A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə48/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   44   45   46   47   48   49   50   51   ...   171

 173 

Amma ona yağış da yaraşırdı. Saçlarının qıvırcıqlarından 

sallanmış yağış damcıları kiçildilmiş, miniatürləşdirilmiş üzüm 

salxımlarına bənzəyirdi. Saçına, qaşına, kirpiyinə düşüb qalmış 

yağış damcıları mirvariyə, inciyə oxşayırdı. Yanaqları, 

biləkləri,  əlləri paltarı üzərində sürüşən yağış damcıları  xırda 

dağ çiçəklərini andırırdı. Yağış onun al yanaqlarını daha 

yumşaq və saf eləmiş, qıvırcıq saçlarını  pərişanlandırmış, zil 

qara qaş və kirpiklərini hamarlayıb parlatmış və elə bil qara su 

olub gözünün gilələrinə yığılmışdı. Yağış onu hər budağından 

narın çiçək, yaxud xırda meyvə sallanan ağaca oxşadırdı. 

Deyirlər gözələ al da yaraşır,  şal da. Yağış hamını, o 

cümlədən gözəlləri də çirkinləşdirmiş, yazıqlaşdırmış, 

bürüşdürmüş, eybəcərləşdirmişdi.  

Amma ona yağış da yaraşırdı. 

O da yağışdan gizlənən bütün adamlar kimi poçtaya girdi. 

Yağış onu bəzəyirdi, o isə yağışdan qaçırdı. Poçtada 

gizlənənlər içində o hamıdan zəifdi. Lakin  hamıdan məğrurdu. 

O, poçtaya qaça–qaça, töyşüyə–töyşüyə girmədi. O, yağış 

altında qalmaq istəmirdi. Amma yağışdan oğru kimi qaçmaq da 

istəmirdi. O, poçta aramla girdi. Büzüşmüş, qorxa–qorxa göyə 

baxan, qapıdan uzaqda dayanmağa çalışan, bir–birinə  sıxılan 

adamlara baxıb gülümsündü. And olsun allaha, onun bu 

gülüşünü ölənəcən unuda bilməyəcəm. O burda hamıdan gənc, 

hamıdan gücsüz, hamıdan incəydi. Lakin bu yağışdan gizlənən 

adamlara bir ana kimi baxıb güldü. Güclü ana uşağının 

zəifliyinə,  əlacsız və bacarıqsız hərəkətlərinə baxan kimi 

nəvaziş  və  təəssüflə baxdı, gülümsündü. Sonra bir qıraqda 

dayanıb nə haqqında isə düşünməyə başladı. O xeyli dalğındı. 

Şuşada yağış yaman çox çəkir. Yağışın qurtarmasını gözləmək 

axmaqlıq olardı. Adamlar yağışın zəifləyəcəyini gözləyirdilər. 

Kimsə ondan nə isə soruşdu. O öz məlahətli səsiylə ona 

mehriban bir cavab verdi. Kimsə zarafatyana bir şəkildə ona 

sataşdı. O, sərt və kəskin bir cavabla zarafatcıl adamı yerində 

oturtdu. 

downloaded from KitabYurdu.org




 174 

O ya dalğın, ya da çox həyəcanlı olurdu. O, Bülbülün 

nəğmələrini sevirdi. O, Şuşanın gözəl təbiətini sevirdi. O, Cıdır 

düzünün baş gicəllədən uçurumundan aşağıda köpüklənən çaya 

və  İbrahim xanın güclə görünən sığnağına baxmağı sevirdi. 

Şuşada hamı  və  hər yer oxuyur. Hər çobanın zənguləsini beş 

dağ, beş dərə beş dəfə artıraraq bir-birinə çatdırır, hər bir daşın 

dibindən muğamat səsi gəlir. O, Şuşanı  və  Şuşanın hər bir 

dağını sevirdi. O, İsa bulağının sərin, buzlu suyunu, ucu 

görünməz ağacların mehriban kölgəliyini, hər ağacın altında 

qurulan məclisin nəşəsini, meşədə odun yığmağı sevirdi. O, 

adamı min dillə dindirən  şuşalı arvadları, yanaqlarından qan 

daman şuşalı qızları, sinəsi nəğmə, qəlbi şer şuşalıları sevirdi. 

O,  şairə idi. Bəlkə indi onun şerlərini oxuyanda onlar adama 

bəsit və dayaz gələrlər. Lakin axı onun vur-tut iyirmi yaşı 

vardı. Bəlkə, onun heç olmasa iyirmi üç yaşı olsaydı, o çox şey 

yaza bilərdi. Amma onun iyirmi üç yaşı olmadı. Heç bir vaxt 

da olmayacaq. O, Şuşa təbiətindən və Moskvada 1 May 

nümayişinin rənglərindən ilham alırdı. O, "Humayun"dan 

riqqətlənir və "Beynəlmiləl" himnindən ruhlanırdı. O, şimal 

qütbünü fəth edən sovet təyyarəçilərindən, Bakının yeni 

məktəblərindən yazırdı. O, Şərq qadınını çadranı atmağa 

çağırırdı. O, eşqi,  şəfəq çağı  dənizin rəngini, aylı gecələri, 

çiçək açan alma ağaclarını, tərənnüm edirdi. O, Füzulidən, 

Sabirdən, Fikrətdən və Mayakovskidən həzz alırdı. 

Mən indiyənəcən təəccüb edirəm. Necə oldu ki, belə ilahi 

bir varlıq məni sevə bildi. 

Qonağım qəflətən mənə müraciət edərək: 

–Doğrudur, – dedi, – mən də o vaxt indiki halımda 

deyildim. Amma mən hara, o hara? Hər halda qəribədir ki, o 

məni sevdi. Allaha and olsun o məni sevirdi. Özü də möhkəm 

sevirdi. Mənimçün isə o, mələkdi, pəriydi, huriydi, daha nə 

bilim nəydi. Allahın fəlakətində insanlara göndərdiyi təsəlli və 

şəfqət ilahəsiydi. Biz xoşbəxt idik. Kim və neçin bizim 

xoşbəxtliyimizi pozdu? Axı biz bəxtiyarlıqdan doya bilmədik, 

downloaded from KitabYurdu.org




 175 

sevincdən usanmadıq. Mən xəbər alıram, bizim nə  təqsirimiz 

vardı? Kim, neçin onu məndən aldı? 

O bu sualları mənə verirdi, özü də ritorikcəsinə deyil, məhz 

cavab almaqçün verirdi. O susub məndən cavab gözləyirdi. 

Mən nəinki təfərrüatını, hətta ən adi faktlarını belə bilmədiyim 

məsələ haqqında necə hökm verə bilərdim. O yenidən inadla:  

–Kim? Neçin? – deyə məndən soruşdu: 

–Sizi həbs edib ayırdılarmı? – deyə mən suala sualla cavab 

verdim. 


–Yox, – deyə o tez cavab verdi – dəhşət ondadır ki, bizi 

həbs etmədən ayırdılar. 

Qonağım yenidən təmkinlə danışmağa başladı: 

–İncəsənət işçiləri evində   üçüncü mərtəbədə bizim ikiotaqlı 

mənzilimiz vardı. Bütün evlərdə olduğu kimi bizim evin də 

birinci mərtəbəsində – giriş qapısının ağzında sakinlərin 

siyahısı – qara bir lövhə asılmışdı. Bütün evlərdə olduğu kimi 

bizdə də bu qara lövhənin üstündə ağ hərflərlə evin sakinlərinin 

familiyaları, mənzillərinin nömrəsi yazılmışdı. Həyətimizdə 

Kərim dayı adlı bir xidmətçi vardı. Kərim dayı mağazadan qara 

rəng və iri bir rəngsaz fırçası almışdı. Ayda beş, ya daha çox, 

bəzən hər həftə, bəzən günaşırı  Kərim dayı  səhər tezdən qara 

rəngini və  fırçasını götürürdü, giriş qapısına yanaşır, lövhədə 

ağ hərflərlə yazılmış müəyyən bir familiyanı qaralayırdı. Lövhə 

çox qəribə  və gülməli  şəkil almışdı. Məsələn, yuxarıda bir 

nömrəsi yazılmış, sonra aradan qara bir ara verilmiş, dalıycan 

məsələn 4 nömrəsi gəlmiş  və lövhənin dalı da bu əcaib sıra 

üzrə düzülmüş, get–gedə daha az qalan ağ  hərflərlə yazılmış 

familiyalar yazıq, aciz, yetim və narahat görünürdülər. Lövhə 

çox qəribə və gülməli şəkil almışdı. Lakin ona baxanda heç kəs 

gülmürdü. Boşalmış  mənzillərə köçən təzə sakinlər nədənsə 

hələ öz familiyalarını lövhəyə yazdırmırdılar. Təzə sakinlərdən 

bir çoxunun familiyası yazılmamışdan pozulurdu. 

Mən hər gecə bir şey edirdim. Arvadımdan qorxa–qorxa 

gizli edirdim. Duyurdum: o bilsə mənə nifrət edəcəkdi. Çünki 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə