A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə55/116
tarix15.07.2018
ölçüsü6,93 Mb.
#55880
1   ...   51   52   53   54   55   56   57   58   ...   116

135 
 
ipəyindən  rus  çarı  Aleksey  Alekseyeviç  Romanov  üçün  paltar  tikilməsindən  və 
sairədən bəhs edilir. 
Tarix  elmləri  doktoru  M.X.Heydərovun  tədqiqatlarından  aydın  olur  ki, 
XVII  yüzilliyin  axırlarında  Azərbaycandan  Rusiyaya  göndərilən  parçaların  həm 
növü,  həm  də  sayı  xeyli  artır.  1679-cu  ilə  aid  olan  sənədlərin  birində  təkcə 
Şirvandan Avropaya Rusiya vasitəsilə 48 min pud ipək aparmaq üçün danışıqlara 
təsadüf edilir. 
Rus  alimi  A.Svirin  o  zamankı  Azərbaycan  parçalarının  rus  ornamentinə, 
divar  rəsminə,  ikonası  və  xüsusən  parçalarına  böyük  təsir  göstərdiyini  öz  əsərində 
ayrıca qeyd edir. 
Azərbaycan ipəyi o zaman Rusiyada o qədər məşhur idi ki, bu hətta qədim 
rus xalq mahnılarındakı "Sənə Şamaxı ipəyindən köynək tikdirərəm" sözlərində öz 
ifadəsini tapmışdır. 
Qərbi Avropa ölkələri arasında Azərbaycan ipəyi ən çox İtaliyada məşhur 
idi.  İtaliya  tacirləri  Azərbaycandan  parça  ilə  yanaşı,  çoxlu  xammal  da  alırdılar. 
Sonralar  xammaldan  öz  ölkələrində  müxtəlif  parçalar  toxuyaraq  başqa  ölkələrə 
satırdılar.  İtalyan  məxəzlərinin  birində  bu  ölkədə  ən  çox  sevilən  Azərbaycan 
ipəyinin  istehsal  olunduğu  Şamaxı,  Gəncə,  Şəki,  Təbriz  və  s.  şəhərlərin  adları 
çəkilmişdir.  Əslində  isə  yüksək  bədii  parça  istehsalı  yalnız  Şamaxı  və  Təbriz 
şəhərlərində mərkəzləşmişdi. Bu şəhərlərdə parça istehsalı dövrünə görə çox yüksək 
səviyyədə idi və ölkəyə çoxlu gəlir verirdi. 
Bu dövrlərdə Azərbaycan parçalarının belə geniş şöhrət qazanmasına səbəb 
təkcə  onların  gözəl  toxunuşunda  və  ya  davamlı  olmasında  deyildi.  Bu  parçaların 
qiymətli cəhəti bir də ondan ibarət idi ki, bədii xüsusiyyət daşıyan naxışlarla bəzənir 
və çox vaxt daha gözəl görünmək üçün həmin  naxışların  arasında  klassik  şairlərin 
(xüsusən Nizami Gəncəvinin) əsərlərindən alınmış obrazlar təsvir edilirdi. Parçaya 
xas  olan  xüsusi  şərti  dekorativ  qaydalarla  verilən  həmin  təsvirlərin  əksəriyyəti 
Azərbaycanın bu dövrdəki miniatür sənətini xatırladır. Məşhur fransız sənətşünası 


136 
 
Q.Mijon  "Müsəlman  incəsənəti"  kitabında  bu  parçaların  gözəlliyinə  məftun 
olduğunu  etiraf  edərək  oradakı  bəzəkləri  belə  qiymətləndirmişdir:  "Onlar  elə  bil 
"Min bir gecə" nağıllarına çəkilmiş illüstrasiyadır". 
Belə  sənətkarlıqla  işlənmiş  toxunma  malların  meydana  gəlməsində 
zəmanəsinin  görkəmli  rəssamlarından  Soltan  Məhəmmədin,  Rza  Abbasinin  və 
başqalarının zəhməti az olmamışdır. 
XVI-XVII yüzilliklərdə Azərbaycan parçaları içərisində ən görkəmli yeri 
saray emalatxanalarında toxunan ali və zərli adlı parçalar tutur. 
Bu  tipli  parçalar  qızıl  və  gümüş  saplarla  toxunduğu  üçün  dünya 
bazarlarında daha baha qiymətə satılır, çox vaxt isə qızıla bərabər tutulurdu (bu cür 
parçaların  tərkibinin  15  faizi  xalis  qızıl  olurdu).  Belə  toxuma  parçaların  saplarını, 
adətən, adi toxucular deyil, zərgərlər hazırlayırdılar. 
Qızıl  və  gümüş  saplar  belə  hazırlanırdı:  adi  qızıl  və  ya  gümüş  parçasını 
zindan  üstünə  qoyub  nazik  vərəqə  çevrilənədək  döyür  və  bu  vərəqləri  qıyıqvari 
metal alətin deşiyindən keçəcək ölçüdə sim halına salırdılar. Qızıl və gümüş  sim, 
adətən, başqa saplarla qarışıq toxunurdu. 
Bu  dövrdə  istehsal  olunmuş  Azərbaycan  parçalarının  bədii  keyfiyyətinə 
nəzər  salsaq,  onların  bir  çox  xüsusiyyətinə  İran,  Hind,  türk  parçalarında  da  rast 
gəlirik. Bu həm Azərbaycan ustalarının toxuculuq sənəti sahəsində Şərqdə tutduğu 
mövqedən, həm də onların başqa ölkədə də çalışdıqlarından irəli gəlirdi. 
Yazılı mənbələrdən məlum olduğu kimi, hələ 1514-cü ildə  türklər Təbrizi 
tutduqları  vaxt  şəxsən  türk  sultanı  I  Sultan  Səlimin  göstərişi  ilə  Təbriz 
toxucularının böyük bir dəstəsini toxuculuq sənayesi yaratmaq məqsədilə həmişəlik 
İstanbula köçürmüşdülər. 
Bu  dövrdə  Azərbaycan  toxucularına  nəinki  Türkiyədə,  hətta  Hindistan, 
Orta Asiya və başqa yerlərdə də rast gəlirik. 
XVI-XVII  yüzilliklərdə  Azərbaycanda  olmuş  xarici  ölkə  səyyahları  bu 
dövrün  toxucu  dəzgahları:  cəhrə,  iy  və  s.  haqqında  öz  gündəliklərində  maraqlı 
qeydlər etmişlər. 
Həmin  qeydlərdən  məlum  olur  ki,  yerli  sənətkarların  ayaqla  hərəkətə 
gətirilən  hündür  toxucu  dəzgahları,  yun,  kətan,  ipək  saplar  üçün  xüsusi  iyləri, 
qayçı, bıçaq və s. alətləri olmuşdur. 
Səyyahların qeydinə görə, bu toxucu alətləri nisbətən bəsit olsa da "...yerli 
sənətkarlar onlarla çox çevik işləyir və gözəl nailiyyətlər əldə edə bilirdilər..." 
Azərbaycan  parçalarını  bəzəyən  ornament  və  rəsmlər  onların  ən  qiymətli 
cəhətidir.  Azərbaycan  parçaları  öz  bədii  tərtibatına  görə  üç  böyük  qrupa  bölünür: 
müxtəlif dini sözlər və  yaxud Şərq klassiklərinin rübailəri ilə  bəzədilmiş  parçalar, 
ornamental parçalar və süjetli parçalar. 
Yazılı parçaların meydana gəlməsində ən əvvəl islam dininin böyük rolu 
olmuşdur. 
Keçmişdə başqa sənət nümunələri kimi, parça da həyat və məişətdə sırf əməli 
əhəmiyyətə malik olmaqla bərabər, həm də üzərindəki söz və rəsmləri ilə dini təbliğ 


137 
 
edərək  ideoloji  rol  oynamışdır.  Yazılar  adətən  parçadan  hazırlanmış  geyimlərin, 
məişət əşyalarının elə yerlərində verilirdi ki, o tez gözə çarpsın. 
XV yüzillikdən etibarən parça üzərində verilən yazılarda Qurandan götürülmüş 
sözlər  get-gedə  öz  əhəmiyyətini  itirərək,  daha  çox  Şərq  şairlərinin  şeirləri  ilə  əvəz 
olunmağa  başlayırdı.  Şeirlər  içərisindən  görkəmli  yeri  Hafizin,  Sədinin  və 
Nizaminin  əsərləri  tuturdu.  Azərbaycan  ərazisində  tapılmış  ən  qədim  yazılı  parça 
nümunəsi XVI yüzilliyin  əvvəllərinə  aiddir.  1936-cı  ildə  Bakıda,  Şirvanşahlar  sara-
yında aparılmış qazıntı zamanı köhnə qəbirlərin birində kəfən yerinə istifadə olunan 
yazılı ipək parça tapılmışdır. 
Gül-çiçək rəsmləri ilə bəzədilmiş parçalar Azərbaycan toxuculuq sənətində 
ən  görkəmli  yer  tutaraq  çoxluq  təşkil  edir.  Bu  parçaların  böyük  bir  qismi  hazırda 
Azərbaycan  Tarixi  Muzeyində  və  Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində 
nümayiş etdirilir. 
Nəbati  ornamentlə  bəzədilmiş  parçaların  bizə  gəlib  çatmış  ən  orijinalı 
XV-XVI  yüzilliklərə  aid  edilən  parça  tikəsidir.  Bakıda  Şirvanşahlar  sarayında 
aparılmış qazıntı işləri zamanı tapılmış bu ipək parça zərif naxışları ilə diqqəti cəlb 
edir. XV-XVI yüzilliklərdə dekorativ-tətbiqi sənətimizin bir çox növündə, xüsusən daş 
oymalarında  rast  gəlinən  nəbati  ornamentlər,  onların  icrası,  kompozisiya 
xüsusiyyətləri  bu  parçada  da  real  bir  səpkidə  öz  əksini  tapmışdır.  XV-XVI 
yüzilliklərdən  qalmış  həmin  parçanın  rəngi  zəngin  və  valehedicidir.  Gözəl  bir 
çəmənliyi andıran yaşıl rəngli bu ipək parçanın üzərində elə bil ki, gül-çiçək açmış 
qızılı  rəngli  bir  budaq  uzanmış,  budağın  sağa  və  sola  ayrılmış  şaxələri  ətrafı 
bürüyərək, parçanın ümumi fonu ilə gözəl vəhdət yaratmışdır. 
Yenə  də  Bakıda,  Şirvanşahlar  sarayında  aparılmış  qazıntı  zamanı  aşkara 
çıxarılmış,  hazırdı  isə  Azərbaycan  Tarixi  Muzeyində  nümayiş  etdirilən  başqa  bir 
ipək parça nümunəsinə nəzər salaq. 
Ucsuz-bucaqsız səhranı xatırladan bu parçanın qızılı yerliyində simmetrik 
bir  şəkildə  rəngarəng  qərənfil  gülü  kollarının  təsviri  verilmişdir.  Buradakı  güllər  o 
qədər  canlı  və  həyati  təsvir  edilmişdir  ki,  onlar,  elə  bil,  doğrudan  da  torpaqda 
əkilmiş və ətir saçır. 
Azərbaycan  parçalarının  ən  qiymətli  məziyyəti  süjetli  parçalarda  əks 
etdirilmişdir. 
Parçanı  insan,  heyvan,  quş  təsvirləri  ilə  bəzəmək  Azərbaycanda  qədimdən 
məlum  idi,  lakin  XVI-XVII  yüzilliklərdə  belə  səpkili  təsvirlər  ən  yüksək  inkişaf 
səviyyəsinə çatır. Əvvəllər parçaların üzərində rəsmlər nisbətən yeknəsəq, bir qədər sərt 
icra  olunduğu  halda,  XVI-XVII  yüzilliklərə  aid  parçalarda  biz  bunun  əksini  görürük.  Bu 
dövrün parçalarındakı rəsmlər, adətən lirik əhvali-ruhiyyə ifadə edir, hətta müharibə 
və  ov  səhnələrini  təsvir  edən  parçalar  da  lirik  səpkidə  olurdu.  XVI-XVII  yüzillikdə 
Azərbaycanda toxunmuş süjetli parçaların bir neçəsinə nəzər salaq. 


Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə