibekov, S.Hacıyeva, A.Haca­matov, A.Ha­cıyev, K.Abukov, A.K.Abdullatipov və A.M. Sultanmuratov, A.H.Hacıyev və başqaları böyük işlər görmüşlər. Siyasi sifariş­lərin azalmasından yararlanan qumuq folklorçuları son illər bir çox maraqlı nümunələr çap etdirmişlər. Miflərin, ovsun mətnlərinin, müstəmləkəçilərə qarşı döyüşmüş igidlərə həsr olunmuş yırların və s. çap edilməsi dediklərimizə nümunədir. Bütün bunlar qumuq xalqının əski çağlardakı dünyagörüşünü ortaya qoymağa imkan verir.

Insanları doğruluğa, ədalətə, düzlüyə, mərdliyə, sədaqətə səs­ləyən atalar sözləri, “beynin idmanı” adlandırılan tapma­ca­lar (qumuqlar bu janra tapşurmalar deyir. Cavabları öz içəri­sində gizlədilən tapşurmaları qumuqlar çox vaxt yır və sarın şəklində söyləyir, cavablarını da eyni şəkildə verirlər), müdrik fikirlər aşılayan nağıllar, mərasim nəğmələri, miflər, alqışlar, qarğışlar, bir sözlə, folklorumuz əvəzsiz bədii nümunələr olub yazılı ədəbiyyatın inkişafına təkan vermişdir. Qumuq yazılı ədəbiyyatı uzun illər klassik ədəbiyyatdan ayrı salınmağa çalışılsa da, zəngin şifahi xalq yaradıcılığına dayanaraq milliliyini qoruyub saxlaya bilmişdir.

2. Qumuqların yazılı ədəbiyyatı
Son dövrlərdə qumuq tarixini araşdıranlar qürurla Xəzər hövzəsində, Qafqazda, Ön Asiyada mövcud olan mədəniyyətin böyük bir hissəsinin onların ulu babaları - protoqumuqlar tərəfindən yaradıldığını yazırlar (Kadıradjuyev K., 1992:5)

Qumuqlar qədim keçmişləri ilə qürur duysalar da, uzun illər yazılı ədəbiyyatlarının tarixini XIX yüzildə yaşamış Yırçı Kazakla başlamışlar. Sovetlər Birliyi çökdükdən sonra bu ideoloji təsirlər də aradan qalxmağa başladı. Hələlik qumuqlar ədəbiyyatlarını zəngin folklorları və XV yüzildə yaşamış Ummu Kamal (Nuri) ilə başlayırlar. Həştərxan şəhərində oxu­muş, xanı öldürdüyünə görə özü də öldürülmüş Amanxoru (1670-1706), şeirlərində zalımları, haqsızlığı, xanları və mur­za­ları tənqid etdiyinə görə gözləri kor edilmiş Sayit Koçxur­lunu (1767-1812), igidliyi tərənnüm edən, yurdu uğrunda savaşan cəsur insanları öyən Mirza Qaluqlunu (1696-1742) da qumuq ədəbiyyatına daxil edirlər (Merhan Aziz, 2008:13)

Bugünki Dağıstan Respublikasının ərazisi uzun illər ya tam, ya da qismən Şirvan bəylərbəyliyinin tərkibinə daxil oldu­ğundan burada yetişən alim və şairlər də bugünki Azər­bay­canla sıx bağlı olmuşlar.

A.K.Abdulatipov isə orta yüzillər qumuq ədəbiyyatından bəhs edən kitabında məşhur „Dərbəndnamə“ tarixi xronologi­yasının müəllifi XVI-XVII yüzillərdə yaşamış Muhammat Ava­­bi Ağdaşini qumuq nəsrinin banilərindən saydığı kimi XVII yüzildə yaşamış tarkovlu Əli Bağdadini (Bağdat Əli), Əliqulu xan Valeh Dağıstanini (1712-1756), endireyli Taşav Xacini (ölümü 1841), yaxsaylı Yusup Yaxsavini (Qılıcev), en­dreyli Idris Əfəndini (ölümü 1878), Maqomat Kazanbiyevi (1865-1926) də qumuq ədəbiyyatına daxil edir (Abdulatipov, A.K.,)

Əslində Endirey kəndində vəfat etmiş Muhammat Avabi Ağdaşi də yuxarıda adı ondan sonra çəkilənlər də qumuq olsalar da ana dillərində yazıb-yaratmamışlar. Mədrəsələrdə dərs deyən bu elm adamları əsərlərini əsasən ərəb və fars dillərində yazmışlar.

Türkiyəli araşdırıçı Çetin Pekacar qumuq yazılı ədəbiyya­tını üç dövrə bölür. XIX yüzilə qədər olan dövrü Müştərək dönəm, XIX yüzildən 1917-ci ilədək olan dövrü Ekim (Ok­tyabr) devrimi öncesi dönem, üçüncü dövrü isə Ekim devrimi dönemi (XX yüzilin başlarından günümüzədək olan dövr) adlandırır.



Ummu Kamal (Nuri) (15 yüzil, Koünqa-1475, Konya). Son illərdə qumuq araşdırıcıları orta çağ qaynaqlarını diqqətlə incələyəərək öz tarixi irslərinə yiyə çıxırlar. Buna Ummu Kamalın (Nuri) yaradıcılığının öyrənilməsi gözəl nümunə ola bilər. XVIII yüzildə yaşayan ləzgi şairi Əli Ruhulidən qalan kitab­ların arasında Ummu Kamalın da şeirləri tapılmışdır. Onun bəzi şeirləri Oktyabr çevrilişindən əvvəlki illərdə Türkiyədə, Kazanda çıxan kitablarda çap olunmuşdur.

Şairin qumuq olduğunu isbatlamaq üçün aşağıdakı misraları nümunə göstərirlər:

Elter qönqül ol ellerqe

Misqin kumuk sümbünlerin…

Gezdim, tuzdum çox devleşdim,

Axır vatanım oylaşdım,

Hay aman, Koünqa yol görmedim

Inq son barıp Şama döndüm.



(Karçıqa, 2002: 6).

Misralardakı, „Misqin kumuk“ ifadəsinə dayanaraq şairin qumuq olduğunu və „Koünqa“ ifadəsinə dayanaraq, Koünqalı olduğunu söyləyirlər. Araşdırıcılar Koünqanı indiki Dağıstan Respublikasındakı Bavaqay və Çirürt yaylasındakı Koysun çayının sahilindəki Koünqala ilə eyniləşdirirlər. Şairin öncə kəndlərində, sonra Şirvanda (indiki Azərbaycan) təhsil aldığını, əsgəri bölüklərdə qazi olduğunu, Osmanlı orduları ilə birlikdə döyüşlərdə iştirak etdiyini, sonralar indiki Türkiyədə yaşadığını və 1475-ci ildə Konya şəhərində öldüyünü yazırlar. (Karçıqa, 2002:6).

Ummu Kamala aid edilən:

Dengizde bir saz olur,

Gül açılır, yaz olur.

Men yarıma gül demen -

Gülün ömrü az olur.

(Türkiye dışındakı..., 2002:197, 20-ci cild).

-şeiri bu gün də Azərbaycanda xalq mahnısı kimi oxunur və ba­ya­tı kitablarına yazarı bəlli olmayan mətn kimi salınır. Şairin „Ha­şıq ellerine kim geter?“ şeirində Yunis Imrə ruhu aydın duyulur.



Kazak Tatarxan oğlu Yırçı (1830, Tarkovsk qəzasının Müslüm (indiki Atlan) kəndi-1879). Doğum və ölüm ili dəqiq bəlli olmayan Kazak gözəl yırlar-şeirlər söylədiyinə görə xalq arasında Yırçı Kazak kimi tanınmışdır (Azərbaycanda bu şairin adı Irçi Kazak, rus qaynaqlarında Kazak kimi yazılır (ASE, III cild, səh. 301 və IV cild, səh. 526).

Doğulduğu bölgədə xarakterik olan bir “işdə” - qız qaçır­ma­da (gəncliyində dostuna sevdiyi qızı qaçırmasına kömək edib­miş) iştirak etdiyinə görə həbs edilib Sibirə sürgünə göndərilir. Sibirdə olarkən vətən həsrətli, nisgilli və zəmanəsindən, mə­mur­ların özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs edən şeirlər yazmışdır. Vətənə döndükdən sonra da yazı üslu­buna sadiq qalmışdır. Onun şeirləri arasında aşiqanə, lirik nəğ­mələr olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düş­mənlərinin ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirləri ilə xalqının qəlbini ovsunlayan şairi düşmənləri, təxminən, 1879-cu ildə öl­dürtdürürlər. (Kazak Yırçı, 2001, ASE, 1980:526, 4-cü cild).

Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq dolu şeirləri Sovet ideoloqlarının işinə yarayır. Hətta rəsmi və ciddi nəşr sayılan ensiklopediyalarda onun haqqında “...qumuq ədəbiyyatının banisi. Aşiqanə və fəlsəfi didaktik şeirlər yaz­mış­dır. Feodal sarayında kəniz olan sevgilisini qaçırmaqda dos­tuna kömək etdiyi üçün Sibirə sürgün edilmişdir... Sür­gün­dən qayıtdıqdan sonra bəyləri və knyazları ifşa edən şeirlər yazmışdır” kimi bilgi verilir (ASE, 1980: 526, 4-cü cild).

Qumuq ədəbiyyatşünaslarının Yırçı Kazakın yaradıcılığına daha çox önəm vermələrinə səbəb orada haqsızlığa, zülmə, əda­lətsizliyə etiraz, insanları düzlüyə, doğruluğa, xeyirxahlığa, yardımsevərliyə çağırış notlarının güclü olmasıdır. Sovet döv­ründə tərbiyə almış ədəbiyyatşünaslar isə buna bir sinfi mübarizə motivi kimi baxmağa çalışmışlar.

Əslində Yırçı Kazak sinfi mübarizədən uzaq, cəmiyyətdəki nöqsanları, ayrı-ayrı adamların pis əməllərini kəskin tənqid edən, beləliklə, insanları tərbiyələndirməyə çalışan bir sənət­kardır. Çox vaxt Yırçı Kazakla Mahammat apendi Osmanovu qarşı-qarşıya qoymuşlar.

Göründüyü kimi, onun həyat və yaradıcılığına bir sinfi mübarizə donu geyindirmişlər.



Abdulrahman (Abduraman) Atlıboyunlu (?, Kakaşura kəndi-1870, Atlıboyun). Şairin şeirlərində doğulduğu və öl­düyü hər iki kəndin adı təxəllüs kimi işlədilir. Şirvanın (Azər­baycan) və Dağıstanın məşhur din bilginlərindən elm öyrənən, ərəb, fars, türk dillərini mükəmməl bilən Abdulrahman öm­rü­nün sonunadək kadılıq (qazı) etdiyinə görə onu çar Rusiyasının da, Sovet hökumətinin də məmurları sevməmişlər. Doğu poe­ziyası gələnəklərinə sadiq qalan Abdulrahman dini məzmunlu didaktik, lirik şeirlər yazmışdır. Onun şeirlərinin dili bugünkü qumuqcadan fərqli, yəni Çətin Pekaçarın bölgüsündə göstərilən müştərək dönəmin şairlərinin dilindədir. Sovetlər zamanı onun əsərlərinin çapına və təbliğinə soyuq bir münasibət vardı.

Sovetlər Birliyi çökməyə başladıqdan sonra şairin yaradicilığına diqqət artmışdır.



Mahammat apendi (əfəndi) Ömər oğlu Osmanov (1838, Tersk vilayətinin Yaxsay kəndi-1904). Rusiya işğal etdiyi bölgələrin nüfuzlu ailələrindən seçdiyi yeniyetmə və gənclərə təhsil vermək, onların təlim-tərbiyəsi ilə məşğul olmaqla özünə sadiq məmurlar hazırlamağa çalışırdı. Osmanovlar ailəsi də belə secilmiş nəsillərdən biri olmuş, Mahammat apendinin atası Ömər Osmanov uzun illər çar mühafizə alayında xidmət etmişdir.

Mahammat ilk təhsilini Yaxsaydakı mədrəsədə almışdır. Bu məd­rəsə bölgənin ən seçilən və təhsil proqramını zamanla uy­ğunlaşdıran bir mədrəsəsi olmuşdur.

1865-ci ildə atası çarın mühafizə alayında xidmətdən təqaü­də çıxdıqda onun yerinə oğlu Muhammatı müsəlmanlardan təşkil edilmiş alayda kadı (qazı) vəzifəsinə götürmüşlər. Be­ləcə M.E.Osmanovun Peterburq həyatı başlamışdır. O, çar mü­hafizə xidməti alayından tərxis olunduqdan sonra vətənə dön­məyib, Peterburqda qalaraq 1867-ci ildən Universitetinin şərq­şünaslıq fakültəsində türk-tatar dilindən dərs deməyə başlamışdır (Literaturadan..., 1979:22).

M.E.Osmanov 1883-cü ildə Peterburqda çap etdirdiyi „Nо­qайskiе i kumskskiе tеksts (Sbоrnik nоqайskiх i kumsk­skiх pеsеn, prеdаniй, pоqоvоrоk, pоslоviц)“ kitabına Yırçı Kazakın ona nəzmlə yazdığı məktubunu da daxil etmişdir. Şair şeir dili ilə həmyerlisini vətənə dönməyə səsləmişdir. Hökumət qulluğunda olan, hakim dairələrə yaxın sayılan bir şəxsin belə vətənpərvər şeiri universitetin dərs kitabına salması onun cəsarətindən və mövzuya ürəkdən bağlılığından xəbər verir. Bunu ədibin sonrakı fəaliyyəti də təsdiqləyir.

Şair Kazan şəhərində olarkən cədidçilərin - yenilikçilərin təsiri ilə sadə və aydın dillə xalqı təhsilə çağıran, sosial mə­sələləri gündəmə gətirən, alkoqollu içkilərdən uzaq durmağı nəsihət edən, igidliyi, qəhrəmanlığı öyən şeirlər yazır. “Nəsi­hət” adlı kitabını da 1889-cu ildə Kazan şəhərində çap etdirmişdir. Onun lirik-romantik səpgili “Gülqız”, eləcə də “Şavxalın qa­lası” və b. əsərləri klassik Doğu şairlərinin işlətdiyi təşbih və is­tiarələrlə zəngindir.

Bolşeviklərin azsaylı xalqlara verdiyi mədəni imtiyazlardan yararlanan qumuq ziyalıları şairin ölümündən 22 il sonra - 1926-cı ildə Buynakda “Mahammat apendi Osmanovun şeirlər məcmuəsi” adlı kitabı çap olunmuşdur. (Ah­medov Ahmed, 2004:309). Lakin kitaba şairin şeirlərinin hamısı daxil edilməmişdir. Sovet ideologiyasına uyğun gəlməyən bir sıra əsərləri nəşrdən kənarda qalmışdır.

Sovetlər Birliyi çökdükdən sonra M.E.Osmanovun həyat və yaradıcılığına, elmi və ictimai fəaliyyətinə olan diqqət yenidən artmışdır.

Yırçı Kazakla M.E.Osmanov çağdaş olduqlarından yaradıcilıqlarında bir yaxınlıq vardır. Ikisi də cəmiyyətdəki nöqsanları, ayrı-ayrı adamların çatışmazlıqlarını poetik dillə tənqid edib onu islaha çalışmışlar. Aralarındakı fərq ömür yollarının ayrılığı və birinin bu mövzuda çox, o birinin az yazmasından o yana keçmir. Yırçı Kazakın şeirlərini ilk dəfə toplayıb nəşr etdirən də M.E.Osmanov olmuşdur. Lakin Sovet dönəmində bir çox araşdırıcılar ideoloji nədənlərdən bu iki sənətkarı qarşı qarşıya qoymuş, Yırçı Kazakı sanki bununla daha böyük göstərməyə çalışmışlar.



Abusupiyan Akayev (1872, Tersk vilayətinin Töben Qaza­nış kəndi-1931, Rusiya Federasiyası, Arxangelsk vilayətinin Kotlas şəhəri). Qazı Akayın bir oğlu dünyaya gəlir və onun adını Abusupiyan qoyurlar. Bu elə bir zaman idi ki, Rusiyanın Qafqazı işğalından 70 ildən çox keçməsinə baxmayaraq, oranı hələ də istədiyi kimi, yəni ölkənin hər yerində işlək olan qanunlarla idarə edə bilmirdi. Rusiyada mövcud olan qanun­ların bəziləri Qafqaz xalqlarına, eləcə də əsarət altına aldığı müsəlman xalqlarına aid edilmirdi.

