A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə54/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   50   51   52   53   54   55   56   57   ...   116

133 
 
İsfahan məktəbinin səciyyəvi cəhətlərini xatırladır. 
Bu  əsərlərdə  əlində  gül,  ya  badə  tutmuş,  saya  yerlikdə,  yaxud  da  mənzərə 
fonunda, ayaq üstə dayanmış ya oturmuş halda  təsvir  olunan  gənc  oğlan  və  qızların 
portreti fərdi xüsusiyyətləri və psixoloji ifadəliyi ilə deyil, daha çox geyim və zahiri 
əlamətləri ilə bir-birindən seçilir. Onlar konkret şəxslərin portreti deyil, XVI əsrin 
ortalarında  olduğu  kimi,  sarayın  estetik  tələblərinə,  modalarına  cavab  verən  yeni 
kanonlar əsasında idealizə edilmiş surətlərdir. 
Sadiqi  bəy  Əfşarın  kitab  illüstrasiyaları  sahəsində  fəaliyyəti  haqqında 
məlumat çox az və səthidir. Lakin İskəndər Münşinin verdiyi xəbərə görə o, Siyavuş 
bəy, Mir Zeynalabdin, Müzəffər Əli və Əli Əsgərlə birlikdə Firdovsinin 1575-1576-cı 
il  tarixli  "Şahnamə"  əlyazmasına  illüstrasiyalar  çəkmişdir.  Rəssamın  Londonda, 
Britaniya  muzeyində  saxlanan  1573-cü  il  tarixli  "Gərşasbnamə"yə  çəkdiyi  imzalı 
miniatürün  tapılması  onun  həmin  "Şahnamə"yə  çəkdiyi  bir  əsərinin  də 
müəyyənləşdirilməsinə  səbəb  oldu.  "Gərşasbin  divlərlə  vuruşması"  adlı  imzalı 
miniatürlə  "Şahnamə"yə  çəkilən  "Təhmurəzin  divlərlə  vuruşması"  əsərinin 
kompozisiyası  divlərin  təsviri  və  başqa  üslub  xüsusiyyətlərinə  görə  oxşarlığı,  bəzi 
ayrıntılarının  az  qala  eyniliyi  hər  iki  əsərin  Sadiqi  bəyin  fırçasına  mənsub  olmasını 
güman etməyə tutarlı əsaslar verir. 
Sadiqi bəy Əfşar öz geniş diapazonlu yaradıcılığı ilə orta əsr Azərbaycan 
incəsənəti  tarixində  müstəsna  mövqe  tutur.  Onun  miniatür  sənətinin  inkişafındakı 
rolu  yalnız  öz  bədii  yaradıcılığı,  dəyərli  əsərləri  ilə  məhdudlaşmır.  Sadiqinin  öz 
zəngin  yaradıcılıq  təcrübəsinə  əsaslanaraq  rəssamlıq  qayda-qanunları  haqqında 
yazdığı "Qanun üs-süvər" risaləsinin təsviri sənətin inkişafı və  gənc  sənətkarların 
bədii  tərbiyəsində  əhəmiyyətli  rolu  olmuşdur.  O  öz  risaləsinin  nəsihət  hissəsində  gənc 
rəssamlara xitab edərək yazır: 
-  "Demirəm  ki,  özbaşına  çalış,  get  özünə  rəhbər-ustad  axtar!  Əgər  belə  bir 
ustad  tapa  bilməsən,  onda  "Qanun  üs-süvər"dən  üz  çevirmə,  onu  yazmışam  hər  növ 
ehtiyac və işə kömək üçün, o sənə muzdsuz və minnətsiz ustaddır". 
Sadiqinin  risaləsi  onun  özünün  və  ümumiyyətlə,  orta  əsr  rəssamlarının 
fəlsəfi-estetik  görüşünü,  yaradıcılıq  metodu  və  vərdişlərini  öyrənmək  baxımından 
əvəzsiz bir sənəddir. 
"Əgər  muradın  rəssamlıq  isə,  ustadın  təbiət  olmalıdır",  -  deyə  gənclərə 
nəsihət  edən  Sadiqi,  onları  öz  yaradıcılığında  ardıcıl  olmağa,  ustadların  üsul  və 
səriştələrindən  öyrənməyə,  lakin  təqlidçilikdən  uzaq  olmağa,  bədii  irsə  tənqidi 
yanaşmağa çağırır, onlardan üslub fərdiliyi, orijinallıq və bitkinlik tələb edir. 
Sadiqi  bəy  Əfşarın  bu  risaləsi  və  orta  əsr  şairləri  və  bədii  sənət  ustaları 
haqqında  maraqlı  məlumat  verən  "Məcme  ül-xəvas"  adlı  təzkirəsi  Azərbaycan 
ədəbiyyatı və incəsənəti tarixini öyrənmək üçün indi belə öz əhəmiyyətini itirməyən 
qiymətli məxəzlərdəndir. 
Beləliklə,  yuxarıda  göstərilən  tarixi  faktlar  və  nəzərdən  keçirilən  əsərlər 
Azərbaycan  miniatür  sənətinin  ardıcıl  inkişafını  işıqlandırır,  Təbriz  məktəbinin 
qüdrətli sənət mərkəzi olduğunu, onun təsir dairəsinin genişliyini, Yaxın və Orta Şərq 


134 
 
ölkələrində  miniatür  sənətinin  inkişafındakı  mühüm  rolunu,  görkəmli  mövqeyini 
aşkarlayır. 
XVI əsrin sonu  - XVII əsrin  əvvəlləri dünya incəsənəti tarixinin qiymətli 
səhifələrini təşkil edən klassik Təbriz məktəbinin son inkişaf dövrünü təşkil edir. Bu 
dövrdən  sonra  Azərbaycan  təsviri  sənətinin  inkişafında  tənəzzül  başlanır,  qüdrətli 
Təbriz məktəbinin qiymətli bədii ənənələrinin uzun sürən unudulma prosesi başlanır. 
 
 
 
 
DEKORATİV SƏNƏTLƏR 
 
Azərbaycan  dekorativ-tətbiqi  sənətləri  də  bu  əsrlərdə  öz  yüksək  inkişaf 
dövrünü keçirir. 
Mənbələr  göstərir  ki,  bu  vaxt  Azərbaycanın  şəhər  və  kəndlərində  çoxlu 
toxucu,  zərgər,  misgər,  dulusçu  və  başqa  sənətkarlar  çalışırdı.  Onların  hazırladığı 
məmulat  ölkədən  çox-çox  uzaqlarda  şöhrət  qazanmışdı.  Şəhər  sənətkarları  həm 
sərbəst  olaraq,  həm  də  feodalların  emalatxanalarında  işləyirdilər.  Müstəqil 
sənətkarların  rolu  xeyli  artmışdı.  Onlar  Qərbin  sex  təşkilatlarına  oxşayan  peşəkar 
sənətkarlar şəklində birləşmişdilər. 
Bu  əsrdə  xüsusilə  toxuculuq  sənəti  yüksək  inkişaf  mərhələsinə  çatır. 
Səfəvilərin  adı  ilə  bağlı  olan  bu  dövrdə  Azərbaycanda  əsil  mənada  bədii  parça 
istehsalı sənayesi təşkil olunmuşdur. 
Hazırda  Moskva,  Sankt-Peterburq,  Bakı  muzeylərində,  həmçinin  dünyanın 
bir  çox  məşhur  muzeylərində  o  zaman  Təbrizdə,  Ərdəbildə,  Şamaxıda,  Gəncədə  və 
Azərbaycanın  başqa  şəhərlərində  hazırlanmış  bədii  parçaların  çoxlu  nümunəsi 
saxlanılır.  Bu  dövrdə  Azərbaycanda  olmuş  məşhur  fransız  səyyahı  Şarden 
Azərbaycan  şəhərlərində  yüz  növdən  artıq  müxtəlif  parçalar  toxunduğunu  öz 
gündəliyində  qeyd  etmişdir.  Vaxtilə  yüksək  qiymətləndirilən  bu  gözəl  sənət 
nümunələrinə Venesiya, Genuya, Hollandiya, Fransa, İngiltərə və Rusiyada böyük 
tələbat olmuşdur. 
O  zaman  Azərbaycan  parçaları  Rusiyada  xüsusilə  məşhur  idi.  Məşhur  rus 
alimi  B.Denike  "Şərq  sənəti"  adlı  kitabında  yazır  ki,  qızılbaş  məxməri  və  zərbaf 
malları bu dövrdə Rusiya şəhərlərində alıcılar arasında çox geniş yayılmışdı. 
Rusların  Azərbaycan  parçaları  ilə  ilk  tanışlığına  biz  hələ  IX-XII 
yüzilliklərin yazılı məxəzlərində rast gəlirik. Şamaxıya, Təbrizə mal almağa gəlmiş 
rus  tacirləri  hələ  o  vaxt  bu  parçaların  gözəlliyinə  heyran  qalmışdılar.  Əvvəllər 
Azərbaycan parçaları Rusiyaya təsadüfən gətirildiyi halda, sonralar bu, kütləvi şəkil 
alır. Moskvada Kremlin Silah palatasının arxivində Azərbaycandan alınan parçalar 
haqqında  çox  maraqlı  yazılı  mənbələr  vardır.  Həmin  mənbələrdə  1663-cü  ildə 
Rusiyada ilk dəfə geniş miqyasda Demidov başda olmaqla Şamaxıya və Təbrizə 176-
179 manatlıq parça almağa göndərilən ekspedisiyadan habelə, 1667-ci ildə Şamaxı 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə