Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

K. asta addımlarla onların arxasınca gedə-gedə hiss etdi ki, artıq buna başqa ad vermək olmaz
bu adamlara iki dəfə məğlub oldu. Əlbəttə, burda qorxulu bir şey yox idi, ona görə məğlub 
olmuşdu ki, mübarizəyə özü başlamışdı. Evdə qalıb gününü adəti üzrə keçirsəydi, bu 
adamların hər birindən yüz dəfə, min dəfə yüksəkdə dayanmış olardı və hərəsinə bircə təpik 
vurub yolundan uzaqlaşdırardı. Məsələn, təsəvvüründə belə bir gülməli səhnəni canlandırdı: 
bu bədbəxt tələbə, bu təkəbbürlü uşaq, samıqıç oğlan əlləri qoynunda Elzanın çarpayısı 
önündə diz çökür, bağışlanmasını diləyir... Bu səhnə K.-nın çox xoşuna gəldi və qərara aldı 
ki, imkan düşən kimi, tələbəni bir dəfə Elzanın yanına aparsın.  
Maraq güc gəldiyi üçün K. qapıya tərəf getdi: qadının hara aparıldığını bilmək istəyirdi. 
Tələbə, qadın da qucağında küçəyə çıxası deyildi ki! Məlum olduğu ki, yol çox qısa imiş. 
Mənzillə üzbəüz pilləkən yəqin ki evin damı üçün idi və yolda burulduğundan sonu 
görünmürdü. Tələbə yavaş-yavaş, hıqqana-hıqqana qadını həmin pilləkənlə qaldırdı. Bayaq 
yüyürdüyü üçün yorulmuşdu. Qadın aşağıda dayanmış K.-ya əl elədi və çiyinlərini çəkməklə 
ona başa salmağa çalışdı ki, burda onun günahı yoxdur, zorla aparırlar. Ancaq bu 
hərəkətlərindən o qədər də peşmançılıq duyulmurdu. K. ona yad bir adam kimi baxdı və 
bununla da məyus olduğunu, bu məyusluğun da belə tez keçib getməyəcəyini gizlətmək 
istədi.  
Tələbə ilə qadın gözdən itsələr də, K. hələ də qapının ağzında dayanmışdı. Başa düşmüşdü ki, 
qadın yalnız etibarsızlıq eləməyib, həm də yalan danışıb ki, guya onu müstəntiqin yanına 
aparırlar. Axı müstəntiq damda oturub gözləməzdi! Nə qədər tamaşa eləsə də, onsuz da bu 
taxta pilləkən ona heç nə deyəsi deyildi. Həmin anda K. qapının yanında nəsə bir yazı gördü. 
Yuxarı qalxıb əyri-üyrü uşaq xətti ilə yazılmış lövhəni oxudu. “Məhkəmə dəftərxanalarına 
giriş”. Deməli, bu yaşayış evinin damında məhkəmə dəftərxanaları da varmış! Bura elə yer idi 
ki, çox da diqqət, xərc tələb etməzdi və müttəhim bunu görəndə sakitləşərdi ki, kasıb 
kirəkeşlərin lazımsız əşyalarını atdıqları yerdə dəftərxanaları yerləşirdisə, deməli, 
məhkəmənin vəsaiti çox az idi. 
Belə də ola bilərdi ki, kifayət qədər pul ayrılırdı, ancaq məhkəmə üçün xərclənənə qədər 
məmurlar onun axırına çıxırdı. İndiyə qədər burda gördüklərinə əsasən K.-ya elə gəldi ki, bu 
ən düzgün ehtimaldır və belə olan halda, məhkəmənin bu cür acınacaqlı hala salınması, bir 
tərəfdən, müttəhim üçün həqarət hesab olunurdusa, digər tərəfdən də adamı sakitləşdirirdi ki, 
məhkəmə lap dilənçi kökündədir. K. indi başa düşdü ki, müttəhimi ilkin istintaqda evin 
damına çağırmağa utanırlar və ona elə öz mənzilindəcə hücum edirlər. Beləliklə, çardaqda 
oturan hakimlə K.-nın fərqi aydın görünməyə başladı: onun bankda böyük iş otağı, qəbul 
otağı vardı və böyük pəncərələrdən həmişə adamla dolu şəhər meydanına tamaşa edə bilərdi! 
Yeri gəlmişkən, heç yerdən əlavə gəliri yox idi – rüşvət almırdı, israfçılıq eləmirdi və 
xidmətçi də heç bir qadını qucağına alıb onu kabinetinə gətirmirdi. K. da, ən azı, yaşadığı bu 
həyatda belə şeylərdən uzaq olmaq istəyirdi. 
Pilləkənlə bir kişi qalxanda, K. hələ də lövhənin yanında dayanmışdı. Kişi qapısı açıq olan 
mənzilə, ordan da iclas zalına baxdı və K.-dan burda qadın görüb-görmədiyini soruşdu.  
– Məhkəmədə işləyirsiz? – K. cavab əvəzinə soruşdu. 


– Bəli. Siz müttəhim K.-sınız, elə deyilmi? İndi tanıdım... Xoş gəlmisiniz. 
Və K.-nın heç gözləmədiyi halda, kişi ona əl uzatdı. K. hələ də susduğu üçün məhkəmə 
məmuru dedi: 
– Bu günə iclas təyin olunmayıb. 
– Bilirəm, – deyən K. onun mülki pencəyinə baxdı: adi düymələrin arasında ikicə qızılı rəngli 
düymə onun bu sistemdə işlədiyini göstərirdi və onlar da, çox güman ki, köhnə zabit 
şinelindən qoparılıb oraya tikilmişdi. – Bir az bundan əvvəl arvadınızla söhbət edirdim, indi 
burda yoxdur, tələbə onu müstəntiqin yanına apardı. 
– Görürsünüzmü, – məmur şikayətləndi, – həmişə onu mənim əlimdən alıb aparırlar. Bu gün 
bazardır, işləməməliyəm, ancaq məni burdan uzaqlaşdırmaq üçün lazımsız bir işin dalınca 
göndərdilər. Düzdür, çox uzağa göndərməmişdilər və ümid edirdim ki, tez getsəm, vaxtında 
qayıda bilərəm. Qaça-qaça gedirəm, qapını bir az aralayıb tövşüyə-tövşüyə deməli olduğum 
sözləri yanına göndərildiyim adama elə deyirəm ki, bəlkə də heç nə başa düşmür, təzədən 
qaça-qaça geri qayıdıram, ancaq, görünür, tələbə məndən də çox tələsib. Axı onun yolu çox 
qısadır, çardağın pilləkənlərini düşür, vəssalam. Əgər işim onlardan keçməsəydi, o tələbəni 
divara sıxıb əzik -əzik eləyərdim. Bax, elə bu lövhənin yanındaca! Həmişə də bunu 
arzulamışam: bax, burda döşəmədə oturub, kürəyini divara söykəyib, qolları yana düşüb, 
barmaqlarının hərəsi bir tərəfə baxır, əyri ayaqları qatlanıb, hər yer də qan... Ancaq bu, indiyə 
qədər arzu olaraq qalır. 
– Başqa yolu yoxdur? – K. təbəssümlə soruşdu. 
 
– Başqasını bilmirəm... İndi daha pis oldu, bu vaxta qədər öz yanına aparırdı, ancaq indi, 
çoxdan ürəyimə damdığı kimi, müstəntiqin də yanına aparır. 
– Burda arvadınızın hec günahı yoxdur? – artıq özünün də qısqandığını hiss edən K. bunu 
zorla gizlətdi. 
– Əlbəttə var! Ən böyük günah elə arvadımdadır! Özü ondan əl çəkmir! Qaldı oğlan... o harda 
qadın görür, arxasınca düşür. Elə təkcə bu binada soxulduğu beş evdən qovulub. Yeri 
gəlmişkən, mənim arvadım bu binada ən gözəl qadındır və mənim də onu qorumağa ixtiyarım 
çatmır! 
– Belədirsə, deməli, buna əlac yoxdur. 
– Niyə yoxdur ki?! Arvadımı aparanda o qorxağı bir dəfə elə əzişdirmək lazımdır ki, bir də 
buna cəsarəti çatmasın. Ancaq bunu özüm eləyə bilmərəm, başqaları da mənə yaxşılıq eləmək 
istəmir. Çünki hamı ondan çəkinir. Bunu yalnız sizin kimi adam eləyə bilər! 
– Axı niyə mən? – K. heyrətləndi. 
– Çünki siz müttəhimsiniz. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə