Folklor instituti


Qumuq yazılı ədəbi dilinin formalaşmasında və ədə­biyyatının inkişafında Yaxsay və Töben (Aşağı) Qazanış kəndlərinin rolu



Yüklə 4,03 Mb.
səhifə18/24
tarix19.07.2018
ölçüsü4,03 Mb.
#56937
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

2.1. Qumuq yazılı ədəbi dilinin formalaşmasında və ədə­biyyatının inkişafında Yaxsay və Töben (Aşağı) Qazanış kəndlərinin rolu
Yaxsay yaxın yüzillərdə Dağıstanın ən inkişaf etmiş inzibati mərkəzlərindən biri olmuşdur. Buradakı mədrəsədə dövrünün savadlı din bilginləri çalışmışlar. Onlarda təhsil və tərbiyə alanların bir çoxu sonralar Doğuda məşhurlaşmışlar.

Şair Seyid Əzim Şirvani də bu mədrəsədə oxumuşdur. 1835-ci il iyulun 10-da Şamaxıda anadan olan Seyid Əzim 7 yaşında atasını itirir. Anası Gülsüm xanım övladlarını da gö­tü­rüb Yax­sayda qazi-şəriət hakimi işləyən atası Mol­la Hü­seynin yanına gedir (Köçərli Firudin, 1981:30, 2-ci cild.)

Molla Hüseyn Seyid Əzimin fərasətinə, hazırcavablığına, diribaşlığına görə onu əzizləyir və təhsilini davam etdirməsinə yardımçı olur. On ilə yaxın Yaxsayda yaşayan Seyid Əzim 1853-cü ildə anası Gülsüm xanımla geriyə - Şamaxıya qayıdır. Şair sonralar həmin günləri xatırlayaraq yazır:

Oldum ol gün ki, çardəh salə,

Düşmədim fikri-dövləti malə.

Eylədim arifanə kəsbi-ülum,

...Oxudum nəhvü -sərfü, fiqhü üsul,

Hikmətü heyət eylədim məhsul.



(Hüseynov Sadıq, 1977:13).

Çox təəssüf ki, Seyid Əzimin və babası Molla Hüseynin ya­şamının Yaxsay dövrü gərəyincə öyrənilməmişdir. Mədrəsədə yeni­yetmə Əzimə kimlər dərs deyib, kimlərlə dostluq edib, sonralar qumuq ziyalılarından kimlərlə ünsiyyətdə olub? Bu suallara ca­vab verən araşdırmaya hələ rast gəlməmişik. Seyid Əzimlə M.E.Osmanovun arasında yaş fərqi o qədər də çox deyildi. Hər ikisi eyni mədrəsədə oxumuşdur. Yəqin ki, bir-birini tanıyırmışlar.

Azərbaycan qaynaqlarında Yaqsay və Aksay, Ağsay (Da­ğıstan ədəbiyyatı antologiyası, 1959, ASE. 1980, 8-ci cild, Köçərli Firidun, 1981) kimi yazılan bu kənddə M.E.Os­ma­nov, M.Alibekov, N. və Z.Batırmurzayevlər, A.Muhammadov, A.P.Salavatov, A.V.Suleymanov, S.Toqbolatov, Ş.Alberiyev, M.Atabayev, L.Hajaqayev, M.A.Adilxanov Y.Alimxanov kimi şair, yazıçı, publisistlər, Ahmat Sayıp Əfəndi kimi alim və pedaqoq, Rəşid xan Qaplanov kimi dövlət xadimi, rus yazıçısı M.Bulqakovun dostu və onunla birlikdə pyes yazmış, uzun illər Vladiqafqazda hüquqşünas işləmiş Tajuttin Penzullayev və b. aydınlar doğulub boya-başa çatmışlar. Bu kənddə oxumuşların adlarını da əlavə etsək böyük bir siyahı yaranar.

Azərbaycan Xalq Cümhuriyyətinin naziri olmuş Rəşid xan Zabit oğlu Qaplanov da 1883-cü ildə Yaxsayda doğulmuşdur. Məd­rəsəni bitirdikdən sonra Vladiqafqazdakı realnı gimna­zi­ya­da oxumuşdur. Sonra Parisə gedərək Sarbon Universitetinin hüquq fa­kültəsinə qəbul olunmuşdur. 1910-cu ildə universiteti bitirəndə onu Istanbula Darülfününda işə dəvət etmişlər. R.Qaplanov 1913-cü ilədək orada müəllim işlədikdən sonra yenidən Vladiqafqaza gələrək dairə məhkəməsi sədrinin köməkçisi işləmişdir.

Rusiya əsarətində olan Dağlı xalqlarını, eləcə də türk-mü­səlman xalqlarını azad və firavan görmək istəyən R.Qaplanov ölkədə baş verən hadisələrə müşahidəçi kimi baxa bilməmiş, Rusiyada gedən siyasi proseslərdə fəal iştirak etmiş, Quzey Qafqaz xalqlarının müstəqil dövlətlərini qurması üçün əlindən gələni əsirgəməmişdir. Çərkəz-Dağıstan və Quzey Qafqaz Dağlı Xalqları Ittifaqı Respublikası hökumətlərində müxtəlif nazir vəzifələrində çalısmışdır. Rusiyanın hərbi qüvvələri gənc hökuməti dağıtdıqdan sonra, yəni 1919 ilin əvvəllərində R.Qaplanov Bakıya gələrək Azərbaycan Xalq Cüm­hu­riy­yə­tində Nəsib bəy Yusifbəylinin martın 14-də təşkil etdiyi 4-cü hökumətdə maa­rif və dini etiqad naziri vəzifəsinə təyin olunmuşdur.

Vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirən R.Qapla­nov nazir işlədiyi dövrdə ana dilində məktəblər açılmış, dərs­liklər, tədris proqramları yaradılmışdır. Hazırki Bakı Dövlət Uni­versitetinin açılmasında yaxından iştirak edən R.Qaplanov nazir vəzifəsini yerinə yetirməklə yanaşı, universitetdə “Os­manlı ədəbiyyatı tarixi”ndən dərs demişdir.

Onun işgüzarlığını, işinə məsuliyyətlə yanaşmasını dəyər­lən­di­rərək Azərbaycan Xalq Cümhuriyyətinin 5-ci hökumətdə də maliyyə naziri təyin etmişlər. R.Qap­lanov dövriyyəyə buraxılan pulların qiymətdən düşmə­məsi və devalva­siyaya uğramaması üçün böyük səy göstərmişdir. 1920-ci il fevralın əvvəlində Bakı bonlarının Zaqafqaziya pul­larının dəyişdiril­mə­sini dayandırmaq haqqında, 1920-ci ilin aprelində Batuma ixrac edilən neft və neft məhsulları üçün rü­sumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sə­rəncam vermişdir.

Bolşeviklər həmişəki kimi yenə də vədlərinə əməl etmə­yərək 1920-ci ilin aprelində Azərbaycanı işğal etdikdə kütləvi həbslərə başlamışlar. Beləcə iyun ayında keçmiş nazir, peşəkər hüquqşünas R.Qaplanov da Bakıda həbs olunmuşdur. Onu əvvəlcə Vladiqafqaza, sonra isə Moskvaya göndərmişlər.

R.Qaplanov kimi savadlı və vicdanlı kadra bolşeviklərin bö­yük ehtiyacı olduğundan həbsdən azad olduqdan sonra onu Moskvadakı Şərq Xalqları Universitetində işə götürmüşlər. Uni­versitetdə “Osmanlı imperiyası tarixi”ndən dərs deyən və vəkil kimi fəaliyyət göstərən R.Qaplanovun mühazirələrini dərslik kimi çap etmişlər. Xoş görünən bu münasibət o qədər də uzun sürməmişdir. 1937-ci ildə onu da həbs etmişlər.

Qumuq yazıçı və şairlərinin yetişməsində Yaxsay kəndi ilə yanaşı Töben Qazanış kəndinin də rolu az olmamışdır. I.Ib­ra­himov, T.Biybolatov, N.Xanmurzayev, A.Abakarov, A.H.Ta­tamov, A.M.Məcidov, M.Ş.Minatullayev, A.Hamidov, M.H.Xa­lilov, A.Zalimxanov, N.Muhammadov və b. ədiblər bu kənddə dünyaya gəlmişlər. Bu onu göstərir ki, həmin kəndlərdə ədəbi mühit formalaşmışdır. Ədəbi mühitin formalaşmasında oradakı mədrəsələrin də rolu böyük olmuşdur. Əslində mədrəsələr təhsil ocağı olmaqla yanaşı, bir elmi mərkəz, ədəbi məclis rolunu da oynamışdır.


2.3. Sovet dövrü qumuq ədəbiyyatı
Elə yazıçı və şairlər var ki, onlar Dağıstanda Sovetlərin ha­kimiyyəti ələ almasını görməsələr də, onların həyat və yara­dicılığı Sovet ədəbiyyatının tərkibində öyrənilməlidir. Çünki onlar Sovet ədəbiyyatının təməl daşlarını qoyanlar, ədəbiyyatı siyasiləşdirənlər və bolşeviklərin mövqeyinə yaxın bir mövqedə duranlar olmuşlar. Hətta uzun zamanlar onlar qatı bolşevik, fanatik inqilabçı kimi tanıdılmışlar.

Bolşeviklərin tərəfini saxlayan, Rusiyada onların hakimiy­yətə gəlməsini alqışlayan və onların yerlərdə də hakimiyyəti ələ alması üçün qələmlərini və ictimai-siyasi fəaliyyətlərini, bədii yaradıcılıqlarını bu yönə istiqamətləndirmiş qumuq ədibləri haqqında çox yazılmışdır. Lakin Rusiya işğalına qarşı duran, milli yönlü insanların və onların əsərlərinin adı belə uzun illər çə­kilməmişdir. Elə buna görədir ki, 1917-ci il fevral inqilabından sonra qumuq dilində çap olunan “Müsavat” qəzeti haqqında, bu qəzetin ətrafına toplaşmış milli qüvvələr haq­qın­da geniş bilgimiz yoxdur.

Sovetlərin hakimiyyətə gəlməsindən əvvəl yaşamış və bədii yaradıcılıqla məşğul olmuş Dadav Muhammatov (1856-1926), Manay Alibekov (1861-1920), Nuhay Batırmurzayev (1865-1919) və b. şairlərin yaradıcılığında zamanədən şikayət, haqsızlıqların tənqidi, kasıbların güzəranının ağırlığının təsviri olduğuna görə onlar Qumuq Sovet ədəbiyyatının təməlini qo­yan­lar kimi təbliğ edilmişlər. Abdulla Muhammadov (1869-1937) isə 88 illik ömrünün cəmi 17 ilini Sovetlər dönəmində ya­şamasına baxmayaraq onun günümüzədək gəlib çatan əsər­lərinin böyük əksəriyyəti Sovetlər dönəmində yazılan­lar­dır. Uzun illər Yırçı Kazakın təsiri ilə şeirlər yazan Aybala Da­dav (Dadav Muhammatov) ömrünün son illərində ictimai siyasi hadisələrlə səsləşən şeirlər yazdığına görə Sovet dövründə onu „işçi sınıfı“ şairi, qumuq türklərinin ilk „proletar“ şairi kimi təbliğ etməyə başlamışlar.

Keçmiş Rusiya imperiyasında baş verən dəyişikliklər qumuq ədəbiyyatına da güclü təsir göstərmişdir. Sovetlərin qələbəsin­dən sonra ana dilində yazıb-yaradanların sayı artmış, qumuqlar üçün Bakı nəşriyyatlarında kitablar, qəzet və jurnallar çap olunmuş, Azərbaycanın ali və orta ixtisas məktəblərində qu­muq gənclərinin təhsil almasına şərait yaradılmışdır. Bu da qu­muq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir. Ədəbiy­yatda epik nümunələr çoxalmış, poemalar, hekayə, povest, roman və pyeslər meydana gəlmişdir.

Əslində bir dövr kimi öyrənilməli olan Sovet dövrü qumuq ədəbiyyatını araşdırıcılar 1950-ci illərin sonundan etibarən aşağıdakı kimi dövrləşdiriblər:

„I devür - Inqılapın va vatandaş davnu yıllanı adabiyatı (1917-20)

II devür - yiqirimançı yıllarını adabiyatı (1920-29)

III devür - otuzunçu yıllarını adabiyatı (1930-41)

IV devür - Yullu Vatan davnu yıllarını adabiyatı (1941-45)

V devür - davadan sonqhu yıllanı adabiyatı (1945-56)

VI devür - haliqi adabiyat (KPSS-ni XX siezdinden sonq yaratılqan adabiyat)“ (Literaturadan xrestomatiya, 1986:3)

1927-28-ci illərdəki milli düşüncəli insanların kütləvi həbs və sürgünlərindən sonra qumuq gəncləri arasında Rus Sovet ədə­biy­yatının təsiri ilə yazıb yaratmaq dəb halına düşür. Be­lə­cə qu­muq ədəbiyyatında yalnız mövzuca deyil, janr, vəzn və ritmcə də dəyişikliklər baş verir. Sərbəst vəzndə yazmağa, Ma­yakov­ski­ni yamsılamağa çalışanların sayı artır. Rus və Avropa ya­ziçılarının əsərləri rus dili vasitəsilə qumuq türkcəsinə də çevrilir.

Bolşeviklər çar üsuli-idarəsini, keçmiş quruluşu sərt tənqid etsələr də, milli məsələdə onun siyasətini davam etdirir, həmişə Kazan və Kırım tatarları, azərbaycanlılar, özbəklərlə, qazaxlarla sıx ünsiy­yətdə olan qumuqları öz kökündən ayırıb ruslaşdırmaq siyasəti yeridir. Onlar öz mövqelərini möhkəmlətmək üçün azsaylı xalq­ların ibtidai savad almasına, mədəniyyətlərinin inkişafına şərait yaradırdılar. Savadlanan, dünyagörüşü olan insanlar isə öz tarixi keçmişlərini öyrənməyə və yaşatmağa həvəs göstərirdilər.

Qafqazda nəinki türk xalqları arasında ünsiyyət vasitəsi ki­mi türk dilindən istifadə edilir, yazışmalar da türkcə aparılırdı. Bolşeviklər həm bu ənənəyə, həm də islam mədəniyyətinə qarşı çıxırdılar. Islam dininə qarşı mübarizə, xalqın adət-ənə­nəsinin ateizm təbliğatı adı altında sıxışdırılması, ərəb əlifba­sının dəyişdirilməsi müsəlman-türkləri bir-birindən ayırmağa, onların assimilə olunmasını gücləndirməyə xidmət etdiyini ziyalılar aydınca görürdülər.

Yalnız Dağıstanda yaşayan qumuqların deyil, ləzgilərin, tabasaranların, lakların, darginlərin, avarların, saxurların və b. azsaylı xalqların aydınlarını bir məsələ düşündürürdü: Nədən yüzillər boyu ünsiyyət vasitəmiz olan türk dili rus dili ilə əvəz edilməlidir? Nədən Dağıstan MSSR tarixi, adət-ənənəsi bir olan, paytaxtı daha yaxında yerləşən Azərbaycan Respublika­sının tərkibində deyil, hər cəhətdən onlara yad olan və mərkəzi uzaqda, Moskvada yerləşən Rusiya Federasiyasının tərkibində olma­lidır? Bu və buna bənzər suallara cavab axtaran aydınlar təqib­lərə uğrayır, həbs edilir, sürgünə göndərilirdilər. Bütün bunlara baxmayaraq, Dağıstanda yaşayan və qumuq olmayan Said Küçxür, Süleyman Stalski və başqaları qumuq türkcəsində da şeirlər yazmışlar.

Milli dəyərlərdən uzaq olan, sosializm quruculuğunu, kol­xozlaşmanı, bolşeviklərin vətəndaş savaşındakı hünərini, bol­şevik öncüllərini tərənnüm edən şair və yazıçılara isə çap olun­ma, qonorar alma, bir sözlə, yaşama imkanı yaradılırdı.

Qumuq Sovet ədəbiyyatını Abdulla Mahammadov (1864-1937), Temirbolat Biybolatov (1879-1942), Bahautdin Astemi­rov (1898-1967), Alimpaşa Salavatov (1901-42), Nabi Xan­murzayev (1893-50) və başqaları formalaşdırırdılar.

Manay Alibekov (1861, Tersk vilayətinin Yaxsay kəndi-1920). Onun soyadı Əlibəyzadə kimi də yazılır. Manay tikinti işçisi olmuşdur. Təhsil ala bilməsə də xalq şeiri ruhunda yaz­dığı əsərləri ona böyük uğur qazandırmışdır. „Yaxsaydakı qu­muq qızla­rının arzuları“, „Hakimlərin işləri“, „Starşina“, „Mol­lalar“ və s. şeirləri qumuq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir.

Çar məmurlarının və yerli bəylərin, varlıların xalqa etdikləri zülmü tənqid edən, eləcə də soydaşlarını elm öyrənməyə, maa­riflənməyə çağıran şeirləri Manayı sevdirmiş, Bəkir Çoban­zadə onu “köy ve köylü şairi” adlandırmaqla, şeiri sadəcə sənət üçün deyil, xalqının dəyişilməsi, zamanla ayaqlaşmağa uyması üçün yazdığına görə onu təqdir etmişdir.

Şairin xalqının yaşamından bəhs edən şeirlərində olduqca zən­gin etnoqrafik materiallar var.

Mixail Kanbulatzadə onun şeirlərini toplayaraq ölümündən beş il sonra, yəni 1925-ci ildə Buynakskda çap et­dirmişdir.