Rusiyada ictimai yerlərdə mülki şəxslərin qılınc, xəncər və b. kəsici silahlarla görünməsi qadağan olduğu halda, Qafqaz xalqlarının nümayəndələrinin xəncərlə gəzməsi milli atribut sayilırdı. Müsəlman xalqları aralarında mübahisələr, ziddiyyətlər düşdükdə, hətta problem ölüb-öldürməyə gəldikdə belə Rusi­ya­­nın məhkəmə orqanlarına deyil, müsəlman qazilərinə müra­ciət edirdilər. Rusiyanın hakim dairələri də zor gücünə də olsa, bunun qarşısını ala bilmədiklərindən qaziləri saxlamağa məc­bur oldular. Beləliklə ölkədə iki məhkəmə sistemi mövcud oldu.

Abusupiyanın atası Akay da dini təhsil gördüyündən, islami ehkamları yaxşı bildiyindən onu qazi seçmişdilər. Çar məmur­ları qazilərin işinə nəzarət etsələr də, onlar cəzaları Rusiyanın qanunlarına görə deyil, şəriət qanunlarına görə müəyyənləş­dirir, hökm verərkən Qurani-Kərimi əsas götürürdülər.

Abusupiyan da ilk təhsilini evdə atasından aldı. Quran oxumağı, şəriəti, fars və ərəb klassiklərinin bədii-nəsihətamiz əsərlərini oxumağı öyrəndi. Sonra onu Töben Qazanış kəndin­dəki məktəbə göndərdilər. Bu məktəblərdə dərs tədris proqramı ilə deyil, şagirdin proqramı mənimsəməsi ilə ölçülürdü. Iti zəkalı, dərslərini yaxşı mənimsəyən şagirdləri müəllim-molla zəif oxuyanlara rəhbər təyin edirdi.

Fitri istedadı ilə seçilən Abusupiyan yaşıdlarına və özündən yaşda böyük olsalar da proqramı mənimsəməyən­lərə rəhbər təyin etilir. Necə deyərlər, balaca Abusupiyan öyrənməklə yanaşı, həm də öyrədir. Bununla da, özünün oxu­duqlarını bir daha təkrarlamış olur.

Abusupiyan doğulduğu kənddəki ibtidai məktəbi bitirdikdən sonra, atası onu Güngüteydəki mədrəsədə oxumağa göndərir. Oradakı tədris proqramını birincilər sırasında başa vurur. Atası Akay dövrünün elm adamlarını və pedaqoqlarını yaxşı tanidiğından oğlunu Teymurxanşuradakı, Soğratdakı, Tarqutdakı məd­rəsələrə göndərir və bununla da Abusupiyanın Dağıstanın ta­nınmış alimlərindən dərs almasına, dini elmlərlə yanaşı, dün­yəvi elmləri də dərindən mənimsəməsinə şərait yaradır.

O, türk, fars, ərəb dillərini, ədəbiyyat, tarix, astronomiya, as­trologiya, fəlsəfə, fizika, riyaziyyat, həndəsə, coğrafiya və b. fən­ləri bilən bir gənc kimi doğma kəndlərinə qayıdır. Kənddə yeni məktəb açaraq bildiklərini həmyerlilərinin övladlarına öy­rət­məyə çalışır. Onun sorağı tezliklə ətraf kəndlərə də ya­yilır. Bölgənin sayılıb-seçilən adamları uşaqlarını Abusupiyanın yanina gətirirlər. Beləcə az zamanda onun şagirdlərinin sayı xeyli artır.

Abusupiyan müəllim işlədikcə təhsil və tədrisdəki nöqsan­ları görmək imkanı əldə edir. Keçmiş mədrəsə proqramlarının zamanın nəbzini tutmadığının şahidi olur. Odur ki, həm təh­silini artırmaq, həm də təcrübə qazanmaq üçün Kazan və Oren­burq şəhərlərində oxumağa gedir.

1902-ci ildə təhsilini tamamlayaraq təcrübə qazanan Abu­supiyan Akayev Dağıstana, yəni doğma kəndi Töben Qazanışa dönərək yeni məktəb açmağı planlayır. Lakin bu dəfə mədrəsə açmaq istəmir. Çünki mədrəsələrin tədris proqramı onu qane etmirdi. Yeni qaydalı – “Üsuli-cədid” məktəbini açmaq istəyir. Bu məktəb üçün dərslik və metodik vəsait çatmadığından ya­xın dostu Mahammat Mirza Mavrayev ilə birlikdə Kırıma, Is­mayıl bəy Qaspıralının yanında gedir.

1902-1903-cü illərdə orada mətbəə, nəşriyyat işlərini öyrə­nir. “Tərcüman” və başqa qəzet-jurnallara məqalələr yazmaqla yanaşı, Baxçasaray və Akmescitdə (Simferepol) özünün yaz­dığı kitabları da çap etdirir. 1903-cü ildə Baxçasarayda nəşr etdirdiyi “Macmu al-aşgar al-acamiyat” adlı topluya yırları, sarınları, atışmaları, atalar sözləri, qumuq şairlərindən Yırçı Ka­zakın, M.A.Osmanovun, M.Alibekovun və özünün bəzi ədəbi əsərlərini daxil edir.

Qumuq Abusupiyan Akayev Ismayil bəy Qaspıralının “Dil­də, fikirdə, işdə birlik” tezisinə ürəkdən bağlı olsa da, onu Da­ğıstanda həyata keçirə bilməyəcəyini görür.

Abusupiyan Akayev yaxşı başa düşürdü ki, bölgə xalqlarını türk dili vastəsilə bir araya gətirmək olmaz. Çünki kəndlilərin çoxu ömürləri boyu bəlkə bir dəfə də olsun doğulduğu yerdən uzağa getməyib, orada doğulub, yaşayıb və ölürdülər. Buna görə də çoxdilli bir bölgədə ümumi işlək və ünsiyyət dili kimi türk dilinin yayılmasına calışsa da, bu xalq­ları birləşdirəcək yeganə vasitənin islam dini olduğunu görürdü.

Abusupiyan da dinin yayılmasına və dini təbliğata xüsusu önəm verir. Yaxşı bilirdi ki, Şeyx Şamil də islam dininin bir­ləş­dirici gücündən bacarıqla yararlanaraq Rusiya kimi hərbi qüdrəti dünyanı lərzəyə salan dövlətə otuz il müqavimət göstərə bilmişdi.

Istanbulda, Kırımda təcrübə keçib Dağıstana qayıdan Abu­supiyan Akayev kənddə məktəb açmaq fikrindən daşınır. Böl­gə­nin ən böyük yaşayış məskənlərindən olan Teymurxanşuraya gələrək 1904-cü ildə orada Mahammat Mirza Mavrayev ilə birlikdə ilk milli mətbəə qurur. O, ərəbcə yazılarında ad və so­yadını Abusupiyan ibn Akay al-Dağıstani al-Qazanışı al-Kubra şəklində yazır, bəzən də Arslanbekov soyadını işlədir.

Abusupiyan Akayevin Teymurxanşurada Mahammat Mirza Mavrayev ilə birlikdə qurduğu ilk milli mətbəə böyük uğur qazanır. Azərbaycanın ictimai-siyasi xadimləri və ədiblərindən Şeyx Məhəmməd Xiyabani, “Əkinçi” qəzetinin müxbirlərindən Məmnun Əlqadari, Mirzə Əbdürrəhim Talıbov və b. Abusu­pi­yan Akayevlə sıx əməkdaşlıq edir, kitablarını onun mətbəə­sində çap etdirir, onun ərəb dilində nəşr etdiyi “Bəyan ül-həqiqət” jurnalına məqalə yazırlar.

Abusupiyan Akayev əsas ağırlığı islam dininə dair kitab­ların nəşrinə verməklə yanaşı, özü də islam dininin təbliğinə dair kitablar yazır. O, yalnız din alimi və dini ədəbiyyatı ya­yan naşir olmaqla qalmır, qumuq folklorunu toplayıb nəşr edir, müxtəlif dillərdən qumuq dilinə tərcümələr edir.

Müəllimlik etməklə yanaşı, Doğu ədəbiyyatına dair araş­dırmalar aparan, folklor nümunələri toplayıb çap etdirən Abu­supiyanın qələmindən 40-dan çox kitab çıxmışdır.

1917-20-ci illərdə bölgədə gedən savaşlar Abusupiyanın fəa­liyyətinə də mənfi təsir göstərir. 1920-ci ildə bölgəni işğal edən bolşeviklər Abusupiyan kimi nüfuzlu, əlində təbliğat vasitəsi və mətbəəsi olan bir insanın gücündən məharətlə istifadə edirlər.

Abusupiyan da Sovet hökumətinin sülh, bərabərlik, azadlıq və s. şüarlarına aldanaraq onlarla əməkdaşlığa razılaşır. Inter­nasional marşını qumuq türkcəsinə tərcümə edən Abusupiyan, qumuq türkcəsində ilk bolşevik qəzeti „Işçi xalq“ı da nəşr edir və bir müddət onun redaktoru da olur.

Ilk kitabını 1900-cü ildə nəşr etdirən A.Akayev dərs deyib gənc nəslin tərbiyəsi ilə məşğul olmaqla yanaşı, “Sullam al-lisan” lüğətini hazırlayır. Bu dörd dilli sözlükdə ərəb-qumuq-avar-rus dillərindən alınmış sözlərin izahı verilir. Qumuq türkcəsinin söz xəzinəsini zənginləşdirmək üçün 200 səhifəlik bir terminlər sözlüyü də hazırlayır. Onun “Totuname”, „Dahir ilə Zahra“, “Yusup ilə Zulayxa” kitabları tatarcanın qumuqcaya uyğunlaşdırılmasıdırsa, dərmanların hazırlanması qaydalarından bəhs edən “Hazir darman“ kitabı, eləcə də “Əx­laq kitabı”, “Yüz ilin asan təqvimi”, “Qumuq folkloru və ədə­biyyat əsərləri antologiyası”, “Bozoğlan” və b. kitabları bir araş­dırıcı zəhmətinin, axtarışlarının bəhrəsidir.

Sovet hökumətinin şüarlarına aldanaraq onun gəlişini alqış­layan, möhkəmlənməsi üçün var qüvvəsi ilə çalışan, bolşevik­lə­ri­n açdığı qəzetdə onların ideologiyasını yayan alim-yazıçı son­radan yanlışlığa yol verdiyini anlayır və xəyal qırıqlığına uğ­ra­yır. Bolşeviklərin də ona göstərdiyi diqqət və qayğı uzun sür­mür. Qadınlara çadralarını, kişilərə papaqlarını atdırma kampa­niyası, dinə qarşı təzyiqlər, min ildən çox istifadə edilən ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi Abusupiyanın ürə­yindən olmur. Hökumətin siyasətinə açıq narazılığını bildirir.

Abusupiyan Akayev və bölgənin bir çox ziyalıları, hətta partiya-sovet işçiləri Moskvaya Dağıstan xalqları arasında ortaq ünsiyyət vasitəsi olan türkcənin rus dili ilə əvəzlənməsinə etiraz edirlər. Təklif edirlər ki, Moskva uzaq olduğundan ora ilə əlaqə qurmaq çətindir, buna görə də Dağıstan MSSR Azərbaycan Respublikasının tərkibinə verilsin.

Sovet xüsusi xidmət orqanları sərt tədbirlər həyata keçirir. Onlarla ziyalı və partiya-sovet işçisi həbs edilir, sürgünə gön­dərilir, vəzifədən uzaqlaşdırılır.

1929-cu ildə Abusupiyan Akayevin mətbəəsi bağlanılır və özü də həbs edilərək Perm vilayətindəki Pinug stansiyasında də­miryolu çəkilişində işləməyə göndərilir. Oradan da Arxan­gel­sk vilayətinin Kotlas şəhərinə göndərilən yazıçı-alim ilk dəfə həbsxanada siyasi aclıq aksiyasını təşkil edən Azərbaycanlı siyasi məhbusları ilə görüşür. Bu yer daha çox Solovki kimi tanınır. Rus yazıçısı Soljenitsinin Nobel mükafatına layiq gö­rülən “QULAQ arxipelaqı” romanı da burada baş verən hadi­sələrdən bəhs edir.

A.Akayev orada həbsdə olan Azərbaycan siyasi məhbusları ilə görüşür və onların mübarizəsini dəstəkləyir. 1931-ci ildə həbsdə ölən ictimai xadim, şair, naşir, tərcüməçinin həyat yo­lunun və yaradıcılığının öyrənilməsinə maraq Sovet hökumə­tinin çöküşündən sonra başlayır. Nə yazıq ki, hələ də onun fəaliyyəti layiqincə qiymətləndirilməmiş, əsərlərinin hamısı çap olunub araşdırılmamışdır.

Abusupiyan 1929-cu ildə həbs edilməsinə, 1931-ci ildə öl­mə­sinə baxmayaraq 1937-ci ildə tutulanların müstəntiqə ver­dikləri ifadələrdə onun adı da var. SSRI-ni dağıdaraq Vahid Türk-Tatar Res­publikası yaratmaq istəyənlərdən söz gedəndə Bəkir Çoban­zadə onun rəhbərlik etdiyi gizli təşkilatda Quzey Qafqaz qrupuna aşağıdakı şəxslərin daxil olduğunun deyir: Alim Paşa-Solqar (Alimpaşa Salavatovun adı bu şəkildə ya­zılıb-Ə.Ş.), Abusufyan-Kumuk, Ədhəm Feyzi, Şövqi Bektora (Babayev Adil, 2003:85).

Ensiklopediyaçı bilgin, şair, bacarıqlı nasir Abusupiyan Aka­yevin acı taleyi də qumuq ədəbiyyatına ağır zərbə olmuşdur.
* * *

Yırçı Kazakdan öncə yaşamış Ummu Kamalın və ya onunla çağdaş olmuş Abdulrahman Kakaşuralunun (Atlıboyunlu), Ma­ham­mat apendi Osmanovun, Abusupiyan Akayevin (bax­mayaraq ki, onun əsərlərinin bir çoxu ədəbiyyatı mövzuca ye­niləşdirmə dövrünə təsadüf edirdi, hətta Sovet dövründə yaz­dığı əsərləri də vardı) adları ənənəvi Doğu şeir üslubunda - didaktik, əxlaqi, lirik şeir yazdıqlarından Sovet dövründə o qədər də təbliğ olunmurdular. Yırçı Kazakın və şeirlərində döv­rün nöqsanlarını tənqid etməyə üstünlük verən, zəmanədəki haqsızlıqlardan şikayətlənən Manay Alibekovun və onlar kimi haqsızlıqları tənqid edən şairlərin əsərlərinə ədəbiyyatşünaslar, mətbuatda geniş yer ayırmişlar.

Bu tarixşünaslıqda da özünü göstərirdi. Ulu babaları qüd­rətli türk dövlətləri qurmuş qumuqlara XVII-XIX yüzillərdə mövcud olmuş yerli özünüidarə qurumları, yəni yerli feodal­ların hakim olduğu Pargu şavhallığı, Mehtulu xanlığı, Endrey, Köstek və Yaxsay bəylikləri qumuq dövlətləri kimi tanıdılır və bunlarla qürur duymaları təbliğ olunurdu. Onlar ulu babala­rının qurduqları qüdrətli dövlətlərdən uzaqlaşdırıldıqca, həmin mühitdə yaşayıb-yaratmış şair və yazıçılardan, elm adamla­rın­dan da uzaqlaşdırılırdılar. Beləliklə, cismən olduğu kimi, şüur­ca da ümumtürk varlığından ayrılmış olurdular.

Bütün bunlara baxmayaraq Yırçı Kazak da, Abdulrahman Kakaşuralunlu (Atlıboyunlu) da, Mahammat apendi Osmanov da, Abusupiyan Akayev də, hətta Aşıq Ensar da (1860-1934) qumuq ədəbiyyatının klassiklərindən sayılmalıdırlar. Əslində on­ların yaradıcılığı istər dil-üslub, istərsə də mövzu baxımın­dan çağdaşları olan Azərbaycanda, Ön Asiyada, Kırımda, Türk­mənistanda yaşamış el şairlərinin, aşıqların əsərlərindən o qədər də seçilmir.

Çox təəssüf ki, qumuqların, eləcə də Dağıstanda yaşayan xalqların aşıqları lazımınca öyrənilməmişdir. Bununda başlıca səbəbi aşıqların şeirlərinin və söylədikləri dastanlar vaxtında toplanıb nəşr edilməməsidir. Qaynaqlar isə bölgədən aşıqların olduğunu xəbər verir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə