Da viNÇİ ŞİFRƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/115
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32232
1   ...   42   43   44   45   46   47   48   49   ...   115

Müasir bina. Fasadında nəhəng bərabərtərəfli xaç şəklində neon emblemi olan
kvadrat bina. Xaçın altında lövhə asılıb:
SÜRİX DEPOZİTAR BANKI
Lenqdon sevindi ki, kilsə haqqında versiya ilə bağlı Sofiyə heç nə deməyib.
Simvollar üzrə mütəxəssis, alim karyerası onu hər yerdə gizli işarələr axtarmağa
öyrətmişdi. Amma indi, Lenqdonun fikrindən çıxmışdı ki, bərabərtərəfli xaç hər
şeydən əvvəl İsverçrənin simvoludur və bu ölkənin bayrağında təsvir olunub.
Heç olmasa, sirin biri açıldı.
Sofi ilə Lenqdonun əlində İsveçrə depozitar bankının hücrələrindən birinin
açarı var idi.
XLI FƏSİL
Qandolfo qəsrinin divarlarına soyuq dağ küləyi əsirdi. «Fiat»dan düşən yepiskop
Arinqarosa soyuqdan büzüşdü. Qalın geyinmək lazımdı idi, deyə o, bədənini
bürümüş titrətməni dəf etməyə çalışaraq düşündü. O, bu gün zəiflik əlamətlərini
qətiyyən biruzə vermək istəmirdi.
Yuxarıdakı bir neçə pəncərədən düşən işığı nəzərə almasaq, qəsr qaranlığa
qərq olmuşdu. Kitabxanadır, Arinqarosa fikirləşdi. Onlar yatmırlar, onlar
gözləyirlər. O, küləklə mübarizə apararaq başını aşağı saldı və observatoriyanın
qülləsinə baxmamağa çalışaraq girişə doğru addımladı.
Onu qapının ağzında qarşılayan keşiş yuxulu idi. Bu, Arinqarosanı beş ay
bundan əvvəl qarşılamış həmin gənc oğlan idi. Yalnız, bu gün o, keçən dəfəkindən
fərqli olaraq ağıllı görünürdü.
- Biz artıq narahat olmağa başlamışdıq, yepiskop, - deyə keşiş qol saatına
baxdı. Onun üzündə narahatçılıqdan çox, əsəbilik vardı.
- Üzr istəyirəm. Bu günlər aviareyslər yaxşı işləmir.
Keşiş cavabında nəsə mızıldadı, sonra dedi:
- Sizi yuxarıda gözləyirlər. Mən yolu göstərərəm.
Kitabxana döşəmədən tutmuş tavana qədər qara ağacdan tikilmiş
kvadratşəkilli geniş bina idi. Divar boyunca kitabla dolu hündür şkaflar düzülüb.
- Xoş gəlmisiniz, yepiskop, - otağın o biri tərəfindən kişi səsi eşidildi.
Arinqarosa onunla danışanın kim olduğunu görməyə çalışdı, lakin işıq çox
aşağıdan düşürdü. Sanki zülmət gecənin ortasında oyanmışdı. Bu gün bu insanların
hamısı elə bil, baş verəcək hadisədən utanırmışlar kimi, kölgədə gizlənmişdilər.


Arinqarosa yavaş-yavaş, ləyaqətlə addımlayırdı. O, otağın uzaq küncündəki
uzun stolun arxasında üç insan silueti gördü. Ortada əyləşmiş kişinin silueti aydın
görünürdü: bütün hüquqi məsələlərlə məşğul olan şəxs, Vatikan katibliyinin sədri.
Digər iki nəfər – italyan kardinalları.
Arinqarosa stola tərəf yeridi.
- Belə gec gəldiyimə görə üzr istəyirəm. Amma bilirsiniz, saat fərqi var. Yəqin
ki, gözləməkdən yorulmusunuz.
- Qətiyyən yox, - katib dedi. Onun toppuş əlləri yekə qarnının üstündə
çarpazlanmışdı. – Uzaqdan gəldiyinizə görə, biz sizə minnətdarıq. Yatmayıb sizi
gözləməyimizi isə minnətdarlıq əlaməti kimi qəbul edə bilərsiniz. Bəlkə qəhvə
içəsiniz, qəlyanaltı edəsiniz?
- Dərhal işə keçməyi xoşlayıram. Mən geriyə qayıtmaq üçün təyyarəyə
çatmayılam.
- Hə, əlbəttə, - gombul dedi. – Siz gözlədiyimizdən də cəld tərpənmisiniz.
- Doğrudan?
- Sizin hələ tam bir ayınız qalıb.
- Siz öz narahatlığınızı beş ay bundan əvvəl bildirmişdiniz, - Arinqarosa cavab
verdi, - Ləngitmək nəyə lazım idi ki?
- Düzdür. Biz sizin çevikliyinizdən çox razıyıq.
Arinqarosa uzun stola baxdı və onun üstündə böyük, qara portfel gördü.
- Mənim xahiş etdiyim şey burdadır!
- Bəli. – Katibin səsində narahatlıq duyulurdu. – Amma, etiraf etməliyəm ki,
sizin xahişiniz bizi təəccübləndirib. Bu çox…
- Təhlükəlidir, - onun əvəzinə kardinallardan biri dedi.
- Başqa yolla bunu sizə verməyi niyə istəmirsiniz? Çox böyük məbləğdir.
Azadlığın qiyməti bahadır.
- Öz təhlükəsizliyim məni az narahat edir. Allah kömək edər.
Lakin keşişlərin baxışlarından şübhə yağırdı.
- Bu məbləğ mənim xahiş etdiyim qədərdir?
Katib başını tərpətdi:
- Vatikan Bankı tərəfindən təqdim edənin adına yazılmış istiqraz vərəqələri.
Bütün dünyada nəqd pul kimi qəbul edilir.
Arinqarosa stola yaxınlaşıb portfeli açdı. İçində iki paçka istiqraz vərəqəsi
vardı. Hər biri lentlə bağlanmış və Vatikanın möhürü ilə ştamplanmışdı. Üstündə
«PORTATORE» yazılmışdı, bu isə o demək idi ki, bu istiqraz vərəqələrindən yalnız
onun sahibi istifadə bilər.
Katibin oturuşunda gərginlik hiss olunurdu.
- Yepiskop, deməliyəm ki, əgər bu vəsait nəqd pula olsaydı, biz özümüzü sakit
hiss edərdik.
Bunlar nəqd pula olsaydı, aparmaq çətinləşərdi, Arinqarosa düşündü. Portfeli
bağlayıb dedi:


- Düzdür, amma istiqraz vərəqələrini izləmək asandır. Onların dərhal Vatikan
Bankına aid olmağı bilinəcək.
Arinqarosa təbəssümünü güclə saxladı. Ustad, məhz elə bu səbəbdən pulları
Vatikan Bankından istiqraz vərəqələri şəklində götürməyi məsləhət bilmişdi. Bir
növ sığortalanmaq üçün. İndii biz bir-birimizə möhkəm bağlandıq.
- Bu, müqavilənin tamamilə qanuni formasıdır, - o, etiraz etdi. – Axı, «Opus
Dei» Vatikanın prelaturasıdır və cənab-əqdəslərinin bu pulları lazım bildiyi kimi
bölüşdürmək hüququ var. Biz heç bir qanun pozuntusuna yol vermirik.
- Bəli, bu belədir, amma yenə də… - Katib kök bədənini qabağa əydi, altındakı
stul narazılıqla cırıldadı. – Sizin bu vəsaitlə nə edəcəyinizi biz bilmirik. Əgər hər
hansı anlaşılmazlıq baş versə…
- Məndən nə tələb etdiyinizi nəzərə alsaq, - Arinqarosa onun sözünü kəsdi, -
bu pullarla necə davranacağım sizin işiniz deyil.
Otağa uzun və gərgin sükut çökdü.
Onlar, mənim haqlı olduğumu yaxşı anlayırlar, Arinqarosa düşündü.
- İndi isə, siz yəqin ki, hansısa sənədi imzalamağımı istəyirsiniz?
Onun həmsöhbətləri imzalanacaq kağızı elə cəldliklə uzatdılar ki, sanki
canlarını ondan tezliklə qurtarmaq istəyirdilər.
Arinqarosa qarşısına qoyulmuş vərəqlərə baxdı. Hər birində papanın möhürü
vardı.
- Bunlar mənə göstərdiyiniz surətlərlə eynidir?
- Əlbəttə.
Arinqarosa təəccübləndi: sənədləri imzalayanda o, heç bir həyəcan hiss
etmədi. Amma stolun arxasında oturmuş üç kişi tamamilə yüngülləşdilər.
- Minnətdaram sizə, yepiskop, - katib dedi. – Kilsə sizin xidmətlərinizi heç vaxt
unutmayacaq.
Yepiskop portfeli qaldırdı, sanki onun içindəki pulların hakimiyyət və qüdrətini
ölçürdü. Müəyyən vaxt ərzində onların dördü də susaraq bir-birinə baxdılar, sanki
nəsə demək istəyirdilər, amma bu fikirdən döndülər. Arinqarosa çevrilib qapıya
tərəf getdi.
- Yepiskop! – Arinqarosa qapının astanasına çatmışdı ki, kardinallardan biri
onu çağırdı.
Arinqarosa yerində dayandı, sonra çevrilib onlara tərəf döndü:
- Bəli?
- Siz indi hara gedirsiniz?
Arinqarosa hiss etdi ki, sual maraq xatirinə yox, mənəvi borc naminə verilib.
Lakin, gecənin bu vaxtı o, mənəviyyat məsələlərini müzakirə etmək istəmirdi.
- Parisə, - o, qısaca cavab verib çıxdı.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə