razılaşmalar qəbul edilə və daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına
bilər.
252.7. Binanın məhvi tikintiyə vərəsəlik hüququna xitam verilməsinə səbəb olmur,
tikintiyə vərəsəlik hüququ olan şəxs ondan imtina edə bilər ki, bunun da nəticəsində ona
xitam verilir.
Maddə 253. Tikintiyə vərəsəlik hüququ üçün haqq
253.1. Daşınmaz əmlakın mülkiyyətçisi tikintiyə vərəsəlik hüququ üçün haqq almaq
hüququna malikdir.
253.2. Tikintiyə vərəsəlik hüququna birtərəfli qaydada mülkiyyətçi yalnız iki il ərzində
ödənişlərin verilməməsi ilə əlaqədar xitam verə bilər.
253.3. Tikintiyə vərəsəlik hüququ üçün haqq ödənilməsinin təmin edilməsi məqsədi ilə
torpaq sahəsi mülkiyyətçisinin tikintiyə vərəsəlik hüququnun həmin subyekti barəsində
ixtiyarı var ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış tikintiyə vərəsəlik
hüququ üçün girov hüququnu ən çoxu üç illik haqq həcmində qeydə aldırsın. Əgər
qarşılıqlı öhdəlik bərabər illik haqlar şəklində müəyyənləşdirilməyibsə, bərabər bölgü
zamanı üç ilə düşən məbləğin girovu üçün qanuni hüquq tələb edilə bilər.
253.4. Girov hüququ tikintiyə vərəsəlik hüququnun mövcud olduğu dövrdə istənilən vaxt
qeydə alına bilər və hərracdan açıq satış vasitəsi ilə onun ləğvinə yol verilmir.
Maddə 254. Tikintiyə vərəsəlik hüququ olan şəxsin torpaq sahəsini satın almaqda üstünlük
hüququ
Tikintiyə vərəsəlik hüququ olan şəxs torpaq sahəsini satın almaqda üstünlük hüququna
malikdir. Torpaq sahəsinin mülkiyyətçisi tikintiyə vərəsəlik hüququnu satın almaqda
üstünlük hüququna malikdir.
§ 2. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ
I. Servitut
Maddə 255. Servitut anlayışı
255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü
edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda
əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən
hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları
həyata keçirməyə icazə verilmir.
255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik,
istifadə, sərəncam hüquqlarından məhrum etmir.
255.3. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz.
255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə
xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və
meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə
bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.
255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına
servitut vermək hüququna malikdir.
255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz
əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın.
255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut
saxlanılır.
255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür
yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs
binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir.
Şəxsi servitut başqa şəxslərə verilmir.
Maddə 256. Servitutun qeydə alınması
256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə
alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət
haqqında müddəalar qüvvədədir.
256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
Maddə 257. Servitut tərəflərinin vəzifələri
257.1. Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi
üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə
etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz
narahatlıq yaratmasın.
257.2. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və
ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir.
Maddə 258. Servitutun məzmunu
258.1. Servitutun məzmununa servitutun qüvvədə olma müddəti və şərtləri daxildir.
Servitutla yüklü olan daşınmaz əmlakın planı servitutun yeri göstərilməklə müqaviləyə
qoşulur.
258.2. Servitutun məzmunu daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısında
qeyd olunmalıdır.
258.3. Qeydiyyat yazısında servitutla yüklü olan daşınmaz əşyanın planı servitutun yeri
ilə birlikdə göstərilməlidir.
Maddə 259. İxtiyarlı şəxsin və yüklü olan mülkiyyətçinin hüquqlarının müdafiəsi
259.1. Əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxs hüquqlarının həyata
keçirilməsində maneələrlə qarşılaşarsa, bunların aradan qaldırılması üçün o, vicdanlı
sahib ilə eyni hüquqlara malikdir.
259.2. Əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxsin və onun daşınmaz
əşyasının tələbatı dəyişərsə, yüklü olan mülkiyyətçini əlavə yüklü etmək imkanına yol
verilmir.
259.3. Əgər servitutun həyata keçirilməsi üçün qurğu varsa, ixtiyarlı şəxs onun
saxlanması xərclərini çəkməlidir. Qurğu həm də yüklü olan mülkiyyətçinin mənafelərinə
xidmət üçün nəzərdə tutulduqda onların hər ikisi qurğunun saxlanması xərclərini öz
mənafelərinə mütənasib surətdə çəkirlər.
259.4. Yüklü olan mülkiyyətçi ixtiyarlı şəxsin tələbatını nəzərə alaraq servitutun bir
yerdən başqa yerə keçirilməsini bu şərtlə tələb edə bilər ki, özünün yerdəyişmədə maraqlı
olduğunu sübuta yetirsin və yerdəyişmə xərclərini öz öhdəsinə götürsün.
Maddə 260. İxtiyarlı şəxsin daşınmaz əşyasının bölünməsinin nəticələri
260.1. Əgər ixtiyarlı şəxsin servitut qoyulmuş daşınmaz əşyası bölünərsə, hər bir
bölünmüş hissə üçün ayrılıqda servitut müəyyənləşdirilməlidir. Lakin bu qaydaya yalnız
yüklü olan mülkiyyətçinin vəziyyətini pisləşdirməmək şərti ilə yol verilə bilər.
260.2. Əgər yüklü olan daşınmaz əşyanın bölünməsi nəticəsində servitut hissələrdən
yalnız birinə şamil edilirsə, onda servitutun şamil edilmədiyi hissəyə bölgüdən sonra
servitut təsir göstərmir.
260.3. Servitutda edilən bütün dəyişikliklər daşınmaz əmlakın dövlət reyestrində qeyd
edilir.
260.4. Daşınmaz əmlakın dövlət reyestrinin əməkdaşları ixtiyarlı şəxsə həmin servitutun
ləğv edilməsi xahişi barəsində məlumat verməli və əgər o buna bir ay ərzində etiraz
etməzsə, ləğvetməni həyata keçirməlidirlər.
Maddə 261. Servitut üçün haqq
Dostları ilə paylaş: |