Abdulla Mahammadov (Məhəmmədov) (1864, Tersk vi­la­yətinin Yaxsay kəndi-1937). Kəndli ailəsində dünyaya göz açmışdır. Abdulla Mahammadovun yeniyetmə və gəncliyində Yaxsay mədrəsəsi o qədər nüfuzlu təhsil ocağı idi ki, hətta ətraf bölgələrdən buraya oxumağa gəlirdillər. Belə bir təhsil ocağı kəndlərində olmasına baxmayaraq o, dərin təhsil görməmişdir. Bu da onun bədii yaradıcılığına təsirsiz keçməmişdir.

Abdulla Mahammadov iti zəkası, fitri istedadı ilə yaşıdlarından seçilmiş, xalq arasında yaşayan yırları söyləyə-söyləyə özü də həmin janrda şeirlər yaratmışdır. (Dağıstan ədəbiyyatı antologiyası, 1959:17).

Bolşeviklər hakimiyyətə gəldikdən sonra daim xalq arasında olan sadə insanlardan bacarıqla istifadə edərək onları öz təbliğatçılarına çevirirdilər.

1920-30-cu illərdə kasıb ailədən çıxan, folklordan qaynaq­lanaraq sadə şeirlər yazan, xalq arasında dolaşan qazax Cam­bul Camoyev, ləzgi Süleyman Stalski, avar Həmzət Sadasa kimi sənətkarları reklam edərək, onlardan bacarıqla yararla­nırdılar. Qumuqlar arasında da Abdulla Mahammadov bu funk­siyanı yerinə yetirirdi. O, kolxoz quruluşunu, sosializmin qələbəsini, bolşeviklərin hünərini tərənnüm edən, kapitalizmi, köhnəliyi, adət-ənənələri tənqid edən şeirlər yazırdı.

Şair qocalanda yazı-pozu öyrənmiş, şeirlərini qəzetlərə gön­dərmişdir. Ilk şeiri 1925-ci ildə “Yoldaş” qəzetində çap olun­muşdur. 1934-cü ildə isə “Qulaq asın, görün, qoca nə deyir” adlı ilk şeirlər kitabı işıq üzü görmüşdür. Kitaba sosializm quruculuğundan, bolşeviklərin hünərinin tərənnümündən, Le­ni­nin, Stalinin tərifindən, qadın azadlığından, qumuq qadın­larının baş örtüyü-çadradan, yaşmaqdan imtina etdiyindən, kolxozlaşmadan, Oktyabr inqilabının qumuq xalqına bəxş etdiyi „xoşbəxtlik“dən bəhs edən şeirləri daxil edilmişdir. Elə həmin il ona ləzgi Süleyman Stalski, avar Həmzət Sadasa ilə birlikdə Dağıstanın xalq şairi adı verilmişdir. SSRI Yazıçılar Ittifaqına üzv seçilən şairi 1935-ci ildə qoca vaxtında Mos­kvaya, Sovet Dağıstanının 15 illiyi münasibətilə keçirilən təd­birlərdə iştirak etməyə aparırlar. 1936-cı ildə isə onu Dağıstan Yazıçılar Ittifaqının Idarə Heyətinə seçirlər.

Sonradan şairin şeirləri toplanaraq “Seçilmiş əsərləri” adı ilə çap olunmuşdur. Onun “Sovet quşları” şeiri zamanında daha məşhur olmuş və bir neçə dilə tərcümə edilmişdir.

“Dağıstan ədəbiyyatı antologiyası” kitabında Əhməd Cəmi­lin tərcüməsində şairin “Qadınlar, tarlaya çıxın” şeiri veril­mişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:17-19).

Nuhay Batırmurzayev (1865, Tersk vilayətinin Yaxsay kən­di-1919). Çağdaş qumuq poeziyasının və nəsrinin banilə­rindən biri sayılır. Mədrəsədə oxuyarkən ərəb dilini, islam tarixini, şə­riəti, Doğu ədəbiyyatını öyrənir. Gənc yaşlarından bədii yara­dicılığa başlayan şair sosial ədalət uğrunda müba­rizəni həyatının mənası sayır. “Yazıq Habibat” (1910), “Davut blan Layla” (Da­vut ilə Leyla) (1912), “Harun və Zubaydat, yaxud nəsipsiz Can­bike” kimi povest və Doğu süjetləri əsa­sın­da romantik novellalar, hekayələr yazmaqla yanaşı, ərəbcədən “Min bir gecə”, “Canşah” və “Sindibadın dəniz səyahəti” nağıllarından parçaları qumuq türkcəsinə çevirmişdir. N.Batır­murzayev oğlu Zeynalabidin “Tanq çolpan” (Dan ulduzu) jur­nalını nəşr etməsinə yaxından kömək etmişdir. Çox təəssüf ki, bu mübariz insan, eləcə də oğlu Zeynalabid 1919-cu ildə De­nikinçilər tərəfindən güllələnmişlər.

Zeynalabid Nuhay oğlu Batırmurzayev (1897, Tersk vi­layətinin Yaxsay kəndi-1919). Gənc yaşlarından bədii yara­dicilığa başlamış, atası ilə birgə “Tanq çolpan” jurnalını çıxar­mış­dır. Jurnalın 1917-ci ildə 4, 5, 7, 8 saylarında “Dağıstan ta­rixinə bir qarab” (Dağıstan tarixinə bir baxış), 1918-ci ildə 9 sayında “Dağıstanda tarixi günlər“ məqalələri çap olunmuşdur.

Onun yaradıcılığında döyüşkən ruh hakimdir. Qumuq türk­lərinin milli oyanışa gec qaldıqlarını şeirində xalqına belə çat­dırırdı:



Tuwdu Çolpan, tang bilindi,

- Doğdu Dan ulduzu, sabah bilindi,



Boldu uyanma zaman.

- Oyanma zamanı gəldi.

Şawla aldı dünya yüzün,

- Işıq aldı dünya üzünü,



Yuxlağanımız taman.

- Yuxulamağımız yetər.



Gözüng aç, dört yakğa qara!

- Gözünü aç, dörd yana bax!



Getdi kerwan erterek.

- Getdi karvan erkəndən.



Biz geçigip kalğanbız,

- Biz gecikib qaldıq,



Enni hozğalma gerek.

- Artıq hərəkətə geçmək gərək.

Zeynalabidin çağrı xarakterli bu şeiri „Tenlik“ təşkilatının 1990-cı ildə çap etdiyi bülletenin birinci səhifəsində də çap olunmuşdur. Bu bir daha onu göstərir ki, bol­şe­viklərin qurmuş olduğu dövləti 1990-cı illərdə yıxmaq istəyənlər də fanatik kommunist kimi tanıdılan Z.Batırmurzayevin şeirindən istifadə etmişlər. Bu da onu göstərir ki, Z.Batırmurzayev bolşevik dü­şüncəli bir insandan çox, haqsızlığa dözməyərək ona etiraz edən, xalqının xoşbəxt gələcəyini arzulayan, bu yolda canından keçənlərdən birisi olmuşdur.

Temirbolat Biybulat oğlu Biybolatov (21.12.1879, Teymur­xan­şura dairəsinin Töben (Aşağı) Qazanış kəndi-20.02.1942, Qazaxıstan Respublikasının Qaraqanda şəhəri). Qumuq ədə­biy­yatında süjetli poemaların yaranmasında böyük rol oynamış şairin yaradıcılığı çoxsahəlidir. Gənc yaşlarından çar Rusiya­sının Dağıstan Atlı Polkunda zabit kimi xidmət etməsinə bax­mayaraq inqilaba qoşulmuş, mədəni-maarif sahəsində də gü­cünü sınamış, qumuq teatrının formalaşmasına böyük əmək sərf etmişdir. O, böyüklər üçün həvəskar teatr truppası təşkil edib tamaşalar göstərməklə yanaşı, uşaqlar üçün “Çiçəklər”, “Qış”, “Yaz“, “Börkçü” səhnəciklərini yazdığını da müasirləri xatırlayırlar.

1922-ci ildə „Şamil“, „Qazi Molla“, „Qara günlər“, 1928-ci ildə “Dağıstanda ulu inqilab”, “Xaspolad”, “Imam Əzəm və onun oğlu Əzəmət” və b. poema, pyeslər yazan T. Biy­bo­latov haqqında tanınmış qumuq bilgini Abdulhakim M. Hacıyev yazır: „Qumuqların ilk edebiyat ve kültür dergisi „Tan çolpan“ın, ku­muk tiyatrosunun, halk oyunları ve şarkıları toplusunun kuru­cularından birisi olan Temirbolat Biybolatov, çalıştığı bütün sa­halarda halka faydalı bir çok işe imza attı. Besteci olarak bir çox bestenin yanı sıra “Şamil”, “Tan çol­pan” operalarını, şair olarak pek çok şiirin yanında “Hacı Mu­rat”, “Stepka Razin”, “Mədəndə yarış” ve başqa manzumeleri, dramaturg olaraq “Şamil”, “Su perisi“ ve beşqa piyesleri ya­ratmış, çevirmen olarak V.Şekspirin, F. Şillerin, A.S.Puşkinin M.Y.Lermantovun ve başka ünlü şair­lerin eserlerini kumuk türkçesine çevirmiştir” (Türkiye dışın­dakı..., 2002:237, 20-ci cild). Kadr çatışmadığın­dan o çox vaxt tamaşalarda aktyorluq və rejissorluq etmişdir.

Dağıstanda teatr texnikumunun, 1930-cu ildə Qumuq Döv­lət Dram Teatrının və Dağıstan Mahnı və Rəqs Ansamblının yaradılmasında onun böyük rolu olmuşdur. Tamaşalara musiqi yazan, çox vaxt ifaçı kimi də çıxış edən T.Biybolatov hətta „Iki açar“ adlı film çəkməyə də nail olmuşdur.

T.Biybolatov bolşeviklərə inanıb onların yolunda əldə silah döyüşməsinə, sosializm quruculuğunun fəallarından olmasına, əsərlərində Sovetlərin ideologiyasını müdafiə etməsinə bax­mayaraq mətbuatda və toplantılarda dəfələrlə kəskin tənqid edilmişdir. Tarixi mövzuda yazdığı əsərlərdə faktlara obyektiv yanaşmağa cəhd göstərdiyinə, dağlıların qəhrəmanlıqla çar Rusiyasına qarşı vuruşduqlarını yazdığına görə I.Aurbiyev onu “Şamil, Sovet ideologiyası və T.Bulatov” adlı məqaləsində kəskin tənqid etmişdir. Bütün bunlar onu göstərirdi ki, bol­şeviklərlə T.Biybolatovun yolları ayrılırdı. Odur ki, aldandığını başa düşür, onun kimi aldanmışlarla birləşərək vətənini azad görmək üçün yollar arayırdı.

Çevirmən kimi də o olduqca məhsuldar işləmişdir. V.Şeks­pirin „Otello“, „Romeo və Cüllyetta“ faciələrini, Lope de Ve­qanın „Qoyun bulağı“, N.Poqodinin „Aristotel“, A.S.Puşkinin „Daş cəngavər“, A.Korneycukun „Eskadranın məhvi“ və b. əsərləri ana dilinə çevirmişdir.

Vətəni və milləti üçün böyük işlər görən bu insan Sovet ir­ticasının qurbanı olmuşdur. 1938-ci ildə xalq düşməni adlan­dırılaraq həbs edilən T.Biybolatov 1942-ci ildə Qaraqanda həbs­xanasının əlillər və çolaqlar düşərgəsində ölmüşdür.



Əli Qaziyav (1879, Dağıstan, Endrey kəndi-1964). Yara­dıcilığa Birinci Dünya Savaşı illərində Dağıstan Atlı Alayının tərki­bində döyüşlərdə iştirak edərkən başlamışdır. Qopuz çalıb sarın­lar (bayatılar) oxuya-oxuya özü də yenilərini yaratmağa başlamışdır.

Şair Sovet dövründə kəndli komitəsində, kənd sovetində iş­lə­miş, kolxozu, sosializmi tərənnüm edən, Ikinci Dünya Savaşı illərində faşizmi tənqid və təhqir edən, söyən şeirlər yazmışdır.

Şairin “Qaziyav Əli mahnı deyir”, “Qocanın qılıncı”, “Ok­tyabr bəhrələri”, “Seçilmiş əsərləri” adlı kitabları nəşr olunmuş və ona Dağıstanın xalq şairi adı verilmişdir. Antologiyada T.Əliyevin tərcüməsində “Ay işığı və qırmızı işıq”, “Onun öm­rü uzun olsun”, “Qarğıdalı dəni” şeirləri çap olunmuşdur (Da­ğıstan ədəbiyyatı antologiyası, 1959: 20-23).

Nabi Ibrahim oğlu Xanmurzayev (1893, Teymurxanşura dai­rəsi, Töben (Aşağı) Qazanış -1950) Teymurxanşuradakı real­nı mək­təbi bitirdikdən sonra uzun illər öyrətmənlik etmişdir. Sə­mərəli pedaqoji fəaliyyətinə görə o, Dağıstan MSSR-in əmək­dar müəl­limi adını almışdır. Ədəbiyyata yır söyləməklə gələn şair ilk şei­rini 1919-cu ildə çap etdirmişdir. 1929-cu ildə isə “Göz yaşı içində gülüş” kitabı işıq üzü görmüşdür. Bundan başqa “Enеçi vа Emçi” (Loğman və mamaça), “Qisasçılar” pyeslərinin ya­za­rı olmuşdur. Onun sa­tirik şeirləri, pamfletləri qumuq ədəbiyyatını zən­ginləşdirmişdir. “Mahnılar və şeirlər”, “Savaş şeirləri”, “Seçil­miş əsərləri” kitab­ları da vardır. Qumuq satirasının ustası kimi tanınmışdır.

Şairin adını Azərbaycanda Nəbi Xanmurza kimi yazıblar. Tə­lət Əyyubov şairin “Boçkanın (Çəlləyin) şikayəti” şeirini di­li­mizə çevirmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959: 41-44).



Bahautdin Acı oğlu Astemirov (17.10.1898, Tersk vilayə­tinin Yaxsay kəndi - 03.04.1967). Mədrəsə təhsili almış Bahautdin zülmə, haqsızlığa qarşı olmuş, xalqını xoşbəxt günlərə çıxar­maq arzusu ilə yaşamışdır. Zeynalabidlə dostluq etmiş, onunla bir­likdə ailə kitabxanalarındakı kitabları oxumuşdur. 1917-ci ildə Teymurxanşuradakı müəllimlər hazırlayan kursda oxuyan Ba­hautdin 20 yaşında ikən Zeynalabid Batırmurzayevin başçilıq etdiyi partizan dəstəsinə qoşularaq əldə silah ağqvar­dıya­çılara qarşı vuruşmuşdur. Onun ilk publisistik məqalələri də həmin illərdə çap olunmuşdur. 1920-ci ildə isə Z.Batırmur­za­ye­vin əsasını qoyduğu teatr truppası onun mövzusunu bol­şe­viklərin qələbəsindən almış “Hücum” pyesini səhnəyə qoymuşdur.

Bolşeviklər Dağıstanı işğal edəndə onlarla sıx əməkdaşlıq etmişdir. Gənclər təşkilatı yaratmış, qumuq dilində çap olunan “Dağıstan gəncləri” qəzetinin redaktoru olmuşdur. 1928-ci ildə SSRI-də Proletar Yazıçılar Cəmiyyəti yaradılanda B.Astemiro­vu Dağıstan MSSR-in Proletar Yazıcılar Cəmiyyətinə sədr təyin edirlər. “Dəniz yagada” (Dəniz sahilində), “Qartligina, vö­re, etme mükürlük” (Qocalığı qəti qəbul etmə), “Qart emen” (Qoca palıd) və b. şeirləri onun lirik duyğularından xəbər verir.

Bədii yaradıcılıqla yanaşı, ardıcıl təşkilati işlər də aparan B.Astemirov 1932-ci ildə “Dağstan şairləri” toplusunu, bir il sonra isə özünün “Mübarizə” adlı şeir kitabını çap etdirir. 1934-cü ildə yazıçılar təşkilatını formalaşdırır və Moskvada keçirilən SSRI Yazıçılar Ittifaqının I qurultayında iştirak edir. Əsərlərində sosializmi təbliğ edən, rus ədəbiyyatının təsiri al­tında yazıb yaradan şair-publisisti Dağıstan MSSR-in Yazıçılar Ittifaqına sədr təyin edirlər.

Dağıstan MSSR Maarif Komissarı, Sov.IKP Dağıstan Ölkə Komitəsində məsul vəzifədə işləmiş ədib “Qılınc və qələm”, “Tan çolpan”, “Kim bilir”, “Ildırım”, “Yabuşuv” (Savaş) kimi şeir və poemalarını yazmışdır.

Əsərlərində sosializm realizminin, rus ədəbiyyatının və mə­dəniyyətinin tərənnümçüsü kimi görünən B.Astemirov rəhbər vəzifələrdə işləməsinə baxmayaraq içdən cəmiyyətdəki haqsız­lıqdan narazı qalır, idarəetmədəki nöqsanları görür və onu aradan qaldırmağa çalışır. Onun gizli fəaliyyəti Sovet xüsusi xidmət orqanları tərəfindən diqqətlə izlənilir. 1937-ci ildə vətən xainliyində ittiham olunaraq həbs edilir.

Sov.IKP-nin XX qurultayında Stalin şəxsiyyətə pərəstişdə ittiham edilir və 1937-ci il qurbanlarına bəraət verildiyi elan edilir. 18 il həbsdə yatdıqdan sonra B.Astemirov 1957-ci ildə həbsdən azad edilsə də, aldığı mənəvi və fiziki zərbələrdən çox yaşamamış, 1967-ci ildə dünyasını dəyişmişdir.

B.Astemirov (şairin adı Azərbaycan qaynaqlarında Vahab kimi yazılır. Onun “Partiya”, “Dağlarla söhbət” şeirləri B.Adil tərəfindən Azərbaycan türkcəsinə çevrilərək Bakıda nəşr edilmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:39-40).


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə