B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Neft və qaz ehtiyatlarının dəqiqləşdirilməsi



Yüklə 10,22 Mb.
səhifə72/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   68   69   70   71   72   73   74   75   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Neft və qaz ehtiyatlarının dəqiqləşdirilməsi. Yataqların işlənilməsinin əsas göstəriciləri olan ehtiyatlar haqqında etibarlı məlumatlar vaxtaşırı əldə edilməlidir. Odur ki, hər hansı bir mədənin, yatağın və ayrı-ayrı işlənilmə sahələrinin qalıq balans və çıxarılabilən ehtiyatların təkrar hesablanması həyata keçirilməlidir. Bu problemi həll etmək üçün yataqların işə salınması ərəfəsində və bilavasitə işlənilmə prosesində alınmış hesablanma məlumatları bir daha nəzərdən keçirilir və sistemləşdirilir. Hesablanma nəticələrinin etibarlılığı bir daha qiymətləndirilir. Bu məlumatların əsasında işlənilmənin son dövrlərində yataqların potensial imkanlarını qiymətləndirmək üçün bir-biri ilə əlaqəli iki məsələ həll edilməlidir: ilk növbədə yatağın sahəsində, onun ayrı-ayrı tektonik blokları üzrə qalıq balans və çıxarılabilən ehtiyatların həcmi dəqiqləşdirilir. Təcrübələr göstərir ki, bu problemin həllini dinamik modelləşdirmədən, o cümlədən Hompers-Meykem əyrilərinin istifadəsi ilə təmin etmək daha doğru nəticələr verir. II mərhələdə isə hesablanmış ehtiyat həcminin həmin sahələrdə paylanılma xüsusiyyətlərinin aşkar edilməsini nəzərdə tutur. Bu məsələnin həllində krayqinq analizinə istinad edilərsə nəticələr əyani olaraq xüsusi xəritələrdə öz əksini tapmış olur. Beləliklə, işlənilmədə olan yatağın neft ehtiyatı və onun yataq həcmində paylanılma arealları haqqında qiymətli məlumatlar əldə edilmiş olur. Neft ehtiyatlarının hesablanmasında yeni yanaşma yataqların xalq təsərrüfatı baxımından qiymətləndirilməsinə imkan verir. (B.Ə.Bağırov, S.Ə.Nəzərova, Ə.M.Salmanov, F.F.Məhərrəmov, 2005).
Neft və qaz yataqlarının hidrodinamiki səraitinin təyini. Uzun müddətli neft, qaz, su hasilatının nəticəsində lay təzyiqi və temperaturu, laylarda sulaşma prosesi, qaz amilinin enməsi və digər proseslər gedir. İşlənilməni rasional başa çatdırmaq üçün belə dəyişmələri özündə əks etdirən yatağın cari hidrodinamiki vəziyyəti haqqında məlumatlar əldə edilməlidir. Bu məlumatlar isə həmin yatağın dəqiqləşdirilmiş geoloji quruluşu ilə uzlaşdırılmalıdır. Bu tələbatı yerinə yetirmək üçün aşağıdakı tədqiqatlar aparılmalıdır:
- işlənilmənin əvvəlindən cari dövrədək yataqdan hasil edilmiş neft, su və qaz hasilatlarının (illik və toplanmış) qiymətlərinin xüsusi xəritə, qrafik və cədvəllərində təsviri;
- yataqda suların hərəkət istiqamətlərini və intensivliyini göstərən xəritələrin tərtibi. Suların mənşəyinin (ətraf, daban, tektonik və sair) təyin edilməsi və bu prosesin ehtiyatların mənimsənilməsinə təsirinin tədqiqi.
Qeyd etmək lazımdır ki, bu məlumatlara istinadən quyularda təcrid (izolə) işləri, sürətli neftçıxarma üsulu və digər tədbirlərin həyata keçirilməsi haqqında qərarlar qəbul edilə bilər.
Neft yataqlarının işlənilməsinin son dövründə onlarda yaranmış hidrodinamiki durumunu bəzən digər laylardan maye axını da mürəkkəbləşdirə bilər. Təcrübələr göstərir ki, işlənilmənin ilk dövrlərində ayrılmış və sərbəst istismar edilən qonşu laylar arasında sonralar hidrodinamiki əlaqə yarana bilər. Mədənin kəsilişində maye axını, aralıq gil laylarının təcrid qabiliyyətinin dəyişməsi ilə, tektonik qırılma və kəmər arxası yollarla baş verir. Bu proses isə yataqların hidrodinamiki inkişaf qanunauyğunluqlarını pozur. Odur ki, onun təzahürü və inkişaf xüsusiyyətləri tədqiq olunmalı və işlənilmənin gələcək dövrləri üçün müvafiq qərarlar qəbul edilməlidir.
Quyu fondundan istifadə üsulları. Neft yataqlarının işlənilmə təcrübəsindən məlumdur ki, neftçıxarma prosesinin son mərhələsi çox hallarda seyrək quyu şəbəkəsi ilə həyata keçirilir. Belə olduqda quyu fonduna diqqətlə yanaşmaq, işlək və vurucu quyuların öz funksiyalarını tam yerinə yetirilməsinə nail olmaq lazımdır. Hər şeydən əvvəl işlək quyuların sayı və planda yerlərini nəzərə almaqla ehtiyatların mənimsənilməsində onların nə dərəcədə iştirakı müəyyənləşdirilməlidir. Dərsliyin əvvəlki bölmələrində quyu şəbəkəsinin sıxlığının neftverməyə təsiri məsələsi ətraflı şərh edilmişdir. Odur ki, işlənilmənin son dövrlərində zəif lay təzyiqi və kəskin sulaşma şəraitində quyu şəbəkəsinin sıxlaşdırılması məsələsi aktualdır. Nəzərə almaq lazımdır ki, bu zaman yeni quyular qazılmır və ya az qazılır. Ona görə də mövcud quyu fondundan effektli istifadə edilməlidir. Bu məqsədlə aşağıdakı üsullardan istifadə edilə bilər:
- bir quyu ilə iki və ya daha çox layın eyni vaxtda birgə işlənilməsi;
- iki və ya daha çox layın birləşdirilərək bir istismar obyektinə çevrilməsi;
- yatağın neftlilik sahəsinin işlənilməyə aktiv cəlb edilməsinə imkan verən
horizontal quyuların qazılması və istismarı;
- quyuların bir laydan digərinə qaytarılma əməliyyatı;
- işlək quyularda mövcud süzgəcin uzunluğunun artırılması və ya onun
təkrar perforasiyası;
- işlək quyularda axın məhdudluğunu aradan qaldırmaq üçün quyudibi
zonaya təsir üsullarının tətbiqi;
- mədənin fondunda olan quyuların funksiyalarının dəyişdirilməsi (işlək
fonddan vurucu fonda keçirilməsi və ya əksinə).
Yataqların işlənilmə prosesinin tənzimlənməsi. İşlənilmənin son mərhələsində yataqların geoloji quruluşunun dəqiqləşdirilməsi, ehtiyatlarının həcminin və paylanılma areallarının müəyyən edilməsi bu ehtiyatların maksimum realizəsini təmin etmək üçün müvafiq tədbirlərin əsaslandırılmasına imkan verir. Təklif olunmuş tədbirlərin həyata keçirilməsi son nəticədə qalıq ehtiyatların rasional realizəsini təmin etməlidir. Burada ilk növbədə tətbiq olunan işlənilmə sistemlərinin aktiv tənzimlənməsi nəzərdə tutulmalıdır. Cari dövrdə qalıq neft ehtiyatlarının həcmini, layın sulaşma dərəcəsini, lay təzyiqi və sair nəzərə almaqla hər bir işlək quyu üçün istismar rejimi təyin olunmalıdır. Suvurma prosesinin cari işlənilmə prosesinə göstərdiyi təsir öyrənilməlidir. Lazımi hallarda vurucu quyularda suyun həcminin dəyişdirilməsi və ya digər quyuların (o cümlədən işlək fonddan) vurucu quyular fonduna keçirilməsi nəzərdə tutulmalıdır. Su-neft konturunun hərəkət intensivliyinə müvafiq olaraq, işlək quyularda gündəlik neft və su hasilatlarının tənzimlənməsi həyata keçirilməlidir. Burada hər hansı bir sulaşmış quyunun dayandırılması, digər quyularda isə hasilatın artırılması nəzərdə tutula bilər. Bütün hallarda istismar quyularında qum tıxacının və duzəmələgəlmə təzahürləri nəzərdə tutulmalıdır. Belə ki, onların intensivliyi quyularda istismar prosesini çətinləşdirə bilər.
İşlənilmənin son mərhələsində laya təsir üsulları, o cümlədən, layların neftverimini artıran üsulların tətbiqi onların müvafiq geoloji şəraitlərində tətbiq olunmalıdır.
Neft yataqlarının işlənilməsini aktiv tənzimləmək üçün üç ölçülü geoloji-dinamik modellər yaradılmalı və bu sistemdə gedən dəyişmələr həmin modeldə öz əksini tapmalıdır.
Yataqların işlənilməsinin son mərhələsində tətbiq olunan kompleks tədbirlər onların işlənilmə dinamikasında öz əksini tapır. Hər bir yatağda ehtiyatın həcmindən, quyuların sayından, suvurmanın intensivliyindən və sair asılı olaraq neft, su, qaz hasilatının dinamikası müəyyən bir səviyyədə aparılmalıdır. Bu səviyyə isə optimal olmalıdır: yatağın imkanları və iqtisadi göstəriciləri əsasında optimal gündəlik, aylıq və illik neft, qaz və su hasilatlarının norması əsaslandırılmalıdır. Onların vaxt etibarı ilə dəyişmə dərəcələrini qiymətləndirmək üçün Şuxartın nəzarət xəritələrindən istifadə edilərsə, birmənalı cavablar alınar. Bu üsulun neftçıxarma dinamikasının bilavasitə gedişində tətbiq imkanları, konkret olaraq aşağıdakı suallara cavab verməyə imkan verir: neft və su hasilatının dinamikasının tənzimlənmə zonalarında yerləşməsi (yəni neftçıxarma prosesinin optimal aparılması), bu göstəricilərin verilmiş sərhədlərdən çıxma halları və onların səbəbləri.
Qaz yataqlarının işlənilməsinin son mərhələsində bir sıra xüsusiyyətləri nəzərə almaqla tədqiqat istiqamətləri neft yatağında olduğu kimidir.
Neft və qaz yataqlarının işlənilməsinin son mərhələsində qalıq ehtiyatların maksimum mənimsənilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərinin müvəffəqiyyətini yataqların işlənilməsində əldə edilən kompleks məlumatların dolğunluğu və keyfiyyəti əsaslı surətdə müəyyənləşdirir. Odur ki, işlək, vurucu və yeni qazılan quyulardan geoloji-geofiziki məlumatların alınma tarixləri müəyyən olunmalı, nümunələr xüsusi laboratoriyalarda tədqiq olunmalıdır. Alınan nəticələr hərtərəfli araşdırılmalıdır ki, bu da konkret yatağın işlənilməsinin cari vəziyyətinin qiymətləndirilməsində və proqnoz məsələlərin həllində istifadə edilə bilər.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə